VAXTSIZ DÖYÜLƏN QAPI
"Bunu Allah düşmənə də qismət
eləməsin!"
Allah düşmənə də
qıyılmayan cəfaları bu ruhu zərif, əxlaqı təmiz,
ürəyi şeir ilhamıyla dolu qadına qismət
etmişdi.
O, Azərbaycanın unudulmuş bir
şairəsidir.
Tarix çox
şairləri, çox şairələri unudub.
Unudulanların içərisində
istedadlılar, unudulmağa layiq olmayanlar da az deyil.
Neyləməli,
unudulmaq, yaxud hafizələrdə, dodaqlarda diri qalmaq da bir
ayrı qismətdir!
Zaman bəzən
üzdən böyük görünməyənləri də
yaşada, daha üstün hesab etdiklərimizi isə yaddan
çıxarda bilir.
Bu qadının bir şairə kimi
unudulması bəlkə də dərd deyil. Könül
istər ki, onun taleyi unudulmasın.
Şeirlərinin hansıları qeyb
olsa da, zindanda, sürgündə yazdıqları gərək
itib-getməsin.
Qalsın və həmişə
yaddaşları narahat etsin, qalsın və daim tarixin
yaralarının qaysağını qopararaq onları sönməyə
qoymasın.
Sözlər var ki, onlar könlü
oxşamaq, qəlbi əyləndirməkçün yox,
könlü göynətmək, qəlbi
dağlamaqçün yaşamalıdır.
Umgülsüm Sadıqzadə
yazıçı Seyid Hüseynin həyat yoldaşı olub.
O, Seyid Hüseynə 4 gözəl-göyçək,
fərasətli, nəcib övlad bağışlayıb.
"Mənim
həyatda yaşadığım yalnız səninlə
çocuqlarımın səadəti üçündür. Mən
öz istirahət və səadətimi burada görürəm.
Həyatda hər şey müvəqqətidir. Hər şey məhv
olub gedəcək. Zaman ilə xatirələrdən silinəcəkdir.
Mənim çalışdığım,
yazıçılığım həp sizin səadətiniz
üçündür".
Bu sətirləri
Seyid Hüseyn 1928-ci ilin 29 dekabrında sevimli
Umgülsümünə yazıb.
Ağıllarına gələrdimi
ki, 9 il sonra onların səadətli günləri bitəcək,
həqiqi mənada hər şey məhv olacaq?! Təmtəraqsız,
miyanə dolanışıqlı güzəranları
vardı.
Amma bir yerdəydilər
və onlarçün bundan böyük sevinc yox idi.
Həmin birgəliyin,
hər axşam bir tavan altında qovuşa bilməyin səadətlərin
ən ülvisi olduğunu pərən-pərən düşəndən
sonra duyacaqlar.
Tale, amansız dövran onları elə
ayrı salacaq ki, daha heç vaxt qovuşa bilməyəcəklər.
Qəzavü qədər isdedad
bağışladığı Seyid Hüseynə elə
nahamvar bir yazı yazacaq ki, bu kübar yazıçı
vaxtın qorxusundan xalqı üçün doğurmalı
olduğu füsunkar əsərlərin çoxunu elə qəlbində,
beynində özü ilə aparmalı olacaq.
Yazdıqlarının bir çoxunu
sürüşkən dövrün siyasi tələblərinə
qismən uyğunlaşdırmaq məcburiyyətində
qalacaq.
Nəsibi elə
düyünlü, elə kələ-kötür alınacaq
ki, qısa ömrü içərisində qələmə
almağa girəvə tapdıqlarının da bir çoxu
it-bata düşəcək, lap bəlli olanlarının da hərəsi
bir dərədə sükuta, etinasızlığa
düçar olacaq.
Eyni qismət
sevgilisi Umgülsümün şeirlərinin də
başına gələcək.
Niyə belə olur, nədir
insafsızlıq kimi görünən bu acı aqibətin hikməti?
Allahın pəncərəsi daha
genişdir, O biz görməyənləri görür, bilir,
Onun məntiqini sonacan dərk etməkdə də acizik.
Və mən bu acizliyimlə adi bir
insani təəssüfümü, heyrətimi dilə gətirməyə
bilmirəm.
İlahi, sən bu insanları belə
nazik, bunca vergili xəlq etmişdinsə, onlara bunca gözəllik
yaratmaq qabiliyyəti vermişdinsə, niyə o istedadın bəhrələrini
də, onların öz varlıqları kimi, xəzan
yarpaqları sayaq vaxt yelləriylə fənaya uğratdın?
Bu sualın cavabı mənimçün dərkolunmazdır.
Mən gəncliyin
aşar-coşar çağında,
Həyatı
sevgidən ibarət sandım.
Qəlbimi güldürən sevda
bağında
Hər çiçək
gördümsə, tək səni andım.
Ey yeni həyatım, ey sübh-i Sadiq!
Gəncliyin ruhuma nasıl
müvafiq.
Bildim ki, nə
imiş eşq ilə aşiq,
Sənə məftun
oldum, odlara yandım
.
O dərin nəzərlər, mənalı
gözlər,
Baxınca ruhuma şeirlər
söylər.
O sakit baxışlar qəlbimi dələr,
Sevginin yolunda dərdə qatlandım.
Umgülsüm
bu şeiri 1919-cu ilin avqustunda yazıb. "Sadiq"
dediyi elə Seyid Hüseyndir.
Bir il sonra
qovuşacaqlar.
Amma bu gənc qız yalnız
Hüseyn Sadiqi sevmirdi. Bəlkə daha artıq məhəbbətlə
Vətəninə, yurdunun yüksələn bayrağına,
yenicə qazanılmış istiqlalına vurğun idi.
Turan
balasıyam, Türkün özündən,
Soyuq su
içdim mən pinar gözündən.
Yeni nur
aldım o günəş üzündən,
Şərəfli
bir dilək yaşadar məni.
Mən də
cəngə girdim, cidalı gördüm,
Göy
üzünə baxdım, hilalı gördüm.
Səni yox, o gözəl camalı
gördüm,
Yadlara
aldırtmam gözəl Vətəni.
Ey buzlu
Şimaldan qopan ruzigar!
Toxunma qəlbimə,
atəşi parlar.
Sakın, gəlmə,
səni nəfəsim boğar,
Dəf ol! Vətənimdə
görəməm səni..
.
19
yaşlı bir qızın yaşından böyük
görünən bu yurdçuluğunun, siyasi
ayıqlığının, düşməni odlu nəfəsi
ilə susdurmağa hazır olmaqlığının
kökündə ailədən, nəsildən, qandan gələn
bir təpər var.
O, yenicə
qurulmuş 1 yaşlı cümhuriyyətin öndərlərindən
olan Məmməd Əmin Rəsulzadənin əmisi
qızı idi. İkibaşlı qohum idilər - bu
qızın bacısı Ümbülbanu Məmməd Əminin
həyat yoldaşı idi.
İndi
iftixar etdiyi həmin doğmalıq bircə il sonra ona və
bütün nəslə ən ciddi təhlükə mənbəyinə
çevriləcək, bu nəslin tifaqının
dağılmasına bais olacaq.
Əri Seyid Hüseyni 1937-ci ilin 15
iyulunda həbs edəcəklər, "xalq düşməni",
"vətən xaini" elan edib güllələyəcəklər.
Umgülsüm
zindana 1937-ci ilin 11 noyabrında atılacaq.
Onu "yüngül"
cəzalandıracaqlar.
8 il
sürgün cəzası kəsəcəklər, bu müddətin
də hamısını deyil, 6 ilini çəkəcək.
Təzədən
Vətənə qayıdıb gələ də biləcək.
Lakin qanlı-qadalı sovet repressiyaları
fırtınaları toxtayanda, 1950-ci illərin ortalarında
bir çox başqaları kimi, Seyid Hüseynə bəraət
verilsə də, Umgülsümü sovet dövləti murdar nəfəsi
gedib-gələn son aylaracan bağışlamadığı
düşmənləri sırasında saxlayacaq.
Və onunla
da bir daha etiraf etmiş olacaq ki, bu qadını yalnız
"vətən xaini" Seyid Hüseynin zövcəsi kimi
deyil, Rəsulzadələr nəslinin bir təmsilçisi
kimi cəzalandırıbmış.
Umgülsümə bəraət
payı 1990-cı il martın 14-də yetəcək.
O vaxt ki, artıq sovet quruluşu
dağılıb qurtarırdı və bu quldur hakimiyyətin
tarixin qəbiristanına gömülməsindən lap
azacıq öncə haqsız cəzalanmış, amma bəraət
almamışların hamısının üstündən
bir fərman əsasında elliklə günah damğası
götürülürdü.
1937-ci il
noyabrın 10-da NKVD quzğunları həmişəki kimi gecə
gəlirlər.
Artıq məhbəsdə
yatan, cəmiyyət üçün "vətən
xaini" olduğu elan edilmiş yazıçı Seyid
Hüseynin həyat yoldaşı Umgülsüm Əbdüləziz
qızı Sadıqovanın adına açılmış
8816 saylı cinayət işində bu qadının həbs
edilməsi üçün orderdən əlavə 4
uşağının - 16 yaşlı Oqtayın, 14
yaşlı Cığatayın, 11 yaşlı Toğrulun, 7
yaşlı Qumralın da yetimxanaya verilməsi haqqında qərar
vardı.
Amma heç olmazsa burada Allah üzlərinə
baxır.
İçərişəhərdə,
Qəsr küçəsi, 74 saylı mənzildə Seyid
Hüseynin ailəsi ilə birlikdə
yazıçının bacısı Rübabə Rzayeva və
bacısı qızı Səyyarə də
yaşayırdı.
Uşaqların da aparılması
haqda sənəd irəlicədən hazır olsa belə,
Rübabə xanımın təkidli yalvarışlarından
sonra dilindən kağız alaraq balacaları onun himayəsinə
buraxmağa razılıq verirlər.
Həbsin ertəsi
günü səhər isə artıq Umgülsüm
dindirilirdi:
"- Siz
neçə il Seyid Hüseynlə nikahda olmusunuz?
- Mən Seyid
Hüseynə 1920-ci ilin əvvəllərində ərə
getmişəm və 1937-ci il iyulun 15-də baş verən həbsinə
qədər onunla birgə yaşamışam.
- Ərinizin əksinqilabi fəaliyyəti
haqqında nə bilirsiniz?
- Mənə
həyat yoldaşım Seyid Hüseynin əksinqilabi fəaliyyəti
barəsində heç nə məlum deyil.
- Sizə kimlər gəlib-gedirdi, əriniz
Sadıqov haralarda olurdu? - Hərdənbir şairlərdən
Səməd Vurğun, Abdulla Şaiq bizə gələrdilər.
Onlardan başqa bir də qohumlarımız bizə gəlib-gedərdi".
Bir gün də
ötür. Bu, artıq məhbusun dindirmə
protokolundan parça deyil. Müttəhimin
adamyeyən bir quruluşun və siyapır zəmanənin əleyhinə
yazdığı ittihamnamədir.
"12 noyabr 1937-ci il. Bu gün 2 gündür buradayam. Bu
iki gündə keçirdiyim həyat mənə yuxu kimi gəlir.
Başım bir qovğa içində kimidir.
Səhər saat 10-dur. Nəzarətçi
gəlib qapının qıfılını açdı.
Ayaqyoluna gedirik. Kamerada elə
qarışıqlıq var ki, belə bir şeyi mən
ömrümdə təsəvvürümə gətirməmişdim.
Adam adam ayağı altında gedir. Bütün yorğan-döşəklər yerə
sərilib. Axşamdan bəri 36 adamın
bir subaşı kimi istifadə etdikləri ağzına qədər
dolu çirkab vedrəsinin və onunla yanaşı
qoyulmuş natəmiz su, çay vedrəmizin ağzı
açıqdır. Nə bu
murdarlığı və üfunəti, nə də bu qədər
adamın balaca, bir tərəfi bağlı otaqda bütün
sutka ərzində aldıqları nəfəsdən kəsif
havanı təmizləyəcək bir şey yoxdur. Burada hər şey fövqəladə bir şəkildədir.
Axşam yatanda soyunmayan məhbuslar geyinmə
işindən azaddırlar. Yerimizdən
qalxıb bayıra çıxırıq. Ayaqyolundan qayıtdıqda ibtida çay içirik.
Çay vedrəyə tökülüb qoyulmuşdur.
Kamerada çay içmək və xörək
yemək üçün 18 qab vardır. Bu
qablar həbsxananındır. 36 arvad bu
qablarda xörək yeyəcəyik, həm də çay
içəcəyik. Xörəkdən
sonra yuyulmayan qablarda növbə ilə çay içmək
qanımızı yemək kimi bir şeydir. Bunu Allah
düşmənə də qismət eləməsin!
Günorta yeməyimiz
də gəlmişdir. Vedrəmizi şorba
ilə doldurmaq üçün qapı ağzına qoydular.
Biz bunu yeməliyik. Lakin bu,
yeyiləcək bir şey deyil. Yeyilməsi mümkün
olmayan ağ rəngli şorbanı taxta
qabdan növbə ilə yemək lazımdır. Güc-zor, ağlaya-ağlaya, ögüyə-ögüyə
yeyirik. Aclıqla oyun olmaz, düz iki
gündür acıq".
Bu, nadir bir sənəddən
parçadır, nadir bir faciə əsərinin tikələridir.
Umgülsüm
xanım Bayıl həbsxanasında saxlandığı
günlərdə kağıza və qələmə sədaqətini
bu dar macalda da nümayiş etdirərək ədəbiyyatımız
və tariximiz üçün müstəsna olan zindan
gündəlikləri də yazmağa imkan
tapmışdır.
Onun "Qala
xatirələri" canlı şahidin təsirli diliylə
müdhiş tariximizin təsəvvürə belə
sığmayan dəhşətli görüntülərini
sıralayır.
Məhbuslar
üçün yaradılmış bu cəhənnəm
şəraiti də cəzanın bir ayrı növü idi,
insanı mənən şikəst etmək, dirigözlü
öldürmək idi.
Darısqal
bir kamerada əzablara və təhqirlərə məruz qoyulan
bu qadınların hamısı seçmə insanlar idi.
Onların ərləri
bu millətin seçmə balalarıydı.
Yox,
hər halda Allah ədalətlidir.
Umgülsüm
xanımın lətif şeirlərinin əksəri itib-batsa
da, itib-batma, salamat qalma ehtimalı təxminən sıfra bərabər
olan bu gündəliklərin xilas olması,
bugünümüzə gəlib çatması Allahın
işidir.
Allah
istəyib ki, insanlara bu həqiqətlər gizli qalmasın.
İtmiş
ən lətif şeirlərlə ədəbiyyatımız
natamam olmaz.
Başqa
o cürləri bollucadır. Amma bu
gündəlikdəki sərt gerçəkləri bilməsəydik,
tariximiz də, mənəviyyatımız da tam olmazdı.
Bu, daim xatırlanmalı bir dərsdir.
Bunlar millətin həmişə baxıb qəhərlənməli
olduğu vəhşət filmi, çəkə-çəkə
saflaşacağı qəm sıra dağlarıdır.
Bəli, o
çağlar Bayıl həbsxanasının kameralarına
doldurulanlar oğrular, yolkəsənlər, başkəsənlər
deyilmiş. Bu millətin ən pak, ən xeyirli
insanlarıymış.
Bu milləti millət edən şəxsiyyətlərmiş.
Və
onların xanımları.
Bir-birlərindən
xəbərsiz qonşu kameralarda əzab, işgəncə məngənəsindəymişlər.
Müşfiqin Dilbəri də
həmin dustaqlardan biriymiş.
1970-ci illərdə tələbəykən
radioda hazırladığım "Axşam görüşləri"
verilişinə bir neçə dəfə qonaq
çağırıb müsahibə aldığım Dilbər
xanım Axundzadədən bir dəfə soruşmuşdum ki,
nə yaxşı o vaxt sizi başqa
şair-yazıçıların həyat yoldaşları
kimi sürgün etmədilər?
Dilbər xanım bu sorğumu
cavabsız qoymuşdu, iri, ifadəli, qara gözləri
yaşla dolmuşdu.
O görüşlərimizdən
20-25 il sonra Dövlət Təhlükəsizlik Komitəsinin
arxivlərində Müşfiqin, Dilbərin cinayət işlərini
vərəqləyəndə anlamışdım ki, niyə
Dilbəri o zaman həbsdən azad ediblərmiş.
NKVD cəlladları
nə hoqqalar durğuzublarmışsa, zavallı qadın
havalanıbmış.
"25 fevral 1938-ci il. Səhər
tezdən bizim kamera ilə üzbəüz olan kameradan bir
hay-küy qopdu və biz qapıya toplaşdıq. Nə qədər
acı bir mənzərə! Şair Mikayıl Müşfiqin
arvadı əqlini itirmişdi! Bu söz dünəndən bəri
eşidilir. Lakin bu xəbərin bu qədər ciddi olduğu
aydın deyildi. Biz zənn edirdik
ki, Dilbər sadəcə əsəbi hallar keçirir.
Dünən
onda dəliliyə dəlalət edəcək heç bir
şey yoxdu. O mənə təsəlli verirdi: "Nə olar,
səbir eləmək lazımdır, görmədiyimiz yerləri
gedib görərik..." Dünən o çox yaxşı
idi. Amma bu gün vəziyyət tamamilə başqadır. Dilbər
hər gecəki kimi, bu gecə də yatmamışdır.
Yatmamaqla bərabər son dərəcə əsəbiləşmiş,
başqalarını oynamağa, oxumağa təkid etmiş,
öz-özü ilə danışıb şikayətli
sözlər söyləmişdir. Ərz-i hal yazıb qaladan
azad edilməsini tələb etmiş və nəhayət əllərini
bir arvadın boğazına aparıb onu boğmaq istəmişdir.
İndi kameradakı arvadlar qapıya yığışıb
çığır-bağır salır, onun buradan
götürülməsini istəyirlər. Nəzarətçilər,
növbətçi, doktor müavini qadın, hamısı
buraya yığışmışlar".
"27 fevral 1938-ci il.
Bu gecəni səhərə
qədər yatmamışam. Hamımız çox pis əhval-i
ruhiyyə ilə gecəni səhər etdik. Dilbər tamamilə
dəli olmuşdur. Onu yuxarıya- xəstəxanaya
aparmışlar. Tam bizim kameranın üstündə olan
palataya tək salmışlar. Dünən ona iynə vurub
sakit etmişdilər. Axşama kimi yatmışdı.
Axşam ayılıb yenə başladı. Bütün gecə
səhərə qədər biaram özünü ora-bura
çırpıb otağın içində o yan-bu yana
qaçır, ayaqlarını yerə döyüb nəsə
danışırdı. O oxuyurdu. Şikayətli sözlər söyləyirdi. Onun dediklərini aydın eşitmək
olmasa da, bəziləri anlaşılırdı. Dilbər
özünü oxşayırdı, çox hüznlü bir
ahənglə deyirdi: "Yazıq Dilbər hey... yetim Dilbər
hey... kimsəsiz Dilbər hey!.." Sonra sadə
danışıq tərzilə "Müşfiqim gəlsin,
atam gəlsin... Gedin qapını döyün, atama deyin ki, gəlsin
məni aparsın... Mənə deyirlər dəli olmusan... Mən
yarımın yolunda ölməliyəm... Ey gözə
görünməyən Allah! Deyirlər sən yoxsan,
özün mənə rəhm elə!" Küçədə
milisioner fit verdi, Dilbər bunu eşidib dedi: "Siqnal ver, qoyma!.."
Müşfiqlə
danışırdı.
O, otaqdaymış kimi
üzünü ona tutub özünü oxşayırdı.
Sonra yenə
özünü çarpayıdan yerə atıb çox bərk
bir səslə qışqırdı, o yan-bu yana
qaçdı. Dilbərin bu halı bizdə can qoymadı.
Axı bu, bizim sevimli, əziz şairimiz Müşfiqin əziz,
nazlı Dilbəridir. İndi qazamat küncündə dəli
olmuş, əllərdə qalmış, dillərə
düşmüşdür. Deyirlər onun əllərini
dalına bağlayıblar".
Əslində
bu aqibət onların hər birinin - bütün dustaq
şair-yazıçı arvadlarının, bütün məhbus
istiqlalçıların ailə üzvlərinin
qarşısına çıxa bilərdi.
Dilbərin halına düşənlər
də oldu, çərləyib, vərəmləyib bir gül
kimi solanlar da, bütün zindan və sürgün məşəqqətlərinə
tab gətirərək gedər-gəlməzdən dönənlər
də.
Qismətlər
müxtəlif olsa da, nəticə ki eynidir - gözəl həyatları
puç oldu.
Umgülsüm
iti şair fitrətiylə bu müsibətləri xeyli irəlicədən,
1920-nin aprelində üçrəngli bayrağımız qəhrlə
endirilərkən duymuşdu.
Bu, 20
yaşlı bir azərbaycanlı vətənpərvər
qızın bayrağımıza ağısıdır, naləli
oxşamadır:
Sən
Bayrağım! O yüksək şanlarından
enərkən
Mavi göyə
bir duman gəldiyini
sezdim mən.
Qoynundakı ağ nurlu ay-yıldızım
sönərkən
Üzərimə doğacaq günəşlərdən
bezdim mən.
Yazıq sənə,
Bayrağım! Endirdilər,
öyləmi?
Səni yıxıb devirən o zəhərli
ruzigar
O haqq deyən haqsızlar, vəhşilər,
Tanrısızlar
Yanar ocağımı da
söndürdülər, öyləmi?
Bir röyamı oldu o gördüklərim
həpisi?
Bağlandımı üzümə
türk elinin qapısı?
O məsud günlər bitəndən,
müstəqilliyimiz çökdürüləndən 17 il
sonra Umgülsüm xanımgilin yuvası
dağıdıldı.
Amma bu gənc şairə
röyanın artıq bitdiyini, qapının
bağlandığını elə o vaxtdan, bəla sellərinin
dörd bir yandan onları ağuşuna alacağı günlərdən
çox öncə hiss etmişdi.
Azadlıqda yaşadığı,
Seyid Hüseyniylə, balalarıyla birgə olacağı 17 il
Tanrı bəxşişi imiş.
Ciyərparalarından
cüda salınmış gənc ana iztirabların
ağır yükündən, həsrətinin şiddətindən
durduğu yerdəcə keçinə bilərdi.
Onu və onunla həmdərd, həmqismət
kamera yoldaşlarını xilas edən elə qəmlərinin
eyni olması idi.
Onlar
bir məchulluq içərisində idilər.
Dünya ilə əlaqələri
üzülmüşdü. Balalarının
da, özlərinin də taleləri onların hər biri
üçün cavabsız sual idi.
Onlar elə bir girdabda
çabalayır, elə bir burulğanda qovrulurdular ki, hətta
Allahın da buralardan xəbərdar olmasına inanmaqları gəlmirdi.
Dəmir pəncərədə
qalmış gözlərim,
Araram fəzada son qismətimi.
Od saçar ağzımdan
çıxan sözlərim,
Hiss edərmi göylər fəlakətimi?
Görün
gözlərimə sən, ey gələcək,
Görün ki, tükəndi,
qalmadı səbrim
Qaldır pərdələri, ey
çərx-i fələk,
Nə gözləyir məni, yoxdur xəbərim.
Söylə ki, nəsibim, müqəddəratım,
Hansı əllərdədir? Tanıtdır
mənə.
Yəni vicdan
varmı, ya ki həyatım,
Batacaq göz
yaşı dərinliyinə?
Gələcək
o qədər anlaşılmaz idi ki, onu heç cizgi kimi,
ilğım təki də təsəvvür etmək
mümkün deyildi.
Əvəzində
göz önündə yalın, nicatsız və
öldürücü bir gerçəklik vardı.
O şeiri də, bu gündəlik təəssüratını
da Umgülsüm Bayıl həbsxanasında qələmə
alıb: "20 aprel 1938-ci il. Bu gün 5 ay 10 gündür
burada - Bayıl qazamatındayam. 160 gün! Bir o qədər də
gecədir ki, uşaqlarımı görmürəm. Uşaqların
simalarını düşündükcə, sanki tül bir pərdə
dalında olan kimi onların üzlərini xatırlaya bilmirəm.
Ancaq Qumralın surəti, sonuncu dəfə
gördüyüm siması yadımdan çıxmır.
Elə bilirəm ki, nə qədər
uzun illər keçsə də, o an yadımdan
çıxmayacaqdır.
O gecə onu şirin yuxusundan
oyadıb ağlaya-ağlaya qollarım üstünə
alıb o biri otağa apardığım halda iki gözdə
olduğumuz otaqların qapısını bağlayıb
möhürləyirdilər.
Onun kəsilməyən
saçları alnına dağılmış, yanaqları
qızarmışdı.
Qumral ağlayırdı.
Onu
qucağımda arxası üstə tutduğum
üçün gözündən axan yaş gözlərinin
çuxurlarında toplanıb böyük bir brilyant kimi
parlayırdı.Uşağı yatmağa
uzandırdığım zaman brilyant yaşlar yanaqları
üzərində zolaqlar buraxaraq axırdı.
Son dəfə
dönüb ona baxarkən o yenə arxası üstə
uzanıb ağlayır, yenə gözlərinin çuxurunda
yaşlar məhzun halda dalımca baxırdı.
Bu lövhəni
mən ölənə qədər unuda bilmərəm və
onu yuxudan oyadıb o biri otağa apardığım zaman
uşağımın gördüyüm o
saçlarını, Toqqulumun saralmış rəngini,
Qumuşumun yaşlı gözlərini həmişə
çox aydın xatırlayıram".
Və nəhayət
ki, çoxdan arzusuyla çırpındığı gün
yetişir.
Aprelin
21-də ona ilk görüş verirlər. Bu
görüşə qədər elə gündəliklərindən
də bəlli olur (heç bu gündəlikdə
yazdıqları olmasa da, aydındır) ki, balalarının
hansısa uşaq evinə verilməsi, böyük oğlu
Oqtayın həbs edilməsi şübhəsiylə kirpikləriylə
od götürdüyü çox
olmuşdu.
Görüşürlər və
bir tərəfdən böyük
nigarançılığına son qoyulsa da, onsuz
qalmış balalarının miskin halı bədbəxt
qadını bir az da sarsıdır.
Əriyib bir
dəri, bir sümük qalmış 7 yaşlı
qızcığazını tanımayan ananın dərdinin həddini,
böyüklüyünü ifadə edə biləcək
söz hələ yaranmayıb.
"21 aprel
1938-ci il. O qələbəlikdə hər kəs dəlicəsinə
öz adamını axtarırdı. Mən də o qələbəlikdə
gözləri ilə məni axtaran Oqtayımı
gördüm. Gözlərimə inana bilmirəm,
doğrudanmı mən onu görürəm?
Sonradan orada durmuş, tanınmaz bir
şəklə düşmüş
Qumuşcığazımı gördüm. Əgər
Oqtayın yanında durmayıb, paltosu ilə şərfi
üstündə olmasaydı, mən onu diqqətlə
baxmayınca tanıya bilməyəcəkdim. O mənim qoyub gəldiyim
Qumuş deyildir. Son dərəcə arıqlamış,
yanaqları çəkilmiş, üzü
solğunlaşmış, gözləri
açılmışdır.
Bu uşaq,
siması qırmızı, oynar-gülər, tumbul yanaqlı,
dəyirmi üzlü Qumuşuma qətiyyən bənzəmir.
Demək, mənsizlik mənim bu nazlı balamı bu hala
salmışdır. O tamamilə dəyişmiş,
arıqlamağı ilə bərabər boyu uzanmış,
saçları da uzanıb alnına
tökülmüşdür. Onun üzünə bir də
baxır, Seyid Hüseyni görən kimi oluram. Heç bir
zaman atasına qətiyyən bənzəməyən bu
uşaq indi atasının 20 yaşında ikən çəkdirdiyi
şəklinə sıxı bir surətdə bənzəyir.
O şəkildəki bütün mühüm xətlər bu
gün Qumralın üzərinə çəkilmişdir. Mən
bu məlul, bu məsum simada bir Seyid Hüseyn görürəm".
Apreldir,
çöldə bahardır, amma o baharın Umgülsümə,
onunla oxşar qisməti paylaşanlara nə dəxli!
Seyid
Hüseynin dostu, bu ailənin simsarı Cavid əfəndi:
"Arif odur
gülsün içindən bahar!" - deyirdi.
İndi
bayırdakı yaz ürəyində qara qış
tüğyan edən Umgülsüm üçün bahar olmaq
gücündə deyildi.
Əslində, o bu kəsif
kameranın divarları arasında baharın rəngini, ətrini
duymaq imkanından da məhrum idi.
Bu
çıxılmaz divarlar arasında o, fəsillərin dəyişməsini
yalnız soraqla bilirdi.
Təqvim
donmuşdu.
Deyirlər nəşəli bir bahar
gəlmiş,
Böyük
kainata təzə can verir.
Təbiətin hüsnü yerlərə
enmiş,
Gülümsər həyatdan bir
nişan verir.
Ey bəxtiyar
bahar! Sən ey gözəl çağ!
Gəzirsən
bizlərdən nə qədər iraq.
Uçsa pəncərəmdən
bir yaşıl yarpaq
Ruha həyat hissin o zaman verir.
Bu şeiri
qara karandaşla saralmış bir vərəqdə Bayıl həbsxanasında
1938-ci ilin o nəhs günlərində yazıb
Umgülsüm xanım.
Və o şeirin
yazıldığı gündən, əzizləriylə uzun
intizardan sonra baş tutan həmin görüşdən
düz 20 gün ötəndə Umgülsüm sürgün
edilir.
Ayrılıq
qatarı onu Mordvaya aparır...
"Umgülsümcan!
Bu məktubu
mən dünən gecə saat 2-də yazmaq istəyirdim. Hər
kəs yatmışdı. Məni isə yuxu aparmırdı. Yerimə
uzanaraq düşünürdüm. Öz-özümə
deyirdim: indi onlar da yatmışlar. "Onlar", yəni siz.
Bu fikirləri edərək xumarlanırdım.
İndi saat
7-dir. Müxtəsər, bir çay içmişəm.
Ehtimal ki, siz də çay içirsiniz".
Bu məktubu yazan Seyid
Hüseyndir.
Bu sətirlərdə
1929-cu ilin 2 iyunudur. Seyid Hüseyn qatarla Yevlaxdan
tərpənərək Gəncəyə gedir.
Sevimliləriylə
qısa ayrılıq belə onu darıxdırır. Özünü
və ailəsini ovutmaq, bu qısa hicran boşluğunu
doldurmaqçün məktubunu yoldanca Bakıya göndərir.
Bir-iki
günlük ayrılığa dözə bilmirdilər.
Nəsibləri əbədi
ayrılıq oldu.
Mən
saralıb-sollam qərib ellərdə,
Sözüm
dastan olar bütün dillərdə.
Gözüm qaldı çiçəklərdə,
güllərdə,
Gül dərmədim,
düşdüm çəmən ayrısı,
Sürgünəm,
düşmüşəm vətən ayrısı.
Ağlaram
gözümün yaşı bitincə,
Sızıldaram əlim sizə
yetincə,
Şeirlər
düzərəm incədən-incə,
Canım candan cüda, bədən
ayrısı,
Sürgünəm,
düşmüşəm vətən ayrısı.
Umgülsüm Temlaq deyilən bu həbs
düşərgəsinə yetişəndən az sonra onun
adına bir açıqca da gəldi.
Altında 1939-cu il 1 yanvar tarixi qoyulmuşdu.
Bu açıqcanı yollayanlar
Umgülsümün qəm ortaqları, onunla Bakıda,
Bayıl həbsxanasında eyni zülmləri
yaşamış məhbus qadınlar idi.
Deməli, bu
açıqca göndərilən tarixəcən onlar hələ
oradaymışlar, bir yerdəymişlər.
Kim
bilir onların taleyi necə olub.
Hansı
biri illər sonra salamat qala bilib, hansılar o həbsxanadamı,
ya həbs düşərgəsində canını təslim
edib. Umgülsümlə eyni kamerada eyni məşəqqətləri
çəkmiş bu qadınlarda insanı heyran qoyan
sınmamaq qüdrəti, dəyanət, o cür şəraitdə
belə daxili zərifliklərini, ləyaqətlərini,
insanlıqlarını, başqasına hayan olmaq duyğusunu
hifz edə bilmək qabiliyyətidir.
Sadəcə bir məktubdur.
Umgülsümü yeni illə təbrik
edirlər.
Onun həssas
təbiətinə bələd olduqlarından Bakıdan istəkli
rəfiqələrinə çiçək də göndəriblər.
Açıqcanın
bir küncünə rəngli qələmlərlə
xırdaca gül şəkli çəkilib.
"Əziz
bacımız Gülsüm xanım!
Əvvəla bütün
yoldaşlar tərəfindən sənə səmimi
bacılıq salamı göndəririk və yeni ilini təbrik
edərək arzu edirik ki, gələcək yeni ilini
azadlıqda, özün arzu etdiyin kimi keçirəsən".
Bu qadınlara o dustaqxanada həqarətlə
"müttəhim", "vətəndaş" söyləsələr
də, onlar bir-birləri üçün yoldaşdırlar,
bacıdırlar.
Hər halda
onlar buradakıların günahsız, təmiz, məsum
olduqlarını hamıdan daha yaxşı bilirlər. Zəhra,
Tamara, Leyla, Əminə, Zivər, Umxanım, Validə, Firuzə,
Mədinə, Kövsər, Gövhər, Firuzə, Əsma,
Anya, Tutu, Nisə xanım. (Alışdığım elmi səliqə
tələb edir ki, MTN arxivində bu adların hər biri ilə
bağlı cinayət işlərini arayım, vərəqləyim,
onların kimliyini öyrənim, zədəli talelərinə
enim. Amma nə edim ki, buna vaxt yoxdur, əsas mətləbdən
ayrı düşərəm. Ancaq bu özü də elə
daha bir vacibdən-vacib mətləb deyilmi? 1937-38-ci illərin
bircə kamerasındakı bu qədər ləyaqətli
insanın taleyini izləmək savab olmaqdan özgə, millətin
tarixinin bir yanıqlı və şərəfli
parçası olaraq da çox çəkicidir. İnşallah,
qayıdaram!..).
"Ana
qurban!
Sən yazırsan ki, oranın hər
yerini gəz, bizimçün yaxşı-yaxşı təsvir
et. Bir tərəfdən baxanda doğru deyirsən, amma bir tərəfdən
bir az gülməli çıxır. Buranın hər yerini gəzməkçün
ayaqlarımın ixtiyarı məndə deyil.
Ancaq bununla bərabər
yenə söyləniləcək söz var.
Bir aydan bəridir zonadan - hasardan
bayırda tikilib hazırlanmış sexə işləməyə
gedirik. Bu, bizimçün dəyişiklikdir. Hər gün səhər
7.30-da qar qalanmış bu düzəngahdan
saldığımız geniş bir rizlə yola
düzülürük, ayağımız altında
çaxmaq daşı kimi bərkimiş buzların
üstü ilə çox ehtiyatla, ayaqlarımızı
qoyacağımız yeri yoxlaya-yoxlaya gedirik.
Bu yolda bir
çox dəfələr mən sürüşüb
yıxılmışam.
Saat 12-də işləməkçün
zonaya gəlib bir də axşam 7.30-da qayıdırıq.
Bu gün səhər 27 dərəcə
şaxta vardı, biz işə gedirdik. Təmiz və quru hava
ilə qarşılaşan nəfəsimiz qar olub
qaşlarımıza, kirpiklərimizə qonurdu. Fəzanın
saflığını ləkələyəcək nə
üfüqdə duman, nə göydə bir bulud vardı. Meşənin
üstündən yüksələn istisiz mart günəşi
öz ziyalarını qarlı damlara, bacalardan çıxan
tüstülərə, qaralan meşələrə,
ağaran çöllərə səpirdi.
Bizi əhatə
edən çılpaq təbiətin bu zənginlikləri, bu
görkəmi qarşısında adam bir söz söyləməmiş
dura bilmir.
Mən də
öz-özümə dedim ki, heç olmasa
Cığatayıma bunlarısa da yazım. İndi daha belə
soyuqlar gec-gec və qısa zaman olur. İndi meşə ağ
xalatını çıxarıb qara donunu geymişdir. Bir
azdan sonra yaşıl köynəyi ilə duracaq. Onda biz xoşbəxt olacağıq.
Cığatay!
Burada təbiət zəngindir. Ancaq bu zənginlik həmişə
işıqlı səhərlərdən, günəşli
göylərdən ibarət deyil. Təsəvvürünə
gətir, 40-45-ə enmiş bir şaxta, çox bərk qar
yağır, şiddətli bir külək, çovğun,
boran, aysız-ulduzsuz bir gecə. Mən, sənin anan işdən
çıxıb təbiətin bu zənginlikləri
içindən zonaya gedir.
Ölümləri xatırladan qəzəbli
bir tufan yeri göyə, göyü yerə
qatmışdır. Bütün yollar, rizlər
örtülmüşdür. Qardan dərələr, təpələr
əmələ gəlmişdir. Qaşlar, kirpiklər qar
tutduğu kimi, burunların deşiyi də buz bağlayır.
Nə göz
açmaq, nə də nəfəs çəkmək
mümkün deyil. Adama elə gəlir ki, həyatın, daha
doğrusu, dünyanın son günü, son saatıdır. Amma
burasını da etiraf etməliyəm ki, belə
çovğunlara az təsadüf olunur. Söylədikcə
söz qurtarmır.
Daha bəsdir. Sağ ol.
Öpürəm
səni bərk-bərk. Anan
Umgülsüm".
Bu məktubu
1941-ci il martın 17-də yazıb. Təpədən-dırnağa şair ruhu ilə
dolu olan bu qadın o saya, adi mənzərələri də
onlardakı gözəlliyi duyaraq şairanə bir iştaha ilə
təsvir edir. Təbiətin rəngləri,
çalarları əsirgədiyi o yalqız, o səssiz
ucqarlardakı sönük həyatını bu mətin
qadın əlvan rənglərin işığı,
çılğın misraların hərarəti,
balalarına ünvanladığı nəvazişli məktubların
şəfqəti ilə canlandıra bilirdi.
Barmaqları
da şair idi Umgülsümün. Nəfis tikmələr
toxuya, o tikmələrin üzərinə gözəl rəsmlər
nəqş edə bilirdi.
Dönərəm başnıza pərvanələr
tək,
Göndərirəm
sizə iki kələbək.
Biri Səyyarəmin, biri Qumruşun,
Gücüm
buna çatdı, neyləmək gərək!
Dünyanın qurtaracağı qədər
əlçatmaz olan sürgün qürbətindən
balalarına sovqat göndərirdi. irinə araqçın,
birinə dəftər qabı, birinə yaxalıq, birinə
balaca xurcun...
Bu şux boyalı, rəngləri
indiyəcən solmamış ana hədiyyəsi tikmələr,
incə əl işləri o qürbətdən Bakıya,
Oqtaya, Cığataya, Toğrula, Qumrala ana mehrini, ana qəlbinin
istisini də gətirirdi.
Balalarının məktubları
Umgülsüm üçün ümid
çırağı, onu bu məsum varlıqların naminə
ömürdən dördəlli yapışmağa sövq edən
həyat cövhəri idi.
Ən bədbin,
ən dilxor, yaşamaqdan bezdiyi ən küskün anında bu
məktublar onu dirçəldirdi, həyat eşqi ilə
doldururdu.
Bu adicə sətirlərdə
ilahi bir güc vardı:
"Əziz
anam! Mən lap yaxşıyam. Sən
məndən nigaran qalma.
Anam, məni və Toğrulu tətilə
buraxıblar.
Biz dərsə
bir də 1940-cı il yanvarın 13-də gedəcəyik.
Mən birinci
rübün qiymətlərini "əla" almışam.
Toğrul
da "əla"çıdır.
Anam,
bu saat qar yağır. Həyətdə qar doludur.
Özü də
bayırda yaman külək var. Anam, bibi sənə bir
araba salam göndərir.
Bunu
yazan Qumral Sadıqzadə. 10 yanvar,
1940".
Hər səhər
işə getdikləri tikiş sexində Umgülsümün
həyatının bir qeyri-adi hadisəsi də baş
vermişdi.
1941-ci ilin
aprelində Bakı, Azərbaycan gəlmişdi o qürbətlərə.
Radioda Azərbaycan musiqisi səslənmişdi və bir
neçə dəqiqə boyunca Umgülsüm dönüb
olmuşdu azad bir quş, uçmuşdu Vətənə,
qanadlanmışdı bəxtiyar olduğu çağlara.
Qopardı ruhumu bu gün yerindən,
Elimin qəlbindən
gələn nəğmələr.
Dinlərəm mən səni, ey doğma
Vətən,
Könül
dalğalanar, həyəcan gələr
Çal,
gözəl musiqi,gözəl muğamat,
Çal, bir
az ağlayım, gülüm səninlə.
Qoy bəlkə özümü bir
yarım saat
Elimin qəlbində
bilim səninlə.
Riqqətə gəlmişdi, bu
şeiri qələmə almışdı,
uşaqlarının cavab məktublarını gözləmədən
onlara təzə məktublar yazmışdı, hər
şeyin yaxşı qurtaracağına özünü bir az
da inandırmışdı, içəridən bir az da səfərbər
olmuşdu...
Amma
Umgülsüm yalnız balalarına yazmırdı.
O, bir ucdan
Moskvaya, Stalinə, Beriyaya da məktublar göndərirmiş, 2
oğlunun Sovet ordusunda əsgər olduğunu, 2 azyaşlı
uşağının Bakıda böyüksüz
qaldığını vurğulayırmış, azad edilməsini
xahiş edirmiş. Əhatəli düşünən bu tədbirli
qadın balalarına da tövsiyə edirmiş ki, bənzər
məktublar yollasınlar. "Oqtay, Cığatay! Hər biriniz
ayrı-ayrılıqda Moskvaya, narkom Beriyaya ərizə
yazın. Ərizədə yaşınızı, həyatınızı,
nə qədər təqaüd almanızı yazın, ailə
vəziyyətinizi göstərin. Hərbi komissarlıqdan xidmət
etməyiniz haqda kağız alın. Onu da ərizəyə əlavə
edin
.
Qardaş-bacınız haqda məlumat verin, mənim azad
olunmağımı xahiş edin. Toğrulla Qumral da Moskvaya
ayrıca ərizə yazsınlar..."
Nə qədər
yazırlarsa, axırı buz çatlayır. 1943-cü ilin
iyununda Umgülsümün qovluğu məhbusun vaxtından əvvəl
azad edilməsi məqsədilə araşdırılmaqdan
ötrü əlavə təhqiqata göndərilir.
İlk olaraq Umgülsümün
uşaqlarının himayəçisi, Seyid Hüseynin
bacısı Rübabə xanımı iki dəfə
danışdırıb protokol tərtib edirlər.
Sualların
arasında bu da var ki, Umgülsümün hansı
bacı-qardaşlarını tanıyırsınız? 1885-ci
il təvəllüdlü bu yaşlı, savadsız
(protokollarda imza yerinə barmaq basıb) qadın da
"Qardaşlarından xəbərim yoxdur, amma
Ümbülbanu adlı bir doğma bacısı vardı",
- cavabını verir.
Təbii ki, bunu
soruşmamışdan soruşanlar özləri də bilirlər
və əlavə sualla almaq istədikləri cavabı dəqiqləşdirirlər,
Ümbülbanunun əri Müsavat lideri, hazırda xaricdə
mühacirətdə olan Məmməd Əmin Rəsulzadəylə
də ayrıca maraqlanırlar:
"Ümbülbanu niyə 6 il
bundan qabaq Qazaxıstana sürgün edilib və onun əri kim
idi?"
Rübabə
xanım Məmməd Əminin 1920-ci ildə yoxa
çıxdığını və harada olmasından xəbərsizliyini
deyir.
1918-ci il təvəllüdlü,
dayısının uşaqlarına həm bacı, həm ana
olan Səyyarə Rzayevanı da danışdırırlar. Ona
da bunlarla səsləşən suallar verirlər. Oqtayla
Cığatayın əsgərlikdə olmalarını da xəbər
alırlar.
Səyyarə
də Oqtayın Altay vilayətində 1941-ci ildən hərbi
xidmət çəkdiyini, Cığatayınsa 43-ün
yazında xəstəliyinə görə hərbi xidmətdən
geriyə, məzuniyyətə göndərildiyini, hazırda
müalicədə olduğunu bildirir. Hər ehtimala
qarşı sual-cavablar elə aparılır ki, vaxtından əvvəl
azadetmə ilə bağlı rədd cavabı hazırlamaq
lazım gələrsə, dindirmə protokolları o tələbata
da cavab vermiş olsun.
"Əziz
ana! Cığataydan aldığım məktubda o yazır ki,
guya sən bu yaxınlarda qayıdacaqsan. Bu xəbər məni
o qədər sevindirdi ki, hətta gecələr yata bilmirəm.
Əgər bu doğrudan da belədirsə, demək, bizim
xoşbəxtliyimizə az qalıb".
Bu məktubu
1944-cü ilin 16 fevralında böyük oğul Oqtay
yazırdı. Bunu isə həmin ilin martında ortancıl
Cığatay:
"Əzizim ana!
Bu gün səni yuxuda gördüm.
Gördüm ki, sən qayıtmısan. Bəs nə vaxt gəlib
çıxacaqsan? Biz sənin azad olunmağın
üçün neçə dəfə ərizə
yazmışıq. Amma dəqiq cavab yoxdur. Sənin
üçün bəzi şeylər də
almışıq. Kələğayı, paltarlıq
parça. Yenə də alacağıq".
Müharibə
gedirdi.
O viranedici davadan sağ qurtarıb
qayıtmağa ümid də, inam da var idi və
qohum-qonşudan hansısa igidliyinə görə
qısamüddətli ezamiyyətlə
mükafatlandırılaraq evinə baş çəkənlər,
yaralandığına görəmi, ya ayrı səbəbdən
tərxis edilib gələnlər də olurdu.
Amma "xalq
düşməni" kimi həbs, ya sürgün edilənlərdən
kiminsə qayıtması ağlasığan deyildi.
Bu mənhus
illər onları səksəkəli etmişdi. Hər
axşam, hər gecə, hər səhər üzü qəfildən
döyülən qapı ürəklərini qoparırdı.
1943-cü il
iyunun 14-də səhər 6-7 radələrində Seyid
Hüseynin ailəsinin yaşadığı evin küçə
qapısı döyülür. Diksinərək hövlnak səhərin
şirin yuxusundan oyanırlar. Rübabə xanım
yarıyuxulu halda tələm-tələsik əynini geyib həyətə
düşənəcən vahimə içərisində
Qumralı səsləyir ki, bala, soruş gör kimdir. Qapını
döyən evdəkilərin səslərini eşidincə
özü dillənir.
- Açın qapını, mənəm!..
Dünyadakı
bütün səslər içərisində onlara ən
doğma olan səs idi bu yorğun səs. Heç bir başqa
səslə qatışdırıla bilinməyəcək məhrəm
səs. Əzizdən-əziz səs. ...Toğrul həyəcanla
qışqırdı. Cığatay həyətə
sıçradı. Evdəkilər hamısı qapıya tərəf
yüyürüşdü. Qumral sarılmışdı
qocalmış, saçları ağarmış,
arıqlamış anasına.
Umgülsüm Qumralının
yanaqlarından öpürdü, sevincdən
yaşarmış gözlərindən öpürdü,
saçlarından öpürdü.
Doymurdu.
Balalarının
tamarzısı Umgülsüm qollarını
geniş-geniş açaraq uşaqlarını köksünə
sıxmışdı.
Bir
cüt qol ona azlıq edirdi.
Qucaqlayırdı,
öpürdü, tumarlayırdı.
Doymurdu...
Heç vaxt
belə şirin, belə məsud ağlamamışdılar.
Bədbəxtlərin bədbəxti
ola-ola bu anda onlar dünyanın ən xoşbəxtiydilər...
20 fevral, 2009
(ardı var)
Rafael HÜSEYNOV
525-ci qəzet.- 2009.- 21 fevral.- S.15-18