Təhsil qanunu: Uzun illərin həsrəti

 

II MƏQALƏ. İSTƏKLƏRİMİZƏ ÇATACAYIQMI?..

 

"Təhsil haqqında" qanunun layihəsinə dair şərhlərimi yekunlaşdırıram. Deyəsi sözüm çoxdur, lakin düşünürəm ki, ümumiləşdirilmiş şəkildə olsa da, layihənin bir sıra səciyyəvi xüsusiyyətləri barədə hörmətli oxucularımızda müəyyən təsəvvür yarada bildim. Doktoranturaya dair maddə istisna olmaqla qanunun hər bir maddəsinə dair detallaşdırılmış mülahizələrimi isə Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri, professor Şəmsəddin Hacıyevə çatdırmışam. İndi isə işçi qrupu ilə fikirlərimiz üst-üstə düşməyən

 

STRATEJİ ƏHƏMİYYƏTLİ BİR MADDƏ BARƏDƏ.

 

Layihənin 17.1.5. maddəsində ali təhsilin bakalavriat, magistratura və doktorantura pillələrindən ibarət olduğu göstərilmişdir. (Vaxta qənaət məqsədilə burada və layihənin müvafiq maddələrində "Təhsilin mərhələləri/səviyyələri" anlayışının əks etdirilməsi, habelə yerində istifadə olunmayan "Tsikl" anlayışının "Pillə" anlayışı ilə əvəzlənməsinin məqsədəuyğunluğuna dair əlavə şərh verməyəcəyəm. Qanun qəbul olunmadığından ali təhsili - təhsilin mərhələsi/səviyyəsi kimi, bakalavriat, magistratura və doktoranturanı isə təhsil pillələri kimi şərti qəbul edək).

Əvvəlcə qeyd edim ki, konseptual baxımdan ölkəmizin 3 pilləli ali təhsil sisteminə keçməsi barədə müddəa Qanun layihəsinin ən böyük uğurlarından biridir. Qəti əminəm ki, SSRİ dağıldığı dövrdən təhsil mütəxəssisləri arasında ciddi mübahisələrlə müşahidə olunan, hansısa super fövqəlbəşər unikallığı hələ də təkidlə müdafiə edilən aspirantura modelinin doktorantura ilə əvəz olunmasının qanun vasitəsilə təsdiqlənməsi, nəhayət ki, 16 il davam edən söz-söhbətlərə son qoyacaq.

 Fəxrlə deməliyəm ki,

 

İLK DƏFƏ ÜÇPİLLƏLİ TƏHSİL SİSTEMİ BARƏDƏ İDEYA

 

hələ Boloniya prosesindən xeyli əvvəl hazırda Milli Məclisin deputatı, professor Yaqub Mahmudovun rəhbərlik etdiyi işçi qrupu tərəfindən irəli sürülmüşdür. Təkliflərimiz əsasında 1992-ci ildə qəbul olunmuş ilk Təhsil qanunumuzun 20-ci maddəsində bəyan edilmişdir ki, "Kadr potensialı və maddi-texniki bazası imkan verən bəzi universitetlər və akademiyalar üçpilləli təhsil sisteminə keçirlər. Bu cür ali məktəblərdə "magistr" dərəcəsi verilərkən xüsusi elmi hazırlıq, bacarıq və konkret elmi nəticə nümayiş etdirmiş məzunlar... üçüncü pillədə ? doktoranturada... araşdırmalarını davam etdirirlər". Burada və 22-ci maddədə aspirantura modelindən imtina, doktorantura modelinə keçid birmənalı şəkildə qanunvericilik statusunu əldə etmişdir. Lakin...

 Görün, güclü müqavimət bu mütərəqqi ideyanın tətbiqini neçə il ləngidə bilmişdi! İnanmaq istərdim ki, yeni qanun layihəsində doktoranturanın ali təhsilin pilləsi kimi qəbul olunması bu dəfə problemsiz ötüşəcək.

Doğrusu, Azərbaycan Respublikasının 1992-ci ildən qüvvəyə minmiş, habelə Boloniya prosesi çərçivəsində Avropa ölkələrinin təhsil nazirləri tərəfindən 2003-cü ildə qəbul edilmiş Berlin kommünikesində doktoranturanın ali təhsil məkanında yer tutmasını hələ də çoxları birmənalı qarşılamır. Həmişə ali təhsildən sonrakı, diplomdansonrakı təhsil kimi qəbul edilən aspiranturaya yanaşmanın dəyişilməsi, onu əvəzləyən doktoranturanın da ali təhsilin bir pilləsi kimi dərk olunması indi günün tələbidir.

Hamımız anlamalıyıq ki, doktoranturanın vəzifəsi ali təhsilin ən yüksək pilləsində doktorantlara mükəmməl təhsil vermək, onlarda müstəqil elmi fəaliyyət üçün zəruri kompetensiyalar formalaşdırmaqdan ibarətdir. Bunun nəticəsində doktorluq dissertasiyasının müvəffəqiyyətlə müdafiəsi və fəlsəfə doktoru elmi dərəcəsinin alınması ilk növbədə doktorantların öz təhsillərini uğurla başa vurmasına dəlalət edir. Mücərrəd səslənən, ümumiləşdirilmiş bir məna və dəqiq məzmun daşımayan "Fəlsəfə doktoru" anlayışını tam qavraya bilməsəm də, bu, beynəlxalq miqyasda qəbul olunmuş termindir. Məlumat üçün bildirim ki, orta əsrlərin universitetlərində və latın dilində - Philosophie Doctor (PhD) kimi formalaşmış bu anlayış elmin bütün sahələrinə aid edilir, yalnız hüquq, tibb və ilahiyyat doktorlarında bu elmi dərəcə fərdiləşdirilir.

 Bakalavriat ali təhsilin birinci pilləsi olmaqla geniş profilli mütəxəssis hazırlığını həyata keçirir. Magistratura ali təhsilin ikinci pilləsi və elmi təhsilin birinci pilləsi olmaqla dar ixtisas çərçivəsində mütəxəssis hazırlığını və elmi-tədqiqat fəaliyyətinə hazırlığı təmin edir. Doktorantura isə ali təhsilin üçüncü pilləsi və elmi təhsilin ikinci pilləsi olmaqla elmi kadrların mükəmməl hazırlığına təminat verir. Fikrimcə, bu yanaşmanı əsas götürsək, o zaman ali təhsilin doktoranturasında təhsil almış və müvafiq dissertasiyanı uğurla müdafiə etmiş alimlərin hamısını məhz "Fəlsəfə doktoru" adlandırmağımızın fəlsəfi mənası aydın olar.

 Buraya qədər səsləndirdiyim müsbət sözlərdən sonra, əfsuslar olsun ki,

 

NÖVBƏ YENƏ DƏ TƏNQİDİ MÜLAHİZƏLƏRİNDİR.

 

Çünki doktoranturanın ali təhsil pilləsi olduğu barədə çox mütərəqqi ideyanı gündəmə gətirən Təhsil qanunu layihəsinin tərtibatçıları 23.3. maddəsinə "Azərbaycan Respublikasında doktorantura iki pilləlidir" ifadəsini daxil etmiş, ölkəmizdə iki elmi dərəcənin - fəlsəfə doktoru və elmlər doktoru dərəcələrinin verilməsinə yol açmışlar.

 Qanun tərtibatçıları nə qədər dəlil-sübut gətirsələr də, bu addımın müvəqqəti xarakter daşıdığını, onun keçid mərhələsi üçün - magistratura pilləsinin tam möhkəmlənməsinədək (?!) nəzərdə tutulduğunu bildirsələr də, əslində, iki pilləli doktorantura barədə müddəa bizi yenə də geriyə çəkir. Suallarım çoxdur, ritorik xarakter daşısalar da, onlardan bir neçəsinə diqqət yetirək:

1. Əgər ölkəmizdə doktoranturanı beynəlxalq aləmdə qəbul olunmuş qaydada və sistemdə təşkil etmək niyyətindəyiksə, bu ikinci pillə Azərbaycandan başqa daha harada əhəmiyyətli görünəcək və bəyəniləcək?

 2. Fəlsəfə doktoru diplomunu almış, bununla da elmi fəaliyyətə hazır olduğunu tam sübut etmiş Azərbaycan alimi bundan sonra azı 10-20 il ikinci dissertasiya üzərində çalışaraq, onu müdafiə edib elmlər doktoru elmi dərəcəsini almaqla daha nəyə nail olur?

3. Dünyanın elm ocaqlarında, xüsusilə də Boloniya prosesinin iştirakçıları olan ölkələrdə həm PhD, həm də elmlər doktoru diplomlarını təqdim edən alimin hansı sənədi xarici mütəxəssislərin diqqətini cəlb edəcək?

 4. Azərbaycanın elmi inkişafı üçün hansı yol daha sərfəlidir: PhD diplomunu aldıqdan sonra alimin birbaşa fəal elmi fəaliyyətə qovuşması, fundamental, yaxud da tətbiqi tədqiqatlarla məşğul olması, yeni texnologiyalar, innovasiyalar üzərində çalışması, özünə və ölkəsinə mənfəət gətirməsi, nüfuz qazandırması, yoxsa uğuru əvvəlcədən proqnozlaşdırılan mövzu üzrə uzun illər tədqiqat işinə gərgin əmək sərf etmək, dissertasiya müdafiə etməklə nəticədə... Nəyə nail olması? Yenindən, lakin yalnız 10-20 ildən sonra, aktual və mənfəət gətirən elmi araşdırmalara qatılması?

Bütün dünyada olduğu kimi, alimlik kompetensiyalarına malik olduğunu sübut etmiş fəlsəfə doktorlarının sonrakı həyat mərhələlərində elmi, karyera inkişafı onların birbaşa elmi və elmi-pedaqoji nailiyyətlərindən, dərc olunmuş məqalələrindən asılıdır. Bu haqda və ümumiyyətlə, Qərbdə doktorantura təhsilinin təşkili, mahiyyəti və xüsusiyyətləri barədə ötən ilin axırlarında ABŞ-ın Memfis Universitetinin doktorantı Fariz Hüseynovla və Almaniyanın Köln Universitetinin doktorantı İbrahim Əhmədovla çox maraqlı söhbətlərim olmuşdur. Bu iki istedadlı Azərbaycan gənci də Təhsil qanununda aspiranturanın doktorantura ilə əvəzlənməsini müsbət hal kimi dəyərləndirmiş, lakin onun iki pillədə təşkilini qəbul etmədiklərini bildirmiş, şəxsi təcrübələrinə əsaslanaraq, doktorantura təhsilinə dair maraqlı təkliflər vermişlər. Farizin və İbrahimin yalnız bir sualı olmuşdur: "Fəlsəfə doktoru dərəcəsini təsdiq edən diplomla Vətənə döndükdən sonra "Professor" elmi adı almaq üçün onlar həqiqətənmi Azərbaycanda yeni bir dissertasiya yazmalı olacaqlar?" Sual cavabsız qaldı...

 Hörmətli oxucuların diqqətini ciddi bir məqama yönəltmək istərdim. Boloniya prosesi çərçivəsində Avropa ölkələrinin təhsil nazirləri 2005-ci ildə Bergendə keçirilmiş yığıncaqda ümumavropa təhsil məkanında üçpilləli ali təhsil sxeminin, modelinin qəbul edilməsini, bu zaman

 

MİLLİ ƏNƏNƏLƏR NƏZƏRƏ ALINMAQLA ALİ TƏHSİLDƏ ARALIQ PİLLƏLƏRİNİN MÜMKÜNLÜYÜ

 

 ilə barışacaqlarını bəyan etmişlər. Diqqət yetirin, söhbət bakalavriat, magistratura, doktorantura təhsil pillələri arasında hansısa mümkün olan aralıq pillədən gedir, doktoranturadan sonrakı daha yüksək pillədən yox! Gəlin açıq danışaq, Təhsil qanununun layihəsində ikinci elmi dərəcənin müvəqqəti də olsa, saxlanılması birmənalı şəkildə hazırki aspirantura-doktorantura modelinin saxlanılması deməkdir. Bunun acı nəticəsi isə Azərbaycan elmində islahatların bir qədər də uzaqlaşdırılması olacaqdır. Əgər daha açıq desək, məsələnin əsl mahiyyəti ölkəmizdə fəaliyyət göstərən

 

1800 ELMLƏR DOKTORUNUN ALİMLİK STATUSU

 

ilə bağlıdır. Onların ehtimalına görə, doktorantura yeni keyfiyyətdə bərqərar olduqdan sonra hazırki elmlər doktorlarının elmi dərəcələri ünifikasiyaya məruz qalacaq və PhD statusuna endiriləcəkdir.

 Əlbəttə, haqlı narazılığa səbəb olan bu ziddiyyət aradan qaldırılmalıdır. Təklifim xarici ölkələrin tanınmış universitetlərində görkəmli alim-professorlarla ömürlük (tenure) əmək müqaviləsinin imzalanması təcrübəsinə əsaslanır. Belə müqavilələrlə mükafatlandırılma alimlərin elmi fəaliyyətinin inkişafı üçün çox böyük stimula çevrilir. Bu alimlər, habelə xeyli sayda nüfuzlu ekspert şuralarına cəlb olunmaqla elmin prioritet sahələrinin müəyyənləşdirilməsi və maliyyələşdirilməsində, elmi nailiyyətlərin qiymətləndirilməsində, təhsil müəssisələrinin elmi fəaliyyətinə, elmi-pedaqoji kadrlara, elmi məqalələrə rəy verilməsində həlledici səsə malikdirlər.

 Düşünürəm ki, biz də hörmətli elmlər doktorlarımızın elmi dərəcəsinin, professor elmi adının ömürlük saxlanılmasını Təhsil qanununda bir qeyd kimi göstərməklə problemi həll etmiş olarıq. Aydın məsələdir ki, onların hazırki bütün maddi və mənəvi imtiyazlarını saxlamaq şərtilə. Elmlər namizədləri isə fəlsəfə doktoru statusunda qəbul oluna və onlara yeni formatda diplom verilə bilər. Həmçinin, Qanun qüvvəyə mindiyi andan elmlər doktoru iddiasında olanlar üçün dissertasiya mövzularının təsdiqi dayandırılmalı, hazırda belə dissertasiyalar üzrə çalışanlara 5-7, bəlkə də 10 il ərzində elmi tədqiqatlarını başa vurmaq, dissertasiyalarını müdafiə etmək, elmlər doktoru dərəcəsini aldıqdan sonra isə həmin kateqoriyadan olan alimlərə şamil edilən bütün imtiyazlardan ömürlük istifadə etmək hüququnun verilməsi də bəyan edilməlidir.

 Əminəm ki, yuxarıdakı təkliflərim həm iqtisadi, həm də elmin inkişafı baxımından sərfəli olardı. Azərbaycanda doktorantura ali təhsilin bir pilləsi kimi qəbul edildikdə hansısa keçid mərhələsinin təsis olunmasına heç bir lüzum yoxdur.

Beləliklə, son iki məqalədə ən vacib saydığım məsələlərə dair mövqeyimi bildirməklə "Təhsil haqqında" Qanun layihəsinin ayrı-ayrı maddələrinin təhlilini yekunlaşdırıram. Bir daha əminliyimi bildirmək istərdim ki, ötən ilin aprelindən fərqli olaraq bu dəfə təqdim etdiyim təkliflərə daha diqqətlə yanaşılacaq. Keçən il dediyimi indi də təkrar edirəm: əgər hər hansı təklifim, iradım qəbul olunmazsa, ona dair ətraflı izahat verməyə hazıram. Çünki hər bir mülahizəmi əsaslandırmaq üçün kifayət qədər dəlillərim, istinadlarım vardır. Bununla belə, aydın məsələdir ki, işçi qrupunun da bir sıra təkliflərimə dair tutarlı əsasları ola bilər. Hər halda dialoq şəklində olan müzakirələr şəxsi mülahizələrə əsaslanan qərara nisbətən daha obyektiv nəticə verə bilər. İndi isə ümumiləşdirilmiş şəkildə Təhsil qanununa dair bir sıra çox vacib saydığım məqamlar barədə. 1. Belə düşünürəm ki,

 

ÇƏRÇİVƏ XARAKTERİ DAŞIYAN QANUN MƏTNİNİN QISALDILMASI

 

  burada ilk növbədə mahiyyətcə bütövlükdə təhsil sisteminə aid olan ümumi məsələlərin verilməsi daha düzgün olardı. Əks halda, məsələn, ali, habelə ümumi orta təhsil üzrə sahə qanunları hazırlanarkən, çox güman ki, çərçivə qanununun 70-80 faizi onların hər birinə daxil ediləcək, yaxud da adi təlimat mahiyyəti daşıyan məsələlər qanun statusuna qaldırılacaqdır.

2. Layihədə 32 dəfə "müvafiq icra hakimiyyəti orqanı ilə razılaşma əsasında", "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq" və bu kimi digər ifadələrdən istifadə olunmuşdur. Ümumilikdə isə 47 maddədən ibarət qanun layihəsində 44 dəfə "müvafiq icra hakimiyyəti" anlayışı təkrar olunmuşdur. Mən hələ "qanunvericilikdə müəyyən olunmuş qaydada" kimi ifadələri hesablamamışam.

Fikrimcə, layihədə həmin ifadələrin bir çoxu bu və ya digər formada açıqlanmalı, yaxud da onların müvafiq sahə qanunlarında əks olunacağı bildirilməlidir. Yeri gəlmişkən, bir neçə kəlmə də bütün qanunlarımızda istifadə edilən

 

"MÜVAFİQ İCRA HAKİMİYYƏTİ ORQANI" ANLAYIŞI BARƏDƏ

 

demək istərdim. Həmin məsələni vaxtilə qaldırdıqda bizə izah edilmişdi ki, hər hansı bir qanun maddəsində "Müvafiq icra hakimiyyəti orqanı" ifadəsinin hansı quruma aid olduğunun müəyyənləşdirilməsi hüququ ölkə Prezidentinə məxsusdur. Buna kim etiraz edir ki? Lakin aydın məsələdir, hər bir qanun müddəasının hansı quruma aid olması barədə hörmətli Prezidentə müvafiq şəkildə təkliflər hazırlanır, ilk növbədə bunu qanun layihəsini hazırlayan işçi qrupu edir, son mərhələdə isə təkliflər Milli Məclisin rəhbərliyi tərəfindən Prezident Aparatına təqdim olunur. Əlbəttə, təkliflərin bir hissəsində dəyişiklik edilir, lakin bu, istənilən normativ hüquqi sənədə də aid ola bilər.

Demirəm qanunvericiliyimizdə ciddi dəyişikliklər aparaq. Lakin olmazmı ki, Prezident müvafiq icra hakimiyyəti orqanlarının aidiyyətliyini təsdiq etdikdən sonra qanunun yekun variantına məhz həmin məsul qurumların adları yazılsın? Buna dair kontrarqument odur ki, zəruri hallarda ölkə Prezidenti istənilən an ölkənin idarəetmə strukturunda dəyişikliklər edə bilər. Milli Məclis isə buna uyğun olaraq qanunlarda dəyişikliklər barədə əlavə qanunlar qəbul etməli olacaqdır. Əminəm ki, qüvvədə olan Təhsil qanununda 17 dəfə düzəlişlər etmiş Milli Məclis bunların sayının bir qədər artmasını fövqəladə hal kimi qəbul etməyəcək. Mütəxəssislərə aydındır ki, "Təhsil haqqında" qanunda "Müvafiq icra hakimiyyəti orqanı" dedikdə bu, əksər hallarda Təhsil Nazirliyinə, sonra Nazirlər Kabinetinə, bəzi hallarda isə yerli icra hakimiyyətlərinə aid ola bilər. Bir-iki dəfə TQDK-ya, habelə Səhiyyə, Gənclər və İdman, Mədəniyyət və Turizm, Maliyyə nazirliklərinə də aid olan müddəalar, təbii ki, tapılacaqdır. Sualım budur: qanun yaradıcılığı baxımından hansı prosedur daha səmərəli ola bilərdi: ölkə Prezidentinin azı 44 bənddən ibarət xüsusi sərəncamı ilə hər bir "Müvafiq icra hakimiyyəti orqanı" ifadəsinin kimə şamil edilməsininin açıqlanması, həmin sərəncamın qanuna əlavə edilməsi, qanunla tanış olan şəxsin azı 44 dəfə səhifələri vərəqləyərək konkret müddəa üzrə məsuliyyətin kimin üzərinə düşdüyünü aydınlaşdırması, yoxsa Prezidentin sərəncamından sonra müvafiq idarəetmə qurumlarının adlarının qanunun yekun variantına daxil olunması?

Buna dair son mülahizəm: "Müvafiq icra hakimiyyəti orqanı" anlayışının qanunlarda istifadə olunması cəmiyyətdə çaşqınlıq, qıcıqlanma yaratmaqdan başqa bir mahiyyət daşımır.

3. Layihənin 3.0.2 maddəsində təhsil sisteminin dövlət-ictimai xarakterdə idarəedilməsindən bəhs edilir. Bu o deməkdir ki, dövlət tərəfindən ictimaiyyət təhsil müəssisəsinin birgə idarə olunmasına dəvət olunur və bu sahədə səlahiyyətlərin bir hissəsi birgə formalaşdırılan quruma verilir. Belə qurumlar (məsələn, məktəb şuraları, qəyyumlar şuraları və s.) bir çox ölkələrdə vardır. Onların səlahiyyətlərinə müəssisə rəhbərinin seçilməsi, müəllimlərin fəaliyyətinə dair rəy bildirilməsi, müəssisədə bir sıra sahələrə, o cümlədən büdcə xərclərinə nəzarət və s. daxildir. Bir məsələni də vurğulayım ki, təhsil müəssisəsinin rəhbəri məktəb, yaxud qəyyumlar şuralarına sədr seçilə bilməzlər. Bu, çox mütərəqqi idarəetmə modelidir. Lakin qanun layihəsinin 3.0.2 maddəsindən sonra 30.2. maddəsindəki

 

"DÖVLƏT TƏHSİL MÜƏSSİSƏSİNİN ALİ İDARƏETMƏ ORQANI ELMİ VƏ PEDAQOJİ ŞURALARDIR" (?!)

 

  30.5. maddəsində isə "Təhsil müəssisəsinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədilə təhsil müəssisəsində idarə və özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, elmi, elmi-metodiki, pedaqoji, məktəb, valideynlər, təhsilalanlar, qəyyumlar və digər şuralar) yaradıla bilər" müddəaları dövlət-ictimai idarəetmə modelinə tamamilə zidd çıxır. İdarə və ali idarəetmə orqanlarına - elmi və pedaqoji şuralara dair 30.5.-dəki "yaradıla bilər" ifadəsi qalsın bir yana, yuxarıdakı maddələr (bəndlər) SSRİ dövrünün avtoritar idarəetmə mahiyyətli əsasnamələrdəki ifadələrdən heç nə ilə fərqlənmir. Rektorun, məktəb direktorunun, bağça müdirinin təhsil müəssisəsinin ali idarəetmə orqanı olacaq elmi və pedaqoji şuraların sədrləri seçilməsinə təkan verən Təhsil qanunu dövlət-ictimai xarakterdə idarəetmənin fəlsəfəsini heçə endirir, təhsil sistemində ciddi dəyişikliklər gətirə biləcək mütərəqqi addımların qarşısında sədd qoyur. Layihənin digər maddələrindəki ifadələrə istinadlar isə, çətin ki, ictimaiyyətin müəssisədaxili idarəetməyə fəal cəlb olunması imkanlarını sübut edən dəlil kimi qəbul oluna bilsin. Onu da deyim ki, hazırda bir sıra ölkələrdə təhsil müəssisələri artıq ictimai-dövlət xarakterdə idarə olunur. 5. Ümumiləşdirilmiş şəkildə olsa da,

 

BOLONİYA PROSESİNİN BİR ÇOX ASPEKTLƏRİ

 

layihədə əks olunmaqla, Azərbaycanın mütərəqqi ali təhsil strategiyasına malik olduğuna, müvafiq sahə qanununda həmin aspektlərin nəzərə alınacağına bir işarə olardı. Belə ki, elmi tədqiqat fəaliyyətinin ali təhsil prosesinin tərkib hissəsi kimi qəbul edilməsi, "Təhsilin keyfiyyət səviyyəsi" barədə 9-cu maddəni yenidən işləməklə, keyfiyyətin xarici auditi, onun təmin olunmasına dair vahid standartların, prosedurların, prinsiplərin təyin edilməsi, habelə akkreditasiya prosedurunda xarici dəyərləndirmədən istifadə, hətta ona üstünlüyün verilməsi, tələbələrin birmənalı şəkildə ali təhsil birliyinin səriştəli, fəal və konstruktiv partnyorları kimi qəbul olunması (ifadələrin hamısı müvafiq kommünikelərdən götürülmüşdür) və s. məsələlərin layihədə müəyyən şəkildə əks olunması ölkəmizin Boloniya prosesinə qovuşmasını sübut edərdi. Bildirmək istərdim ki, bir sıra ölkələr Boloniya prosesi çərçivəsində formalaşmış ideyaları artıq özlərinin milli qanunlarında əks etdirmişlər. 6. Təəssüf hissi ilə qeyd edim ki, Qanun layihəsində

 

TƏHSİLVERƏNLƏRİN SOSİAL MÜDAFİƏSİ

 

ilə bağlı müddəalar, demək olar ki, ölkədə qüvvədə olan qanunvericilikdən irəli gələnlərdir və təhsil işçilərinin nüfuzunun məxsusi qaydada artırılması üçün əsaslı stimul yaratmır. Kiçicik bir məlumat. Əhalisi cəmi 5 milyon nəfər olan Finlandiya özünün misilsiz uğurlarını, o cümlədən bütün dünyada təhsil sahəsində ən qabaqcıl yerlərdən birini tutmasını ötən əsrin 50-ci illərinin ortalarında qəbul olunmuş siyasi qərarlarla bağlayır. O dövrdə dövlət rəsmi bəyan etmişdi ki, təhsilə ayrılan büdcə xərcləri ölkənin hərbi xərclərini daim iki dəfə üstələyəcəkdir. II Dünya müharibəsindən sonra xeyli sosial-iqtisadi problemlərin olmasına baxmayaraq, büdcə vəsaitlərinin, ilk növbədə, təhsilə sərf olunması Finlandiyada müzakirəsi mümkün olmayan qaydaya çevrilmişdir. Aydın məsələdir ki, burada müəllimlərin, pedaqoji işçilərin nüfuzunun artırılması da nəzərdə tutulmuşdu. Əks halda... 7. Prezidentimizin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı" həyata keçirilsə də və orada

 

"İNKLYUZİV TƏHSİL"

 

 anlayışı dəfələrlə səslənsə də, qanun layihəsində konseptual mahiyyət daşıyan həmin anlayışdan bir dəfə də olsun istifadə olunmamışdır.

 

 8. Qanun layihəsinin "Təhsilin iqtisadiyyatı" fəslində

 

 ALİ MƏKTƏBLƏRİMİZDƏ ENDAUMENTLƏRİN YARADILMASI

 

barədə müddəanın salınması da qanunvericilik baxımından ali məktəblərimiz üçün çox faydalı olardı. Endaument - məqsədli kapital fondu deməkdir. Fond konkret universitetin fəaliyyətinə yardım üçün təşkil edilir və təhsil müəssisəsi tərəfindən qeyri-kommersiya məqsədilə istifadə olunur. Bu barədə geniş məlumat çox yer tutacağından elə onu qeyd edim ki, hazırda ABŞ-ın Harvard Universitetində endaument 34 milyard, Yel Universitetində - 22 milyard, Stənfordda -17 milyard, Prinstonda - 15 milyard dollar təşkil edir. Endaumentlərdən əldə olunan gəlir ABŞ universitetlərinin 40 faizədək xərclərini maliyyələşdirməyə imkan verir. Belə ki, Harvard Universitetinin ötən maliyyə ilində endaumentdən əldə etdiyi gəlir 1,06 milyard ABŞ dolları həcmində olmuşdur.

 8. Bu gün bütün inkişaf etmiş ölkələrdə

 

 KOMPETENSİYALARA ƏSASLANAN TƏHSİL

 

 barədə xeyli söhbətlər gedir, onun istər peşə-ixtisas təhsili, istərsə də ümumi orta təhsil sistemlərində səmərəli təşkilinə dair əməli tədbirlər həyata keçirilir. Həmin məqsədlə kurrikulum islahatları aparılır, tədris, təlim proseslərinin mahiyyəti dəyişdirilir, əmək bazarının tələbatları dərindən öyrənilir. Məsələn, ali təhsilli mütəxəssislərə aşılanmış bilik, vərdiş və bacarıqlar, onlara verilmiş ixtisas dərəcəsi artıq işəgötürənləri qane etmir. Onlar üçün daha vacibi odur ki, təhsil ocaqlarında hazırlıq keçənlərə qeyri-müəyyən şəraitdə davranma qabiliyyəti aşılansın, həmin sahədə onların təcrübəsi formalaşsın və s. Bu, başqa bir məqalənin mövzusudur. Məqsədim isə "Kompetensiya" anlayışının layihəyə daxil edilməsinin vacibliyinin əsaslandırılmasıdır.

 

YEKUN

 

Qanun layihəsinin yeni variantını bir daha nəzərdən keçirərərək təklif, irad və düzəlişlərimin sayını hesabladım. 220-ni ötmüş oldu... Əvvəldə dediyim kimi, "Təhsil haqqında" qanun layihəsinə dair məqalələrə yekun vururam...

 

 

Asif CAHANGİROV

 

525-ci qəzet.- 2009.- 21 fevral.- S.8-9.