Vətən torpağına azadlıq toxumu əkən Şair

 

Azərbaycan xalqı son 100 ilin böyük sənətkarlarından birini, adı M.Ə.Sabir, M.Hadi, H.Cavid, S.Vurğun və R.Rzanın şərəfli adları ilə bir sırada vüqarla səslənən təkrarsız xalq şairimiz Bəxtiyar Vahabzadəni itirdi. O, bütün türk dünyasında tanınan və sevilən çox məşhur Azərbaycan şairi idi. Əsərlərinin irihəcmli 8 cildlik nəşri təzəcə tamamlanıb ədəbiyyatımızı sevənlərə təqdim edilmişdi. Bəxtiyar müəllimin hətta bu sanballı cildlərdə də tam əhatə edilməyən yaradıcılığı hələ bundan sonra, dönə-dönə küll halında əsaslı şəkildə araşdırılıb ümumiləşdiriləcək, özünün əsil obyektiv elmi qiymətini alacaq. Lakin bunsuz da B.Vahabzadə öz ölməz irsi ilə Azərbaycan ədəbi-ictimai fikir tarixinə, xalqımızın mənəviyyatına əbədilik daxil olub. İlk onilliyini yaşadığımız XXI əsrdə ədəbiyyatımızın bütöv tarixini, yaxud onun ayrı-ayrı janrlarının inkişaf yollarını araşdırmaq istəyən heç bir alim, müəllim, magistr, tələbə, yaxud, sadəcə şeir sevən B.Vahabzadənin zəngin irsinə müraciət etmədən, Bəxtiyar kəlamının dərin mənalar dünyasına varmadan keçinə bilməyəcək.

   O, ölkəmizin böyük ədəbi-mədəni özəlliklərə malik olan qədim Şəki torpağının yetirməsi, bütün şüurlu həyatı boyu yaradıcılıq dincliyi nə olduğunu bilməyən cəfakeş bir şair idi. Bəxtiyarın nadir sənət inciləri olan şeir və poemaları, dram əsərləri, monoqarfiya, məqalə və esseləri az tapılan istedadı ilə yanaşı, həm də şairin Azərbaycanın yaxın-uzaq şəhər, rayon və kəndlərinə, keçmiş sovet respublikalarına, Avropa və Asiyanın bəzi ölkələrinə səfərlərinin, adamlarla saysız-hesabsız görüşlərinin nəticəsi idi. O, müntəzəm olaraq vətən torpağını gəzər, elin-obanın müdrikləri ilə görüşər, məktəblərə gedib Ana dili və ədəbiyyat dərslərinə girər, xalqın dərdinə-oduna dərindən bələd olardı. Problemlər haqqında qənaətlərini, arzu və istəklərini bədii əsərlərində əks etdirər, parlament də buraya daxil olmaqla ölkənin ən yüksək xitabət kürsülərindən cəmiyyətə çatdırardı.

   Bu görüşlər əslində qarşılıqlı bir prosesin generatoru rolunu oynayırdı. Bir tərəfdən şair adamları klassik irslə, ədəbi prosesin əsas məsələləri ilə tanış edir, öz təzə əsərlərini onlara oxuyur, dinləyicilərin estetik zövqünün inkişafına kömək edir, digər tərəfdən isə vətən evladları ilə canlı təmas, onların həyatı, işi, mənəvi qayğıları ilə yaxından tanışlıq sənətkarda yeni yaradıcılıq intibahları oyadırdı. Ona təzə mövzular pıçıldayır, bir-birindən kamil, həmişə gözlənən, sözün yaxşı mənasında izlənən, yəni axtarılan, oxunan yeni əsərlərinin meydana gəlməsinə səbəb olurdu.

   B.Vahabzadənin müşahidə və maraq dairəsi, düşüncələr axarı çox vüsətli idi. Əsərlərinin əsas mövzularını nəzərə alaraq, bəzən görkəmli qələm sahiblərinin birinə, əlbəttə, şərti olaraq, "şəhər şairi", digərinə isə "təbiət şairi" və başqa ad deyirlər. Bəxtiyarın da yaradıcılığında şəhər, kənd, təbiət özlərinin təkrarsız poetik təsvirini tapmışdı. Lakin onu bu təsnifatın heç bir qütbündə qərar tutan təsəvvür etmək mümkün deyildi. B.Vahabzadə, iki kəlmə ilə desək, qəlb şairi, ürək sərrafı idi. Şəhər də, kənd də, doğma təbiət də, tariximizin mürəkkəb, keşməkeşli mərhələləri də, cənublu-şimallı Azərbaycanın mənəviyyatımızın Ana dili və muğamlar kimi ən incə məqamları da, hələlik səsimiz-ünümüz yetməyən kəhkəşanlar da Bəxtiyar şeirindəki lirik qəhrəmanın qəlbinin dərinliklərində idi. Əsrlər boyu qüdrətli sənətkarlar tərəfindən tərənnüm edilən pak insani hisslər, bakir məhəbbət duyğuları, dərin fəlsəfi qənaətlər onun sənət çeşməsindən su içərək bir növ bəxtiyarlaşır və yeni şeirlərə çevrilirdi. İnsan qəlbini bu mənada bir xəritəyə bənzətsək, onun bir çox guşələrində Bəxtiyar istedadına məxsus ələmlərin, bayraqcıqların sancılmış olduğunu görərik.

   B.Vahabzadənin sənətdə yolu predmet və hadisələrin, fikir və duyğuların zahiri əlamətlərindən mahiyyətinə, kökünə doğru gedən yol idi. Əsərdən əsərə o, həyat hadisələri arasındakı əlaqə və münasibətləri daha da dərindən mənimsəyir, öz qənaətlərini hər dəfə təzə poetik biçimlərdə ifadə edirdi. Həm də bu özünüifadə sənətkarlıqla vətəndaşlığın mükəmməl vəhdətində özünü göstərirdi... Şair vətəni sevməyin vacibliyi haqqında heç bir ritorik söz yazmır, sadəcə olaraq bu vacib mövzuda öz oxucusu ilə həsb-hal edirdi; lakin mətləbi elə ustalıqla cilalayırdı ki, nəticədə adi həsb-hal dönüb bitgin, yaraşıqlı bir poeziya abidəsinə çevrilirdi:

 

  Vətəni sevirəm deyən çox olar,

   Deməyə nə var ki, dil yorulmasa?

   Vətən də bizimtək ölər, yox olar,

   Vətənin yolunda ölən olmasa!

   

B.Vahabzadə yüzlərlə axıcı, ahəngdar, həmişədə aktuallığını qoruyub saxlayan lirik şeirlərlə bir sırada müxtəlif insan talelərini əks etdirən, möhkəm süjetli, cazibədar ricətli, əlvan poemaların, səhnəmizə kəskin konfliktlər və yeni parlaq xarakterlər gətirmiş mənzum və mənsur dram əsərlərinin də müəllifidir. Bu böyük şairin yaddaşlardan silinməz "Gülüstan", "Şəhidlər", "Atılmışlar", "Muğam" və digər poemalarının bizdə epik poeziyanın inkişafında, "Hara gedir bu dünya?", "Rəqabət", "Özümüzü kəsən qılınc" və digər pyeslərinin isə dram və səhnə sənətimizin uğurlarında özünəməxsus sarsılmaz mövqeyi var.

 B.Vahabzadə həm də görkəmli ədəbiyyatşünas alim idi. O, klassik irsin və çağdaş ədəbi prosesin, ümumən filologiya elminin, sənətşünaslığın vaxtı çatmış problemlərilə müntəzəm məşğul olurdu. Xalq şairi S.Vurğun haqqında ən yaxşı elmi monoqrafiyanı B.Vahabzadə yazıb filologiya elmləri doktoru elmi dərəcəsini almışdı. Ölkəmizin böyük söz ustalarından biri olaraq, Azərbaycan şeir dilini öz zamanı üçün ən yüksək səviyyəyə qaldırmış S.Vurğunun yaradıcılığı ilk dəfə məhz bu monoqrafiyada poeziyanın incəliklərinə dərindən bələd olan yetkin bir şair-tədqiqatçı tərəfindən geniş araşdırılmış, Vurğun sənətinin qaynaqları, orijinal bədii keyfiyyətləri yüksək peşəkarlıq səviyyəsində təhlil olunmuşdu.

 B.Vahabzadə elmi-ədəbi mübahisələrdə, poeziyanın sətətkarlıq məsələlərinin müzakirələrində həmişə fəal iştirak etmiş, şeirimizi qrafoman nazimlərin həmləsindən qorumaq üçün əlindən gələni əsirgəməmişdi. O, ədəbiyyat, incəsənət, Ana dili və tariximizin vacib problemləri haqqında "Sənətkar və zaman" qəbilindən olan bir sıra qiymətli elmi-tənqidi kitabların müəllifi, professor idi. Böyük şair həm də bu keyfiyyətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasına əvvəlcə müxbir üzv, sonra isə akademik seçilmişdi.

 Azərbaycan ədəbi-ictimai fikrinin inkişafında sanballı xidmətlərinə görə B.Vahabzadə əməkdar incəsənət xadimi, xalq şairi fəxri adlarına layiq görülmüşdü. O, Azərbaycan SSR-nin və SSRİ-nin Dövlət mükafatları laureatı idi. Uzun illər boyu Azərbaycan Ali Sovetinin və Müstəqil Azərbaycanın Milli Məclisinin deputatı olmuşdu. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

 B.Vahabzadənin əsərləri ölkəmizdə azadlıq və istiqlaliyyətin bərqərar olmasında görkəmli rol oynayıb. Çox təbiidir ki, ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə şair müstəqil Azərbaycan Respublikasının ali fərqlənmə əlaməti olan "İstiqlal" ordeni ilə təltif edilmişdi. Bəxtiyar müəllim Azərbaycanın və xarici ölkələrin bir çox digər fəxri adlarına, ödül və mükafatlarına da layiq görülmüşdü. Lakin özünün həyat amalına çevirdiyi milli müstəqilliyin, dövlətçiliyimizin rəmzi olan "İstiqlal" ordeni ilə həmişə fəxr edir və fərəhlənirdi.

 Hamı bilir ki, Azərbaycan dili öz mövqelərindən sıxışdırılıb qapılar arxasında qaldığı bir vaxtda Ana dilimizi, onun köklü yaşarı keyfiyyətlərini qorumağa çağıran şeir və məqalələrlə həyəcan təbili çalıb təhlükə siqnalı vermək o zaman hər qələm sahibinin işi deyildi. Şairimizin zərif olduğu qədər də qüvvətli, dözümlü çiyinlərinə tarixin qoyduğu bu şərəfli missiyanı da B.Vahabzadə əsil övlad qeyrəti ilə yerinə yetirmişdi.

 Etiraf etmək lazımdır ki, B.Vahabzadə, M.Araz, X.R.Ulutürk kimi istiqlal şairlərinin yuxusuz gecələrdə kipriklərilə od götürərək misra-misra, qafiyə-qafiyə, rədif-rədif, təşbeh-təşbeh yaratdıqları əsərlərdə tərənnüm edilən yüksək vətənpərvərlik duyğuları xalqımızın azadlıq uğrunda tarixi mübarizəyə qalxmasında, Azərbaycanın dövlət müstəqilliyi qazanmasında mühüm amillərdən biri olmuşdur.

Bu deyilənlərdən də göründüyü kimi, B.Vahabzadə ədəbiyyatın, demək olar ki, bütün janrlarında çox qiymətli əsərlər yaradıb. Onları nəinki açıqlamaq, elə təkcə adlarını çəkmək bir vida sözü üçün məqbul olmayan dərəcədə imkan istərdi. Bununla belə, şairin yalnız bir poemasının böyük ədəbi-ictimai mənası haqqında bir-iki cümlə demədən keçinmək mümkün deyil.

 B.Vahabzadə ən mühüm əsərlərindən olan "Şəhidlər" poemasını sovet qılıncının dalı da, qabağı da kəsən bir vaxtda qələmə almışdı. Elə yazıldığı 90-cı ildəcə "Aypara" nəşriyyatında ayrıca kitab kimi çapa hazırlanan bu əsəri vaxtilə universitetdə müəllimim olmuş şairin öz xahişi ilə göz yaşları içində redaktə etdiyimi hələ də unutmamışam.

 İndi bəzən elə nadanlar tapılır ki, o dəhşətli 20 yanvar gecəsində sovet tanklarına sinə gərib azadlıq, istiqlal hayqıran şəhid balalarımızın iradəsini müzakirəyə qoyur, xalqımızın bu qəhrəmanlıq salnaməsinin üzərinə kölgə salmaq istəyirlər. B.Vahabzadə isə hələ on doqquz il əvvəl, öz poemasının finalında şəhidlərin xalq tarixindəki mövqeyini belə qiymətləndirmişdi:

 

   Qatil gülləsinə qurban gedirkən

   Gözünü sabaha dikdi şəhidlər.

   Üçrəngli bayrağı öz qanlarıyla

   Vətən torpağına çəkdi şəhidlər.

 

   Tarixi yaşadıb diləyimizdə

   Bir yumruğa döndük o gecə biz də.

   Yıxıb köləliyi, ürəyimizdə

   Cəsarət mülkünü tikdi şəhidlər.

 

   İnsan insan olur öz hünəriylə,

   Millət millət olur xeyri-şəriylə.

   Torpağın bağrına cəsədləriylə

   Azadlıq tumunu əkdi şəhidlər.

 

   Bu gün etiraf etmək çox ədalətli olar ki, B.Vahabzadə də ürəyinin qanı ilə yazıb hasilə yetirdiyi yüksək sənət nümunəsi olan əsərləri ilə, öz mübarək nəşi (cəsədi) ilə vətən torpağına azadlıq toxumu əkənlərimizdən biridir. O məlum dəhşətli günlərdə bir növ başsız qalmış parlamentin etiraz yığıncağını keçirməyə təşəbbüs göstərməsi, səngərdaşı, xalq yazıçısı İsmayıl Şıxlı ilə birlikdə buna nail olması, bu yolla da Azərbaycan xalqının haqq səsini dünya ictimaiyyətinə çatdırması ilə böyük xalq şairimiz elə o zaman bu mənəvi haqqı yetərincə qazanmışdı.

   B.Vahabzadə öz parlaq yaradıcılığı və ictimai fəaliyyəti ilə Azərbaycan estetik fikrinin zənginləşməsində mühüm rol oynamışdır. Bu böyük sənətkar xalqımızın əsrlər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə 60 ildən artıq bir müddət ərzində müntəzəm olaraq yazıb-yaradıb. O, azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və milli özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına çox dəyərli töhfələr verib.

   Allah Bəxtiyar müəllimə qəni-qəni rəhmət eləsin! Qoy bu dünyada hər şeydən çox sevdiyi doğma Azərbaycan torpağı onun üçün qu tükü kimi yumşaq olsun!
   

 

14 fevral 2009

 

Bəkir NƏBİYEV,

akademik

 

 

525-ci qəzet.-2009.- 24 fevral.- S.7.