Muğama dəfn olunan

 

"Dəfn edin siz məni "Zabul-Segah"ın mayəsinə,

Deyirəm, bəlkə məni bir gün oyandırdı muğam"

 

Bəxtiyar Vahabzadə

 

Moskvadaydım. "Cavid ömrü" filminin Moskvada yaşayan azərbaycanlılara təqdim edilmə mərasiminə dəvət olunmuşduq.

Soyuq, qarlı Moskva gecəsində Bakıdan acıdan acı xəbər gəldi: Bəxtiyar Vahabzadə vəfat edib. Son vaxtlar xəstəydi, evdən çıxmırdı. Tez-tez zəng edib əhvalını soruşurdum. İctimai televiziya şair haqqında geniş veriliş hazırlamışdı, mən də çıxış etdim. Verilişdən sonra Bəxtiyar müəllim özünə xas olan alicənablıqla çıxışıma görə telefonla təşəkkür etdi. "- Bu mənim borcumdur. - dedim - çox istərdim ki, Yazıçılar Birliyinə gələsiniz, təmirdən sonra binamızı görəsiniz və burda da bir tədbirinizi keçirək". "- Sağlıq olsun, - dedi, - halım bir az düzələn kimi mütləq gələrəm".

"525-ci qəzet"də dərc olunmuş bir məqalədən bildim ki, Bəxtiyar müəllim "Taksi və vaxt" şeirimi bəyənibmiş. Həmin şeiri minnətdarlıq hissiylə ona ithaf etdim. Nə biləydim ki, bu mənim böyük şairə sağlığında son xoş ismarışım, son salamım, son təşəkkürüm olacaq.

Moskvada o acı xəbəri aldığım gecə səhərə qədər uyuya bilmədim. Bəxtiyar müəllimlə bağlı səhnələr, görüşlər, söhbətlər, uzun illər boyu davam edən ünsiyyətimiz bir-bir gözlərim önündən keçib gedirdi.

İlk gənclik illərimdə atamgilin mənzilində görüşlərimiz, atama yeni şeirlərini, Səməd Vurğun haqqında yazdığı dissertasiyadan parçaları oxuması, daha sonrakı illərdə Yazıçılar İttifaqında saysız-hesabsız görüşlərimiz, Şəkidə şairin evində, Marxalda söhbətlərimiz, Türkiyəyə birgə səfərlərimiz, 1990-cı ilin Qara yanvarında fövqəladə vəziyyət şəraitində Ali Sovetin bütün gecə davam edən toplantısında ağrılı, həyəcanlı anlarımız, Bəxtiyar müəllimin elə ordanca Oljas Süleymenova telefon etməsi, Oljasın da bir qardaş fədakarlığıyla xəstə-xəstə Bakıya uçub gəlməsi... Dilimizin adıyla bağlı mübahisələrdə Bəxtiyar müəllimlə, Elçinlə eyni mövqedən çıxış etməyimiz və fikrimizi sonadək müdafiə etməyimiz... Acılı-şirinli xatirələr dalğa-dalğa bir-birinin üstünə gəlirdi o yuxusuz Moskva gecəsində.

Ali Sovetin, iştirak etmədiyim, amma sonralar televiziya ekranlarında gördüyüm iclasının həm utandırıcı, həm qürurverici səhnələri yaddaşımda canlanırdı: Heydər Əliyevə ədəbsiz hücumlara görə utanc hissi, Bəxtiyar Vahabzadənin təkbaşına onu müdafiə etməsindən duyduğum qürur... Ulu Öndər Azərbaycan yazıçılarının X Qurultayında çıxışında bu barədə ətraflı danışdı:

"Xatirinizdədir, Ali Sovetin sessiyasında o salonda oturanların 90 faizi mənimlə bir yerdə və mənim rəhbərliyim altında işləmiş adamlar idi... Orda mənə çox hörmətsizlik etdilər, pis münasibət göstərdilər. Ancaq o vaxt cəsarət edib çox kəskin çıxış edən Bəxtiyar Vahabzadə oldu... O salonda oturanların əksəriyyəti ilə mən gecə-gündüz bir yerdə işləmişdim. Onlar böyük vəzifələr almışdılar. Bəxtiyar Vahabzadə şairdir, şair olaraq da qalıbdır, indi də şairdir, onun şairlikdən başqa bir vəzifəsi yoxdur. Ancaq baxın, o həmin insanların münasibəti, bu da şairin münasibəti. Yəni mən yenə də ədəbiyyata bağlılığımı və ədəbiyyatla məşğul olan şəxslərin başqalarına nisbətən daha sədaqətli olduğunu qeyd etmək istəyirəm".

Neçə minillik ədəbiyyat tariximizin ən dəyərli sənətkarlarından olan Bəxtiyar Vahabzadə haqqında dəfələrlə yazmışam, yubileylərində, müxtəlif tədbirlərində çıxışlar etmişəm. O, mənimçün "Siz" və "Bəxtiyar müəllim" idi, mən onunçün "Sən" və sadəcə "Anar". Amma aramızda yaş fərqi və hörmət pərdəsi qarşılıqlı xoş münasibətlərimizə, fikir, əqidə birliyimizə, çox qəliz məsələlərdə eyni mövqedən çıxış etməyimizə, çətin anlarda bir-birimizə hayan olmağımıza mane olmurdu. Bir çox məqamlarda mətbuat səhifələrində bir-birimizi şərdən, böhtandan qoruyurduq. Sənətkar kimi, vətəndaş kimi, şəxsiyyət kimi Bəxtiyar Vahabzadənin bir dırnağına dəyməyən ədəbi mığmığalar ara-sıra onu da sancırdılar. Söhbətlərimizin birində Bəxtiyar müəllimin dediyi sözləri heç vaxt unutmaram: "Onları qınama, bu dünyada hərənin bacardığı və bacarmadığı bir iş olur. Biz yazmağı bacarırıq, böhtan, şər atmağı bacarmırıq, onlar da əksinə, şər, böhtan atmağı çox yaxşı bacarırlar, amma yazmağı bacarmırlar. Belə də davam edəcək. Biz əsər yaradacağıq, onlar da bizə şər, böhtan atacaqlar".

   Bu ovqat B.Vahabzadənin 1996-cı ildə yazdığı bir şeirində də ifadə olunub:

 

  Yoxdur əvəzimiz yalançılıqda,

   Bu ona şər atır, o buna böhtan.

   Yurdu dağıtmaqda, talançılıqda

   Azadıq qorxudan, Allah xofundan.

 

Amma tək-tük naxələflərin müqabilində Bəxtiyar Vahabzadə poeziyasının müxtəlif nəsillərdən, o cümlədən ən gənc, ən yeni nəsillərdən olan pərəstişkarları yüzminlər, milyonlarladır. Tək Azərbaycanda yox, Türkiyədə, İranda, dünyanın bir çox ölkələrində.

Bəxtiyar Vahabzadə səkkiz yaşlı nəvəm Sezenin də ən çox sevdiyi şairlərdəndir. Hələ yeddi yaşındaykən bu balaca qızcığaz "O mənim qardaşımdır" - deyirdi. "Qardaşım yox, əmimdir de". Yox, inadla elə "qardaşımdır" deyirdi. Yəqin ki, Sezen haqlıydı: Böyük sənətkarlar hər yeni nəslin yaşıdı, çağdaşıdır.

Bəxtiyar Vahabzadənin ən gözəl əsərlərindən olan "Muğam" poemasını ilk dəfə "Qobustan" toplusunda dərc etmişdik. Bu vida yazıma epiqraf qoyduğum misralar da həmin poemadandır. Bəxtiyar Vahabzadə Bakının müqəddəs guşəsində - Fəxri Xiyabanda dəfn olunub. Amma onun bir məzarı da, özünün poetik vəsiyyətinə görə, Muğamın içindədir.

Böyük şair Bakıda möhtəşəm muğam bayramları keçiriləcək günlərin ərəfəsində dünyasını dəyişdi, amma tək "Zabul-Segah"ın deyil, bütün başqa muğamlarımızın ifasında da o, yenidən oyanacaq, dünyamıza qayıdacaq. O, yeni yazılan hər yeni istedadlı şeirlə yenidən diriləcək, aramızda olacaq.

Dilimiz, millətimiz durduqca Bəxtiyar Vahabzadə də əbədi yaşayacaq.

 

 

22 fevral, 2009    

 

Anar

 

525-ci qəzet.-2009.- 24 fevral.- S.7.