"Dərdimizin
qan rəngi" ictimaiyyətə tanıdıldı
XOCALI FACİƏSİNƏ
İTHAF OLUNUB
Dünən Yazıçılar
Birliyində şair Ədalət Əsgəroğlunun
"Dərdimizin qan rəngi" poemasının
təqdimat mərasimi
keçirilib. Poema 4 dilə çevrilərək
eyniadlı kitabda yer alıb. "Dərdimizin qan rəngi"ni rus dilinə Siyavuş Məmmədzadə,
ingiliscəyə Sevil
Gültən çevirib.
Türkcəyə isə
Oqtay Hacımusalı uyğunlaşdırıb.
Mərasimi
giriş sözü ilə açan AYB-nin katibi, xalq şairi
Fikrət Qoca Xocalı soyqırımının dəhşətləri
haqqında söz açaraq bu mövzu ilə bağlı
çoxlu əsərlərin qələmə
alındığını bildirib. Poemanı bədii cəhətdən
yüksək qiymətləndirən F.Qoca həmçinin bu nəşrin
ərsəyə gəlməsində əməyi olanlara da təşəkkür
edib: "Bu layihəni reallaşdıran "525-ci qəzet"
və onun baş redaktoru Rəşad Məcidə xüsusi təşəkkür
etmək lazımdır. Çünki kütləfi informasiya
vasitələri içərisindən bu, yeganə qəzet
oldu ki, "Dünya ədəbiyyatı" dərgisinin layihəsini
dəstəklədi". Keçmişdə "Oqonyok"
jurnalının belə nəşrlər ərsəyə gətirdiyini
xatırladan şair bu nəşrlərin əhəmiyyətli
olduğunu dedi.
Yazıçı-dramaturq
Elçin Hüseynbəyli Xocalı faciəsi haqqında
danışmağın çətinliyini, amma bu çətinliyə
baxmayaraq belə genosidlərin şahidlərinin dediklərinin
qələmə alınmasının vacibliyini nəzərə
çatdırdı: "Elə faciələr var ki,
onları yazmaq çox ağırdır. Lakin bədii şəkildə
olmasa da, heç olmasa belə hadisələrin təfərrüatları
xronoloji baxımdan qələmə alınmalıdır".
AYB-nin katibi
Arif Əmrahoğlu poema haqqında fikirlərini tədbir
iştirakçıları ilə bölüşdü:
"Ədalət Əsgəroğlunun ağrıyla qələmə
aldığı bu poema bir daha sübut edir ki, dərdə vərdiş
etmək olmaz. Bu poemada bir həqiqət -neftin bütün faciələrimizin
səbəbi olması poetik bir dillə misralara
çevrilib".
"Dərdimizin
qan rəngi" poeması Xocalı faciəsinə həsr
olunub. Burada son
iyirmi ilin Azərbaycanı qan obrazında metaforikoləşib. Qan burada
Xocalıdan bütün
dünyaya yayılan fəryadın, ahın, kədərin rəmzidir.
Ədalət Əsgəroğlu Azərbaycan poeziyasında
yaşanan QAN obrazına
yeni qan verib desək yanılmarıq. O, dərdimizin
qan rəngini poeziyamızın qan rənginə çevirə
bilib". Bu fikirləri
tədbirdə kitabın
ön sözünün
müəllifi, tənqidçi
Vaqif Yusifli səsləndirdi.
Təqdimat mərasiminin
sonunda müəllif özü çıxış edərək
Xocalı faciəsinin qurbanlarına həsr etdiyi poema ilə
unudulmayan bu dərdə bir daha qayıtdığını
dedi və tədbir iştirakçılarına poema
haqqında səsləndirdikləri fikirlərə görə
təşəkkürünü bildirdi.
525-ci qəzet.-2009.-25 fevral.-S.7.