Ədəbiyyat xəzinəmizin xəzinədarı

 

Qədim Orta əsrlər Azərbaycan ədəbiyyatı zəngin xəzinədirsə, bu xəzinənin ən mötəbər xəzinədarlarından biri akademik Həmid Araslıdır.

Ədəbi ailədən olduğum üçün Həmid müəllimi yeniyetməlik yaşımdan tanıyırdım. Valideynlərimlə xoş münasibətləri vardı. Rəsul Rza H.Araslını görkəmli ədəbiyyatşünas, ədəbiyyat tarixçisi kimi yüksək qiymətləndirirdi. Suriyaya səfəri ərəfəsində Həmid müəllimlə Nəsiminin məzarı barəsində söhbətləri olmuşdu. "Cahana sığmayan şairin qərib məzarı" adlı məqaləsində Rəsul Rza yazırdı: "Məni hər şeydən artıq maraqlandıran Suriya səfərimin ehtimal və nigaranlıq dolu bir məqsədi - Nəsimi idi. Görəsən, ondan bir nam-nişan qalıbmı? Hələ Bakıda ikən hörmətli alim Araslı müəllim: "Nəsiminin qəbri Hələbdə olmalıdır. Siz yəqin onu görəcəksiniz" - demişdi".

Həmid müəllimin bu məlumatı təsdiq olundu. Rəsul Rzanın təşəbbüsü ilə Hələbin qubernatoru Azərbaycan nümayəndələrini şairin məzarına çatdırmış və qayıtdıqdan sonra Rəsul Rza mətbuatda ilk dəfə olaraq bu barədə müjdəli xəbər vermişdi. Bu xəbərlə əlaqədar Həmid müəllimin atama telefon etməsi yadımdadır. "Füzuli" poemasından böyük bir parça dərc olunanda da atamı ilk təbrik edən H.Araslı idi. Atam üçün Orta əsr ədəbiyyatımız üzrə ən böyük mütəxəssisin rəyi olduqca qiymətli idi.

 Rəsul Rzayla Həmid Araslının münasibətlərində ərkyana zarafatçılıq da vardı. Bu barədə atamla, Həmid müəllimlə və məşhur Türkiyə şairi Fazil Hüsnü Dağlarcayla birlikdə Gəncəyə səfər etmiş tanınmış türkoloq alim, Həmid müəllimin bacısı oğlu Tofiq Məliklinin maraqlı xatirələri var. Tofiq Məlikli yazır: "Proqrama görə Fazil Hüsnü Dağlarca Şamaxı, Göyçay, Gəncə və Göygölə getməli idi. Yayın ilk günlərində Dağlarca, Rəsul Rza, Həmid Araslı və mən xatirəmdə gözəl anlar kimi yaşayan nəşəli, zarafatlarla, gülüşlərlə dolu, şeirlərlə, ədəbiyyat söhbətləri ilə aşıb daşan dostluq, qardaşlıq səyahətinə çıxdıq. Göyçaya gəldiyimizdə Rəsul Rza bizi içi ovuq nəhəng bir çinar ağacının altında çay içməyə dəvət etdi. Ağac həqiqətən tarixi bir heykəl təəssüratı yaradırdı. Dağlarcanın çinar ağacından təsirləndiyini görüb Rəsul müəllim iki gəncəliyə, Həmid Araslıya və mənə: "Deyin görüm, Gəncədə belə çinarınız varmı?" deyə soruşunca, Həmid müəllimin: - "Gəncənin hər küçəsində onlarca belə çinar ağacı var" - cavabı qonağımızı heyrətə salmış, biz isə bu sözlərə xeyli gülüşmüşdük".

Mənim Həmid müəllimlə ünsiyyətim Nizami muzeyində işlədiyim vaxt oldu. Universitetin son kursunda oxuduğum zaman işə düzəlməyə çalışdım. Rəhmətlik Mirəli Seyidov təklif etdi ki, muzeydə işə girim və məni muzeyin o vaxtkı müdiri Əziz Mirəhmədovun yanına apardı. Demə muzeyə elə iki dilli bələdçi lazım imiş. Odur ki, Əziz müəllim ərizəmə dərhal qol çəkib məni kiçik elmi işçi götürdü. Muzeyə gələn qruplara Azərbaycan və rus dillərində ekskursiyalar aparırdım. Az sonra Əziz Mirəhmədov Mərkəzi Komitəyə vəzifəyə təyin edildi, muzeyin müdiri isə Həmid Araslı oldu.

Universitetdə oxuduğum illərdə mən anamın köməyiylə ərəb əlifbasını öyrənmişdim və o vaxta qədər nə kiril, nə latın əlifbasıyla nəşr olunmuş şairlərin əsərlərindən ibarət (Nəsimi, Həbibi, Kişvəri və başqaları da daxil olmaqla) qədim dövrdən Füzuliyəcən Azərbaycan şeirini əhatə edən bir antologiya tərtib etmişdim. Antologiyanı Həmid müəllimə göstərəndə çox maraqlandı, məndən: - Ərəb əlifbasını bilirsən? - deyə xəbər aldı. - Bir az - dedim. - Fars dilini necə? - Yox. - Fars dilini öyrən, ərəb əlifbasında biliklərini təkmilləşdir, Orta əsrlər üzrə namizədlik dissertasiyası müdafiə etmək haqqında düşün.

Amma az sonra mən radioda işə düzəldim, sonra Moskvada Ali Ssenari Kurslarında təhsil aldım və necə deyərlər peşə yolumun yönü dəyişdi. Buna baxmayaraq milli ədəbiyyatımıza və özəlliklə onun Qədim və Orta əsrlər dövrünə marağım qətiyyən azalmadı və bu sahədə müəyyən biliklərim varsa, bunların böyük bir qismi Həmid Araslının əsərlərindən əxz edilmişdir.

Həmid Araslı ədəbiyyatımızın ən qədim dövrü və Orta əsrlərindən ta Molla Pənah Vaqifə qədər olan dövrünün ən nüfuzlu bilicisi idi.

Onun XVII-XVIII əsrlər ədəbiyyatına həsr olunmuş qiymətli kitabı bu dövrün başqa tədqiqatçıları üçün bir növ örnəkdir.

Azərbaycan ədəbiyyatşünaslığının tarixi az qala ədəbiyyatımızın tarixi qədər qədimdir, Xətib Təbrizidən üzü bəri əsrlər boyu ədəbiyyatşünaslığın nəzəri məsələləriylə məşğul olublar, cünglərin, təzkirələrin tərtibatçıları şeir xəzinəmizin sərvətlərini yığıb toplayıblar, ədəbiyyat tariximizin salnaməsini yaradıblar. Şah İsmayıl Xətai şeirlər yazırdı, onun oğlu Sam Mirzə yalnız atasının deyil, ümumən o dövrlərin başqa şairlərinin də əsərlərini təzkirəsində toplayırdı.

XX əsrdə Firudin bəy Köçərlinin "Azərbaycan ədəbiyyatına aid materiallar" ikicildliyi bir növ ədəbiyyat tarixçiliyimizin təzkirə, cüng dövründən çağdaş şəklə keçidi kimi önəmli idi. İyirminci illərdə Azərbaycanda müəllimlik edən İsmayıl Hikmət iki cildlik "Azərbaycan ədəbiyyatı tarixi" və iki cildlik "Türk ədəbiyyatı tarixi" kitablarını ərəb əlifbasıyla çap etdirdi (Yeri gəlmişkən, bu kitabların latın əlifbasıyla nəşr olunması çox faydalı iş olardı) 20-30-cu illərdə Salman Mumtaz, Bəkir Çobanzadə, Emin Abid, Hümmət Əlizadə və başqa alimlərimiz Qədim və Orta əsrlər ədəbiyyatı haqqında dəyərli tədqiqatlar meydana çıxarmışlar. Nə yazıq ki, Azərbaycanda Sovet hakimiyyəti qurulandan dərhal sonra Firudin bəy Köçərli kimi qiymətli ziyalı, maarifçi və alim yeni quruluşun ilk qurbanlarından oldu, güllələndi, İsmayıl Hikmət pantürkizmdə, turançılıqda ittiham olunaraq Azərbaycandan qovuldu. 37-ci ilin repressiya dalğası yuxarıda adları çəkilən alimlərimizi məhv etdi. Və ədəbiyyatımızın böyük bir dövrünün - ən azı min illik bir dövrünün ağır yükü o zaman hələ nisbətən gənc olan Həmid Araslının çiyinlərində daşındı. Mikayıl Rəfilinin Qədim dövr Azərbaycan ədəbiyyatı və Nizami haqqında rus dilində kitablarını, Mir Cəlalın Füzuliyə aid tədqiqatını unutmadan deməliyəm ki, uzun illər boyu böyük bir dövrün tarixi ilk növbədə Həmid Araslının araşdırmalarında öz əksini tapıb.

Amma onun ədəbiyyat tariximiz qarşısında ən böyük xidmətlərindən biri, bəlkə də birincisi Azərbaycanda ilk dəfə "Kitabi Dədəm Qorqud"u nəşr etməsi oldu. 1939-cu ildə latın əlifbasıyla nəşr edilmiş bu kitab faktiki olaraq ilk dəfə ən möhtəşəm ədəbi abidəmizi çağdaş oxuculara, alimlərə, yazıçılara çatdırırdı. Daha sonra H.Araslının və M.Təhmasibin redaktəsi, çox önəmli şərhləri ilə "Kitabi Dədəm Qorqud" V.Bartoldun tərcüməsində ilk dəfə rus dilində Bakıda nəşr olundu. Dədə Qorqudun müsibətləri də bundan sonra başladı. Yəqin ki, M.C.Bağırov və onun məsləhətçiləri dastanın latın əlifbasıyla nəşr olunmuş orijinalını oxumamışdılar və hətta oxumuşdularsa belə çətin ki, bir şey anlaya bilmişdilər. Amma rus mətniylə asanlıqla tanış olandan sonra, burada müəyyən dini təəssüb, özəlliklə Gürcüstanla bağlı məqamlar onları hürkütmüşdü. Axı Gürcüstan hər şeydən başqa Stalinin və Beriyanın vətəni idi. Vaxtilə bu dastana iddiaları olan türkmənlərə Bağırov: Dədə Qorqudu onlara qızıl padnosda verərəm - deyibmiş, amma bu anti-qorqud kampaniyası başlanandan sonra Dədə Qorquda Türkmənistanda da sahib çıxan tapılmazdı. Özü də Dədə Qorqud repressiyaları Türkmənistanda Azərbaycana nisbətən daha amansız aparılmışdı, görkəmli qorqudşünas alimlər həbs edilmişdi. Azərbaycanda bununla bağlı həbslər olmasa da, ilk növbədə Həmid müəllimin və "Kitabi Dədəm Qorqud"la məşğul olan başqa alimlərin başları çox bəlalar çəkdi.

 Stalin dönəmindən sonra "Kitabi Dədəm Qorqud" da bəraət qazandı və Azərbaycanda artıq o vaxtkı əlifbamızla - kiril əlifbasıyla - onu yenidən nəşr edən də Həmid Araslı oldu.

 Uzaq Almaniyadakı yaxın dostumuz, xalqımız, ədəbiyyatımızın təəssübkeşi Əhməd Şmide mənə göndərdiyi məktubların birində çox maraqlı məsələyə işarə vurur. Əhməd bəy Həmid müəllimin Dədə Qorqudu sanki öz inhisarına almış bəzi alimlərdən çox fərqli davranışını xüsusi vurğulayır. Əhməd bəy məktubunda yazır: Bunun böyük bir istinasını rəhmətlik Həmid Araslı təşkil edirdi. Bir gün o mənə dedi ki, "sən sərbəst Türkiyəyə gedib-gələ bilərsən. Artıq dərəcədə xahiş edirəm Orxan Şaiqi gör. Mənim mehriban qardaş salamımı ona yetir və de ki, mənim Dədə Qorqud mövzusunda vardığım anlayışları tənqid edərkən qardaşlığımızı yaddan çıxarmasın. O məndən ayrı fikrə gələ bilər, ancaq fərqli düşüncələrini nəşrlərdə dilə gətirərkən bir balaca ahəstə getsin. Ona görə ki, o, orada əlbəttə hər şeyi deyə bilər, amma mən burada bu sərbəstliyə sahib deyiləm, ona istənilən kimi bu mövzuda cavab verə bilmirəm. Başına dönüm, elmi münaqişələrin ədasında qan qardaşlığımızı unutmayaq".

Heyf ki, bu sözləri Orxan Şaiq bəyə çatdıra bilmədən hər ikisi də rəhmətə getdi.

Hörmətli Əhməd Şmidenin məktubundakı cümlənin altından xətti mən çəkdim, çünki bu acı etiraf Həmin müəllimin hansı şəraitdə, hansı məhdudiyyət və təzyiq altında yazıb yaratdığının göstəricisidir. Bu sətirlərdə azad, senzurasız, ideoloji basqısız Türkiyədə Orxan Şaiqin deyə bildiklərini Həmid Araslının Sovet Azərbaycanında söyləyə bilməməyinin acıları duyulur.

Həmid Araslının o dövrün ideoloji ehkamları baxımından tədqiqatlarında müəyyən rəsmi qəliblərə riayət etdiyini ona irad tutmaq insafsızlıqdır, ona da, həmin dövrün başqa namuslu alimlərinə, yazıçılarına da o çətin şəraitdə etdiklərinə, deyə, yaza bildiklərinə görə minnətdar olmalıyıq.

Mənim Həmid müəllimə minnətdarlığımın bir şəxsi səbəbi də var.

Dədə Qorqud filminin ssenarisi "Azərbaycan" jurnalında çap olunmuşdu. "Kitabi Dədə Qorqud"un tədqiqatı sahəsində dəyərli xidmətləri olan rəhmətlik Şamil Cəmşidovun bir cəhəti vardı: Dədə Qorqudla bağlı hər hansı başqa bir alimin, yazıçının, şairin təşəbbüslərinə qısqanclıqla yanaşırdı. Mənim ssenarim jurnalda çıxandan sonra Kinostudiyaya on-on beş səhifəlik kəskin mənfi rəy göndərmişdi. Sonralar Dədə Qorqud yubileyi günlərində, Parisə birgə səfərimiz zamanı Şamil müəllimlə səmimi söhbətlərimiz oldu. Dədə Qorqudun təbliği işində mənim az-çox əməyimi qiymətləndirdiyini dedi, mən də o köhnə umu-küsünü yada salmadım.

 Amma o dövrdə onsuz da taleyi Bakıda da, Moskvada da bağlanmaq təhlükəsi altında olan ssenarinin çəkilişi bu rəyə görə də yeni əngəllərə məruz qala bilərdi. Mən xahiş etdim ki, ssaneri rəyə "Kitabi Dədəm Qorqud"un ən görkəmli tədqiqatçısı Həmid Araslıya göndərilsin. Belə də etdilər və Həmid müəllim ssenariyə çox müsbət rəy verdi, filmin məsləhətçisi olmağa razılaşdı və çəkiliş bitəndən sonra artıq hazır film haqqında yüksək rəy yazdı. Məndə bu rəylər yox idi. Dədə Qorqud povestimi Bakıda nəşr edərkən Həmid müəllimin qızı hörmətli Nüşabə xanımdan xahiş etdim ki, əgər bu rəylər atasının arxivində qalıbsa, onları tapsın. Sağ olsun, bunu etdi və mən bu rəyləri kitabıma Öz söz kimi çap etdirdim. Beləliklə dünyasını dəyişəndən sonra da bu böyük alim, unudulmaz Həmid müəllim mənə xeyir-duasını vermiş oldu. Həmid Araslının doğum gününün 100-cu ilində onu bu xoş sözlərlə və minnətdarlıq hissilə xatırlamaq istədim.

 Allah rəhmət eləsin, qəbri nurla dolsun Həmid müəllimin.

 

1 fevral, 2009

 

ANAR

 

 

525-ci qəzet.-2009.-25 fevral.-S.7.