Azərbaycan-Belarus Biznes Forumu keçirilib

 

Ötən gün Bakı Dəniz Limanında Belarusun Minsk vilayətinin müəssisələrinin əmtəə-satış sərgisi çərçivəsində kənd təsərrüfatı və iqtisadiyyat üzrə Azərbaycan-Belarus Biznes Forumu öz işinə başlayıb. Sərgidə Belarus dövlətinə məxsus müxtəlif çeşidlərdə sənaye məhsulları nümayiş etdirilib.

Tədbirdə iştirak edən iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov, Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviç, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rəhim Hüseynov, Bakıda səfərdə olan Belarusun Minsk əyalətinin qubernatoru Leonid Krupets, tanınmış Belarus şirkətlərinin nümayəndələri və digər işadamları sərgi ilə yaxından tanış olublar. L.Krupets bildirib ki, hazırda iqtisadi inkişaf sürətinə görə nəinki regionun, hətta dünyanın lider dövlətlərindən biri olan Azərbaycanın istehsal müəssisələri və biznes dairələri ilə əlaqələri genişləndirmək Belarus üçün mühüm əhəmiyyət kəsb edir.

"Bu gün keçirdiyimiz görüşdə Belarusun bütün regionlarını əhatə edən, strateji əhəmiyyətli məhsul istehsalı ilə məşğul olan xeyli sayda iri müəssisəsinin rəhbər işçiləri səviyyəsində təmsil olunurlar. Biz çalışacağıq ki, bundan sonra da Belarusla Azərbaycan arasında mövcud olan hər tərəfli əlaqələr daha da inkişaf etsin", - deyə L.Krupets əlavə edib.

Belarusun Bakıdakı səfiri isə ölkəsinin nəhəng istehsal müəssisələri və biznes strukturlarının rəhbər vəzifəli nümayəndələrinin Azərbaycana işgüzar səfərlərinin təsadüfi hadisə olmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan bazarının bütün dünyanın üzünə açıq olması Belarusun işgüzar dairələrinin diqqətini cəlb edir. "Ölkələrimiz arasında əməkdaşlıq getdikcə möhkəmlənir və güclənir. Münasibətlərin dərinləşməsində Azərbaycan və Belarus prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenkonun qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir", - deyən N.Pastkeviç bu gün keçirilən forumun ikitərəfli əlaqələrin inkişafına təkan verəcəyinə əminlik ifadə edib. M.Cabbarov isə ötən ilin yekunlarına görə, Azərbaycanla Belarus arasında əmtəə dövriyyəsi həcminin 111,7 mln. ABŞ dollarına bərabər olduğunu diqqətə çatdırıb. "Azərbaycanla Belarus arasında əməkdaşlıqda müsbət artım dinamikası davam edir. Son 5 ildə iki dövlət arasında qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 6,5 dəfə artıb ki, 2 il bundan əvvəl əmtəə dövriyyəsinin cəmi 30 mln. dollar olub. Məqsədimiz 400 mövqe üzrə ticarət-iqtisadi əməkdaşlığa nail olmaqdır. Bunu edə bilməsək, qarşılıqlı əmtəə dövriyyəsinin yarım mlrd. dollar səviyyəsinə çatmasını təmin edə bilmərik". Qeyd edək ki, Belarusun Minsk vilayətinin müəssisələrinin əmtəə satış-sərgisi ayın 25-də başa çatacaq.

 

 

Ülkər NƏBİYEVA

 

525-ci qəzet.- 2009.- 25 fevral.-S.6.