"Xocalı
- vəhşi əsrin
vəhşi əsəri"
çapdan çıxıb
Bugünlərdə
"Qanun" nəşriyyatında
publisist Kərim Kərimlinin "Xocalı
- vəhşi əsrin
vəhşi əsəri"
kitabı işıq üzü görüb. Kitab dünyanın nüfuzlu nəşrlərindən
olan "İzvestiya",
"Valer aktyuel",
"Le Mond" "Krua İeveneman", "Sunday Times", "Vaşinqton post", "Times" kimi qəzet və jurnallarda Xocalı faciəsi haqqında yazılmış məqalələrdən
sitatlarla açılır.
Kitaba toplanmış, faktlara əsaslanan məqalələrdə
müəllifin publisistik
düşüncələri ilə yanaşı, Xocalı faciəsi şahidlərinin dedikləri
də əsas götürülüb. Şahidlərdən
Zahid Cabbarov, Cəmil Məmmədov, Vüqar Nəcəfov, Əntiqə Qəhrəmanova,
Rahilə Hacıyeva, Elmira Allaherdiyeva, Rafiq Hüseynov və başqalarının nəql
etdiyi hadisələr burada yer alıb.
Xüsusi amansızlıqla
və əziyyətlə
öldürülənlərin siyahısı da nəşrə daxil edilib.
Müəllif
kitabın yazılma səbəblərini açıqlayaraq
soyqırımı törədənlərin ədalət məhkəməsinə
çəkilməsi arzusunu ifadə edib: "Biz Xocalı
qırğınını qisasçılıq məqsədilə
yadda saxlamırıq, biz Xocalıda, xocalılara qarşı
törədilənlərə görə intiqama
çağırmırıq və dünya ictimaiyyətindən,
beynəlxalq təşkilatlardan da bunu tələb etmirik. Biz
dünyadan Xocalı qətliamına görə obyektiv qiymət
və ədalətli mühakimə istəyirik!"
Kitab Demokratik
İslahatlar Partiyasının və yazıçı, millət
vəkili Aqil Abbasın maddi dəstəyi ilə çap
olunub. Xatırladaq ki, sözügedən kitab K.Kərimlinin
oxucularla beşinci görüşüdür. Əsasən
Qarabağ dərdlərini qələmə alan publisistin indiyədək
"Ürəyimin şüşəsi - Şuşa",
"Hələ şuşalıykən", "Qəlbimizdə
bir ad yaşar" və "Şuşalı,
Şuşasız günlərim" kitabları nəşr
olunub.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-2009.-26 fevral.-S.7.