Süleyman Ələsgərovun 85 illik yubileyi qeyd olunub

 

M. Maqomayev adına Dövlət Filarmoniyasında xalq artisti, bəstəkar Süleyman Ələsgərovun 85 illiyi ilə bağlı xatirə gecəsi keçirilib. Xalq artistləri Fərhad Bədəlbəyli, bəstəkar Siyavuş Kərimi, əməkdar incəsənət xadimi, professor Ağaverdi Paşayev başqaları tədbirdə çıxış edərək Süleyman Ələsgərovla bağlı xatirələrini bölüşüblər: " S.Ələsgərovun yaradıcılığı Azərbaycan peşəkar musiqi tarixinin ən parlaq səhifələrini təşkil edir. Onun əsərləri Azərbaycan xalq musiqisinin ən yaxşı ənənələrini özündə əks etdirir. S.Ələsgərov "Bahadır Sona"" operasının, 12 musiqili komediyanın, "Bayatı-şiraz"" simfonik muğamının, simfonik orkestr üçün üverturanın, 2 simfonik poemanın, 4 kantatanın, müxtəlif mahnı romansların müəllifidir".

   Tədbirdə bəstəkarın pedaqoji fəaliyyətindən də söz açılıb. Onun 1956-cı ildən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında dərs dediyi və istedadlı musiqiçilər yetişdirdiyi vurğulanıb: " S.Ələsgərov bu gün musiqi həyatının müxtəlif sahələrində fəaliyyət göstərən yüzlərlə ifaçı və bəstəkar hazırlayıb, yeni musiqiçi nəslinin yetişməsində əhəmiyyətli işlər görüb".

  Tədbirin sonunda bəstəkarın əsərləri əməkdar incəsənət xadimi, professor Ağaverdi Paşayevin rəhbərliyi ilə dövlət xalq çalğı alətləri orkestrinin ifasında səsləndirilib.

   

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.-2009.- 26 fevral.-S.7.