Xocalı faciəsinin qurbanları silsilə tədbirlərlə anılıb
Xocalı faciəsinin
qurbanları paytaxtın
bir çox yerlərində yad edilir. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında faciənin
17-ci ildönümünə həsr olunmuş "Qan yaddaşı Xocalı" adı dəyirmi masa keçirilib. Tədbirdə
kitabxanaçılar, Xocalı
faciəsinin şahidləri,
Bakı Dövlət Universitetinin tələbələri
iştirak ediblər.
Tədbiri
giriş sözü ilə direktor Tahir Sadıqov açaraq XX
əsrin ən qanlı faciələrindən olan Xocalı
hadisəsi haqqında danışıb və bu qırğının
erməni millətçiləri tərəfindən Azərbaycan
xalqına qarşı törədilmiş növbəti
soyqırım olduğunu qeyd edib.
Xocalı
sakini, o dəhşətli faciədə doğmalarını
itirmiş Bahar Əsədova insanlığa zidd olan bu
soyqırımı unutmağa heç bir Azərbaycan vətəndaşının
haqqı olmadığını bildirib.
Tədbirin
sonunda "Unudulmaz tarix, unudulmaz faciə" adlı fotostend
nümayiş etdirilib.
Nəriman Nərimanovun
ev-muzeyində isə Xocalı soyqırımının
ildönümünə həsr olunmuş "Xocalı qan
yaddaşımızdır" adlı tədbir keçirilib.
"Günay"
Uşaq Teatrının, "Aytam" Uşaqların Mədəni
Maarifləndirilməsi İctimai Birliyinin və Muzeyin birgə
təşkilatçılığı ilə keçirilən
tədbirdə Ermənistan silahlı qüvvələrinin
Xocalıda silahsız insanlara, uşaqlara və qocalara
qarşı törətdiyi, dünyada bənzəri olmayan qəddarlıqdan
söz açılıb.
Tədbirdə
"Günay" Uşaq Teatrının ifasında şairə
Zərəngiz Dəmirçi Qayalının "Cavab
ver" poeması əsasında hazırlanmış
eyniadlı tamaşa təqdim olunub.
S.MÜRVƏTQIZI
525-ci qəzet.-2009.- 26 fevral.- S.7.