Siz kimsiniz, Mərkəz Qacar?

 

Etiraf edək ki, sual ritorik görünməsə də, hər halda, təzə də deyil. İlk növbədə şöhrətli həmyerlimiz, keçmiş Sovetlər İttifaqının Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı Rixard Zorge haqqındakı əsəri, həmçinin Alfred Nobel haqqındakı məqaləni yada salır. Müxtəlif materiallarda sonralar da işlədilib. Lakin bununla belə biz də ondan yan keçə bilmədik. Hər şeydən əvvəl ona görə ki, yaradıcılıq fəaliyyətinin çoxistiqamətliliyi, rəngarəngliyi mənasında Mərkəz Qacarın sanki mahir bir dərzi əliylə boyuna biçilib. Özünüz təsəvvür edin : bir o qədərdə yaşlı olmayan müəllifin indiyə qədər "vur - tut" 37 kitabı nəşr olunub və həmin kitablara 17000 - dən çox təmsili, 2000 - dən çox rübaisi, 3000 - dən artıq lirik şeri, 2000 - dən artıq qəzəli, 500 - dən artıq bayatısı, 10 alleqorik pyesi, 8 tarixi dram əsəri, 9 poeması, 1 sənədli povesti daxil edilib.

Həmçinin ədəbi - tənqidi görüşləri barəsində də söhbət aça biləri: bəzən dostlarının qələm məhsulları, ədəbi prosesin xüsusiyyət və əlamətləri, barəsində fikir söyləməyi də özünə borc bilir.

Onun əsərləri ingilis, alman, ispan, rus, fars, kürd... dillərinə tərcümə edilməklə də öz oxucu auditoriyasını genişləndirib, həmçinin ssenarisi əsasında çəkilmiş filmlə də tanışlıq- "mavi ekran" da dəfələrlə nümayiş etdirilib.

Lakin bütün bunlar ilk növbədə, təbii ki, kəmiyyət göstəriciləridir. Yaradıcılıqda isə müvəffəqiyyəti, uzunömürlülüyü, əbədiyaşarlığı təmin edən başlıca amil heç də say deyil, sanbal, siqlət, bədii, estetik dəyərlərdir. Bu mənada :

 

   Bədii ədəbiyyata, soruşma nə əməldi,

   Kimi romanlarıyla, kimi cümləylə gəldi.

 

Mərkəz Qacar da belə məsuliyyətli sahəyə iri həcmli əsərləriylə yanaşı həm də cümlələriylə gələn sənətkarlardandır. Lakin bu barədə söz açmazdan əvvəl ömür yoluna qısa nəzər salmaq lazım gəlir. Çünki digər qələm əhli kimi onun da həyatının müəyyən izləri, əlamətləri, keşməkeşli yaşantıları bu və ya digər dərəcədə bədii yaradıcılığına hopub, təsirli, yaddaqalan boyalarla əks olunub.

"Qızıl qələm" və "Araz" mükafatçısı, Həsən bəy Zərdabi adına diploma layiq görülmüş Mərkəz Qacar 1948-ci ildə Azərbaycanın dilbər guşələrindən olan Füzuli şəhərində anadan olub. Qacarlar nəslindən olan anası Gülbahar xanım, yaxın qonşuları, sinəsi hikmətlə, söz - söhbətlə dolu Mülayim xala onda şerə, sənətə məhəbbəti lap erkən yaşlarından oyadıb. Təsadüfi deyil ki, hələ on yaşında ikən "Ana","Vətən" kimi şeİrləri mətbuatda işıq üzü görüb.

Mərkəz Qacar bütün varlığı ilə bədii yaradıcılığa bağlı olsa da, ixtisasca kənar peşə sahibidir. O, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əvvəllər respublikamızın Yardımlı, Salyan rayonlarında müstəntiq vəzifəsində çalışıb.1991 - ci ildən Bakı Şəhər Prokurorluğunda şöbə prokurorudur.

İlk baxışdan, bəlkə də, qibtə olunası həyatdır. Lakin atalarımızın köynəyin bədənə arxalıqdan daha yaxın olması barəsində müdrik kəlamını xatırlayaq. Doğma Qarabağ dərdi, torpaqlarımızın beşdən bir hissəsinin işğal altında olması bütün Azərbaycan xalqı üçün ağır niskildir. Lakin Mərkəz Qacar kimilər bu dərdi daha çox çəkməli olur. Əgər doğma şəhərinin, rayonunun işğal altında olması ilə yanaşı, həm də doqquz nəfər qohumunun, o cümlədən bəzi ən yaxın adamlarının amansız döyüşlərdə, basqınlarda həlak olmasını nəzərə alsaq yuxarıdakı fikri daha aydın və birmənalı şəkildə təsəvvür etmək çətin deyil.

Biz irəlidə peşəsi - daşıdığı vəzifə ilə məşğul olduğu sənət arasında müqayisə mənasında "kənar" ifadəsini işlətdik. Ancaq, görünür, özü əsla bu qənaətdə deyil. Əksinə, onların arasında sıx bir rabitə, zəruri əlaqə görür. Yenə də yaradıcılığına dair qeydlərinə müraciət edək. Yazır ki, "Xidməti vəzifəm bədii yaradıcılığıma qida verir desəm, yanılmaram, Prokurorluq orqanlarında işlədiyim müddətdə müxtəlif xarakterli adamlarla rastlaşmışam... Mövzu özü gəlib məni tapıb. Daha bir cəhət: mən müstəntiq olmuşam, çox cinayət hadisəsinin istintaqını aparmışam. Bu, özü dramatik bir prosesdir. Bədii yaradıcılıqla məşğul olmağımın istintaq fərziyyələri qurmağa nə qədər yardımçı olduğunu hiss etmişəm. Apardığım istintaq işləri elə özü - özlüyündə əsər yaratmağa bərabərdir.

"Təmsil vasitəsilə... ürəyi boşalmağın" tarixi çox qədimdir. Hər dəfə bu barədə düşünəndə ilk növbədə Ezopu xatırlayırsan, "Kəlilə və Dimnə" yada düşür, L. A. Krılovun, Q. B. Zakirin, S. Ə. Şirvaninin, M. Ə. Sabirin təmsilləri göz önündə canlanır. Lakin bunlar çox uzaq və ya uzaq keçmişin müəllifləri və əsərləridir. Bizim dövrümüzdə isə bu sahədə qələm çalan ayrı - ayrı müəlliflərin əməyini azaltmadan ədalət naminə deməliyik ki, həmin janrın iki böyük ustası olub : Hikmət Ziya və Mərkəz Qacar. Yeri gəlmişkən orasını da xatırladaq ki, Mərkəz Qacarın öz böyük həmkarına minnətdarlıq hissi ilə qələmə almış olduğu maraqlı bir dram əsəri də var.

Müəllif "Dovşanın məhkəməsi", "Ayı meşədən qaçır", "Qabanın səfəri", "Hiylə", "Qarğanın iflası " kimi alleqorik pyeslərində, həcm baxımından imkanın genişliyi mənasında, heyvanların yaxasından daha möhkəm - dördəlli yapışıb, özümüzdə olan qəbahət və qüsurlara görə onları ədalət divanına çəkib. Ancaq hamısınımı? Təbii ki, yox. İnsan cəmiyyətində olduğu kimi heyvanat aləmi də Mərkəz Qacarın təsvirində müxtəlif qütblərə bölünüb. Keçmiş istilahla demiş olsaq, burada da mənfi və müsbət obrazlar - yüksək mənəvi, əxlaqi keyfiyyətlərin və mənfi əlamətlərin daşıyıcıları var. Həmin pyeslərin hər birinin özünəməxsus mövzusu, məzmuna uyğun gələn və onu tamamlayan forması, bitkin süjet və kompozisiyası var. Ümumi cəhət isə daha çox müəllifin çıxardığı - gəldiyi nəticə ilə şərtlənir. Yəni onların hamısı öz gündəlik "fəaliyyətində" haqqı - ədaləti, ictimai dəyəri, Vətənin, torpağın, yaşadığı ərazinin mənafeyini üstün tutanların qələbəsilə nəticələnir, riyakarlıq, namərdlik, xəyanət cəzasız qalmır. Elə buna görə də həmin ideyaların daha geniş miqyasda təbliği - pyeslərinin bəzilərinin "Kukla", Gənc Tamaşaçılar Tearında, Sumqayıtdakı Füzuli Rayon Dövlət Dram Teatrında, C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulması böyük əhəmiyyət kəsb edir.

İndi də həmin əsərlərdən birinin - "Sallaqxana keçisi" nin məzmununa qısa bir nəzər salaq. Təsvirdən məlum olur ki, o, ata və anasının xəyanət yolu ilə qətlə yetirilməsinə aldadılıb - "Gilyotin maşını" na göndərilməsi yolu ilə quzunun günahına batıb, Onun əbədi niskilinə, ah - naləsinə səbəb olub. Bir gün özü də canavarların cənginə keçir. Yalnız qoyun sürüsünü aldadıb onların istədikləri yerə gətirəcəyi vədi ilə canını xilas edir və min hiylə ilə vədini yerinə yetirir. Ancaq onun niyyətindən qabaqcadan şübhələnən köpək sürünün hərəkətini qarabaqara izləyib qoyunları canavarların labüd təhlükəsindən xilas edir. Ancaq qurdlar keçini yedtəkləyib özləri ilə aparır, yəqin ki, sonradan yem kimi aralarında bölüşdürürlər.

Göründüyü kimi, burada dramatik və maraqlı süjet xətti cəlbedicidir, məzmun və forma uyğun şəkildə bir - birini tamamlayır, obrazlar bitkin və kamildir. Yəni namərdliyin, dönüklüyün cəzasız qalmaması, qalmayacağı barədə çıxarılan əxlaqi nəticə nisbətən iri həcmli bir əsərin yazılmasını tələb etdi. Ancaq müəllifin həmin mövzusunu böyük məharətlə cəmi bir cümləyə yerləşdirdiyi, həcm məhdudluğuna baxmayaraq qayəni, ideyanı parlaq şəkildə ifadə etdiyi məqamlar da var. Məsələn:

 

   Balıq dişləriylə möhkəm çeynədi,

   Soxulcan anladı xəyanət nədi.

 

Belə hallar bizə qətiyyən mövzu təkrarı kimi görünmür. Əksinə, eyni mövzunun müxtəlif janrlarda, fərqli formalarda, sənətkarlıqla ifadə tərzi kimi xoş təsir bağışlayır.

Mərkəz Qacarın poemaları, lirik şeirləri onu tanınmış şair kimi qiymətləndirməyə əsas verir. Doğrudur, bir çox şeirlərində klassik ənənənin təsiri güclüdür, "gül", "bül"... ifadələri silsilə şəklində diqqəti cəlb edir. Ancaq Onun əksər qəzəllərinin, qoşmalarının, gəraylılarının, təcnislərinin, bayatılarının ruhunu, mayasını vətən, xalq sevgisi təşkil edir. Bu kimi əsərlərində torpaqlarımızın işğaldan azad olunması, yurdumuzda demokratiyanın gücləndirilməsi, doğma Azərbaycanımızın şöhrətinin bütün dünyaya daha qüvvətli şəkildə çatdırılması arzusu çox güclüdür.

... Aktyorlar daha çox baş qəhrəmanların, diqqət mərkəzində ola biləcək rolların ifasına meyl edirlər. Böyük əsərlərinin, iri janrlarda yazdığı qələm məhsullarının gətirdiyi şöhrət müəllifə daha şirin, cəlbedici görünür. Burada müəyyən qədər həqiqət də, məntiq də var. Lakin bütünlüklə müsbət mənada qəbul edilməsi də imkan xaricindədir. Çünki yaradıcılığın bilavasitə öz tələbləri, səciyyəvi xüsusiyyətləri var. Burada müvəffəqiyyəti aktyoru hansı rola, yazıçının hansı janra meyli yox, ilhamın, istedadın dərəcəsi müəyyənləşdirir. Görkəmli ədibimiz Mir Cəlal haqlı olaraq göstərirdi ki, bədii əsərdə nə deyilməsi yox, necə, hansı səviyyədə deyilməsi əsas şərtdir. Təsadüfi deyil ki, L. N. Tolstoyu, A. R. Çexovu, C. Londonu, C. Məmmədquluzadəni iri həcmli əsərləri ilə yanaşı "İvan İliçin ölümü","Altı nömrəli palata", "Həyat eşqi", "Poçt qutusu", "Qurbanəlibəy" kimi hekayələri yaşadır.

Biz deyəsən artıq əvvəldə qoyduğumuz sualı aydınlaşdırmağa yaxınlaşırıq. Həm də cavab daha düzgün, konkret olsun deyə xitabdan sonra ora iki kəlmə söz əlavə etmək lazım gəlir. Yəni çoxsahəli yaradıcılığa malik bir insan kimi siz ilk növbədə kimsiniz? İstedadlı şair - gözəl poemalar, qəzəllər, rübailər, gəraylılar, qoşmalar, təcnislər, mahnılar ustası, ya mahir dramaturq, yoxsa publisist, tənqidçi?...Həmin əsərlərdən ibarət topluların bir çox mütaliəsevərlərin masaüstü kitabına çevrilməsini, yəqin ki, heç kim inkar etməz. Lakin bu da bir həqiqətdir ki, Mərkəz Qacarın adı çəkiləndə ilk növbədə mahir, əvəzsiz bir təmsilçi gözlərimiz önündə gəlib dayanır. Çünki o biri sahələrin heç birində tək deyilsiniz. Təmsil janrında isə Sizinlə bəhsə, rəqabətə girə biləcək har hansı müəllifi təsəvvürə belə gətirmək çətindir.

Bu sətirləri yazanda ötən əsrin qırxıncı illərinin ortalarında Əliağa Kürçaylının Səməd Vurğuna dediyi yada düşür: poeziyamızı elə bir yüksək zirvəyə qaldırmısınız ki, indi ora heç kəsin, özünüzün də əli çatmır. Sizin yaradıcılığınızda da təmsil ucalığına bir zaman özünüzün də heyrətlə baxa biləcəyinizi deyirik. Və bir də ixtiyarsız olaraq görkəmli alim, akademik Məmməd Arifin 70 illik yubileyi yada düşür. Biz o vaxta qədər ancaq məşhur, çox məşhur şair və yazaçıların yubileyi zamanı böyük izdihamın şahidi olmuşduq. Sən demə tənqidçi adı, şöhrəti də, sözün ən yaxşı mənasında, sənətkarla rəqabətə girə bilərmiş. İndiki Azərbaycan Milli Elmlər Akademiyasının geniş iclas salonu büsbütün dolmuşdu. Hələ ayaq üstə dayanıb məruzəni, çıxışları dinləyənlər də az deyildi. Söz yubilyara veriləndə maraq bir az da artdı. Məmməd Arif müəllim özünə məxsus bir sadəlik və təvazökarlıqla tədbirin təşkilatçılarına, ora gələnlərə dərin təşəkkürünü bildirib ömür yoluna qısa nəzər saldı. Dedi ki, dostlarımdan biri teleqramında yetmiş illik yubileyimə əli dolu gəlməyimi bildirib. Halbuki bunu edə bilməmişəm. Çünki yaşadığım dövr elə olub ki, ya susmalı, ya da hökmən ağa qara, qaraya demək lazım gəlib. Odur ki, susmağı üstün tutmuşam və bu hərəkət yaradıcılığımdan, təbii ki, nələrisə aparıb, bitkinliyə, tamlığa imkan verməyib.

Biz müqayisəni heç də fərqli insanları "yaxınlaşdırmaq" məqsədi ilə aparmadıq. Əksinə, başqa niyyətimiz var. Mərkəz Qacarın yaradıcılığının ilk dövrləri Sovet imperiyasının zəiflədiyi, demokratiyanın, mətbuat, söz azadlığının, siyasi plüralizmin əlamətlərinin göründüyü vaxta təsadüf edib. Müstəqillik dövründə isə şübhəsiz ki, imkanlar daha da genişlənib. Deməli, altmış illik yubileyinə əli dolu gəlməsəydi günahını kənar amillərdə axtarmaq mümkün deyildi. Bəlkə də bunu fəhmlə də olsa bildiyindən dostumuz qabaqcan işini ehtiyatlı tutub.

Həm də bu əlamət son illər üçün daha səciyyəvidir. Özünüz təsəvvür edin: təkcə 2007 - ci ildə bir - birindən gözəl üç kitabı işıq üzü görüb. Hansıdır onlar? Biri irəlidə adını çəkdiyimiz Məhəbbətim əbədidir, ikincisi ustad tarzanımıza həsr edilmiş Ramiz zirvəsi, üçüncüsü "vur - tut" 2000 qəzəldən ibarət toplu. Ancaq bunların heç birii müəllifin təmsil sahəsindəki yaradıcılığının, hardasa arxa plana keçməsinə əsas vermir... Xəbər alırıq?

İncimədiniz ki, Mərkəz müəllim? Bilirsiniz nə mənada? Axı, dünya ədəbiyyatında müəllifin müəyyən səbəblər üzündən öz yaradıcılıq nümunələrinə qısqanclıq hissi ilə yanaşması faktları da mövcuddur. Məsələn, məşhur ingilis yazıçısı Konon Doyl ona həmişə, yaxud da tez - tez Şerlok Holms haqqındakı hekayələrin müəllifi kimi yanaşılmasından xoxlanmazmış. Buna görə də yaxınları qonaqlara ədibin həmçinin başqa gözəl əsərlərin müəllifi olması barədə eyham vurarmış. Bəs sizdə necə, haçansa belə bir eyhama, "xəbərdarlığa" ehtiyac olubmu? Əgər olubsa biz buna ancaq təəccüblənə, təəssüflənə bilərik. Çünki belə bir irada təmsil yaradıcılığı sahəsindəki çox böyük uğurlarınız, saysız - hesabsız qiymətli nümunələrimiz əsas verir.

 

 

Mahmud Mahmudov

Filologiya elmlər namizədi, dosent

 

525-ci qəzet.-2009.- 26 fevral.-S.7.