Tahir Talıblı:
"İnsan yaşadığı
hər gün üçün özünə
hesabat verməlidir"
Şair Tahir Talıblı 70-ci illər ədəbi nəslinin nümayəndələrindəndir. Ona ilk xeyir-duanı Nəbi Xəzri, Söhrab Tahir kimi tanınmış Azərbaycan şairləri
verib. Şeirlərində
daha çox mənəvi problemlərə
güzgü tutan T.Talıblı uzun illərdir ki, ömrünü sözə
bağlayıb, sözlə
əhd-peyman edib. İndiyədək
"Sevgi harayı",
"Yazılmamış şeirlər",
"Yollara çıxmışam",
"Bizi yurd saxlar", "Əziz Əliyev", "Bu tale dediyin" adlı kitablarla oxucuların görüşünə
gələn şair daha çox özünü təvazökarlığın
kölgəsində saxlamağa
üstünlük verir.
O, dövri olaraq mətbuatda çıxış
etməklə bərabər
uzun illərdir ki, Azərbaycan Dövlət Radiosunda
"Xalq yaradıcılığı"
redaksiyasının baş
redaktoru kimi fəaliyyət göstərir.
Xalq arasında çox sevilən "Bulaq" verilişinə uzun müddətdir ki, müəllif kimi imzasını atan və bu
ay 61 yaşın dizini yerə gətirən şairlə
doğum günü ərəfəsində görüşüb
söhbətləşdik. Söhbətimiz
də əsasən bu il 40 yaşını
qeyd etməyə hazırlaşan "Bulaq"
başında, SÖZdən
oldu.
- Şeirləriniz mətbuat
səhifələrində az-az görünür.
Özünüzü "gizlətməyinizin" səbəbi
nədir?
- Əsas səbəb az
yazmağımdır. Elə əvvəldən az yazıram.
Kitablarım sayca bir neçə dənə olsa da çox
nazik, xəfifdir. Fikirləşirəm ki, az yazıb
yaxşı yazmaq lazımdır. Söz ağır
cavabdehlikdir. Mən sözə rəqib kimi baxıram,
sözü özümə düşmən bilirəm. Tək-tək
yazıya gətirə bildiklərim, əslində qalib gəldiklərimdi.
Çox güman ki, qalib gələ bildiklərim də bir az
zəif "əsgərlər"dir. Məğlub edə
bilmədiklərim daha çoxdur. Onlar gücümün
çatmadıqlarıdır. İndi söz bazarında
ucuzluqdur. Əslində söz öz yerində, köhlən
bir kəhərin belindədir. Ucuz olanlar sözün qiymətindən
aşağıda olanlardır. Tarixdə dəfələrlə
sübut olunub ki, sözümüz qalxdıqca
özümüz, dövlətçiliyimiz, millətimiz qalxdı,
sözümüzün yiyəsi olanda torpaqlarımızın
yiyəsi olduq. Mən poeziyanı da şairin içinin,
çölünün havası hesab edirəm. Bu havanı həmişə
təmiz saxlamaq lazımdır.
- Uzunömürlü, həm
də sevilərək dinlənilən "Bulaq"
verilişinin ssenari müəllifisiniz və artıq 15 ilə
yaxındır ki, "Bulaq" başındasınız...
- Adət-ənənələrimizin,
tarixi yaddaşımızın, folklorumuzun dinləyicilərə
çatdırılmasında "Xalq
yaradıcılığı" redaksiyasının üzərinə
böyük məsuliyyət düşür. Bu redaksiyada
hazırlanan çoxsaylı uzunömürlü verilişlər
var. "Bulaq" verilişi ilk dəfə 1969-cu ildə efirə
çıxıb. Bu veriliş daha çox xalq
danışıq dilimizi, adət-ənənələrimizi,
el sənəti incilərimizi toplamaq və gələcək nəsillərə
ötürmək ehtiyacından yaranıb. Araya-ərsəyə
gətirəni, ilk efirə vəsiqə verəni xalq
yazıçısı Mövlud Süleymanlı olub. 40 ildir
ki, "Bulaq" həmin "Bulaq"dı, nə
üslubundan çıxmaq olur, nə də axtarışlara
son vermək. Ona görə ki, bu il "Bulaq"ın 40
yaşı tamam olsa da, əslində, Dədə Qorqud kimi
yaşı bilinmir, eraların o üzündən yol
başlayıb. Yarandığı gündən demək olar
ki, qarşıya qoyduğu məqsədə nail olub, öz ətrafına
tanınmış yazıçı və şairləri,
jurnalistləri toplaya bilib. Bizdən əvvəllər də
bu verilişi çox maraqlı şəkildə ərsəyə
gətiriblər. Artıq 15 ilə yaxındır ki, taleyimi
dediyiniz kimi "Bulaq" başında keçirirəm. Bəyənib-bəyənmədiklərini
dinləyicilər özləri deyə bilərlər.
"Bulaq" həm də əsrarəngiz səs sahiblərini
öz ətrafına toplayıb. Mərhum Məhluqə
Sadıqovanı və Səməndər Rzayevi xatırlamaq bu
məqamda yerinə düşərdi. Ruhları behiştlik olsun.
- Bu gün ədəbiyyatda
sözü də dəbə uyğunlaşdırmaq istəyənlər
var. Klassik üslubda yazan bir şair kimi sözə postmodern
donu geyindirənlərin "dərziliyindən"
razısınızmı?
- Çağdaş Azərbaycan
şeirində hansı üslubda yazılmasından
asılı olmayaraq yaxşı sözə qiymət verirəm.
Mənim üçün SÖZÜ ucalara qaldıranlar və
yerlə sürüyənlər var. Hansı üslubda
yazmasından asılı olmayaraq sözü ucalara
qaldıranların yaratdıqlarını yüksək dəyərləndirirəm.
-Vətən, torpaq həsrəti,
deportasiyaların mənəvi və maddi zərbələri
özünü poeziyanızda necə ehtiva edir?
-Tarix
qarşısında çox borclanmışıq, bir dəvəyə
yükləsən daşıya bilməyəcək qədər.
Bunlar təbii ki, şeirlərimə də sirayət edib.
Daşınması çox ağır olan bir xiffət
var...Türk deyilən yaranandan xiffət içindədir. Bu
xiffəti də özüylə diyarbədiyar gəzdirir. Bu
xiffət bir-birimizdən gen düşməyimizdən, itirdiklərimizin
ölçüyəgəlməyən qiymətindən
yaranıb. Bu, qan yaddaşımızdan gələn bir
sızıltıdır. Ağrımızın böyük
olması bütövlüyümüzü itirməyimizdəndir.
Uzaqdı
özümüz qədər,
Yaxın da Dərbənddi
bizə.
Könül
Qarabağdan keçər,
Dərbənd də bir
dərddi bizə.
Gözümüz odu
yandırır,
Ağzımız
dadı yandırır,
Çölümüz
yadı yandırır
İçimiz qürbətdi
bizə...
- Keçən il
altmış illik yubileyinizi qeyd elədiniz. Kamillik
yaşına yaxın bir dönəmdə geriyə boylananda
bu yaşın kədərinin, yoxsa sevincinin çox olması
qənaətinə gəlmisiniz?
- Həmişə
özümü dərk etməyə
çalışmışam. Zənnimcə, bu sufi olmaqla
mümkündür. Sufilik hər şeydən öncə nəfsini
yenə bilməkdir. Son illərdə yazdıqlarımda fəlsəfi
yönümə meyl eləməyimi də yaşımla
bağlayıram. Altmış yaşın sevincinə, kədərinə
gəldikdə yaşımın ağrısını, kədərini
daha çox hiss etmişəm. Bu kədər həm də
sözdən qaynaqlanır. Əslində hər yaşın
öz qəmi, öz ağrısı var. Kədərimin, qəmimin
zirvə nöqtəsi altmışdan daha çox 30
yaşımda olub. Hər halda, sevinclər də az olmayıb.
Ümumiyyətlə, insan yaşadığı hər
gün üçün özünə hesabat verməlidir.
Sevinc MÜRVƏTQIZI