Milli Kitabxanada Xocalı şəhidləri anılıb

 

Ötən gün M.F.Axundov adına Milli Kitabxanada Xocalı faciəsinə həsr olunmuş anım tədbiri Milli Kitabxananın əməkdaşı M.Həmidovanın hazırladığı "Azərbaycanın Milli Qəhrəmanları" biblioqrafik göstəricisinin təqdimat mərasimi keçirilib.

Kitabxananın direktoru Kərim Tahirov Xocalı müsibətinin Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcəyini qeyd edərək, soyqırım həqiqətlərini gələcək nəsillərə çatdırmaqda bu mövzuda nəşrlərin xüsusi rolu olduğunu bildirib.

 Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Firudin Qurbanov gənclərin soyqırıma dair bilgilərlə maarifləndirilməsinin vacibliyini önə çəkib. F.Qurbanov Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması üçün bir sıra sənədlərin beynəlxalq qurumlara göndərildiyini, xarici ölkələrdə də bu faciəyə həsr olunmuş tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

 Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov Xocalı soyqırımını ermənilərin Azərbaycan xalqına qarşı XX əsrin əvvəllərindən başlayan məqsədyönlü terror və etnik təmizləmə siyasətinin bir mərhələsi kimi səciyyələndirib.

Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri şair Ədalət Əsgəroğlu Qarabağdakı müsibətlərin şahidi olduğunu, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini qeyd edib.

Tədbir çərçivəsində "Xocalı - əsrin faciəsi" adlı sərgi təşkil olunub. Sərgidə Xocalı faciəsilə bağlı 200-dən artıq kitab, jurnal və qəzet materialları nümayiş etdirilib.
   

 

ARİFƏ

 

525-ci qəzet .-2009.- 27 fevral.-S.7.