"Tanımaq istəyən məni bir yazımla da tanıyar"

 

HİCRAN HÜSEYNOVA: "SÖZ KİMƏSƏ, NƏYƏSƏ HESABLANIB YAZILMAMALIDIR"

 

Hüseynova Hicran Vaqif qızı - Füzuli rayonunda doğulub, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 2004-cü ildə "Yaşıl eskiz" adlı kitabı çap edilib. Onun şeirlərindəki çəhrayı rəng ümidin, sevincin rəngi kimi oxucu qəlbini oxşayır. Maraqlı hekayələri və pritçaları isə əsl həyat həqiqətlərini ortaya qoyur. Hicran on ildir ki, "Ulduz" ədəbi-bədii jurnalında publisistika şöbəsinə rəhbərlik edir.

 - Hicran, indiyədək qələm sahibləri ilə çöx müsahibələr aparmısan, özün də az-çox müsahib olmusan. Bilirəm ki, xaraktercə özünü göstərməyə meylli deyilsən. Amma hərdən adam danışmaq, fikirlərini bölüşmək, yüngülləşmək istəyir. Sən necə düşünürsən?

 - O doğrudur ki, özümü göstərməyə meylli deyiləm, bəlkə bu gün ədəbi ictimaiyyətdə az tanınmağımın da səbəbi məhz bundadır. Ancaq, necə deyərlər, sinəm dolu olsa da, hər sözü, söhbəti danışan deyiləm. Səbəb insanlara az etibar etməyimdir. Həmişə adamları müəyyən məsafədə saxlamağa çalışıram və çox vaxt buna nail oluram, hətta ünsiyyətə dəhşətli dərəcədə ac olduğum vaxtlarda belə, bu xüsusiyyətimə sadiqəm. Bunu bədii üslubumda da görmək olar.

 - Zaman sürətlə ötüb keçir. Bəzən adam yüz sözdən birinə cavab vermək istəmir, xüsusilə imanlı adamlar, belə desək, kiminləsə deyişməyə vaxt ayırmırlar. İstər həyatda, istərsə ədəbi aləmdə boz rəngin çox vaxt baş alıb getdiyi mühitimizdə Hicranın çəhrayı nəğmələrinin rəngi dəyişmir ki?

- Çəhrayı nəğmələrin rəngi yox, çaları dəyişir müəyyən situasiyalarda. Onu da doğru qeyd etdin ki, xüsusən Allahı sevən adamlar hər söylənənin arxasınca getmir. Çünki onlar Allahın ən böyük hakim olduğunu yaxşı bilirlər. Mən də bilirəm, sən də bilirsən, dəfələrlə şahidi olmuşuq belə halların. Yaradan gec-tez hər şeyi öz yerinə qoyur. İnsan səbr etməyi öyrənməlidir. Hər söylənilənin arxasınca getmək, buna vaxt ayırmaq, düşüncə sərf etmək ciddi adamın işi deyil, düşünürəm. Ziddiyyətlər isə həmişə var, dünya durduqca da olacaq. Bir maraqlı atalar sözündə deyildiyi kimi, dünyada düz minarədir, onun da içi əyridir. Bu baxımdan, çox şey gözləməyə dəyməz dünyadan. Bir halda ki, fanidir. İnsan elə öz daxili mənini qoruya, yaşada bilsə, böyük qələbədir bu qarmaqarışıqlıqda. - Maraqlıdır, bu qədər "vətənpərvərlər" arasında sənin özündə və sözündə yaşatdığın Vətən anlayışı necədir?

 - Mənimçün vətən anlayışı bir az başqa cürdür; pafoslu-pafossuz vətənpərvər deyiləm. Bir sözlə ifadə etsəm, kosmopolitəm. Nə edim ki, mən daha geniş miqyasda, daha real düşünməyə çalışıram. Bu fikirlərimi də qısa şəkildə ifadə edəcəm: dünya bizim evimizdir, o da müvəqqəti. - Amma pafosla və xorla oxuyan bu "vətənpərvərlər" layiq olmadıqları halda çox vaxt istədiklərinə çata bilirlər. Hər şeyi görə-görə, sən, qəhrəmanlarından biri kimi, ayrıca öz "solo"nu oxumaqdan bezmirsənmi?

 - Qoy yalançı vətənpərvərlər nəyə istəyirlərsə, nail olsunlar. Mən, sənin dediyin kimi, "solo"mu öz səsimdə, özüməməxsus tərzdə oxuyacam.

 - Yazı adamı, özü də qadın yazar olmaq xeyli çətindir. Daim axtarışda olmaq, gərginlik, yazmaq ehtirası, bir yandan da başqa qayğılar. Hələ üstəlik səni kimsə anlamayanda...

 - Bilmirəm bu, taledir, ya nədirsə, hər halda, kədəri sevincindən çoxdur. Ancaq elə bu kədərin özü də nəyəsə xidmət edir. Bütün səbəblərin sonunda bir nəticə durduğu kimi, hər nəticə də yeni bir səbəb doğurur. Deyəsən, filosofluq etdim. O ki qaldı ətrafındakıların səni anlamamağına, bu halda günahı, nöqsanı yenə özümdə axtarıram. Hər bir halda mən öz "mən"imi başa salmalı, anlatmalı, qəbul etdirməliyəm, mütləq! Başqa variant yoxdur. Heç bir vəchlə anlamaq istəməyənlərsə mənimçün yoxdur.

 - İstiqanlı, başqalarına əl uzatmağa çalışansan. Bəs özün həyatda və ədəbiyyatda başqalarından nə dərəcədə qayğı hiss eləmisən?

 - Çox az, barmaqla sayılacaq dərəcədə az. Ədəbi uğurlarımda, publisist kimi yetişməyimdə Ələkbər Salahzadə ciddi rol oynayıb. Onun hər dəfə yazımı oxuduğu zaman gülümsəyib, bircə kəlmə "çox yaxşı!" deməsi mənimçün ən böyük təltifə bərabər olub. Dövlət tərəfindənsə Gənclər və İdman Nazirliyinin dəstəyini görmüşəm.

 - Bilirəm ki, sözün düzünü üzə deyənsən. Bu sənə mane olmur? - Əlbəttə, olur. Buna baxmayaraq, xarakterimə sadiqəm və çox vaxt belə hallarda özümdən razı qalıram. Bir xatirə danışım: Rəhmətlik Qulu Xəlilov jurnalistika fakültəsində bizə "Əkinçi" qəzetinin nəşri tarixindən dərs keçirdi. Dərs zamanı, necə oldusa, heç kimin ona qulaq asmadığını görən Qulu müəllim üzünü auditoriyaya tutub, nifrətlə "eşşəklər!" deyə qışqırdı. Otağa su ələndi sanki, hamı səsini kəsib döyükə-döyükə müəllimə baxdı. Mənsə həmin dəqiqə qalxıb etirazımı bildirdim: "Nə haqla bizi təhqir edirsiz? Yoxsa istəyirsiz sabah müstəqil olacaq şəxsiyyətlərdə mütilik, ələbaxımlılıq tərbiyə edəsiz?" Rəhmətlik həmin dəqiqə üzr istədi, özü də təkcə məndən: "Üzr istəyirəm, qızım!" Həmin hadisədən sonra o, mənə çox hörmətlə yanaşırdı. Az qala hər kəlməyə münasibətimi soruşurdu. Vəfatına az qalmış, xəstəxanaya ona baş çəkməyə gedəndə də üzünü mənə tutub, "məni bağışla",

 - dedi. Allah ona rəhmət eləsin. Demək istəyirəm ki, mən ölsəm də, qalsam da, sözümü deməyi bacarıram. Bəzən bu xasiyyətim mənə mane olur, yolumu kəsir. Ancaq yolum haqq yoludur, buna əminəm. Haqq isə əvvəl-axır öz yerini tapır.

- Yeni kitabını nə vaxt təqdim edəcəksən? - Allah bilir. Hələ bu haqda fikirləşmirəm. Məni tanımaq istəyən elə bir kitabımla, hətta bir yazımla da tanıya bilir. Çinar bir yarpağından da tanınır. Qoy məni 10 nəfər tanısın, amma dərindən, layiq olduğum kimi tanısın. Təvazökarlığı qeyri-səmimilik sayıram. Mənim yazılarım da, hesab edirəm ki, kütləvi oxu üçün deyil. Və düşünürəm ki, söz kiməsə, nəyəsə hesablanıb yazılmamalıdır.

 

 

Mina RƏŞİD

 

525-ci qəzet.-2009.- 27 fevral.-S. 7.