"Ali məktəblərə qəbul
olunan tələbələrin
səviyyəsi getdikcə
artır"
MÜSAHİBİMİZ BAKI SLAVYAN
UNİVERSİTETİNİN REKTORU, PROFESSOR KAMAL ABDULLADIR
- Kamal müəllim,
bildiyiniz kimi, parlamentdə ikinci oxunuşdan keçən
"Təhsil haqqında" yeni qanun layihəsi ətrafında
müzakirələr hələ də davam etməkdədir. Xüsusilə
də qanun layihəsinin 27-ci maddəsində ali və orta
ixtisas məktəblərinə qəbul olunan tələbələrin
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası tərəfindən deyil, müvafiq icra hakimiyyəti
orqanı - bu orqanın da konkret hansı qurum olduğu dəqiq
bilinmir - tərəfindən həmin məktəblərə
yerləşdirilməsi məsələsi ilə bağlı
kəskin fikir ayrılıqları mövcuddur. Bu baxımdan,
istər sözügedən qanun layihəsi, istərsə də
konkret olaraq ciddi müzakirələrə, mübahisələrə,
fikir ayrılıqlarına səbəb olan həmin maddə
ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Bildiyiniz kimi, ali və
orta ixtisas məktəbləri prinsip etibarilə bu məktəblərə
qəbul prosesində iştirak etmirlər. Konkret olaraq, bu
proseslə məşğul olan dövlət qurumu - Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası məşğul
olur və bu komissiyanın da indiyə qədərki fəaliyyəti
onu göstərir ki, ali və orta ixtisas məktəblərinə
qəbul olunan tələbələrin səviyyəsi ildən-ilə
getdikcə artır. Məsələn, mən öz
universitetimizdən deyə bilərəm ki, bura daxil olan tələbələrin
orta balı haradasa 500-550 bal səviyyəsinə gəlib
çatıb. Hətta, universitetimizə 600 balla daxil olan tələbələr
var...
- Yeri gəlmişkən,
bəs əvvəllər vəziyyət necə idi?
- Əvvəllər
universitetimizə daxil olan tələbələrin qəbul
balı 200-250, uzaqbaşı 300 bal həddində, ətrafında
olurdu. Indi isə yuxarıda qeyd etdiyim kimi, artıq bu göstərici
200-250-dən 500-550-yə, hətta 600-yə qədər gəlib
çatıb. İndi universitetimizə daxil olan uşaqlar
bilik səviyyəsinə görə əvvəlki illərlə
müqayisədə daha üstündürlər. Bu da bir daha
onu göstərir ki, Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının fəaliyyəti prinsip etibarilə
düzgün yola istiqamətlənib...
- Sözlərinizdən
belə məlum olur ki, sözügedən qurumun fəaliyyəti,
ümumiyyətlə, test üsulu sizi tam qane edir...
- Bilirsiniz, bu o demək
deyil ki, burada hansısa çatışmayan cəhətlər
yoxdur. Burada da müəyyən mübahisəli məsələlər
ortaya çıxa bilər və bu mümkündür. Ümumiyyətlə,
test nə deməkdir? Test, əslində, insanın - bir gəncin
biliyinin kifayət qədər
formalaşdırılmış şəkildə ifadəsidir.
Bu baxımdan, burada məsələnin bizi qane edib-etməməsi
şəklində qoyulması bir qədər düzgün
deyil. Burada daha çox arzuedilən o ola bilərdi ki, qəbul
prosesi zamanı gəncin test qabiliyyətindən sonra onun duyğu,
hissiyyat qabiliyyətini, ağlının, rasional təfəkkürünün
necə işlədiyini yoxlamaq mexanizmi də olaydı. Tutaq
ki, gənc, abituriyent Mirzə Cəlilin neçənci ildə
anadan olduğunu çox yaxşı bilə bilər və
yaxud ali məktəbə qəbul olunmaq istəyən şəxs
"Kamança" əsəri Mirzə Cəlilin əsəridir,
yoxsa Əbdürrəhim bəy Haqverdiyevin əsəri, buna
düzgün cavab verə bilər. Ancaq "Kamança" əsəri
bu gün bizim üçün nə deməkdir, mənfur
qonşularımız ermənilər üçün nə
deməkdir, eləcə də "Kamança" əsəri
ötən əsrin 18-19-cu illərində hansı rolu
oynayıb, o barədə danışmaq, fikir bildirmək, bu,
artıq başqa bir proseduradır. Və çox istərdim
ki, bizim ali və orta ixtisas məktəblərinə qəbul
prinsiplərimiz nəhayət etibarilə elə müəyyənləşsin
ki, bu, qeyd etdiyim məqamlar da orada öz əksini tapa bilsin.
- Ümumiyyətlə,
siz bir ziyalı və bir ali məktəb rektoru olaraq testin,
test üsulunun saxlanılmasının tərəfdarısınızmı?
- Əlbəttə, tərəfdarıyam.
Bu üsul mütərəqqi bir üsuldur və onu təkmilləşdirmək
şərtilə qoruyub saxlamaq lazımdır. Özü də
ən azından ona görə bu üsulun tərəfdarıyam
ki, ali məktəblərin üzərindən o məsuliyyət
hissi götürülür. Sadəcə, bizə verilən
sifarişi yerinə yetiririk. Sifariş də Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən,
hökumət tərəfindən gəlir.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.-2009.- 27 fevral.-S.2.