Qafqaz Universitetində Xocalı faciəsinin qurbanları
yad edilib
Dünən Qafqaz
Universitetində Xocalı faciəsinin 17-ci ildönümünə
həsr olunan anım mərasimi keçirilib. Mərasimdə
çıxış edən Qafqaz Universitetinin rektoru, professor
Ahmet Sanic xatırladıb ki, 1992-ci il fevralın 25-dən 26-na
keçən gecə Ermənistan Silahlı Qüvvələri
Rusiyanın motoatıcı alayının iştirakı ilə
Xocalı şəhərini işğal edib: "Faciə
zamanı bəzi şəhidlərin başları
qoparılıb, insanlar diri-diri yandırılıb,
qadınlar, körpələr vəhşicəsinə qətlə
yetirilib. Bu faciənin üzərindən illər keçsə
də Azərbaycan vətəndaşları bu dəhşəti
heç vaxt unutmayacaq".
Millət vəkili Məlahət
Həsənova deyib ki, Xocalı soyqırımı ən dəhşətli
və misli görünməyən terror aktıdır:
"Soyqırımı törədənlər Xocalı
sakinlərini misli görünməyən qəddarlıqla
öldürüb, diri-diri yandırıb, gözlərini
çıxarıblar. Bu soyqırım aktı nəticəsində
bəzi ailələr bütünlüklə məhv edilib,
mülki əhali görünməyən qəddarlıqla qətlə
yetirilib, əsir götürülənlərə amansız
işgəncələr verilib. Xocalı erməni təcavüzkarlarının
Azərbaycan xalqına qarşı törətdikləri
növbəti genosiddir. Ermənilərin Xocalıda
günahsız Azərbaycan vətəndaşlarına
qarşı törətdiyi bu cinayətin cəzası isə
çox ağır olacaq"
Xocalı
Soyqırımını Tanıtma İctimai Birliyinin sədri
Səriyyə Müslümqızı bildirib ki, bir
günün içində yer üzündən silinən
Xocalı şəhərini tərk edən 2500 Xocalı
sakinindən 613-ü düşmən gülləsinə
tuş gələrək qətliamın qurbanı olub. Onun
sözlərinə görə, bu soyqırım nəticəsində
63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı
olmaqla- 613 nəfər qətlə yetirilib. O cümlədən,
8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki
valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Düşmən gülləsinə tuş gəlib yaralanan
487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir,
150 xocalılı itkin düşüb.
Tədbirin sonunda Xocalıya həsr
olunan film nümayiş olunub.
525-ci qəzet.-2009.- 27 fevral.- S. 2.