Roman milli poeziya nümunəsi kimi "Vicdan susanda" romanı 30 ildən sonra
Azərbaycanın görkəmli
yazıçısı Vidadi
Babanlının "Vicdan
susanda" romanının
ilk nəşrindən və
onunla tanışlığımdan
təxminən 30 il keçir. Bu yaxınlarda
roman yenidən nəfis
şəkildə işıq
üzü görüb.
Romanı götürüb yenidən oxudum.
"Vicdan susanda" Azərbaycan nəsrinin elə nümunələrindəndir
ki, hələ də oxucu yaddaşındadır.
Bizim milli romanlar bir şeir kimi
yaşanılır, oxunur
və xatırlanır.
Bu
romanın təravəti
nədədir? Klassik roman insan
kimidir, yəni ilk baxışdan ona birmənalı yanaşmaq
olmur. Düşünürəm ki, bunun səbəbi ilk növbədə
poetik təfəkkürün
qanun və prinsipləri ilə qurulmağındadır. Hətta
romantik poeziya təfəkkürümüzdən gələn güclü bir stixiya da
hiss olunur. (müqayisə
et: "Buradan təzə
Bakı başlayırdı.
O necə tamaşalı
idi. Qol-boyun dayanmış uca
binalar, dümdüz, yaşıl xiyabanlar, təmiz, səliqəli meydançalar, bağ-bağçalar
elə bil nur gölünə düşüb üzürdü.
Təzəcə sulanmış
ayna parıltılı
küçələrin, hamar
şəkillərin nəhayəti
görünmürdü...)
"Vicdan susanda" milli nəsrimizin ən poetik örnəklərindəndir. Nəsrin poeziyası ilk növbədə
təhkiyəsində və
bədii detallarda yaşayır. Vidadi müəllimin
nəsrə gətirdiyi
ucuz sentimentallıq, yaxud psevdopoetik ritorika deyil, təbii söyləmə
stixiyasıdır, epos yaddaşının
poeziyasıdır. V.Babanlı milli
landşaftı və
peyzajı dərindən
duyan şairdir. Romandan bir parçanı
sitat gətirəcəyəm:
"Adətən oktyabr
ayının axırına
yaxın aran kəndlərində soyuqlar
özünü yavaş-yavaş
hiss etdirir, gecələr
hava ayazıyır, dan ulduzu doğar
doğmaz çöllərə,
həyət-bacalara qırov
düşür, boz torpağın rəngi bir az da
bozarır. Amma indi günlər
hələ də mülayim keçirdi.
Sentyabr çıxandan bəri üfüqlərdə özünə
daim məskən salıb, tez-tez bütün səmanı bürüyən, bəzən
tam bir həftə gözümün qarasını
sıxan ağır, zəhmli buludların növrağı təzədən
pozulmuşdur. Yaxşı
didilib pilələnmiş
yun kimi çəngə-çəngə olub göyün hər tərəfinə səpələnmişdi..." yaxud: "Cır meyvələri gec yetişən, qışın
sərt şaxtalarınacan
qalan yemşənlər
ətlənib xırdalanmışdı.
Göyəmlər üstündən göy tozunu silib qaralmış, şişib girdələnmişdi.
Qatar-qatar qızılcalar,
xirniklər, turşənglər
orda-burda olub qızarırdı. Buğumlanmış
itburnular, salxımlanmış
iydələr narıncı
rəngə boyanmışdı..."
Əsl peyzaj poeziyası deyilmi? Şəxsən mən mənsur
şeir kimi oxudum.
Onun qəhrəmanları həmişə
genişlik üçün
darıxırlar. Darısqallıqdan, qapalı məkandan genişliyə, açıqlığı,
azadlığa, sərbəstliyə
- küçəyə, meydana
çıxmağa tələsirlər.
Ömürə və məkana
sayğı, məkan
genişliyindən heyrətlənmək
deyərdim ki, qəhrəmanların bioloji
və ontoloji stixiyasıdır.
Roman elm və istehsalat mövzusunda olsa da, təhkiyədə əşya - predmet (istehsalat, laboratoriya qurğuları və s.) dünyası xarakterləri
və situasiyaları anlamağa kömək edir: "Tək ortada uzun, ensiz
dolablarda irili-xırdalı
kolbalar, müxtəlif
formalı menzurkalar, böyük şüşə
balonlar, cihazlar, aparatlar səliqəsiz halda, yığın-yığın
olub qalmışdı.
Lap küncdə qoyulmuş yeganə tumbanın üstündəki
böyük analitik tərəzinin qəhvəyi
qutusu uzun həftələrin, bəlkə
də ayların tozu altında bomboz bozarmışdı.
İçərinin havası da
çox ağır idi. Lağ yumurtanın qoxusunu andıran kəsif bir iy adamı
tezcə vururdu..."
Vidadi Babanlının qəribə yazıçı
kişiliyi var: həmişə qəhrəmanlarını
qorumağa çalışır,
onları bütün
sınaqlardan, məhrumiyyət
və çətinliklərdən
keçirib işığa
çıxartmağa çalışır.
Roman işıqla doldu. Kosmoqonik kodda gerçəkləşən
adların semantikası
(Söhrab Günəşli,
Şölə, Vüqar
Şəmsizadə, Ziya
Lələyev) "işıq"
imkanlarını genişləndirir.
Qəhrəmanlar daim gözəl
qadınların əhatəsindədirlər.
(Lələyev-Şölə, Zöhrab-Zinyət, Vüqar-Arzu...)
Qadın
gözəlliyi süjet
situasiyalarını, kişilərin
davranışını müəyyənləşdirən
mühüm ontoloji-estetik
amildir. Münasibətlər, L.Qumilyonun təbiri
ilə desək, komplimentar (antipatiya-simpatiya)
müstəvi üzərində
qurulur.
V.Babanlı epik təhkiyəni "öləziməyə" qoymur.
Xatirə, nəyisə - kimisə
xatırlama yaddaşı
təzələyir. Hər qəhrəmanın
ömür tarixçəsini
danışmağa, təqdim
etməyə tələsir.
Əslində hər bir yazıçı böyüyüb
başa çatdığı
yerin tarixini danışan kəndli kimidir. İstənilən hekayəçi özünün
şəxsi təcrübəsi
ilə bağlı tarixçəni mənimsəyir.
Və nəticədə oxucu da yeni bir
təcrübə qazanır.
Klassik
roman təhkiyəsinin bir
üstünlüyü də
bəlkə bundadır.
Yazıçı gərək öz
təhkiyəsindən zövq
alsın - Vidadi müəllim bu sıradandır.
Onun təhkiyəsinin kitab - yazı mədəniyyətinin
möhürü basılsa
da; danışıq nitqinin təbiiliyi, "eşidilməsi" mifoloji
təsir bağışlayır.
Ailə söhbətləri romanın
dialoq effektini gücləndirir.
Bu
roman bir daha ailə saqasının mümkünlüyünə işarə
edir. Milli roman ailə - nəsil
tarixindən başlayır.
Ailə dəyərlərin yaşadığı,
toqquşduğu mənəvi
məkandır. Roman məkanında bir neçə ailə mövcud olsa da, əsasən baş qəhrəmanın
- Vüqar Şəmsizadənin
tarixidir və tale sərgüzəştidir.
V.Babanlı üçün ailə-nəsil
dəyərləri dövlət
əsasıdır. Bir çox
dəyərlərin surətlə
aşındığı bir
vaxtda bu cür əsərlərin
yenidən etnik-mədəni
gündəmə gətirilməsi
təqdirəlayiqdir. Klassik romanların
bir gücü də onların mifə dönməsidir.
XX
əsr Azərbaycan insanının mənəvi
obrazı artıq mifə dönmüş bir romanda yaşamaqdadır.
Bu da yazıçı
üçün xoşbəxtlik
deyilmi?
Rüstəm KAMAL
525-ci qəzet .- 2009.- 28 fevral.- S.23.