Əlibala Hacızadə: "Elə bir ömür yaşamışam ki...

 

...BU YAŞDA HƏR KƏSİN GÖZÜNÜN İÇİNƏ DİK BAXMAĞA MƏNƏVİ HAQQIM ÇATIR"

 

Bu yaxınlarda xalq yazıçısı Əlibala Hacızadənin səhhətində problemlər yaranmışdı. Ədib Moskvada uroloji-kardioloji müayinə və müalicədən sonra yenidən sevimli yazı masasının arxasına qayıdıb. "Heykəl gülür", "Unutmaq olmur", "Məhəbbət olmayan evdə", "Cehiz", "Möcüzə", "Pəhləvan", "Təyyarə kölgəsi", "Vəfalım mənim", "Dünyanı tanı" və əsasən gənclərin çox sevdiyi "İtkin gəlin" roman-trilogiyasının müəllifi Əlibala Hacızadənin həm də XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərrux Yəzdiyə həsr olunmuş monoqrafiyası dünya şərqşünaslığında bu böyük şairin həyat və yaradıcılığı haqqında ilk geniş tədqiqat sayılır.

Xalq yazıçısı ilə bugünlərdə görüşdük və ədib ömür yolunun bir sıra maraqlı məqamlarını qəzetimizin oxucuları ilə bölüşdü.

- Əlibala müəllim, indi dönüb uşaqlıq və gəncliyinizə nəzər salanda daha çox hansı məqamları xatırlayırsınız və ən çox nələr sizi təsirləndirir?

- 1935-ci ildə Biləsuvarın Ağalıkənd kəndində dünyaya gəlmişəm. Atam Qüdrət, anam Asya - hər ikisi müəllim olub. Gözümü açandan evdə kitab-dəftər görmüşəm. Ailənin ilki olmuşam. İlk müəllimim də doğma anam idi. Mən birinci sinfə gedəndə artıq Böyük Vətən müharibəsi başlamışdı. Müharibənin başlanması mənim xatirimdə kədərli hadisə ilə qalıb. O vaxt Astraxanbazar adlanan indiki Cəlilabad rayonunda qohumlarımız yaşayırdı. Anam, nənəm, mən və məndən kiçik iki balaca bacım onlara qonaq getmişdik. Atam evə-eşiyə baxmaq üçün və işinə görə evdə qalmışdı. İndiki kimi yadımdadır, iyun ayının sonları idi. Kəndə qayıdanda qapımızı bağlı gördük. Qonşular xəbər verdilər ki, bəs xəbəriniz yoxdur, müharibə başlayıb. Deməli, elə müharibə başlayan gün - iyunun 22-də atam qapımızı qıfıllayıb, açarı qonşuya verib, könüllü şəkildə cəbhəyə gedib. Heç xudahafizləşməyə də macal tapmadıq. 1943-cü ildə atamdan qara xəbər gəldi. Yas saxladıq, atamın qırxını da verdik. Onunla cəbhədə bir yerdə döyüşən müəllim yoldaşlarından biri də xəbəri təsdiqlədi ki, həqiqətən Qüdrət olan səngərə mərmi düşdüyünü gözlərilə görüb. Beləliklə də bizim atasız günlərimiz başladı. Düzdür, anam yaxşı maaş alırdı, eyni zamanda korluq çəkəndə atama aid olan paltarları və sair əşyaları satıb birtəhər dolanırdıq. Yadımdadır, müharibə qurtaran gün sevinclə qaçıb evimizə xəbər verdim ki, müharibə qurtarıb. Amma həmin an da yadıma düşdü ki, müharibə qurtarsa da, mənim atam qayıdıb gəlməyəcək. Yaralı, şikəst əsgərlər bir-bir cəbhədən qayıdırdılar. Anam 1944-cü ildə vəfat etmişdi. Biz üç uşaq nənəmin (atamın anasının) himayəsində yaşayırdıq. Uşaqlığım müharibə illərinə təsadüf edib. Aclıq, sıxıntı içində yaşamışıq. Bir xatirəm xüsusilə ağrılıdır. Bir dəfə nənəm atamın kostyumunu və saatını bazara aparmışdı ki, undan-qənddən alıb gətirsin. Balaca bacılarım acından ağlaşırdılar. Mən də kolxoz həyətinə gedib gördüm ki, dana əti paylayırlar. Mənə çatanda anbardar dedi ki, ay oğul, bir az tez gələydin, ət qurtardı. Kor-peşman qayıdanda gördüm ki, kolxoz binasınını arxasında başı kəsilməyib murdar olmuş bir dana cəmdəyini itlər söküb yeyir. Bu murdar ətin üstündən birtəhər itləri qovdum. İtin nəfəsi dəyməyən yerlərindən ovuclarım dolusu bacılarım üçün ət yığdım və Əzizbəyov kanalında buzu qırıb yumaq üçün əlimdəki əti ora salladım. Buzun altı ilə gedən su axını əti əlimdən alıb apardı. Əlimi boş görəndə məni ağlamaq tutdu. Elə ağlaya-ağlaya da bağımızın yanına gəlib çatdım, gördüm həyətimizdən tüstü qalxır. Sən demə, nənəm şənbə bazarında atamın kostyumunu və saatını iki kasa una dəyişib, gəlib çörək bişirməyə başlayıbmış.

Müharibə qurtarandan bir müddət sonra bir gün nənəm yuxudan durub qonaq qarşılamağa hazırlaşırmış kimi həyəti süpürməyə başladı. Mənə də dedi ki, Əlibala, samovarı tap, od salaq, çay qoyaq. Müharibə başlayandan samovar çayı içməyi çoxdan yadırğamışdıq. Hələ maraqlı idi ki, o dava illərində nə yaxşı o samovar gözdən yayınıb satılmamışdı? Soruşdum ki, ay nənə, samovarı neynirik, qonağımız gəlir? Nənəm cavab verdi ki, atan gəlir. O saat ürəyimə gəldi ki, yəqin nənəmin dərddən başı xarab olub, oğlu ölən analar belə olur. Atamın qara kağızını, axı, öz gözüylə görmüşdü. Nənəm hətta qapımızdan çölü də süpürməyə başladı. Qonşumuz Əli kişi yolla keçəndə bunu görüb soruşdu ki, ay qonşu, nə olub, özünə əl qatmısan, qonağın gələcək? Nənəm dedi ki, Qüdrət gəlir. Əli kişi başını bulaya-bulaya uzaqlaşdı. Yəqin o da mənim kimi qarının havalandığını zənn etmişdi. Aradan heç iki saat keçməmiş həmin Əli kişinin mənimlə həmyaşıd oğlu qaça-qaça gəldi ki, Əlibala, muştuluğumu ver, atan gəlir. İnanmadım. Heç qaloşumu da geyinməyə səbrim çatmadı, ayaqyalın kanalın üstünə qaçdım, gördüm həqiqətən də atam qayıdıb. Qucaqlaşıb-öpüşdük.

Nənəm bir müddətdən sonra atamı ikinci dəfə evləndirmək üçün dilə tutdu. Atam əvvəlcə razı olmadı. İki il anamın xatirəsinə sadiq qaldı. Ancaq sonralar nənəmin kiçik uşaqların qayğıları ilə bacarmadığını görüb, 1947-ci ildə Sərvinaz adlı dul qadınla evləndi. "Analıq" adlansa da, bu qadından analığa xas əzazillik görmədik. 50 il bizim evdə qaldı, ana kimi oldu bizə. Allah rəhmət eləsin. Əziyyətlərimizə dözdü, qayğımızı çəkdi. Nizami Gəncəvinin 800 illiyinin keçirildiyi ərəfədə dünyaya gələn qardaşımın adını da mən qoydum - Nizami. Bu uşaq bir yaş üçaylıq olanda, atam 35 yaşında vəfat etdi. Sonralar mən universitetdə oxuyanda nəsil şəcərəmizi araşdırdım, həm babamın, həm atamın dördüncü övladı dünyaya gələndən sonra 35 yaşında dünyasını dəyişdiyini öyrəndim. Bəlkə də bu həqiqəti bildiyimdən sonralar ailə quranda üç uşaqla kifayətləndim. Və bəlkə də nəslimizin bu gizli şifrəsini açdığım üçün öz ömrümü uzatmış oldum. Atam kəndimizdə tək-tük adamlardan idi ki, öz "Yasin"ini qulaqları ilə eşidib dünyasını dəyişdi. Deyilənə görə, bu yalnız əməlisaleh adamlara qismət olur.

Bakıya sənəd vermək üçün gələndə nənəm bərk-bərk tapşırdı ki, bax, həkimliyə girərsən ha... Ona söz verdim, ancaq gəlib universitetin şərqşünaslıq fakültəsinə daxil oldum. Fars dilini dərindən öyrənmək əsas arzum idi.

- İndiki ədəbi mühitdə baş verənlər gəncliyinizdəki ədəbi proseslərdən nə ilə fərqlənir?

- O zaman ədəbi mühit sakit, təmkinli idi. Böyüyün böyük yeri vardı, kiçiyin kiçik yeri. Yazıçılar Birliyinin nüfuzu da çox böyük idi. Onda dövlətin verdiyi qonorarın puluna maşın almaq, yaxşı yaşamaq olurdu. Hökumət evi olmayan yazıçılara ev verirdi. Otuz faiz güzəştlə yazıçılar istirahətə yollanırdılar. Doğrudur, indi dövlətin qayğısı ilə Yazıçılar Birliyinin həmin nüfuz və hörməti artıq özünə qayıdır. Amma indiki ədəbi mühitdəki gənclər bir az ədəb-ərkanı unudublar. Bir hadisəni danışmaq istəyirəm: məşhur yazıçı Əbülhəsənə povestimi oxuması və çap etməsi istəyilə vermişdim. Gedib-gəlirdim, cavab verirdi ki, hələ oxumamışam. Axırda bezdim və yoldaşlarım da məni qızışdırdılar ki, sən çox zəif adamsan, niyə haqqın üçün mübarizə aparmırsan? "Müharibə qurtamır" adlı, 60-cı ildə yazdığım o povesti Əbülhəsəndən geri almaq üçün dostlarımın təhriki ilə Yazıçılar Birliyinə gəldim ki, necə deyərlər, onun abrını ətəyinə büküm. Girdim Əbülhəsənin otağına. Dedi, buyur, bala. Soruşdum ki, Əbülhəsən müəllim, povestimi oxudunuz? Cavab verdi ki, yox. Dedim, Əbülhəsən müəllim, mənim povestimi, zəhmət olmasa, qaytarın, siz yaxşı adam deyilsiniz.

Yazımı götürüb çayxanada məni gözləyən dostlarımın yanına qayıtdım və Əbülhəsənin abrını ətəyinə bükdüyümü dedim. Dostlarım mənim dediyim sözə güldülər və dedilər ki, əcəb də abrını ətəyinə bükmüsən, orda nə var ki? Amma indiki cavanlar çoxdan bütün sərhədləri keçiblər. İndi onlar gəlib deyə bilərlər ki, sən əclafsan və sairə. Düzdür, ərkanını gözləməyən həmin gənclərin içərisində istedadlıları da az deyil, amma ədəbsizlikləri istedadlarını kölgədə buraxır. Onların bu yoldan çəkinmələrini məsləhət görərdim. Yaxşısı budur ki, şair, yazıçı başını aşağı salıb əsərini yazsın. İstedadlını əvvəl-axır tanıyacaqlar, dəyər verəcəklər. İndiki cavanlar bir şey eləməmiş ad, təqaüd, imtiyaz davası döyürlər. Amma unudurlar ki, əvvəlcə ədəbiyyat naminə bir iş görmək, sonra nəsə istəmək lazımdır.

- Siz "Təyyarə kölgəsi", "Vəfalım mənim" kimi romanlarınızla elmi mühitin sadə adamlar üçün qaranlıq olan tərəflərini açmaqla ədəbiyyatımızda yenilik etmisiniz. Lakin oxucular sizi Əfqanıstanla bağlı yazdığınız "İtkin gəlin" roman-trilogiyasına görə daha çox tanıyıb sevirlər. Bu gün dünyanın qaynar nöqtələrindən hesab olunan Əfqanıstan sizin yaddaşınızda daha çox hansı hadisələrlə qalıb?

- Doğru deyirsiniz, bu əsərim oxucular tərəfindən daha çox sevilib. Hətta mənim qəhrəmanlarımın adını öz övladlarına qoyan çox sayda adam tanıyıram. Amma həmin əsərin əsas süjeti hələ Əfqanıstana getməmişdən yaranıb. Universitetdə oxuyarkən bir-birinin həm qardaşı, həm də əmisioğlu olan iki nəfər tanıyırdım. Amma o vaxtlar belə məsələlər çox açılıb-ağardılmazdı. Sonralar mən Əfqanıstanda tərcüməçi işləyəndə qardaşının arvadı ilə evlənməyin orada adi hal olduğunu gördüm. Əfqanıstanda, islama uyğun olaraq, dörd arvad almaq da adi bir hal idi. Əfqanıstan çox kasıb ölkədir. Orada evlənmək çox bahadır, qız üçün verilən başlıq pulunun miqdarı yaman çoxdur. Buna görə gənclərin çoxu evlənə bilmir. Kasıblıq ucbatından Əfqanıstanda evlənə bilməyən, 70-80 yaşına çatmış çox sayda kişilər gördüm Əfqanıstanla bağlı gülməli bir əhvalat danışmaq istəyirəm. Sovet əsgərləri əfqanlara paraşütlə tullanmaq öyrədirdilər. Mən də onların dediklərini tərcümə edirdim. Əfqan əsgərlərindən biri gəldi ki, əgər paraşütüm açılmasa, mənə yenisini verəcəksinizmi? Sonralar bu əhvalat lətifəyə çevrildi.

- 74 yaşı qatlayıb dizinizin altına qoymusunuz. Yaşadığınız ömür sizi qane edirmi?

- Mən ömrüm boyu təmənnasız yaşamışam. Qonorar davası da döyməmişəm. Tapdığıma "Allah bərəkət versin" demişəm. Heç bir intriqaya qoşulmamışam. Ədəbiyyata quzu kimi gəlmişəm, 50 il ədəbi aləmdə sakitcə yazmışam, yəqin ki, günlərin birində sakitcə də çıxıb gedəcəyəm. Heç kəsdən heç nə ummamışam. Ümumiyyətlə, həyatda nə istəmişəmsə, Allah verib - gec olsa da. Tanrı məni sınaqlardan keçirəndən sonra istədiklərimin ən yaxşısını bəxş edib. Açığı, həmişə arzulayırdım ki, 50 ildə ərsəyə gətirdiyim əsərlərimi küll halında çap etdirim. Təbii ki, buna mənim özümün maddi imkanım çatmazdı. Var olsun yaxşı insanlar. Ziyalı Gülhüseyn Əhmədovun və hazırda Moskvada yaşayan xeyriyyəçi Gülağa Tənhanın maddi köməkliyilə oncildliyim çap olundu. Həmin cildlərdə indiyədək çap ollunmamış şeir və hekayələrim də yer alıb. İndi "Son hekayələr" silsiləsi üzərində çalışıram. Əsərlərimin ədəbiyyatda qalacağına inanıram, çünki sovet ideologiyasından yox, ümumən insan problemlərindən yazmışam. Təmiz yaşamışam, pislik eləməmişəm. Heç kəsə əyilməmişəm, özümü də heç kəsdən artıq bilməmişəm. Elə bir ömür yaşamışam ki, bu yaşda hər kəsin gözünün içinə dik baxmağa mənəvi haqqım çatır. Bir qarışqanı da tapdalamağa ürəyim gəlməyib. Mən həmişə insanları, oxucularımı sevmişəm və inanmışam ki, onlar da məni sevirlər. Bəlkə də məni elə bu sevgi indiyəcən yaşadıb, ağır xəstəliyin də öhdəsindən gəldim. Yaşadığım həyata nəzər salanda özümdən çox razı qalıram. Oxucu sevgisi qazanmışam, gözəl ailəm var, yaxşı uşaqlar tərbiyə eləmişəm. Necə deyərlər, ömrümü yelə verməmişəm.

  

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet .- 2009.- 28 fevral.- S.22.