Sirri içində
Mif bəşərin mədəni
başlanğıcıdı və milli mədəniyyətlərin
möhtəşəmliyi bu Başlanğıcı içindən
nə qədər keçirə bilməsindədi. Təsadüfi
deyil ki, böyük ədəbiyyatın, xüsusən, antik
dövrə məxsus ölməz əsərlərin
mayasını dünya mifoloji sistemi təşkil edirdi. Sonrakı
mərhələlərdə də bədii təfəkkür
mifik təfəkkürlə qan qohumluğunu müxtəlif
formalarda qoruyub saxladı; mifoloji sistem mətndə
açıq iştirak etməsə də, mətnin milli
müəyyənlik işarəsi kimi alt qatdakı laylardan
birində qalmaqda davam etdi.
Bəs Azərbaycan ədəbiyyatında
necə?
Əksər ədəbi
nümunələrdə bilincaltı mif ünsürlərinə
rastlansa da, ədəbiyyatımız ötən əsrin əvvəllərindən
ikinci yarısına qədərki dövrdə, mifoloji sistemdən,
demək olar ki, yan keçmişdir. Yalnız 60-cı illərdən
etibarən dialektik əlaqə bərpa olundu və "Qətl
günü" (Yusif Səmədoğlu), "Yaxşı
padşahın nağılı", "Ağ qoç, qara
qoç" (Anar), "Mahmud və Məryəm"
(Elçin), "Köç" (Mövlud Süleymanlı)
kimi gözəl əsərlər yaranmağa başladı.
Yazıçı,
dramaturq, şair Kamal Abdulla isə əlahiddə
yazıçıdır ki, onun bütöv
yaradıcılığı mifoloji sistem üzərində
dayanır. "Ruh", "Kim dedi ki, Simurq quşu var
imiş", "Yağışlı gecələr" ,
"Elə bil qorxa-qorxa" pyesləri, "Qərar",
"İlişin qayıtmağı", "Çəngəl
çiçəkləri", "Gülü qah-qah
xanımın nağılı" hekayələri, nəsr
yaradıcılığında mərhələ olan
"Yarımçıq əlyazma" , "Sehrbazlar dərəsi"
romanları... bilavasitə Başlanğıca- mif sisteminə
bağlıdır və bu sistem onun
yaradıcılığını ümumi ədəbiyyatdan
fərqləndirən başlıca xüsusiyyət olmaqla,
Markes, Xuan Rulfo, Borxes kimi Latın Amerikası yazarları ilə
bir müstəviyə çıxarır.
Kamal Abdulla bu
yazıçılardan ən çox Xorxe Luis Borxesə
yaxındır. Markeslə, yaxud, Xuan Rulfoyla onu qaynaqlar, yəni,
mif sistemi yaxınlaşdırırsa, Borxeslə həm də
digər paralellər (nəsr, poeziya, esseistika, fəlsəfə,
elmi-nəzəri təfəkkür qohumluğu və s.)
yaxınlaşdırır. Yazıçı, şair, esseist,
mütəfəkkir - tənqidçi Borxes həm də dahi
"texnar" və "təxribatçı" idi. O bilərəkdən
ona qədərki mövcud ədəbi dilin strukturuna
müdaxilələr edir, janrları sintetikləşdirir, ənənələrdən,
doğmalaşmış ədəbi vərdişlərdən
imtina edərək öz sistemini ortaya qoyurdu. Qısa desək,
Borxes elmi-nəzəri tezislərini bədii
yaradıcılığında tətbiq edirdi və onun
yaradıcılığı ədəbiyyatla ədəbi təlimin
məcmusu idi. Oxşar ədəbi strategiya Kamal Abdullaya da
xasdır və Borxesin Latın Amerikası ədəbiyyatında
gördüyü işi o, müasir Azərbaycan ədəbiyyatında
görür.
Böyük simpatiya bəslədiyi
dahi sələfində olduğu kimi, Kamal Abdulla
üçün də mif ikinci dünyadır və o, həmin
irreal dünyadan bir açar, kod kimi istifadə edərək
real dünyanın mübhəmliklərini çözür. Və
bu onun elmi-nəzəri tədqiqatlarında da belədir, bədii
yaradıcılığında da. Yəni, Təpəgöz
mifini "Kitabi- Dədə Qorqud" eposu
araşdırmalarında hansı məqsədlə dövriyyəyə
qoşursa, ikixətli "Yarımçıq əlyazma"
romanında Dədə Qorqudla bağlı təxribatçı
versiyaları, eləcə də Şah İsmayılın
Çaldıran döyüşündə yoxa
çıxması mifini də eyni niyyətlə dövriyyəyə
qoşur. Kamal Abdullaya görə, mif Böyük Dairənin
ilkin həlqəsidir və o axtarışa da ilkin həlqədən
başlayır, sirri, sualın cavabını bu kök üzərində
araşdırır. Bir məsələni də qeyd edək
ki, Kamal Abdulla mifə o halda müraciət edir ki, qoyulan
suallara tarix cavab verə bilmir. Siyasi tariximizin böyük
şəxsiyyətlərindən olan Şah İsmayıl Xətai
ilə bağlı suallara cavab verə bilmədiyi kimi.
"Yarımçıq
əlyazma"ya qədər Şah İsmayıl haqqında
bir neçə roman yazılıb. "Bakı-150" (Əzizə
Cəfərzadə), "Xudafərin körpüsü" (Fərman
Kərimzadə), "Qızılbaşlar" (Əlisa Nicat)
adlı bu romanların mötəbər müəlliflərinə
sayğılar bildirməklə yanaşı qeyd etmək istərdik
ki, tabu sındırılmadığına görə həmin
əsərlər nağıl-dastan informasiyasından
qabağa gedə bilmir və bu səbəbdən Şah
İsmayılın şəxsiyyətindəki ikiləşmə
yenə sirr olaraq qalır. "Şübhədən həqiqətə"
konsepsiyasına əsaslanan "Yarımçıq əlyazma"
isə miflə tariximizin harmoniyasında Həqiqəti üzə
çıxarmaq yolunda ciddi bir addımdır və bu, məhz
tabunu sındırıb mifi axtarışa qoşmaq sayəsində
mümkün olmuşdur.
Kamal Abdullanın
yaradıcılığında mif bir neçə formada təzahür
edir. Lakin yazımızın əsas predmeti hekayələr
olduğu üçün təsnifatı bu janr üzrə təqdim
edirik;
1. Klassik əsərlərdəki
mif motivlərindən interpretasiya: Şekspirin "Hamlet"
faciəsində Hamletin atasının kölgəsi və
"Qərar" hekayəsində cəllad Məmmədqulunun
atasının, "İlişin qayıtmağı" hekayəsində
İlişin kölgə-ruhları. Homerin "İliada"
və "Odisseya" dastanları və "Parisin
seçimi" hekayəsində Troya müharibəsinin mifik səbəbkarları;
2. Mif sistemi: Yunan
mifolojisindəki Heraklın ölüm tanrısı Tanatla
döyüşərək dostunun arvadını yenidən həyata
qaytarması və "Son gəliş" hekayəsindəki
(daha öncə isə bu mifə yazıçının
dramaturgiyasında- "Yağışlı gecələr"
pyesində rast gəlirik) oxşar versiya. Yenə həmin mənşədən
"Narsis" mifi və "Çəngəl çiçəkləri"
hekayəsində adamların çiçəyə
çevrilməsi;
3. Folklor sistemi:
"Gülü qah-qah xanımın nağılı"
hekayəsində Div əsatiri və sair.
Qeyd
olunduğu kimi, adı çəkilən mətnlərdə
mif bəzən motiv kimi ("Qərar", "İlişin
qayıtmağı") , bəzən də bütün
atributları- rudiment, arxetip və mifik təhkiyə sistemi ilə
( " Son gəliş" , " Çəngəl
çiçəkləri" , "Gülü qah-qah
xanımın nağılı") iştirak edir.
Mifin tipologiyasına gəldikdə,
Kamal Abdulla əsasən kosmoqonik miflərə (Zevs, Tanat,
Herakl, Afrodita, Afina, Hera və s.) müraciət edir. Zaman
planında isə əksər hekayələrini
işıq-qaranlıq başlanğıclarını simvolizə
edən təqvim miflərinin ünsürləri (gecə, səhər
və s. ) müşayiət edir. "Səhər
ağır-ağır açılmaq istəyirdi" ("Qərar")
, "Səhər artıq açılıb
qurtarmışdı" ("İlişin
qayıtmağı") , "Naqquli vadisinə
yavaş-yavaş axşam düşürdü"
("Gülü qah-qah xanımın nağılı"). Və
təsadüfi deyil ki, cəllad Məmmədqulunun Pərinisəni
öldürməsi də, İlişin sərgərdan ruhunun
dəfn olunması və digər qaranlıq əməllər
də gecə baş verir.
Ümumiyyətlə
götürdükdə, bu mətnlər, istər
söz-söz, ifadə-ifadə, istərsə də vahid tam
halında mif məntiqinə tabedir. Məhz mif məntiqiylə
yanaşanda "Qərar" və "İlişin
qayıtmağı" hekayələrində
rastladığımız, ilk baxışda adi təsir
bağışlayan Qarağac göz önündəcə dəyişərək
sakral status qazanır.
Birinci hekayədə
qarağac diridir, yaşıldır, kölgəlidir. İkincidə
isə atası ölüsünü torpaq da götürməyən
İlişin ruhuna qəbir qazarkən qarağac
çürük kötük kimi torpağın altından
çıxır.
Hər iki halda
Qarağac mifik obrazdır, o, gövdəsiylə
işıqlı, kökləriylə qaranlıq
dünyanı simvolizə edərək bir-birinə zidd aləmləri
birləşdirən Dünya Ağacıdır. Və bu
Ağacın diri, yaşıl qalması, yaxud, quruyub məhv
olması insanın əməllərindən
asılıdır.
Ədəbiyyatşünas
Rüstəm Kamala görə, "... Kamal Abdullanın əsərləri
miflə başlayıb miflə də qurtarır."
Bizim fikrimizcə, mif
Kamal Abdullanın ədəbi strategiyasında bir platsdarm vəzifəsini
yerinə yetirir, bununla belə, onun bədii-estetik
iyerarxiyasını bütünlüklə mif təyin etmir. Bu
kökünü ilkin mənşədən götürərək
məcrasında dünya kulturoloji düşüncəsinin ən
müxtəlif qollarını birləşdirən
çoxqatlı bir yaradıcılıqdır. Yazıçının
əsərlərinin əsasında mifoloji sistemlə bərabər,
postmodernist ("Yarımçıq əlyazma") , təsəvvüf
( "Sehrbazlar dərəsi"), sürrealist (
"Adaşlar") , fantastik (" Dəvə
yağışı") və digər elmi-nəzəri, fəlsəfi
təlimlərin dayanması da bunu təsdiqləyir.
Yeri gəlmişkən
qeyd edək ki, sürrealist planda işlənmiş
"Adaşlar" bu estetikanın müasir nəsrimizdəki
gözəl nümunələrindəndir. Yüksək sənətkarlıq
keyfiyyətlərinə görə bu hekayə 60-cı illər
nəsrinin görkəmli nümayəndələri Anarın
"Qırmızı limuzin" və Elçinin "Qatar. Pikasso.
Latur. 1968." hekayələri ilə bir trio təşkil
edir.
"Qırmızı
limuzin"də əcəlin cilvəli bir donda insanı izləməsi,
"Qatar. Pikasso. Latur. 1968."- də sənətin ecazkar
gücü təsvir olunur. "Adaşlar"ın
konsepsiyasını isə hekayənin əvvəlində
yazıçı özü belə izah edir: "Bizim
yaşadığımız və
tanıdığımız dünya öz mövcudluğunda
tək deyil. Onunla bərabər, ona qismən bənzər digər
dünyalar da sonsuz fəzada mövcuddurlar. Hətta bizim hər
birimiz o biri paralel dünyalarda tamam başqa-başqa tərzlərdə
öz yaşamağımızı davam etdiririk."
Bəs yaddaş necə,
paralel dünyalarda başqa-başqa tərzlərdə
yaşamağa davam edən insanın yaddaşı da onunla qalırmı
və qalırsa, bu halda təkrarlanma baş vermir ki? Bu
metafizik suallar ətrafında zikrlə
yazıçının digər əsərlərində-
"Xaron, mərhəmətli Xaron" və "Gülü
Qah-qah xanımın nağılı" hekayələrində
rastlaşırıq.
Ümumiyyətlə,
Kamal Abdullanın bədii-fəlsəfi həllini
çözdüyü əksər ideyalar metafizik səciyyəlidir.
Hər şeyin özünə qayıtması ideyası da
onu zaman-zaman maraqlandıran ideyalardandır və
yazıçı bu ideyanı əvvəlcə "Qərar"
hekayəsində, sonra "Elə bil qorxa-qorxa" pyesində,
nəhayət, "Sehrbazlar dərəsi" romanında izləyir.
"Qərar"da bu
ideya iki paralel situasiya üzrə- Nifrətdən Eşqə
qayıtmaqla insanın özünə dönməsi və Əməlin
bumeranq kimi onu törədənin özünə
qayıtması planında şərh olunur. Saysız-hesabsız
başlar kəsib qanlar tökən, "nə incə, birdəfəlik
boynu var bunun"- deyərək aşiq olduğu qadına belə
öncə peşə nəzəriylə baxan cəllad Məmmədqulunun
özünəqayıdışında Eşq insanda
insanı oyadan meditasiya funksiyası daşıyır.
Əməlin
qayıdışı isə Fövqəl Dairədə
nizamlanır. Cəllad Məmmədqulu vaxtilə şahın əmriylə
bir nəslin başını kəsmiş və o nəsildən
yalnız ikiyaşlı bir körpə qalmışdı. Zaman
keçir, ox fırlanıb geri qayıdır; əvvəlcə
cəllad Məmmədqulunun oğulluğu şah tərəfindən
qətl olunur, sonra isə özü havalanıb sevimli
arvadını öldürərək yoxa çıxır. Ondan
nişanə kimi südəmər bir oğlan
uşağı qalır ki, "Sehrbazlar dərəsi"
romanında həmin uşaq karvanbaşı kimi zühur edir. Lakin
karvanbaşı da qurbandır. Şahdan atasıyla
qardaşının intiqamını almaq istərkən
arvadı da, özü də həlak olur və körpə
oğlunu Səyyah Sehrbaz cübbəsinin altında gizlədib
qaçırmaqla xilas edir. Yalnız bundan sonra Dairə
qapanır və sirrin sehri açılır.
Kamal Abdullaya görə,
hər şeyin sirri öz içində gizlənir. Bizim
fikrimizcə, onun mif sehrli yazıçı sirri də öz
içindədir.
Bəsti Əlibəyli
525-ci qəzet.- 2009.- 28 fevral.- S.20.