Moskva Dövlət
Universitetinin Bakı filialının rəsmi açılışı olub
PREZİDENT İLHAM ƏLİYEV BU TƏHSİL
OCAĞININ YARANMASININ AZƏRBAYCAN-RUSİYA MÜNASİBƏTLƏRİNDƏ
MÜHÜM ƏHƏMİYYƏTƏ MALİK OLDUĞUNU
BİLDİRİB
Dünən prezident
İlham Əliyevin iştirakı ilə Mixail Lomonosov adına Moskva
Dövlət Universitetinin
(MDU) Bakı filialının
rəsmi açılış
mərasimi keçirilib.
Mərasimdə millət
vəkili, Heylər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Bakıda səfərdə olan Rusiya Prezident Administrasiyasının rəhbəri
Sergey Narışkin, Rusiyanın
təhsil və elm naziri Andrey Fursenko,
MDU-nun rektoru Viktor Sadovniçi,
Azərbaycanın Rusiyadakı
və Rusiyanın Azərbaycandakı səfirləri
Polad Bülbüloğlu
ilə Vasili İstratov və başqa şəxslər
iştirak ediblər.
Öncə Filialın
rektoru, professor Nərgiz Paşayeva qonaqları tədris
ocağı ilə tanış edib.
Açılış mərasimində
çıxış edən prezident İlham Əliyev Azərbaycanda
daha bir ali təhsil ocağının açılmasından
şad olduğunu, filialın ölkədə aparıcı
universitetlərdən birinə çevriləcəyinə
inandığını bildirib. Dövlət
başçısı açılış mərasimində
Rusiya Prezident Administrasiyası rəhbərinin, təhsil və
elm, energetika nazirlərinin və MDU-nun rektorunun
iştirakından çox məmnun olduğunu deyib. Bu
filialı Azərbaycanda yaratmaq ideyasının hələ bir
neçə il əvvəl meydana
çıxdığını qeyd edən prezident MDU-nu
Rusiyanın ən qabaqcıl ali təhsil ocağı
adlandırıb. O bu ideyanın Rusiya tərəfindən dəstəkləndiyini,
Rusiya rəhbərliyi ilə keçirdiyi görüşlərdə
bu məsələni müzakirə etdiyini söyləyib. İ.Əliyev
bu filialın açılmasının Azərbaycan-Rusiya əməkdaşlığının
inkişafında mühüm əhəmiyyət kəsb
etdiyini vurğulayıb: "Bu bizim münasibətlərin
yüksək səviyyədə olmasının, Rusiyanın
Azərbaycana diqqətinin göstəricisidir. Biz də öz
növbəmizdə təhsil ocağına dövlət dəstəyi
göstərəcəyik".
Ölkə prezidenti ali
təhsil ocağının binasının müasir tələblərə
cavab verdiyini söyləməklə yanaşı, əsas məsələnin
burada təhsilin səviyyəsinin MDU-nun standartlarına cavab
verməsi olduğunu diqqətə çatdırıb.
Sergey Narışkin
filialın açılmasını iki ölkənin həyatında
mühüm hadisə olduğunu bildirib: "Bu, MDB məkanında
da vacib hadisədir. Xüsusən o baxımdan ki, bu il MDB-də
Gənclər İli elan olunub". O, filialın
açılmasında həlledici roluna və rus dilinə diqqətlə
yanaşmasına görə prezident İlham Əliyevə
minnətdarlığını bildirib: "Azərbaycanda rus
dilinə böyük diqqət yetirilir. Moskva Dövlət
Universitetinin Bakı filialı ölkələrimiz arasında
strateji tərəfdaşlıqda növbəti
körpüdür".
MDU-nun rektoru Viktor
Sadovniçi isə filialı açmaq ideyasının belə
tezliklə reallaşmasını "möcüzə"
adlandırıb: "Moskva Dövlət Universiteti bu işdə
prezident İlham Əliyevin səylərini çox yüksək
qiymətləndirir. Universitetimizin professorları məmnuniyyətlə
Bakı filialında dərs deməyə gəlirlər".
Filialın rektoru Nərgiz
Paşayeva tədris ocağının yaranmasına göstərdikləri
yardıma görə Azərbaycan və Rusiya rəhbərliyinə
minnətdarlığını bildirib.
Mərasimin sonunda
S.Narışkin Azərbaycan və rus xalqları arasında
dostluq münasibətlərinin inkişafında xidmətlərinə
görə Nərgiz Paşayevaya "Roszarubejsentr"in Fəxri
Nişanını təqdim edib.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2009.- 28 fevral.- S.2.