Bizdən qabaqda
yol gedən Adam
(Əvvəli ötən sayımızda)
"Gənclik"
jurnalının fəaliyyətə başladığı
1988-ci illə ondan əvvəlki illərin mətbuatını
müqayisəli izləsək, Azərbaycan mətbuatına bu
dərginin necə böyük təsiri olduğu
açıqca görünər. Doğrudur, o biri mətbuat
orqanları "Gənclik"in cəsarətini təkrar etməyə
qorxurdular, amma rubrikalar, mövzunun seçilməsi
baxımından çox şeyi iqtibas edirdilər. Jurnal,
ölkədə hələ latın əlifbasına
keçməyə hazırlıq görüldüyü, yəni
Təhsil Nazirliyinin gözləmə mövqeyində
olduğu bir vaxtda beş yüz mindən artıq bir tirajla
"Əlifba" və "Oxu" kitablarını
yayınladı və azərbaycanlı balalara hədiyyə
etdi. Bir neçə il məktəblərdə o kitablardan dərs
vəsaiti kimi istifadə olundu.
Tam məsuliyyətlə
deyə bilərəm ki, "Gənclik" tamamilə fərqli,
azad, demokratik üslubu, oxucularını maarifləndirəcək
keyfiyyətli yazı mədəniyyəti ilə XX əsrin
sonunda Azərbaycan mətbuatını formalaşdıran, ona
yeni anlamlı məzmun və istiqamət verən ədəbi
hadisə idi. Atamın uzun gecələr boyu yuxusuna qıyaraq,
jurnala gələn saysız-hesabsız oxucu məktublarını
səbrlə oxuduğunun canlı şahidiyəm. Çünki
bizə kağız yığını kimi görünən
yüzlərlə məktubun hər birinin arxasında həyəcanla,
ümidlə jurnala göndərdiyi yazısını "Gənclik"in
səhifələrində görmək istəyən qələm
sahibinin durduğunu bilirdi. O, üzünü belə görmədiyi,
tanımadığı, Azərbaycanın uzaq dağ kəndlərindən,
SSRİ-nin müxtəlif bölgələrindən şeir,
hekayə göndərən yüzlərlə istedadlı qələm
sahibinə jurnalın səhifələrində ilk dəfə
çıxış etmək şansını verirdi. Bu
günün bir çox tanınmış jurnalisti "Gənclik"dəki
tribunadan ilk dəfə söz demək, səsini eşitdirmək
imkanı əldə edib. Bir dəfə atam müsahibələrinin
birində bu barədə gözəl demişdi: "Gənclik"ə
gələn məktublara mən 25 il bundan əvvəl uzaq
dağ kəndindən Bakıya redaksiyalara göndərdiyim və
yolunu səbrsizliklə gözlədiyim, amma cavab
almadığım, özümün özümə göndərdiyim
məktublarım kimi baxıram..."
Azadlıq mövzusu
M.İsmayılın şeirlərindən hər zaman
qızıl bir xətt kimi keçib. Sovet rejiminin
çökəcəyini o, hələ 1965-ci ildə
yazdığı bir şeirdə sətiraltı mənalarla
dilə gətirmişdi. Burada bağça uşaqları
Sovet İttifaqına daxil olan respublikaların obrazı idi:
Bağça
uşaqları
durna
qatarı
Yapışmışlar
bir-birindən
Düzülüblər
lələk-lələyə,
ətək-ətəyə.
Hələlik
iradələri böyüklərin əlində
Qarışıb
bir-birinə
dilləri,
rəngləri,
bəlkə
də ürəkləri...
Onların
bu birliyi
yaşıl
işıq yandırır,
maşınları
dayandırır.
Bəlkə
ordular da dayanar
bu birliyin önündə,
kim bilir.
Amma
Qəribə bir sual oyanır məndə:
Görəsən, böyüyəndə necə?
Böyüyəndə, böyüyəndə?..
Şeirdəki sualın
cavabı 27 ildən sonra hər kəsə məlum oldu... Atam
Moskvada Ali Ədəbiyyat Kurslarında oxuyanda artıq sovet
rejiminin iflasa uğrayacağını hiss etmişdi. 1983-cü
ildə Yaradıcı Gənclərin Ədəbi Birliyinin sədri
olanda gənc şair və yazıçılara çəkinmədən
bunu söyləyirdi. Onlar bunu indi də etiraf edirlər.
Öncə qeyd etdiyim kimi, mənə də dəfələrlə
bu barədə demişdi. Bu, onda dəfələrlə
müşahidə etdiyim önsezmə duyğusunun ifadəsi
idi.
Yaxşı
yadımdadır, 1988-ci ildə erməni-daşnaklar dövlətimizi
və xalqımızı məlum Dağlıq Qarabağ
konfliktinə cəlb etdilər. Düşmən hiyləsinə,
hər zaman olduğu kimi, yenə də hazırlıqsız
yaxalandıq... O zamanlar Azadlıq meydanında ardı-arası
kəsilməyən mitinqlər gedirdi. Atam vətənini sevən,
onun təəssübünü çəkən biri olaraq,
sözsüz ki, bu proseslərdən kənar qala bilməzdi. Bu
mitinqlərdə fəal iştirak edirdi. Halbuki əlində bəhanəsi
vardı, komsomolun orqanı olan "Gənclik" -
"Molodost" jurnallarını onsuz da xalqın azadlıq
ruporuna çevirmişdi. Və mitinqlərə qatılan gənclərin
bir çoxu məhz o jurnalların verdiyi cəsarətlə
meydana qorxusuz-hürküsüz gedirdilər.
1989-cu ildə Kirov
adına siyasi maarif evində Dağlıq Qarabağ hadisələri
ilə bağlı ziyalıların toplantısı
keçirilirdi. Canlarından hələ də sovet hakimiyyətinin
qorxusu çıxmamış ziyalılar durub tərəddüdlə
və cəsarətsiz danışırdılar. Atam orda buna
dözməyərək çox sərt bir
çıxış eləmişdi. Ümumiyyətlə,
onun həqiqəti, nə qədər acı da olsa, birbaşa
söyləmək və həm də çəkinmədən
sərt bir şəkildə söyləmək adəti
çoxlarını ona düşmən etmişdi.
1990-cı ilin faciəli
19 yanvar gecəsi xalqımızın keşməkeşli
tarixinin acılı və kədərli bir səhifəsidir. O
faciəli gecədə atam dərhal özünü
küçəyə atmaq istəmişdi, amma biz onun
qarşısına keçərək getməməsi
üçün yalvarmışdıq. Səhər erkəndən
isə tam bir məlumatsızlıq vakuumunun məngənəsində
yaşadığımız gün, anamın onu uzun müddət
dilə tutmasına baxmayaraq, atam bizimlə vidalaşıb
Prezident Aparatına yollandı. Həmin gün o, ancaq gecədən
xeyli keçəndən sonra gəldi. Onu səbirsizliklə
gözləyən bizlərə dərd və kədər
dolu dikilən gözlərini heç bir zaman unutmaram. Çox
üzgün və qəzəbli idi. O ağır günlərin
birində o zamankı senzura idarəsinin rəhbəri
İldırımzadə atama zəng vurub: "Moskvadan səlahiyyətli
bir senzor gəlib və ertəsi gün onunla görüş
olacaq. O, Qarabağ və yanvar hadisələri ilə
bağlı mətbuatda hər hansı bir informasiyanın getməsini
istəmir. Sizin jurnalın da çap olunmasına icazə verməyəcəyini
deyir. Əlac sənə qalıb, gəl, görək nə
edirsən"- demişdi. Atam Moskva təmsilçisi ilə
bir az sərt, amma arqumentlərlə
danışmışdı. Ona: "Şəhidlərin
şəkillərini çap olunmasına imkan verməsəniz,
sabah yüzminlərlə adamı mitinqə toplayacağam, -
demişdi. - Bir də, bu məşum hadisə bizim yox, siz
rusların başına gətirilsəydi, buna dözərdinizmi?"
Atam senzoru inandırmış, o da: "Gedin nə edirsiniz
edin, amma heç kim mənim bundan xəbərim olduğunu
bilməsin" - demişdi. Sonralar İldırımzadə bu
hadisəni atamın qorxmazlığına nümunə kimi
danışırdı.
1992-ci ildə Xocalı
soyqırımı baş verdikdən sonra aramsız
keçirilən etiraz mitinqlərindən sonra ölkənin o
zamankı başçısı Mütəllibov istefa verdi. Atamın
üç gün, üç gecə nələr çəkdiyini
ondan bilirdim ki, bağırmaqdan səsi tutulmuşdu və on
gündən çox qızdırma içində xəstə
yatdı. Bir neçə ay sonra Mütəllibovun yenidən vəzifəsinə
geri dönmək məsələsi qaldırıldı. Xalq
yenidən ayağa qalxdı və hakimiyyəti ələ
keçirdi. Bu dalğada atam Azərbaycan Teleradio Verilişləri
Şirkətinin sədri vəzifəsinə təsdiqləndi.
Atam vaxtilə uzun illərini televiziyaya vermişdi. Milli
duyğuların oyanmasında önəmli rola malik "Odlar
diyarı" proqramına görə televiziya tarixində ilk
dəfə "Qızıl qələm" mükafatına
layiq görülmüşdü. "Gənclik"də
başladığı milli davanı televiziyada daha geniş
miqyasda davam etdirmək istəyirdi. Onun öncə
çalışdığı bütün rəhbər vəzifələrdə
göstərdiyi arı zəhmətkeşliyi bu dəfə
ikiyə qatlanmışdı. Atam dincəlmək bilmədən,
gecəli-gündüzlü çalışır, milli
musiqimizi, ədəbiyyatımızı, tariximizi
tamaşaçılara sevdirən keyfiyyətli verilişlərin
hazırlanmasına bilavasitə özü nəzarət
edirdi. Onun səyi nəticəsində televiziya
ekranlarından, radio dalğalarından Dədə Qorqud
babamızın sazının halal, mübarək səsi gəlməyə,
türkçülük, milliyyətçilik təbliğ
olunmağa başladı. Atam sazı heç də tovuzlu
olduğuna görə təbliğ eləmirdi. O, sazın
türkün bağrından qopduğunu, keçmişin və
gələcəyin açarı olduğunu çox
yaxşı bilirdi. Nöqsan axtarıb tapa bilməyənlər
onu saz musiqisinə çox yer verdiyinə görə tənqid
atəşinə tuturdular. Əslinə baxsan, bu heç də
belə deyildi. Efirdə və ekranda tarazlanmış musiqi
siyasəti yeridilirdi, yəni klassik musiqi də, muğam da,
xalq musiqisi də yetərincə təbliğ olunurdu. Bu öz
soy-kökünə qayıdış, çox qəribə də
olsa, bəzilərinin xoşuna gəlmədi.
O dönəmdəki bəlli
xaosun içində ona yer olmadığını dərk edən
atam prezident Ə.Elçibəyə istefa ərizəsini
yazmışdı, ancaq ərizəsi qəbul
olunmamışdı. Ə.Elçibəy atama: "Səbr
edin, hər şey yoluna düşəcək, dəyanətli
olaq, mən yerimdə oturub işləyirəm, siz də
işinizə davam edin" - demişdi. Bəlkə də atam
onda başqa bir vəzifədə işləsəydi,
heç bu cür problemlər yaşanmazdı. Amma
hamının o zaman səhər-axşam göz dikdiyi bir yer
vardı, o da televiziya idi.
Atam sonrakı şəraitdə
ona yönələn təzyiqlərə bir müddət
dözüb, öz kursunu davam etdirsə də, sonda istefa
verdi...
Allah şahiddir ki, atam
bütün həyatı boyunca bizlərə rüşvətlə
alınmış, haram tikə yedirtməyib. Əvvəllər
tutduğu rəhbər vəzifələrdə olduğu kimi,
Teleşirkətin sədri olduğu zaman da bu həyat kredosuna
sadiq qaldı. Ehtiyac içində yaşasaq da, hər
zamankı əqidəsinə sadiq qaldı atam. Tutduğu vəzifəni
tərk etdikdən sonra evimizdə heç bir aylıq
dolanışıq üçün də pulumuz
qalmamışdı. İşsiz qalınca, atam kəndə
dönüb otuz il əvvəl olduğu kimi həyətyanı
torpağımızı əkib-biçməyə
başladı və bu yolla bizi acından ölməyə
qoymadı. İki il yarım torpaqda əlləşməkdən
üzü-gözü mis rəngi almışdı. Əllərinin
qabarı hələ də gözümün
qabağındadır... Bu arada bacılarımın ikisi eyni
vaxtda Xarici Dillər Universitetinin ödənişli şöbəsinə
qəbul olundular. Atam bizi dolandırmağa pul tapmırdı,
onları necə oxudacaqdı... Və məcbur olub, canı qədər
sevdiyi, uğrunda ölümü də gözə
aldığı vətənindən və balalarından
ayrılaraq, ona qucaq açan ikinci vətənə -
Türkiyəyə getdi, həyatının yeni və şərəfli
alimlik mərhələsinə qədəm qoydu. Və o
zamandan da atamın içini göynədən, nisgilini, dərdini
sadiq sirdaşı olan qürbət şeirlərilə
bölüşdüyü Türkiyə həyatı
başladı...
Özü
heç, sözünü unutma, vətən,
Hələlik
könlünün bir yerinə yaz:
Onu sənin
kimi atıb tərk edən,
Səni
onun kimi sevən tapılmaz...
Vətən onu unutdu...
Daha doğrusu, vətən yox, vətəndəkilər
unutdular, unutdurmağa çalışdılar onu...
O zamanlar artıq gənc
bir hüquqşünas idim və atamın başına gələnlər
mənə əsl həyat məktəbi oldu. O, yüksək
vəzifədə olanda susmaq bilməyən telefonumuzdan indi səs
çıxmırdı. Əvvəllər atamın,
varlıqlarından bütün həyatı boyu bixəbər
olduğu, amma vəzifə başına keçən kimi birdən-birə
yağışdan sonra bitən göbələklər kimi
hardansa peyda olan "qohumları", "dostları" bir
andaca qeybə çəkildilər sanki. Bir dəfə
atamın, başına gələn bu çətinliklərə
görə Allahına şükür etdiyini görüb, təəccübləndim
və səbəbini soruşdum. "Qızım, dedi, əgər
ömrümün sonuna qədər yüksək vəzifələrdə
çalışıb dünyamı dəyişsəydim, o
zaman özümdən sonra necə şəxsiyyətsiz və
etibarsız "dostlar" qoyub getdiyimdən xəbərim
olmayacaqdı. Kimin kim olduğunu sağ ikən görmək
Allahımın mənə bir lütfüdür. Allah məni
sınağa çəkməklə nadürüst
"dostlarımın" əsl simasını görməkdə
mənə yardımçı oldu. Buna şükür
oxumayıb, nə etməliyəm ki?"
Mən həmin vaxtlarda
atamın ətrafında qalan bir neçə mərd
insanın ona və ailəmizə göstərdikləri
qayğını heç bir zaman unutmaram. O zaman
tanıdığım bütün insanlar mərdlik və sədaqət
imtahanından keçdilər. Təəssüf ki, o imtahandan
çoxları keçə bilməyib, ömürlük
sinifdə qaldılar. Kimlərin dost, kimlərinsə
düşmən olduğu hamımıza aydınlaşdı.
Daha öncə də
qeyd etdiyim kimi, Türkiyə atama doğma övladı kimi
qucaq açdı. Türkiyənin və bütövlükdə
türk dünyasının atamın taleyində xüsusi yeri
var. Atam bütün həyatı boyunca Türkiyəyə səfər
etmək arzusu ilə yaşamışdı. O, SSRİ
Yazıçılar İttifaqının Xarici əlaqələr
şöbəsinə Türkiyəyə getmək
üçün hər il ərizə ilə müraciət
etsə də, ona başqa ölkələri təklif edir,
amma Türkiyəyə göndərmirdilər. Beləcə,
Türkiyənin əvəzinə, atam 25-dən çox
ölkəni gəzib görmüşdü. Atam
danışardı ki, 1985-ci ildə Suriyaya getmişdim. Geri
dönərkən təyyarə Kiprdən sərnişin
götürərək havaya qalxdıqda təyyarə bələdçisi
elan etdi ki, bir azdan təyyarəmiz Türkiyə
Respublikasının üzərindən uçacaq. Hamı
yatmışdı, hətta səfər yoldaşlarım da. Mən
isə gözlərimi qırpmadan aşağıya - mənim
üçün müqəddəs olan torpaqlara
baxırdım. Aşağıda sanki qalaylanmış kimi bəmbəyaz
qarlı dağlar ay altında mürgüləyirdi. İçimdən
elə o dağlara yuxarıdan aşağı yox,
aşağıdan yuxarı baxmaq keçirdi ki. Sonra təyyarə
bələdçisi təyyarəmizin bir az sonra Türkiyənin
paytaxtı Ankaranın üzərindən keçəcəyini
söylədi. Elə sevinirdim ki, yuxarıdan da olsa, bu
mübarək şəhəri görəcəkdim. Amma təyyarə
Ankaranın üstü ilə uçmağa başlayanda
aranı buludlar örtdü, Ankara mənə üzünü
göstərmədi". Amma atama nəinki Türkiyəyə
getmək hətta orada işləmək, mükafatlar almaq,
yubileyi keçirilmək də nəsib olacaqdı. Və sanki
ona bütün bu hadisələri öncədən
pıçıldamışdılar. 1988-ci ildə
yazdığı "Keçib gedər" adlı şeir
aydın bir önsezginin məhsuludur:
İki
sahil yaxasıyam,
Həsrət-həsrət
baxasıyam.
Mən
Dardanel boğazıyam,
Hamı məndən
keçib gedər.
Aradan 8 il keçəcək
və atam Türkiyənin başqa bir yerində deyil, məhz
Dardanel boğazının sahilindəki şəhərdə
yaşayıb işləyəcəkdi... Bu onun taleyi idi və
ona bunu 8 il öncədən
pıçıldamışdılar ki, sonra bu taleyi
yaşayası olanda qəm yeməsin və bunun bir təsadüf
olduğunu düşünməsin.
Yaxşı
xatırlayıram, 1997-ci ilin may ayının əvvəlləri
idi. Atam artıq Türkiyənin Çanaqqala 18 mart
Universitetində müəllim kimi çalışmağa
başlamışdı. Onu görməyə getmişdim
Türkiyəyə...
(Ardı var)
Gülzar İSMAYIL,
Hüquq elmləri namizədi
525-ci qəzet.- 2009.- 1 iyul.- S.7.