"Kinomuzun yeniləşməyə
ehtiyacı var"
ƏLİSƏFTƏR
HÜSEYNOV: "KİNOMUZUN ƏSAS PROBLEMLƏRİNDƏN
BİRİ BU SAHƏDƏ MÜHAFİZƏKARLIĞIN HƏLƏ
DƏ ARADAN QALXMAMASIDIR"
Sənətşünaslıq namizədi, kino nəzəriyyəçisi, hərbi jurnalist Əlisəftər Hüseynov 1959-cu ildə Göyçayda dünyaya gəlib. Jurnalistika fakültəsini bitirən Ə.Hüseynov əsasən kino sahəsində maraqlı araşdırmaların və məqalələrin müəllifidir. İndiyədək Ə.Hüseynovun "Həsən Məmmədov", "Döyüş havası", "Kino: yuxudan reallığa", "Kino və poeziya", eləcə də bugünlərdə "Tanış mövzuda variasiyalar" kitabları işıq üzü görüb. Hərbi jurnalistika sahəsindəki fəaliyyətinə görə Ə.Hüseynov "Qızıl qələm" mükafatı ilə təltif olunub. Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi müsabiqədə "Ən yaxşı kino tədqiqatçısı" nominasiyası üzrə qalib seçilib. Yazıçılar Birliyinin üzvüdür.
Bu gün - iyulun 1-də Ə.Hüseynovun 50 yaşı
tamam olur. Yubilyarla söhbətimizdə
kinonun müasir problemləri və gələcək perspektivləri
barəsində, son günlər çap olunan kitabı və başqa mətləblər haqqında
onun fikirlərini öyrəndik.
- Mən əsasən
incəsənət publisistikası ilə məşğul
olmuşam. İncəsənətin kino sahəsi isə məni
özünə hələ tələbəlikdən cəlb
edib. Gənclik illərindən kino nəzəriyyəsi və
estetikası ilə məşğul olmağa başladım. Kino
mənim üçün canlı, hərəkətdə olan
təsvir üzərində qurulmuş həyat modelidir. İncəsənətin
bu sahəsində insanın iç dünyası ilə
bağlı cəhətlər çoxdur. Kino mənim nəzərimdə
eyni ilə şeir kimi dünyanın sükutunun,
lallığının səsidir, ifadəsidir və
yalnız kino dili ilə verilən yaddaşdır, fikirdir, səs-söz
ekvivalenti olmayan duyğuların, hisslərin kompleks birləşməsidir.
Hələ uşaqlıqdan məni sirli, şübhəli bir
maraq kinoya çəkib. Həmin marağı təmin etməyə
nə dərəcədə nail olduğumu isə, yəqin
ki, kitablarımı oxuyanlar, kinoşünaslar, tənqidçilər
deyə bilərlər. Hər halda, bu sahə üzrə bir
iş görməyə çalışmışam.
- Bu gün kino nəzəriyyəsi
sahəsində müəyyən boşluq var. Bununla
bağlı siz kitablarınızda əsasən hansı sahələri
işıqlandırmağa üstünlük verirsiniz ki, bu
boşluğu doldurmağa müvəffəq olasınız?
- Təkcə kino nəzəriyyəsi
deyil, kinoşünaslığın başqa sahələri də,
incəsənətin başqa istiqamətlərinə nəzərən,
yaxşı inkişaf etməyib. Bunu kinomuzun özünün
zəif olması ilə əlaqələndirənlər də
var. Mən də bu fikirlə razılaşıram. Həqiqətən,
incəsənətin bəzi sahələrinin nəzəri
istiqaməti ilə müqayisədə kino bir qədər
uduzur. Kino nəzəriyyəsi ilə məşğul
olmağa başlayanda da bunu nəzərə almışam. Elə
sahələri işıqlandırmağa
çalışmışam ki, Azərbaycan kinosunun öyrənilməsi,
tədqiqi və təhlili işinə müəyyən
töhfələr verə bilim. Kinonu, əsasən incəsənətin
başqa sahələrilə müqayisədə
araşdırmağa üstünlük vermişəm. Təvazökarlıqdan
uzaq çıxmasın, kinonun poeziya ilə əlaqəsini Azərbaycanda
ilk dəfə mən araşdırmağa
başlamışam. Düzdür, bu məsələ ilk
baxışdan ənənəvi təfəkkürə
uyğun gəlmir, amma mən bu məsələlər
arasındakı əlaqəni tapmağa
çalışmışam. Eləcə də ekran sənətində
musiqinin, melodiyanın rolunu, tamam yeni bir planda izah və şərh
etmək üçün göstərdiyim cəhd də, məncə,
uğursuzluğa düçar olmayıb. Ekran təhkiyəsinin
strukturunu ənənəvi prinsiplərdən fərqlənən
modellər üzrə formulə eləmişəm.
- Gələcəkdə
kinonun indiyədək müraciət etmədiyiniz daha hansı
sahələrini araşdırmaq arzusundasınız?
- Texnologiyalar əsrində
yaşayırıq. İndi xarici ölkələrdə elə
filmlər çəkirlər ki, zalda nümayiş olunan
kadrlara müvafiq ətirlər yayılır. Məsələn,
gül göstərilir, ətri salonda hiss olunur. İlk
baxışdan bu, çox cəlbedici görünür. Ancaq
bu, mənim fikrimcə, kinonun estetikasına qarşı
çevrilən bir texnoloji nüansdır. Çünki bu,
kinonun qavranılması prosesinə mane olacaq. Onu da qeyd edim ki,
dünya kinosunda qəbul olunmuş Eyzenşteyn montaj sistemi
var. Bununla yanaşı, yüzdən çox montaj
növü də dünya kinosunda istifadə olunur. Araşdırmaq
istərdim ki, bu montaj növləri kinonun dilini zənginləşdirməyə,
yoxsa korlamağa xidmət edir? Sadaladığım bu məsələlərlə
bağlı tədqiqatlar aparmaq fikrim var.
- Sizcə, milli kinomuzda
tənqid olunası hansı məqamlar daha qabarıq gözə
çarpır?
- Milli kinomuz hazırda
keçid dövrünü yaşayır. Kino həm təbiət,
həm incəsənət əsəridir, həmçinin də
bazar məhsuludur. Bunları uyğunlaşdırmaq, onların
vəhdətinə nail olmaq üçün yüksək
peşəkarlıq tələb olunur. Bu baxımdan Azərbaycanda
kino təsərrüfatının müxtəlif sahələri
tam şəkildə formalaşmayıb. Zənnimcə,
kinomuzun əsas problemlərindən biri bu sahədə
mühafizəkarlığın hələ də aradan
qalxmamasıdır. Sanki bizim əksər rejissorların
dünya kinosunda gedən proseslər, estetik təmayüllər,
hərəkatlar və cərəyanlardan xəbərləri
yoxdur. Dövlət hesabına yeni çəkilmiş filmlərdə
1970-80-ci illərin təfəkkürü, ab-havası hiss
olunur. Mövzu, üslub, dil, həyatı qavramaq, problematika
baxımından kinomuzun yeniləşməyə ehtiyacı
var.
- Hərbi jurnalist kimi fəaliyyət
göstərdiyiniz illər barədə fikirlərinizi bilmək
də maraqlı olardı...
- 1985-ci ildən
93-cü ilə qədər qəzetçi kimi fəaliyyət
göstərmişəm. 1993-cü ildə məni ehtiyatda
olan zabit kimi orduya çağırdılar. Peşəm nəzərə
alınaraq, Müdafiə Nazirliyinin mətbu orqanına hərbi
müxbir təyin olundum. Bu həm də mənim bir vətəndaş
kimi borcum idi ki, Silahlı Qüvvələrimizdə xidmət
edim. Mən hərbi jurnalist kimi həmişə cəbhə
bölgələrində olurdum, qaynar nöqtələrdən
reportajlar hazırlayırdım. Hazırda yenə Müdafiə
Nazirliyinin Hərbi Nəşriyyatında
çalışıram. O illərdə hərbi fəaliyyətimlə
yanaşı paralel olaraq kino ilə bağlı
araşdırmalarımı da davam etdirirdim. Hərbi xidmətdə
ola-ola, 2007-ci ildə "Ekran sənəti və poeziyanın
qarşılıqlı əlaqələri" mövzusunda
dissertasiya müdafiə elədim. Eləcə də
hazırda Mədəniyyət və İncəsənət
Universitetində kino tənqidindən mühazirələr
oxuyuram.
- Ənənəvi
yubiley sualı ilə müraciət etmək istərdim:
Ötən yarım əsrlik ömrünüzdə nə
sizi qane edib, nədən narazı qalmısınız?
- İnsan
yaşlaşdıqca adama elə gəlir ki, zaman
qaçır, məkan da kiçilir. Bilmirəm, nə ilə
bağlıdır ki, yaşlaşdıqca zamanın daha
sürətlə ötüb-keçdiyinin fərqinə
varırsan. Cavanlıqda adam elə fikirləşir ki, hələ
qarşıda nə qədər vaxt var, işlərimi sonra
görərəm. Amma bununla belə, deməzdim ki,
vaxtımı boş keçirmişəm. Ömrüm boyu
incəsənətlə məşğul olmuşam, həm də
vətənimə şərəflə xidmət eləmişəm,
Qarabağ müharibəsi veteranıyam. Fəxr edirəm ki,
14 il ərzində Azərbaycan Silahlı Qüvvələrində
öz qələmimlə ordu quruculuğuna töhfələr
verməyə, şərəfli ömür yolu keçən
zabit və əsgərlərimizin portretlərini yaratmağa
çalışmışam. Əməyim də
lazımınca qiymətləndirilib. Müəyyən çətinliklər
olsa da, alnıaçıq, üzüağ
yaşadığım üçün ömrümdən
razıyam.
Sevinc MÜRVƏTQIZI