"Yarımçıq əlyazma"nın Braziliya nəşrinə Ön söz
"525-ci qəzet"in ötən şənbə sayında yazıçı Kamal Abdullanın məşhur "Yarımçıq əlyazma" romanının Braziliyada nəşr olunması haqqında məlumat vermişdik. Braziliyanın Paraiba universitetinin professoru, ədəbiyyatşünas-alim Sudha Svarnakarın romanın Braziliya nəşrinə yazdığı Ön sözü diqqətinizə çatdırırıq.
Azərbaycana Müqayisəli
Ədəbiyyatşünaslıq Assosiasiyasının dəvəti
ilə ilk dəfə 2006-ci ildə gələndə, etiraf
edim ki, çox təzadlı hisslər keçirirdim. Lakin fərqli
tarixi və mədəniyyəti olan, tanış olmayan
ölkəyə getmək qorxusu tezliklə əridi, tamamilə
başqa hisslərlə əvəz olundu. Mən burada məhəbbətlə
əhatə olundum və Azərbaycan mədəniyyəti və
ədəbiyyatı ilə yaxından tanış olmaq
fürsəti əldə etdim. Mənə verilən kitabların
içində qardaşım Kamal Abdullanın
"Yarımçıq əlyazma" romanı da var idi. Mən
bu romana heyran oldum və romandakı qeyri-adi faktlar
dünyası və Kamal Abdulla fantaziyasını, Azərbaycanın
mədəniyyət və cəmiyyyətini Braziliyaya gətirmək
istədim. Beləliklə, bu layihənin portuqalca variantı
meydana gəldi.
İdeyaların kitab
şəklində əyaniləşməsi nəticəsində
nəsillər həyatına davam edir və bundan
faydalanırlar. Bu sivil cəmiyyətin inkişafının, həmçinin
millət və cəmiyyətın mənafeyi naminə
işləyən, yaradan mütəfəkkir və
yazıçıların yetişməsinin əsasıdır.
Yazıçının öz baxışı,
dünyagörüşü var, bu da onun əsərlərinə
sirayət edir, bu əbədidir, Yuli Sezarın dediyi kimi,
"insanı öldürmək olar, amma fikri öldürmək
mümkün deyil". Millətlər itir, sivilizasiya
yaşlaşır və ölür, lakin onları əks
etdirən kitablar vibrasiyada davam edirlər. Bu məqam tərcümənin
əhəmiyyətini bir daha təsdiq edir, çünki tərcümə
vasitəsi ilə tanış olmayan dünyalara onların
dilini bilmədən də səyahət etmək olur. Hind
filosofu, Hindistanın ilk prezidenti S.Radha-Krişnana məxsus belə
ifadə var: "Tərcümə oxunaqlı olmalıdır,
bununla yanaşı dayaz, modern və quru da
olmamalıdır".
Kamal Abdulla bu romanda
insanları, arzuları, insan dramlarını təqdim edir,
bunlar isə dillərin, adətlərin və inancların fərqliliyinə
dəlalət edir, eyni zamanda, mədəniyyəti zəngin
olan bir cəmiyyətin mif və əfsanələri ilə
tanış oluruq. Bu aləm bizim tanidiğımızdan
çox fərqli və eyni zamanda bizə çox
tanışdır, çunki ümumbəşəri olan insan
travmasını əks etdirir. Əsəri portuqalcaya tərcümə
edən professor Humberto L. de Oliviera yazır: "Mənim
içimdə elə bir hiss vardı ki, gözəl və təsirli
bir roman təqdim edirəm".
"Yarımçıq
əlyazma" Azərbaycan eposudur və Azərbaycan xalqı
haqqında danışır. Azərbaycan şəxs
adlarını və yer adlarını saxlamaqla tərcüməçi
bizi Braziliyadan tam fərqli bir dünyaya və mədəniyyətə
səyahətə aparır. "Yarımçıq əlyazma"
həm də Dədə Qorqud eposudur, antikliyi və
müasirliyi özündə cəmləşdirən mədəniyyətə
ecazkar bir səyahətdir. Mədəniyyət qatının dərinliyində
oturaraq həm də müəllifin Avropa və Asiya, Şərq
və Qərb arasında məkan yaratmaq arzusunu bəyan etməklə
yanaşı bu roman braziliyalı tərcüməçinin də
qeyd etdiyi kimi "həm millətin portretidir, həm də
insanların və emosiyaların əlaqələrini
genişləndirməyə, həmrəyliyə sövq edən
bir halqadır".
Romanın fransızca nəşrinin
Ön sözünün müəllifi professor Klod Aliberin
dediyi kimi, professor Kamal Abdullanın gözəl mətni "o
vaxta təsadüf edir ki, Azərbaycan milləti öz
identifikasiyasını, kimliyinı qurmağa, anlamağa
çalışırdı". Bu isə belə bir hala dəlalət
edir: Müəllif öz köklərini anlamağa
çalışan və əsrlər boyu kimliyini yazan bir
xalqın eposunu və yaxın mifik keçmişini bir araya gətirir.
Bu roman şərəfli keçmişdən bəhrələnən
müasir mədəniyyət tarixi kimi oxuna bilər.
Sudha SVARNAKAR,
525-ci- qəzet.- 2009.- 1 iyul.- S.7.