"İstəyirik ki,
Avropa Şurası ilə hərtərəfli,
obyektiv, normal əməkdaşlıq edək"
AZƏRBAYCANIN AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASINDAKI
(AŞPA) NÜMAYƏNDƏ HEYƏTİNİN RƏHBƏRİ
SƏMƏD SEYİDOV: "AZƏRBAYCAN HƏMİŞƏ
ÖZ MARAQLARINI QORUYUB, QORUYUR VƏ QORUYACAQ"
- Səməd müəllim,
Azərbaycanın Avropa Şurası Parlament
Assambleyasındakı (AŞPA) nümayəndə heyəti bu
günlərdə qurumun yay sessiyasından qayıdıb. İlk
öncə istərdik ki, nümayəndə heyətinin rəhbəri
olaraq səfər barədə məlumat verəydiniz...
- Avropa
Şurasının yay sessiyasında Azərbaycanla
bağlı xüsusi müzakirələr aparılmayıb. Komitələr
səviyyəsində müzakirələr oldu və
xüsusilə bizim də fəal iştirak etdiyimiz Monitorinq
Komitəsində Azərbaycanla əlaqədar məsələlər
müzakirə edildi. Bu, heç də o demək deyil ki, Azərbaycan
nümayəndə heyəti Parlament Assambleyasının
iclaslarında edilən məruzələrə öz
münasibətini bildirməyib. Əksinə, sessiyanın
gündəliyindəki bütün məsələlərdə
nümayəndə heyətimiz mövqeyini ortaya qoydu. Harada ki,
faktlar obyektiv idi, Avropa Şurasının nümayəndələri
real və obyektiv məsələlərə
yanaşmışdılar, biz, o məsələləri dəstəkləmişik.
Amma qeyri-obyektiv yanaşmalara da etirazımızı
bildirmişik.
Xüsusilə, Avropa
Şurası Parlament Assambleyasının sessiyasında insan
hüquqları ilə bağlı monitorinq proseduru və
Avropa ölkələrində insan hüquqları ilə əlaqədar
məruzə dinlənildi. Məruzə Monitorinq Komitəsinin
sədrinin hazırladığı sənəd idi. Bu sənəddə
Avropa ölkələrində insan haqları ilə
bağlı bu və ya digər problemlər gündəmə
gətirildi. Biz, bu məsələyə öz münasibətimizi
bildirdik. Söhbət ondan gedir ki, Avropa Şurasının
monitorinq prosedurası təəssüf ki, ölkələrə
qarşı o qədər də obyektiv deyil. Hətta, deyərdim
ki, bu monitorinq bütövlükdə obyektiv şəkildə
aparılmır. Avropa Şurasına üzv olan bütün
ölkələrdə insan haqları ilə bağlı
problemlər mövcuddur. Ümumiyyətlə, dünyada belə
bir problem var və bu olmasaydı, bəlkə də insan
haqlarını müdafiə edən təşkilatlar, bu
istiqamətdə xüsusi fəaliyyət göstərən
qurumlar olmazdı. Ancaq biri var insan haqları ilə məşğul
olmaq, biri də var insan haqlarından istifadə edərək
ölkələrə təzyiq etmək. Və ölkələrin
imicinə zərbə vurmaq.
Bu nöqteyi-nəzərdən
təəssüflər olsun ki, təqdim olunan məruzədə
Avropa Şurasının ümumi problemi olan məsələ əks
edilmişdi.
- Qeyd etdiyiniz problemlər
hansılardır? Bu problemdən çıxış yolunu nədə
görürsünüz?
- Məruzədə
müxtəlif ölkələrdə təxminən eyni
problemlərə müxtəlif yanaşmalar mövcuddur. Misal
olaraq, Azərbaycana və başqa ölkələrə olan
münasibəti qeyd etmək istəyirəm. Azərbaycanda
insan haqları ilə bağlı müəyyən problemlərin
olduğunu heç kim inkar etmir. Qeyd etdiyimiz kimi bu problem
bütün dünyada mövcuddur. Azərbaycan da inkişaf edən
cəmiyyətdir və belə bir cəmiyyətdə müxtəlif
problemlər ola bilər. Ancaq bundan sui-istifadə edib Azərbaycana
qarşı xüsusi addımlar atmaq üçün siyasət
aparmaq qəbulolunmazdır. Bir müddət öncə Azərbaycana
qarşı çox kəskin və qeyri-obyektiv, ədalətsiz
qərar qəbul olundu. Bu da siyasi məhbuslar üzrə məruzəçinin
təyin olunması idi. Biz dəfələrlə bəyan etmişik
ki, bu, qeyri-obyektiv addımdır və bu addım Azərbaycanın
Avropa Şurası münasibətlərinə xeyir yox, xələl
gətirəcək. Konstruktiv danışıqlar, bir-birimizi
başa düşmək istiqamətində fəaliyyət
göstərmək, həssaslıqla münasibət
formalaşdırmaq daha yaxşıdır, nəinki
konfrantasiyaya getmək və Azərbaycanın haqq
sözünü eşitməmək.
Bununla yanaşı Azərbaycanda
olan problemləri böyüdüb onu dünyaya qəbul
olunmayan tərzdə təqdim edərək, başqa ölkələrdə
təxminən oxşar problemlərin üstünü
malalamaqla xüsusi siyasət aparmaq Avropa Şurasına zərər
gətirən siyasətdir.
- Yeri gəlmişkən,
sessiyada Ermənistanla bağlı müzakirələr
hansı səviyyədə keçdi? Yenə də, bu
ölkəyə qarşı isti münasibət göstərildi?
- Müzakirələrdə
yenə də, Ermənistana dəstək verildi. Təsəvvür
edin, Ermənistanda son prezident seçkilərindən sonra
xeyli adam həbs olundu və tamamilə qeyri-obyektiv, qərəzli
ittihamlarla onları mühakimə etdilər. Hətta parlament
üzvləri də həbs olundu. Seçkilər siyasi hadisədir.
Məhbus o adamdır ki, azadlıqdan məhrum edilib. Amma Avropa
Şurası bu hadisəni öz adı ilə
çağırmır. Qurumun sənədlərində qeyd
olunur ki, "Martın əvvəlində baş vermiş
hadisələr nəticəsində azadlıqdan məhrum
olunan şəxslərlə bağlı iş aparmaq
lazımdır". Bunu belə demək olmazdımı ki,
siyasi hadisəyə görə məhbusluqda olan şəxslər?
Siz nə Ermənistanın,
nə də başqa ölkələrə aid olan məruzədə
"siyasi məhbus" sözünü tapa bilməzsiniz. Bu
sözdən istifadə etməmək üçün hadisənin
adını yazırlar və məhbus sözünü qeyd
etmirlər, "siyasi məhbus" sözünü dilə gətirmirlər.
Yaxşı, mən həmin quruma müraciətlə deyirəm
ki, 46 dövlətdə bu sözü dilə gətirmirsinizsə,
nə üçün Azərbaycan üçün
asanlıqla deyirsiniz?
Bu, ikili standart,
qeyri-obyektiv yanaşma
deyilmi? Biz belə məsələləri
Ermənistanla bağlı
məruzədə faktlarla
göstərəndə, deyirlər
ki, bunu edə bilmirik. Ermənilərin arxasında güc
olduğu üçün
bunu edə bilmirsiniz? Azərbaycanın da kifayət
qədər gücü
var. Bu gün Azərbaycan
çox güclü,
müstəqil dövlətdir.
Siz Azərbaycana heç nə edə bilməzsiniz. Nə edirsinizsə,
özünüzə, öz
imicinizə edirsiniz və bu imici
də dağıdırsınız.
- Siz Avropa
Şurasının daxilində də ciddi problemlərin
olduğunu qeyd etmisiniz. Nədir bu problemlər?
- Avropa Şurası
demokratik təşkilatdır və demokratik təşkilatlarda
bir vəzifə tapmaq olmaz ki, həmin vəzifə
ömürlük olsun. Yadınızdadırsa, Azərbaycanda
referendum keçiriləndə prezident seçilməsinə
qoyulan məhdudiyyət aradan qaldırılanda onlara izah edə
bilmirdik ki, burada "ömürlük prezident" məsələsi
yoxdur. Sadəcə, insanların seçim hüququ təmin olundu.
Yəni, insanlar prezident görmək istədiyi şəxsi hər
beş ildən bir seçə bilər. Amma Avropa
Şurasında ömürlük vəzifə var: bu məruzəçilərdir.
Belə ki, məruzəçilər dəyişmir, onlar bir dəfə
seçiləndən sonra bunun müddəti yoxdur. Nəticədə
isə dövlətlər həmin məruzəçilərin
girovuna çevrilirlər. Ermənistanda vəziyyət pis olsa
da, məruzəçilər deyir ki, orada hər şey
yaxşıdır. Azərbaycanda vəziyyət normal olsa da, məruzəçi
iddia edir ki, hər şey pisdir. Hər iki hal pisdir və bu vəziyyətdə
təşkilat məhv olub gedir. Çünki, obyektivlik itir,
ikili standartlar var.
Hər bir siyasət
daxili və xarici vəziyyətin ümumiləşdirilmiş
təhlilinin davranışı kimi təqdim oluna bilər. Yəni,
Azərbaycanda və regionda olan geosiyasi vəziyyətin təhlili
hansısa siyasətin aparılmasına gətirib
çıxarır. Azərbaycanda prezident İlham Əliyev tərəfindən
həmişə balanslaşdırılmış siyasət həyata
keçirilir. Bu siyasət Azərbaycanın maraqlarına
uyğundur və geosiyasi mövqeyimizdən irəli gələn
məsələdir. Avropa Şurası bir təşkilat kimi
regionumuzda olan geosiyasi məsələləri düzgün təhlil
edə bilmir. Anlamır ki, hansı təhlükələrlə
üzləşmişik, sabitlik Azərbaycanda nə dərəcədə
vacib və əhəmiyyətli məsələdir. Şüarların
implimintasiyasından çıxış edərək fikirləşmir
ki, bəlkə hansısa şüarı implimintasiya edəndən
sonra sabitlik pozulacaq, problemlər yaranacaq və s. Bu da təşkilatın
zəifləməsinə gətirib çıxarır və
onun qəbul etdiyi qərarların icra olunmaması ilə nəticələnir.
Demokratiya, insan
haqları, qanunun aliliyi haqqında çox yüksək
tribunadan danışmaq hələ həmin o dəyərləri
implimintasiya etmək demək deyil. Avropa Şurası il
yarımdır ki, bir baş katibi seçə bilmir. Niyə?
Çünki qurumun iki qolu arasında çaxnaşma gedir.
Nazirlər Komitəsi öz namizədini, Parlament
Assambleyası isə öz namizədini irəli sürmək
istəyir. Onlar oturub bir məxrəcə gələ bilmirlər.
Yaxşı, bu təşkilat ortaq məxrəcə gələ
bilmirsə, onda necə gənc ölkələrdə
demokratiyanın inkişafı ilə məşğul olacaq? Deməli,
onlar dəyərlər haqqında yox, vəzifə haqqında
fikirləşirlər. Vəzifələr haqqında fikirləşən
təşkilat isə o qədər də düzgün
addım ata bilməz. Bunların hamısını qurumun
iclasında çıxış edərək bildirmişəm.
Hətta çıxışıma digər dövlətlərdən
olan deputatlar da dəstək verdilər. Hesab edirəm ki, Avropa
Şurasında özünütəhlil prosesi getməlidir. Bu
proses getməsə, təşkilatı böyük problemlər
gözləyir.
- Azərbaycanın ikili
standartlarla qarşılaşması yeni məsələ deyil
və ölkəmiz daim belə hallara qarşı mübarizə
aparır. Əgər Avropa Şurasının belə
mövqeyi davam edərsə, onda münasibətlərimizi gələcəyi
haqqında nə düşünürsünüz?
- Azərbaycan müstəqil
dövlətdir. Ölkəmiz yüksək səviyyəli
siyasət aparmaqla xeyli nailiyyətlər əldə edib. İstəyirik
ki, 60 illiyini bu yaxınlarda qeyd edən Avropa Şurası ilə
hərtərəfli, obyektiv, normal əməkdaşlıq edək.
Belə olmayacaqsa, Azərbaycan həmişə öz
maraqlarını qoruyub, qoruyur və qoruyacaq. Azərbaycanın
mövqeyi nəzərə alınacaqsa, konstruktiv əməkdaşlığımız
davam edəcək. Əgər nəzərə
alınmayacaqsa, bu, təşkilat uçun problem olacaq. Amma
inanıram ki, gec-tez ölkəmizin mövqeyi nəzərə
alınacaq.
Kamil HƏMZƏOĞLU