Türk dünyasının
"Ötükəni"
Bundan bir neçə il
əvvəl kitabımın Türkiyədə çap
olunması məsələsi gündəmə gələndə
fikirlərinə etimad etdiyim dostlarımdan biri olan Yusuf Gedikliyə
kitabın çap olunacağı nəşriyyat haqqında rəyini
soruşdum və Yusuf bəy heç tərəddüd etmədən
mənə bu cavabı verdi: heç şübhən
olmasın ki, "Ötükən" nəşriyyatı
çap etdiyi əsərlərilə, yayım prinsipləri və
müəllif hüquqlarına göstərdiyi hörmətlə
Türkiyənin ən yaxşı nəşriyyatıdır.
Aradan keçən zaman kəsiyində "Ötükən"i
daha yaxından tanıma fürsətim oldu və bu sözlərin
əhəmiyyətini bugün daha dərindən dərk edirəm.
Həqiqətən də, bu gün Türkiyədə
sayı 20 mindən çox olan nəşriyyat arasında
özünəməxsus bir yer və ad qazanmaq və öz
yayım çizgisini illərin bütün keşməkeşlərindən
keçərək qoruyub saxlaya bilmək xüsusi bir əmək
və bacarıq tələb edir. Bugünkü yazımda da
Türkiyədə bir neçə nəsil milli məfkurəyə
sahib ziyalının yetişməsində böyük rolu olan
"Ötükən" nəşriyatının həyat
hekayəsi və müvəfəqiyyətinin sirri haqqında
bəhs edəcəm.
İlk olaraq nəşriyyatın
adının mənasına nəzər yetirək. Ötükən
qədim türklərin Tanrıçılıq inancında
Torpaq Anaya verilən adlardan biridir. Ötükən kultü
Tengri-Kültü ilə birgə xüsusilə Göytürk
Xaqanlığı zamanında böyük əhəmiyyət
kəsb etməyə başlayıb. Ötükən adı
verilən meşə zolağı ilə örtülü
dağ qədim türklər üçün çox müqəddəs
hesab olunurdu. Bilgə Kağan Orxun kitabələrində
Ötükən dağının türk məmləkətləri
üçün əhəmiyyətini dilə gətirmişdir.
Kutluk Xaqanın dövründə isə Ötükən
Göytürk Xaqanlığının paytaxtı olub.
Bu cür qədim və
müqəddəs bir qaynaqdan ilham alan "Ötükən"
nəşriyyatı bugün tarixdən sosiologiyaya, idmandan
urbanizasiya mövzusuna, fəlsəfədən təsəvvüfə,
romandan şeirə, bioqrafiyadan xatirə kitablarına, səyahət
yazılarından köməkçi kitablara, ensiklopediyadan lüğətə
qədər çox geniş bir arealda nəşr fəaliyyətinin
həyata keçirən Türkiyənin ən böyük və
sayılan nəşriyyatlarından biridir. Nəşriyyatın
tarixinə qısa nəzər yetirdikdə onun 1964-cü ildə
"kitabı çörək qədər müqəddəs
bilən" bir qrup idealist universitet tələbəsinin
öz cib xərcliklərinə qənaət etmələri
sayəsində qurulduğunun şahidi oluruq. İstanbulun Laləli-Vəznəçilər
səmtində yerləşən yarımzirzəmi bir
dükanda "Yaprak Kitabevi" olarak təməli qoyulan nəşriyyat
1977-78-ci ilə qədər bu adla öz fəaliyyətini davam
etdirib. Nəşriyyatın qurucusu olan səkkiz universitet tələbəsinin
təhsillərinə nəzər yetirdikdə onların əsasən
hüquq fakultəsinin tələbələri olduğu nəzərdən
qaçmır. Mehmet Niyazi Özdemir, Fehim
Üçışık, Nevzat Kösoğlu, Mustafa
Yıldırım və Ahmet İyioldu o dövrdə
İstanbul Universitetinin hüquq fakültəsində təhsil
alırdılar. Ahmet Nuri
Yüksel və Özer Revanoğlu ise Texniki Universitetin
tələbələri idilər.
Nurhan Alpay yayınevinin 1968-dən sonra
baş direktoru vəzifəsinə təyin
olunub və bugünə qədər həmin vəzifəni uğurla icra edir. 5 kvadratmetrlik yarımzirzəmi bir dükanda yandırılan
məşalənin ilk atəşi
böyük ustad Necip Fazılın
"Reis Bey" əsəri
oldu.
Nəşriyyat fəaliyyətə
başladığı ilk gündən özünə əsas
məqsəd kimi öz kökünə sadiq qalmaq şərtilə
türk mədəni və fikir həyatının zənginləşməsinə
və inkişaf etməsinə dəstək olmağı
seçmişdi. Çap olunan kitabları nəzərdən keçirdikdə
əsərlərin müəyyən
bir səviyyənin üstündə olmasına
xüsusi diqqət göstərilməsi faktı
nəzərdən qaçmır.
Bu baxımdan nəşriyyat
özü üçün
"dəyəri gün
keçdikcə dərk
olunub artan və əbədi yaşayan əsərlər
nəşr etməyi"
əsas yayım prinsipi kimi müəyyən
edib.
"Ötükən"in
bir başqa üstünlüyü Türkiyənin ən səviyyəli
və zəngin yazıçı heyətinə sahib
olmasıdır. Necip Fazıl
Kısakürək, Peyami
Safa, Tarık Buğra, Nihal Atsız, Cəmil Meriç, Erol Güngör, Cengiz Dağcı, Abdülhak Şinasi Hisar, Mehmet Niyazi, Emine İşınsu,
Mustafa Necati Səpətçioğlu,
Niyazi Yıldırım
Gençosmanoğlu, Yılmaz
Öztuna, Senail Özkan, Sevinc Çokum, Mehmet Genç, Beşir Ayvazoğlu, Ahmet Turan Alkan yayınevinin
önə çıxan
yazarlarındandır. Xarici
ədəbiyyatdan Lamartine, Pyer
Loti, Tolstoy, Dostoyevski, Höte
kimi məşhur klassiklərin əsərləri
də tərcümə
edilərək türk
oxucusuna təqdim olunub. Qurucu üzvlər də bilavasitə bu prosesin öncülü olublar. Nevzat Kösoğlunun hazırladığı
14 cildlik "Böyük
türk klassikləri"
adlı əsərdə,
tarix boyu türk dilinin müxtəlif ləhcələrində
yazılmış əsərlər
geniş formada tədqiq olunub. Yaşar Çağbayırın
hazırladığı 5 cildlik
"Ötükən Türkcə
Lüğət" 246.000 kəlmə xəzinəsi
ilə bu sahədə ən böyük olmaq iddiasındadır. Türkiyənin
ilk müəllif ensiklopediyası
olan 12 cildlik "Yeni türk ensiklopediyası", "Sahih-i
Buxari Tərcüməsi"
(17 cild), "Məsnəvinin
şərhi" (6 cild)
də bu səpgidə olan digər əsərlərdir.?Ümumiyyətlə
bügünə qədər
nəşriyyatdan 800 kitab
işıq üzü
görüb. Bu rəqəmin
daha çox olmamasının səbəbini
daha əvvəldə
qeyd olunduğu kimi nəşriyyat rəhbərliyinin seçici
olmasına, milli mədəniyyətə və
ənənəyə uyğun
və eyni zamanda keyfiyyətli önəm vermələrilə
izah etmək olar.
Türk dünyası və
onun problemləri "Ötükən"in tarixində hər
zaman prioritet mövzularından biri olub. Xüsusilə, sovet
dövründə bu coğrafiyada yaşayan türk
toplumlarının müxtəlif problemlərindən bəhs
edən əsərlərin çoxu məhz bu nəşriyyat
tərəfindən işıq üzü görüb.
Sovet İttifaqı
dağıldıqdan sonra isə nəşriyyat öz
qapılarını müstəqilliklərini yeni
qazanmış türk dövlətlərindən olan
seçkin müəlliflərə açıb. Aradan keçən zaman ərzində "Ötükən" nəşriyyatı
tərəfindən Azərbaycan,
Özbəkistan və
Qırğızıstan müəlliflərinin
əsərləri başda
olmaqla müxtəlif sahələrə aid əsərlər
Türkiyə türkcəsinə
uyğunlaşdırılaraq çap edilib. Təkcə Azərbaycandan
Anar, Elçin, Yaşar Qarayev, Səlahəddin Xəlilov,
Kamal Abdulla kimi məşhur müəlliflərin
əsərləri "Ötükən"
nəşriyyatı tərəfindən
yayımlanıb. Bundan
bir neçə ay əvvəl İsmayıl
Məmmədovun "Azərbaycan
tarixi" adlı irihəcmli kitabı gənc və perspektivli tarixçilər
olan Əkbər və Şamil Nəcəfli qardaşları
tərəfindən hazırlanaraq
türk oxucularına təqdim olunub. Eyni zamanda Türk
dünyasının böyük
ədiblərindən biri
olan Çingiz Aytmatovun əsərləri
də bu yayımevi tərəfindən
nəfis tərtibatla oxuculara təqdim olunub. Nəşriyyatın
uzun illərdir baş redaktoru vəzifəsini müvəfəqiyyətlə
yerinə yetirən Erol Kılıç bəy bundan sonra da Türk
dünyasının seçkin
müəlliflərinin əsərlərini
böyük bir məmnunluqla çap edəcəklərini qeyd edir. Lakin bununla
birgə bir arzusunu da dilə
gətirir: "Çox
yaxşı olardı
ki, ölkələrinizin
Mədəniyyət Nazirliyi
və Milli Kitabxana kimi əlaqədar təşkilatları
da bu əsərlərdən
bir qədər alıb ölkələrində
təbliğ etsinlər"
Bizdə bu vəsilə ilə Erol bəyin bu xahişini əlaqədar qurumlara çatdırmış olduq.
Erol bəyə nəşriyyatın
qazandığı müvəffəqiyyətin sirrini
soruşduqda belə cavab verir: "Bir yayımevinin, hətta
hansısa başqa bir fəaliyyət sahəsinin inkişaf
edib böyüməsim üçün 4 əsas faktor var: a)
saf və təmiz niyyət, b) dəqiq və sağlam hədəf,
c) doğruluq və etimad. d)nizam-intizam və gəlir. Bunlara əməl etdikdən sonra müvəffəqiyyət öz-özünə
gələcək. "Ötükən"in
çox ortağı
olmaqla bərabər
o, tək qüdrətlə
idarə olundu".
Erol bəy yayımevinin
müvəffəqiyyətinin bir sirrini də
açıqlayır: "heç bir zaman maddi mənfəəti
ön planda tutmadıq. Yayımevinin
ortaqları heç bir zaman pul
qazanma prinsipi ilə hərəkət etmədilər. Uzun illər buradan pul almadılar, əksinə pul qoydular".
Həqiqətən də
bazar iqtisadiyyatı qanunlarının bütün sərtliyilə
hiss olunduğu bir dövrdə kitab nəşri kimi mədəni-maarif
fəaliyyətinə ticari maraq güdmədən investisiya
qoymaq hər cür təqdirə və təbliğə layiq
bir hadisədir. Müqayisə üçün bir faktı
qeyd etmək kifayətdir ki, ölkədə fəaliyyət
göstərən bir çox başqa yayımevi daha çox
maddi gəlir gətirən populyar əsərlərə
üstünlük verməkdədirlər.
Erol bəy bundan sonraki hədəfləri
haqqındaki suala belə cavab verir: "Hədəfimiz
milli-tarixi şüura, dövlətçilik şüuruna
sahib olan imanlı və özünə inanan, tarixi və mədəniyyəti
ilə barışıq olan, tarixini və mədəniyyətini
əksiklərilə, səhvlərilə, üstünlüklərilə
idrak etmiş, müasir dünyaya bu bucaqdan baxa bilən, zəmanəsilə
ayaqlaşma bacarığı əldə etmiş ziyalı nəsillərin
formalaşmasına dəstək olmaqdır, türk
dünyasının varlığından xəbərdar olan,
onu hər tərəfdən canlandıracaq şüurun
oyanmasına kömək göstərməkdir . Hədəfimiz budur. Xəyalımdakı yayımevi
isə gənclərlə,
xalqla dialoq içində olan mədəniyyət və
sənət akademiyası
kimi bir qurumdur"
Həqiqətən də ülvi, böyük və uğrunda hər cür əziyyətə qatlanmağa dəyən bir hədəfdir. Bizdə bu yolda "Ötükən" nəşriyyatına uğurlar arzulayırıq.
525-ci qəzet.- 2009.- 1 iyul.- S.4.