Bizdən qabaqda yol gedən Adam
O ərəfədə
atam Türkiyədə iki önəmli mükafata layiq
görülmüşdü. Türkiyə Dəyanət Vəqfinin
Məhəmməd peyğəmbərin qutlu doğum həftəsi
ilə bağlı keçirdiyi "Vətən" şeir
yarışmasının qalibi olmuş və ona ilk dəfə
təsis edilən
Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin
"Türk dünyasına xidmət ödülü"
verilmişdi. Bu mükafat Türk dünyası
ölkələrinin hər birindən önəmli bir sənət
və siyasət adamına, o cümlədən
Qırğızıstandan Çingiz Aytmatova, Qazaxıstandan
Oljas Süleymenova, Azərbaycandan atama və Türkiyədən
Süleyman Dəmirələ, Tansu Çillərə,
Alparslan Türkeşə (ölümündən
sonra), Barış Mançoya, Abdurrahman Güzələ və
digərlərinə verilmişdi...
Atama "Türk
dünyasına xidmət ödülü" Ankarada,
Çankaya köşkündə, o zamanlar Türkiyənin
prezidenti olan Süleyman Dəmirəl tərəfindən təqdim
ediləcəkdi. Amma ondan 2-3 gün əvvəl biz
Qırıqqala şəhərində keçirilən
"Hasan Dədədən günümüzə könül
ərləri" adlı simpoziumda iştirak etməli idik. Bu
tədbirə bütün türk dünyasının müxtəlif
guşələrindən çoxlu sayda qonaq dəvət
olunmuşdu. Onların arasında artıq
sağlığında adı əfsanəyə
çevrilmiş Çingiz Aytmatov və məşhur qazax
şairi Oljas Süleymenov da vardı. Ölkəmizin
adından atam da bu açılışda
çıxış etməli idi. Ç.Aytmatov və Oljas
Süleymenov əvvəlcə öztürkcə, yəni
qırğız və qazax dillərində
çıxışlarına başladılar, sonra
gördülər, salon onları yaxşı başa
düşmür, keçdilər türkcəyə bu səfər
də onlar danışmağa çətinlik çəkdilər
və ruscada dayandılar və onların
çıxışlarını o zamanlar Ankara universitetində
çalışan rəhmətlik Samir Tağızadə
türkcəyə tərcümə etdi. Biz tədbirə gec
gəldiyimizdən atamla arxa cərgələrdən birində
oturmuşduq. Atam o zaman mənə bu sözləri
pıçıldamışdı: "Heç fikir eləmə,
indi biz arxada oturmuşuq və bizi tanıyan yoxdur, amma mən
çıxış etdikdən sonra auditoriyanın bizə
münasibətini görəcəksən". Çıxış
etmək növbəsi atama gəldi... Amma atamdan öncə
onun çalışdığı universitetin rektoru Ankarada
vacib bir toplantıya qatılacağını söyləyib
növbədənkənar söz istədi. Və söz ona
verildi. Rektor ağzını açan kimi başladı
Ç.Aytmatovla O.Süleymenovu tənqid etməyə:
"Bunlar nə biçim türkdürlər ki, rusca
danışırlar..." Onun bu yersiz və sərt sözləri
xüsusən ön cərgədə oturan qonaqlar, Türk
dünyasının müxtəlif dövlətlərinin səfirləri,
yazıçıları arasında çaxnaşmaya səbəb
oldu. Sonra kürsüyə atam dəvət edildi. Allah bu dəfə
də onu növbəti sınaqdan keçirəsi oldu, onu
işə götürmüş rektoru ilə
qarşı-qarşıya gətirdi. Bir başqası burada
susar, ağrımaz başına buz bağlamazdı. Amma atam hər
zaman həqiqətin yanında yer almaq missiyasını burada
da davam etdirdi. Az qala hər cümləsi alqışlarla
qarşılanan atam sözü Ç.Aytmatovla
O.Süleymenovun rusca danışmaları üzərinə gətirdi:
"Çingiz Aytmatov da, Oljas Süleymenov da sizə
öztürkcə müraciət etdilər anlamadınız,
sonra yobazlaşmış türkcəyə keçdilər,
bu dəfə də ürəklərindən keçənləri ürəkləri
istəyən kimi ifadə edə bilməyib türk
sözünün yasaq olduğu qaranlıq sovet illərində
türkçülüyü dünyaya hayqırmaq
üçün istifadə etdikləri ruscada
çıxışlarını davam etdirdilər. Söhbət
hansı dildə danışmaqdan yox, necə və nədən
danışmaqdan getməlidir... Onlar hər cür risqi gözə
alıb türkçülüyü müdafiə edəndə
indi onları rusca çıxış etməkdə
suçlayanlar hardaydı..." Bu cümlələrdən
sonra salondakı alqış tufanını bir görsəydiniz!
Gurultulu alqışlar səngimək bilmirdi.
İndi də çox təəssüf edirəm ki, atamın
o çıxışının nə səs, nə də
video yazısını əldə etmədik, halbuki onun fikirləri
həqiqətən də tarixə düşəcək
sözlər idi. O, maraqlı, cəlbedici
çıxışı ilə bir anda o nəhəng salonda
olan insanların diqqətini maqnit kimi öz üzərinə
çəkdi. Atamın bu qeyri-adi bacarığının ilk
dəfə deyildi ki, şahidi olurdum. Onun tək
nitqində deyil, tamaşaçının düz ürəyinə
nüfuz edən iti baxışlarında, səsinin
monotonluqdan uzaq çoxçalarlılığında ifadə
olunan güclü aurası istisnasız olaraq
çıxış etdiyi bütün auditoriyaları fəth
etməsinə imkan verirdi. Çıxışdan sonra
Qazaxıstanın və Qırğızıstanın
böyükelçiləri, Ç.Aytmatov, O.Süleymenov və
Qırıqqala şəhərinin rəhbərləri
atamı ayaq üstündə alqışladılar. Oljas
Süleymenov atamı bağrına basıb öpdü və
yanında oturmağa dəvət etdi. O anda atam nə söylədisə,
məni də atamın yanına, ön cərgəyə gətirdilər.
Söhbət ön və ya son cərgədən yox,
atamın dediklərinin sonra necə həyata keçməyindən
gedir... Sonra öyrəndik ki, atam çox
böyük bir qalmaqalın qarşısını
alıbmış. Rektorun sözündən sonra
Ç.Aytmatov və O.Süleymenov tədbiri tərk edib getmək
istəyirmişlər, amma atamın yerində cavabı bunun
qarşısını almışdı. Atama bu cəsarəti
verən güc onu həm də qoruyurdu.
Çalışdığı universitetin rektoru sonrakı
gün atamla elə mehriban görüşdü ki, sanki onun
ünvanına tənqid yox, tərif demişdi. Sonrakı
üç gün boyunca Ç.Aytmatov, O.Süleymenov və
atam hər zaman bir yerdə oldular. Mən isə XX əsrin ən
böyük yazıçılarından biri olan
Ç.Aytmatovla yaxından tanışlıq şansı
qazandım...
Qırıqqaladakı
simpoziumdan bir neçə gün sonra Ankarada Türkiyə
Respublikasının prezidenti S.Dəmirəl Çankaya
köşkündə mükafat alanlara "Türk
dünyasına xidmət" ödülünü təqdim
etdi. Türk dünyası dövlətlərinin bütün
səfirləri və dəvət olunan
yazıçıları Çankaya köşkünə
yığışmışdı, sadəcə bizim səfirliyin
əməkdaşları gözə dəymirdilər. Digər
ölkələrdən mükafat alanları həmin ölkələrin
səfirləri və səfirlik əməkdaşları əhatə
etmişdilər. Bizim səfirlik isə atamı yapyalnız
buraxmışdı. Uzun illərdən bəri
türkçülük adına atamın gördüyü
işlər Türkiyənin rəsmi dairələrinin nəzərindən
qaçmamışdı. Atama təqdim edilən mükafat da onun türk
dünyası qarşısındakı xidmətlərinə
verilən yüksək dəyərin təcəssümü
idi. Təqdimat mərasimi Türkiyənin
bütün radio və televiziya kanallarında ya translyasiya
edildi, ya da haqqında informasiya verildi. Ölkə
üçün çox önəmli olan, atamın
aldığı bu mükafatla bağlı dövlət təbriki
bir yana qalsın, Azərbaycanda bir-iki müxalifət qəzeti
xaricində adi xəbər də verilmədi.
Atamın Türkiyədə
uğurları bununla bitmədi, dalbadal kitabları çap
olunmağa başladı. Bakıda adının ekranda, efirdə
çəkilməsi yasaqlanan, siyahılardən
çıxarılan atam həm Azərbaycanı, həm də
Türkiyəni təmsil etmək üçün
dünyanın müxtəlif ölkələrinə göndərildi.
2004-cü ildə Türkiyə Yazarlar Birliyi Türk Milli
kitabxanası ilə birlikdə atamın 65 illik yubileyini təntənəli
şəkildə qeyd etdi. Bir zaman yuxarıdan təyyarədə
görmək istəyib görə bilmədiyi Ankaranın
küçələrini atamın yubiley afişaları bəzəyirdi.
Atam demişkən, sanki Ankara bununla atama söyləyirdi:
"Sən kimsən ki, mənə yuxarıdan
aşağı baxasan, mənə yalnız Allah yuxarıdan
aşağı baxa bilər. Buraya gəlməli idin,
yağışıma, qarıma bələnib,
palçığımı ayaqlamalı idin ki, məni
görə biləydin". Ankara yetimliklə
böyümüş atamı doğma atası kimi
bağrına basmışdı. Yubileydən əvvəl
TRT-də atam haqqında bir saatlıq veriliş verildi. O günə qədər
görülməmiş bir yubiley oldu, çünki ilk dəfə
idi ki, həyatda olan bir şairə Türkiyədə yubiley
keçirilirdi. Bu ilk də bir başqasına yox, atama nəsib
oldu. Həmin təntənəli yubiley ruhən azad olan və
həqiqi poeziyaya dəyər verən türk oxucusunun,
aydınının atama böyük rəğbəti və
sevgisini bir daha göstərdi. Türkiyədə keçirilən
bütün mötəbər tədbirlərdə atam ən
yüksək tribunalarda, televiziya və radio kanallarındakı
verilişlərdə Azərbaycanı layiqli bir şəkildə
təmsil edir. Bu günə qədər Türkiyədə
onun 5 kitabı işıq üzü görüb. Atamın fəaliyyət
coğrafiyası Türkiyə ilə məhdudlaşmır.
Bir ara özü istəmədiyindən fasilə yaransa da,
artıq neçə illərdən bəridir, Rusiya mətbuatı
müntəzəm şəkildə onun əsərlərinə
yer ayırır. Sovet hakimiyyəti illərində atamın
şeirləri Moskvanın ən çox oxunan qəzet və
jurnallarında tez-tez çap olunurdu. Onun şeirlərini Yuri
Kuznetsov, Mixail Sinelnikov, Aleksandr Kuşner kimi SSRİ məkanında
məşhur olan rus şairləri tərcümə edirdilər.
Onların məhsuldar işbirliyi artıq uzun illərdir ki,
davam etməkdədir. Yadımdadır, 2003-cü ildə
Moskvada səfərdə olarkən atamın şeirlərini
daha çox tərcümə edən Rusiyanın ən məşhur
şairlərindən biri Yuri Kuznetsov xanımı qazax Fatimə
xanımla birlikdə məni evinə qonaq dəvət
etmişdi. Onun atam haqqında böyük sevgi və ehtiramla
dediyi xoş sözləri heç zaman unutmaram. Kuznetsov zəmanəsinin
böyük rus şairi idi və çox nadir hallarda
hansısa şairin şeirini bəyənər və tərcümə
edərdi. Kuznetsov Azərbaycan müstəqillik əldə
etdikdən sonra atamla müəyyən müddət əlaqələrin
bir qədər zəifləməsindən təəssüfləndiyini
və yenidən böyük həvəslə onun şeirlərini
tərcümə etmək istədiyini dilə gətirdi.
Amma təəssüf ki, bu ona nəsib olmadı. Bizim
görüşümüzdən 2 ay sonra o böyük rus
şairi dünyasını dəyişdi. Rusiyanın
tanınmış şairi, publisisti olan M.Sinelnikov da atamın
şeirlərini böyük ustalıqla tərcümə
edib. Sinelnikov atamı böyük şair kimi dəyərləndirərək,
mənim belə bir insanın övladı kimi çox
şanslı olduğumu Bakıya səfərlərinin birində,
görüşümüz zamanı dilə gətirmişdi.
Belə bir mötəbər söz sahibinin bunu etiraf etməsi
mənim üçün böyük əhəmiyyət
daşıyırdı... Bunu adi "çənə söhbətləri"ndə
deyil, Moskvada çap olunan qəzet və jurnallarda atam
haqqında yazdığı yazılarda da etiraf edib.
Onun tərcüməsində
atamın şeirləri müntəzəm şəkildə
Rusiya mətbuatında işıqlandırılır.
Bir neçə ildir, mən
Finlandiyada yaşayıram və Helsinkidəki rus icması ilə
sıx əlaqələrim var. İki il öncə icmanın
təşkil etdiyi tədbirlərin birində Finlandiyada rus
dilində nəşr edilən "Literarus"
jurnalının baş redaktoru, tanınmış
yazıçı Lyudmila Kolla tanış oldum. O, Bakıda
keçirilən "Rus kitabı" sərgisindən yeni
qayıtmışdı və zəngin təəssüratları
vardı. Atamın adı çəkilincə, Moskvada onun
haqqında çox eşitdiyini və mənimlə
tanışlıqdan məmnun olduğunu dilə gətirdi. Atamın
son şeirlərini məndən istədi. Ona M.Sinelnikovun (mənim
sətri tərcüməm əsasında) atamdan çevirmələrini
təqdim etdim. Şeirləri olduqca bəyənən L.Kol jurnalda
ancaq Finlandiyada yaşayan və ya fin müəlliflərin əsərlərinin
çap olunmasına baxmayaraq, ənənəni pozaraq,
atamın şeirlərinə jurnalın səhifələrində
geniş yer verdi. Keçən ilin sentyabrında Finlandiya
Rusdili Yazıçılar İttifaqının dəvətlisi
olaraq atam Finlandiyaya gəlmişdi. İttifaqın sədri,
atamın sovet dönəmindən tanışı Robert
Vinonenlə, L.Kolla və digər sənət adamları ilə
görüşləri izsiz qalmadı. L.Kol atam Finlandiyadan
Türkiyəyə qayıtdıqdan sonra onun görüşlərinin
və şeirlərinin oxucular arasında böyük
marağa səbəb olduğunu, əsərlərini yenidən
çap etmək istədiyini bildirdi. Və beləcə,
atamın Finlandiya səfərini əks etdirən essesi və
jurnalın təqdimat yazısı ilə 6 şeiri
"Literarus"un builki birinci nömrəsində çap
olundu.
Sovet hakimiyyəti illərində
atamın Anna Bede tərəfindən macar dilinə tərcümə
edilən şeirləri Macarıstan mətbuatında çap
olunaraq maraqla qarşılanmışdı. Macar tərcüməçinin
türk dilində təhsil almış və türk
dünyasına, atama böyük sevgisi, rəğbəti olan
oğlu Elod Kovaç hazırda M.İsmayıl
yaradıcılığını macar mətbuatında
geniş təbliğ edir. Amma ölkəsindən uzaqlarda vətənini
layiqincə təmsil edən, əsərləri ilə
müxtəlif ölkələrdə böyük oxucu rəğbəti
qazanmış atamı öz vətənində, canından
artıq sevdiyi doğma yurdunda görməzliyə vururlar. Çox
təəssüf...
Məmməd
İsmayıl yazdığı əsərlərlə, ictimai
xadim kimi fəaliyyətilə onsuz da Azərbaycan
xalqının tarixində əbədi qalacaq insandır. O,
insanı dünyaya bağlayan ad-san, var-dövlət,
şan-şöhrət həvəsinə, ən
mühümü isə öz nəfsinə çoxdan qalib gəlmiş
bir insandır və bunlardan qat-qat yüksəkdə dayanan bir
dərvişdir artıq. Tarix və zaman hər şeyi yerbəyer
edir. Zaman gələcək və Məmməd İsmayıl
fenomeni geniş, davamlı araşdırmalar mövzusu olacaq. O,
zəmanəsinin mərd, açıq sözlü, mənfəətsiz
yazıb-yaratmış ustad söz adamı kimi Azərbaycan
tarixində layiqli yerini tutacaq.
Ata! İnşallah, tezliklə Sənin 70 yaşın tamam olacaq. Mənə bunu görməyi nəsib edən Allaha şükürlər edir və arzum budur ki, mənim 70 yaşımı görməyi də sənə nəsib etsin. Sənin bir şeirin var - "Bir adam yol gedir bizdən qabaqda". Adın peyğəmbərimizin adıdır. Səndəki o ecazkar önsezmə gücü bundan irəli gəlir bəlkə. Vaxtilə nəzərdə tutduğun, bizdən qabaqda yol gedən adam elə Sənsən - öndə gedərək şimşəkləri üstünə çəkən, bütün dərdləri, iztirabları ruhunun süzgəcindən keçirən, sıxıntılı, amma layiqli və qibtəediləsi bir həyat sürən adam.
Bir adam yol gedir
bizdən qabaqda...
Hərdən üz çevirib taleyə, baxta,
Çıxdığı səfərdən qorxub qaçan var.
Bir adam yol gedir bizdən qabaqda,
Yaxşı ki, dünyaya cığır açan var.
Bizi səsləyirdi verdiyi vaxtda,
Biz hələ dünyaya gələnə kimi.
Bir adam yol gedir bizdən qabaqda,
Anadan olandan ölənə kimi.
İnanma, qəm qəmə yovuşar çətin,
Düzlüyün eləsi, beləsi yoxdu.
Kərəm sevgisinə qovuşar çətin,
Kimin ki, qarşıda Lələsi yoxdu.
Talanar sevdalar, bulanar sular
Yağanda hicranın kəpənək qarı.
Ürəklər qırılar, yollar ayrılar,
Olmasa qabaqda bir İpək qarı.
Yaz da Yerüzünə boşuna gəlmir,
Boşuna sovuşmur ağır xatalar.
Qabaqda gedənin xoşuna gəlmir
Qabağa düşəndə harın atalar.
Gedir qədəmindən nur yağa-yağa,
Yolları ölümdü-itimdi, bilmir.
Qəlbinə yatanı çəkir qabağa,
Arxalı, arxasız, yetimdi, bilmir.
Yolundan döndərməz duman da, çən də,
Kiminsə sözünü deməyə gedir.
Yerin bu üzündən duyuq düşəndə
Yerin o üzünə köməyə gedir.
Kələfin ucunu axtar özündə,
Hazır ol qəfildən gələn qəmə də.
Ağ atlı oğlan var bu yer üzündə,
Çıxar qabağına hər məhkəmədə.
Nədir anaların dilində muraz,
Görən gələcəyi gözündən öncə?..
Maşın işığına bənzəyir bir az
İnsanın əməli özündən öncə.
Bir nurlu sahil var hələ sabahda
Qaranlıq sulara yol açar avar.
Bir adam yol gedir bizdən qabaqda,
Amma bir adam da bizdən sonra var!
Gülzar
İSMAYIL,
525-ci qəzet.- 2009.- 2 iyul.- S.7.