Rusiyada Azərbaycan
Mədəniyyət Günləri
başlayıb
Rusiyada Azərbaycan
Mədəniyyət Günlərinin
təntənəli açılış
mərasimi keçirilib.
APA-nın Moskvadakı
müxbirinin verdiyi məlumata görə, ilk olaraq Kremlin
Sütunlu Zalının
foyesində azərbaycanlı
fotoqrafların əsərlərindən
ibarət sərgi açılıb. Sərginin ardınca
keçirilən mərasimdə
Rusiya mədəniyyət
nazirinin müavini Aleksandr Qolutva və Azərbaycanın mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev öz çıxışlarında
bu önəmli tədbirin başlaması
münasibətilə iştirakçıları
təbrik ediblər.
Aleksandr Qolutva iki ölkə
arasında humanitar sahədə əməkdaşlığın
yüksək səviyyəsindən məmnunluq ifadə edib, mədəni
əməkdaşlığın inkişafda olduğunu
vurğulayıb: "Ölkələrimiz arasında aktiv mədəniyyət
mübadiləsini ləngidən yeganə amil odur ki, mədəni
əlaqələri inkişaf etdirmək arzusu bəzən
maliyyə imkanları ilə üst-üstə
düşmür. Lakin bu amil bizləri münasibətlərimizi
daha da möhkəmlətmək hissindən çəkindirmir".
Əbülfəs Qarayev
deyib ki, iki ölkə arasında mədəni əlaqələr
Azərbaycan və Rusiyanın siyasi, iqtisadi-ticari, humanitar və
digər sferalarında ikitərəfli əməkdaşlıq
münasibətləri ilə harmonik olaraq inkişaf edir:
"Azərbaycan və Rusiya arasında bugünkü mədəniyyətlər
mübadiləsinin Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfərindən
sonra gerçəkləşməsi həm də simvolik məna
daşıyır. Hər iki prezidentin imzaladığı sənədlər
ölkələrimizi qarşılıqlı şəkildə
maraqlandıran iqtisadi proqramların, siyasi münasibətlərin
daha da inkişafı üçün gözəl əsas
yaradıb".
Əbülfəs Qarayev
bu dəfə Azərbaycana mədəniyyətinin bir qədər
qeyri-adi rakursda təmsil olunacağını deyib. Onun sözlərinə
görə, iki il əvvəl maestro Mstislav Rostropoviçin təşəbbüsü
ilə Azərbaycanda uşaq simfonik orkestri yaradılıb:
"Bu orkestr il yarım ərzində Avropa və
dünyanın bir çox şəhərlərində
uğurla çıxış edib və indi həmin orkestr
Moskva auditoriyası qarşısında çıxış
etmək şərəfinə nail olub". Əbülfəs
Qarayev Azərbaycan nümayəndə heyətinin Moskvadan sonra
Tatarıstanda da çıxış edəcəyini söyləyib.
Proqramın bədii hissəsində
Azərbaycan Dövlət Uşaq-Gənclər Simfonik Orkestri
çıxış edib. Orkestr Üzeyir Hacıbəyov, Qara
Qarayev, Brams, Motsart, Vasif Adıgözəlov, Vaqif Mustafazadə,
Ştraus, Niyazi, Rimski-Korsakov, Fikrət Əmirov və digər
görkəmli bəstəkarların əsərlərini səsləndirib.
Elməddin İbrahimovun ifa etdiyi "Qarabağ şikəstəsi",
Bakı Xoreoqrafiya Məktəbinin tələbələrinin
ifasında "Arşın mal alan" komediyasından
uvertüra və "Mənim Azərbaycanım"
süitası alqışlarla qarşılanıb. Proqramda
vokalçı İsmayıl Yunusov italyan mahnısı
"Camayka" və Azərbaycan xalq mahnısı
"Qalalıyam"ı uğurla ifa edib.
525-ci qəzet.- 2009.- 2 iyul.- S.7.