Vaxtı qabaqlayan insan

 

Vaxtı qabaqlamaq ambisiyalı insanlara xas keyfiyyətdir

 

Həyat inandırıcı nümunələrlə göstərir ki, ümumiyyətlə, istənilən bir sahədə, xüsusilə biznesdə uğur qazanan insanları əldə etdikləri nemətlərlə yanaşı, vaxtaşırı xoşagəlməz hadisələr gözləyir. Belə ziddiyyətlər adətən onların qızğın fəaliyyətinin mərkəzi sonu arasındakı zaman kəsiyində baş verir.

Zənn edirəm ki, vaxtı qabaqlamaq insana təbiətən xas olan bir haldır. Lakin bu təbii instinkti şişirtmək daha artıq ambisiyalara malik olmaq deməkdir. Başqa sözlə desək, belə bir fərd özü də anlamadan, zənginlikdən həzz almaq duyğusunun güclü təsiri altında öz gələcəyini hansısa vacib bir amildən, ola bilsin ki, tez bir zamanda reallaşmağa hazır olmayan bir ideyadan məhrum edir. Bu fikri sərtləşdirərək desək, bəşər övladının bu ambisiyalı nümayəndəsi, faktiki olaraq, özü də istəmədən gələcəyini və bəlkə də daha kiminsə bu gününü kasadlaşdırır.

Deyilənə görə, ambisiyalı olmaq prinsip etibarilə, müsbət keyfiyyətdir. Əlbəttə, əgər hər şeyi lazımi dərəcədə etsən. Çox ehtimal ki, bizim ahəngli dünyamız əzəldən elə qurulub ki, hər işi öz vaxtında etmək lazımdır. İnsanın normal yaşam şəraiti də məhz bunu tələb edir. Vaxtı qabaqlamaq mahiyyətcə gözlənildiyindən daha artığını əldə etmək deməkdir. Bu, müsbət haldırmı? Deyirlər ki, vaxtı qabaqlayan insanların bir çoxu həyatlarının sonunda nə isə qiymətli bir şeyi itirmiş, öz sirli insani hisslərini keçmişdə qoymuş adamlara bənzəyir. Onların sanki hər şeyləri var, lakin əslində, çox vaxt onlar səadət və sevinc hisslərindən məhrum olurlar. Xeyirin məkanı isə getdikcə daha da kiçilir. Əbəs yerə demirlər ki, "varlılar da ağlayır". Bu, insanın elə bir vəziyyətidir ki, o öz ambisiyalarının sürətlə hərəkət edən çarxını dayandıra və ya heç olmasa, zəiflədə bilmir. Beləliklə, insan ona istədiyi şəhvəti verməyən zənginliyin quluna çevrilir. "Hər bir işdə hüdud, məhdudlaşdırıcı sərhəd mövcuddur" sözlərinin məzmunu itirilir. Həyatda bu sərhədi müəyyənləşdirmək çoxlarına nəsib olmur.

Ola bilsin ki, məhz buna görə də ömrü boyu vaxtı qabaqlayan insanların heç biri sonda olduqları kimi qalmağa müvəffəq olmurlar. Yəqin, insanın imkanları onun varlığı, müqəddəratı, onun üçün ayrılmış dünyəvi yaşam müddəti ilə məhdudlaşdırılıb. Bu, istər iqtisadi-maliyyə, istər hərbi, istər siyasi, istərsə də ictimai böhranlar zamanı özünü daha aydın şəkildə biruzə verir.

Vaxtı qabaqlamaq təbiətin sənə verdiyi həyat fincanını vaxtından tez doldurmaq, bir ay, bir il və ya daha sonra əldə etməli olduğun şeyə həddən tez nail olmaq deməkdir. Başqa sözlə desək, sən səy göstərərək öz gələcəyini hansısa qiymətli və vacib bir şeydən məhrum edirsən. Nəticədə, dəyərini itirmiş gələcək tədricən, yavaş-yavaş lazımsız və darıxdırıcı olur. Bu onu göstərir ki, sənin gələcəyin artıq yoxsullaşıb. Səbəbkar isə sən özünsən. Öz imkan və istəklərinin məkan və hüdudlarını müəyyənləşdirə bilməyən vaxtı qabaqlayan insan! Hər şeydə mötədil olmaq nadir xüsusiyyətdir və o, görünür, hamıya xas deyil.

Din, etiqad sahəsinə gəlincə, qeyd etmək istərdim ki, burada vaxtı qabaqlamaq, ümumiyyətlə, qeyri-mümkündür. Həqiqi imanın dərinliyinə və ali dini mənsəbə nail olmaq üçün mərhələ-mərhələ, addım-addım getmək lazımdır.

İslamda ruhanilik, iyerarxiya anlayışları yoxdur. Lakin indi biz öz reallıqlarımız barədə danışırıq. Ali dini rütbəyə malik olmaq və ya möminlərə başçılıq etmək hər bir din adamının ən böyük arzusudur. Daha sonra mənəvi-əxlaqi kamilləşmə dövrü başlayır. (Baxmayaraq ki, normal halda o, yüksəlişdən əvvəl olmalıdır.) Bu mərhələdə yüksəliş mexanizminin ənənəvi formulu işə yarayır. Yəni, mənsəb və dini titul uğrunda mübarizədə insan amili, dost köməyi hələ də müəyyən rol oynaya bilir. Şərti olaraq desək, birinci mərhələ beləliklə sona yetir.

İkinci mərhələdə yüksəliş çox-çox, dəfələrlə çətindir. Burada irəliləyərkən, məcazi mənada desək, başqalarını kənara itələmək çətinləşir. Yalnız sənin bilik səviyyən, həqiqi imanın, şəxsi davranış tərzin, başqaları üzərində öz ağlının nuru, mənəvi paklıq, vicdan və səmimiyyətinlə yüksəlmək bacarığının olması vacib və yeganə amilə çevrilməlidir. Bunlardan birinin olmaması mütləq, din xadiminin nüfuzuna mane olacaq və onun məğlubiyyəti çox tez baş verəcək. Belə bir vəziyyətdə ən ciddi və mənfi hal örnək olmaq üçün mənəvi hüququn itirilməsidir.

Bu cür vacib ünsürün olmaması, faktiki olaraq, din xadiminin dini hökmlərə sadiqlik simvolu imicini, dini rəhbər olmaq, möminlər icmasına başçılıq etmək hüququnu itirməsi deməkdir. Belələri çox vaxt həyatda öz əxlaqi dəyərlərini və deməli, həqiqi imanın da bir hissəsini itirmiş insana çevrilir. Bu təqdirdə, yaxın zamanlarda lider olmuş həmin insan dini səlahiyyətlərə və başqalarını öyrətmək kimi əxlaqi hüquqa malik olmayan sıravi möminlərdən birinə çevrilir.

Beləliklə, həmin insan addım-addım mənəvi-əxlaq uçurumunun kənarına çata və bu dərin çuxura yıxıla bilər. O zaman heç bir xarici əlamət və maddi nemət onun mənəvi uçuruma doğru hərəkətinin qarşısını ala bilmir. Belələri eyni zamanda adi insanların da "gözündən düşür", insanların nifrət obyektinə çevrilir.

Yer üzündə yaşayan hər bir insan, müxtəlif dövlətlərin mömin vətəndaşları özləri də istəmədən yuxarıda deyilənlərin şahidi ola bilər. Lakin adətən inamı fərdin şəxsi işi hesab edənlər bu barədə danışmaq istəmirlər. Bu o zaman düzgün sayıla bilər ki, başqalarına örnək olmaq iddiası ortada olmasın. Mahiyyət etibarilə, müəllim, dini rəhbər hüququnun olmaması inam piramidasının, onun daxili iman mexanizminin pozulması, kosmosla əlaqənin itirilməsi deməkdir. Bu kimi fəsadlar bütün səmavi dinlərin ardıcıllarında baş verdiyindən belə bir nəticə hasil olur ki, bütün bunların şahidi olan dərin inamlı kəslərin niyyəti və tanrı sevgisi heç də zəifləməməlidir. Biz müstəqil şəkildə etiqad edirik. Bizim mövcudluğumuzun, dinimizin - islamın fərqi və sirri də bundan ibarətdir. Heç bir kənar şəxs insanın inamına toxunmamalıdır. İnanırsan, deməli, yaşayırsan. Başqa cür olsa, güman ki, yaşamaq öz ilahi mənasını, insan isə dünyadakı həqiqi mövqeyini, hətta özünü belə itirə bilər.  

 

  

Rafiq ƏLİYEV

 

525-ci qəzet.- 2009.- 2 iyul.- S.5.