Berlində Dağlıq Qarabağ
münaqişəsinə həsr
edilən tədbir keçirilib
Berlində Dağlıq
Qarabağ münaqişəsinə həsr edilən tədbir
keçirilib. Bu barədə "525"ə Diasporla
İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən
məlumat verilib.
Azərbaycandan olan gənc
tədqiqatçı - Almaniyanın Mannhaym Universitetinin siyasi
elmlər üzrə doktorantı, Azərbaycanlı Tələbələr
və Elmi İşçilər Birliyinin (ATEİB)
üzvü Azər Babayev Almaniyadakı Azərbaycanlıların
Əlaqələndirmə Mərkəzində (AAKM)
"Dağlıq Qarabağ münaqişəsində sülh
üçün gözlənilməz şans"
mövzusunda məruzə ilə çıxış edib. Berlin
şəhəri parlamentinin deputatı Andreas Köhlerin (SPD
fraksiyası) moderatorluq etdiyi tədbirdə Almaniyanın
müxtəlif təşkilatlarının nümayəndələri,
Azərbaycan diasporunun nümayəndələri iştirak
ediblər. Azər Babayev məruzəsini əsasən Cənubi
Osetiya hadisələrindən sonra Dağlıq Qarabağ
münaqişəsi ətrafındakı proseslərə həsr
edib. O, diqqəti ilk növbədə bu məsələyə
çəkib ki, Cənubi Osetiya hadisələrindən sonra Qərbin
aparıcı gücləri regionla bağlı siyasətlərinə
düzəlişlər etməyə can atırlar və
xüsusən də Rusiya tərəfindən dövlət
müstəqilliklərinin tanındığı Cənubi
Osetiya və Abxaziyanın Dağlıq Qarabağ
üçün presedent hala çevrilməsinə
qarşıdırlar. Bununla yanaşı, Qərb siyasi dairələri
ümumən ərazi bütövlüyü prinsipinin bu tip
münaqişələrin həllində xüsusi rolunu önə
çəkməyə başlayıblar. Digər tərəfdən
Ermənistanın regional təcrid vəziyyəti Cənubi
Osetiya hadisələri kontekstində bir daha üzə
çıxardı ki, rəsmi İrəvan uzun müddətə
Dağlıq Qarabağın müstəqilliyini təmin etmək
gücündə deyil. Bu mənada regional sabitliyin, xüsusən
də iki vacib qonşu dövlət - Türkiyə və Azərbaycan
ilə normal münasibətlər qurmağın əhəmiyyəti
Ermənistan üçün çox artıb. Son dövrdə
rəsmi İrəvanın Türkiyə ilə
yaxınlaşmaya xüsusilə can atmasını da bu mənada
dəyərləndirmək olar.
Daha sonra gənc tədqiqatçı
ümid etdiyini bildirib ki, Cənubi Osetiya hadisələri
regionda xüsusi maraqları olan xarici güclər
üçün bir "?şok" effekti yaratmış oldu
ki, bu da onların Qarabağ münaqişəsi ilə
bağlı mövqelərində daha konstruktiv olmasına
müsbət təsir edib. Məruzədən sonra mövzu ətrafında
müzakirələr aparılıb. Tədbirin alman
iştirakçıları mövzuya marağı və fəallığı
ilə seçiliblər.
Tədbiri "Deutsche
Welle" alman radiosu lentə alıb.
P.SULTANOVA
525-ci qəzet.- 2009.- 2 iyul.-S.3.