Əli Kərim
yanğısı
İnsan nəyə yanır? Sevdiyinə, dərdlərinə, vətəninəmi? Ya da hamısına birdənmi yanır? İçində eşq olmayan bir insan, eşqin mənasını anlamayan adam nəyə yana bilər ki? Yanmaq, kül olmaq, külü ilə eşqin tozuna qarışmaq, orada yenidən var olmaq ancaq dəli-divanə aşiqlərin işi ola bilər.
Sevgiyə yanmaq şifahi xalq ədəbiyyatında Kərəmlə bütünləşib. Onun ağzından çıxan eşq min illərdir xalqımızın sevda dolu ürəyində yaşayır və yaşayacaq. Buna əminəm. Çünki bu xalq qədər eşqə, ayrılığa göz yaşları tökən, mahnılar, bayatılar söyləyən ikinci bir xalq yoxdur!
Təbii ki, eşq üçün bir damla göz yaşı tökənlər belə mənim könlümün ən yuxarı başında yeri olan insanlardır. Eşqin insanı təmizlədiyinə, yenidən var etdiyinə inandığım üçün aşiq olanda adamdan əsla qorxmaram, çəkinmərəm, şübhələnmərəm. Amma məni həyatımda ən çox vətəninə yananlar, millətinə aşiq olanlar və onların Kərəmin "ah"ına dönən ahları təsirləndirib.
Türk şeirinin böyük ustadlarından olan Nazim Hikmət də ən gözəl şeirlərindən birində "Mən yanmasam, sən yanmasan, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa" deyərək ürəyimdəki yanğını usta bir şəkildə ortaya qoymuşdu.
Azərbaycan türklərinin
ədəbiyyatında Vətəninə,
millətinə yanan ədiblər yüzlərlədir.
Hansını deyim ki? İşgəncələr
altında belə xalqını düşünərək
"Mən yaza bilmədim qollarım bağlı" deyə bağıran Əhməd
Cavadımı, yana-yana
ölkəsinin iblislərini
ifşa edən Cavidimi, yoxsa ürəyinin yanğısını
Düz 40 il öncə ötən ayın 30-da rəhmətə getmiş Əli Kərim də içi yanğı ilə dolu olan bir şair idi.
Heç kim məni başa düşməz,
Bəlkə də aydınlığımdandır,
Qafiyə düz olmasa da,
Bəlkə də yandığımdandır.
Yanan şair! Bəlkə də bir Kərəm kimi yandığı üçün o qədər gənc yaşında bu dünyanı tərk edib getdi. 38 yaş nədir ki, bir şair üçün? "Yaş otuz beş, Dante kimi ortasındayıq ömrün" deyən Cahid Sıtkı Tarançı da elə bu yaşlarda vəfat etmişdi.
Cahid Sıtkı kimi Əli Kərim də 30 yaşın sehrinə qapılaraq gedib. Sanki, otuzun sonunda bir gəmi kimi lövbər salacağını anlayıb Şair:
Otuzumdan çox yaşamışam
Peşiman deyiləm
Gələcəyə baxıram
Dayan!
Gör nə deyirəm.
O hələ ömründən deyil,
Düşün, axşam səhər
Sən onu fəth etməlisən
Son zərrəsinə qədər.
Aşiq olanlarda, şair olanlarda, ürəyi yanğın yerinə dönənlərdə dərdlər də, kədərlər də oxşar olur. Dünyanın bir ucunda yaşayan şairlə o biri ucunda yaşayan şair arasında gözlə görünməyən ortaqlıq, bənzərlik və ifadələr olur. Mən Pablo Nerudanı oxuyarkən onun həyata baxışını, qürbət duyğularını, vətəninə olan həsrətini öz içimdə yaşamış və bir şair bənzərliyinin fərqinə varmışdım.
Əli Kərimdə də bu ortaq nöqtələr yetərincədir. Onun ölümə baxışı, uşaqlarına olan sevgisi, vətəni, dili və arzuları hansımızın ürəyindən keçən duyğulara bənzəmir ki?
Hətta o sevgini, sənəti və yuxarıda bəhs etdiyim yanğını o qədər səmimi, o qədər içdən mənimsəyib ki, "Van Qoqun günəşi" adlı şeirində düşmənini belə "sevimli" adlandırıb.
Gəl, gözümə düş mənim,
Ey ağrısı
Dərdi xoş!
Ey yanğısı vəfalı
Ey varlığım
Ey canım
Ey sevimli düşmənim!
Bəli, "Ey yanğısı vəfalı". Necə də sözdən ustalqıla istifadə eləmiş şair! Necə xalqımızın ən böyük sərvətini, ən böyük özəlliyini ortaya çıxarmış şair! Vəfa! Və eşqlərin odunda yanmaq! Yanıqlı, odlu, alovlu olmaq! Onun ən sevdiyim şeirlərindən biri "Üçüncü atlı"dır. O, şeirdə böyük rus şairi Lermontovun qonaqlığını necə də gözəl anladır. O şeirdə duyğu ilə, içindəki yanğı ilə Lermontovun izinə düşür. Orada ölkəsinin təbiətini, gözəlliklərini sevə-sevə, oxşaya-oxşaya, buludları, yağışı, palıdı, ürək döyüntüsünü necə də ustalıqla təsvir edir.
Göydə burum-burum axan buludlar,
Palıd yarpağına bir damla düşdü.
Yarpaq ürəyinin döyüntüsütək,
Səsləndi. Elə bil məlala düşdü.
Ancaq böyük bir şair yağış damlasının yarpağın üzərinə düşməsini bir ürək döyüntüsünə bənzədə bilər.
Üstəlik bu şeirdə ana dilinə vurğunluq necə də bir dastan havasındadı.
Bu dil təmizlikdə uşaq nəfəsi
Gözəllik utanır bu incə dildən!
Dilimiz anamızın ağ südü kimi halalımızdır! Türkün dili! Türkün bülbül kimi avazı! Türkün dünyanı sarsıdan, at kişnəmələrinə qarışan hey-hey səsi! Əli Kərim duyğu şairi olduğu qədər də cəsarət şairidir. Onun "Vəsiyyət" şeiri məni hər zaman heyrətləndirib. Ölümün gözünə bu qədər dik baxa bilmək hər igidin işi deyil (Tofiq abinin qulaqlarından uzaq!).
Ölüm-bu qoca kaftar
Yaman kəmfürsətdir!
Ölümün mərhəmətsizliyini, vəfasızlığını necə də gözəl təsvir edib Əli Kərim! Bu şeiri oxuyanda bir az da əzrayılı savaş meydanına çağıran, ona ox atan Dəli Domrulun igidliyi yadıma düşür. Bu igidliyə baxmayaraq yenə də ölüm qarşısında o bir şairdir. Tabutuna bir az kağız, bir dənə də qələm qoyulmasını istəyir. Çünki "Heyif ki, (O qısa ömürdə çox şey desə də - O.A.) heç nə deməmişəm" deyə düşünür şair.
"Vəsiyyət" şeiri bütünlüklə türk oğlun türkün vəsiyyətidir. İçində ölüm adətlərimizdən bir şeylər var. Amma məni ən çox kövrəldən o şeirin son misralarıdır.
Asın təbəssümümü
Divar lampası kimi
Başı üstdən
Üç canımın,
Üç igid oğlanımın
Paşamın, Azərimin,
Orxanımın!
Onun oğlu olan adaşım Orxanın adını "Vəsiyyət" şeirində hər dəfə oxuyanda sanki bu sözü mənə də söyləyibmiş kimi Əli Kərimin yanğısını ürəyimə, təbəssümünü isə dodaqlarıma köçürürəm.
P.S. Mənə Əli Kərimin "Seçilmiş əsərləri"ni göndərən dostum Qalib Toğrula və Azərbaycan ədəbiyyatını, mədəniyyətini çox gözəl bir şəkildə internetdəki şəxsi blokunda təmsil edən Cavanşir Yusifliyə böyük təşəkkür edirəm.
Orxan ARAS
525-ci qəzet.- 2009.- 3 iyul.- S.7.