"Sonuncu büt"dəki "Qara işıq"dan düşən rəngli kölgələr

 

Əyyub Qiyasın "Sonuncu büt" kitabında müəllifin roman, povest hekayələri toplanıb. Ancaq, müqəddəs kitabları dəfələrlə oxuduğunu bildiyimdən, onun nədən birdən-birə "büt" mövzusuna toxunmağı mənimçün maraqlı oldu.

...Hər şey iyirmi səkkiz il həbsxanaların vərəmli divarları arasından, tikanlı məftillərin, şirin azadlıq xəyallarının susuz torpaq kimi çatlamış və bütün rənglərə çalan qan izilə "bəzənmiş" barmaqlıqların arxasından qırx üç yaşlı Məmmədağanın evlərinə dönməsindən başladı...

Məmmədağa yaddaşının alt qatının altını da qurdalayır. Məhəllələrində (epizodik olaraq yaşadığı şəhərdə) hər bir predmeti, baş verən hadisələri, hamını bir-bir xatirə süzgəcindən keçirir. Atasının sürdüyü qırmızılı-sarılı tramvaydan tutmuş "məşhur müğənninin" dəli anasına qədər, uşaq baxçasının qaranlıq damından tutmuş kişi papaqları tikən Abdulla kişinin dükanına qədər... Novruz bayramının təmtərağından tutmuş, uşaqların məhəlləarası dava-dalaşlarına qədər... Ancaq, uşaq vaxtı gördüyü körpüləri sellər yox, illər aparıb. Tarazlıq pozulub, toplum mənəvi aşınma səddinin o tərəf-bu tərəfində vurnuxur. Ona görə də itirilənlərə, dağıdılanlara, unudulanlara görə təəssüflənir, uşaq kimi kövrəlir, əsəbiləşir. Ötənlərdən, itənlərdən heç olmasa nəyisə qaytarmaq xülyasına düşür. Amma buna müvvəfəq olması müşküldür. Uzaqbaşı məhəllədə söz sahibi olur, kimlərəsə qahmar çıxır. Və belə situasiyada and yeri tapmayan Məmmədağa yarışda birincilik qazanan quşunun canına and içir. "İndi heç kəsin papaq qoymağa mənəvi haqqı yoxdur" primitiv nəticəsinə haqq qazandırır... Ən azından milli şüurda oyanış, milli-mənəvi dəyərlərin qorunmasına cəhd var. Haqq-ədalətin, tarazlığın bərpasına istək, ətrafda baş alıb gedən eybəcərliklərə daxili etiraz var.

Əslində elə Əyyub da səkkizillik təhsili olmayan, uşaqlıq dostu Rüfəti qonşu erməni balasının yalan şahidliyinə görə heç nədən bıçaqlayıb həbsə alınan Məmmədağadan qəhrəman, xilaskar obrazı yaratmaq fikrindən uzaqdı. "...Onun qarşısındakı adam illər əvvəl ağzındakı sözü əvvəldən axıradək başa çatdırıb deyə bilməyən davakar, savadsız, hər addımında, hər hərəkətində gülüş doğuran Məmmədağa deyildi sanki, onun qarşısındakı adam müstəntiq, hakim iddiası ilə onu sorğu-suala tutan türk balası idi". Bu da iyirmi səkkiz ildən sonra satqın "hay" balasının qaçılmaz qisas anındakı qorxu dolu düşüncələri...

Hər şeyi xırda ştrixinə qədər xatırlayan, necə deyərlər, tükü-tükdən seçən əsas qəhrəman öz mənzillərinin qapısı ağzında ölkədə tanınmış adam olan, daim qəzetlərdə adı hallanan, televizor ekranlarına çıxan böyük qardaşı İlqarı tanımır. İlk baxışdan inandırıcı görünmür. İlqar isə Məmmədağa üçün artıq yoxdu - reallıq budu. Son 28 ildə tənha anasının qapısını döyməyib, həbsdə olan qardaşıyla bir dəfə də maraqlanmayıb, hətta atasının yasına da gəlməyib. İlqarın unutqanlığı onun özünü də yaddaşlardan silir. "İlqar indi dədə evində... xatırlamışdı ki, onun Zibeydə adlı anası da var və hətta nə vaxtsa... tramvay sürən bir atası da olub... Atasının adını xatırlamaqdan ötəri qalxıb pasportuna baxmaq istəmişdi..." Nəhayət, səhvlərini anlayan bu unutqan oğul anasının qarşısında diz çöküb günahlarının bağışlanmasını diləyir... Sonra isə qeybdən gələn səs onu çağırıb uzaq qaranlıqlara aparır... İlqar isə daha əvvəl - məhəllədə hamının hərtərəfli tanıdığı və bələd olduğu Nazlıyla evlənəndə ölmüşdü.

İlqarın prototip(lər)ini tanımasaydım, mən də Əyyubun rəngləri tündləşdirdiyini, ifrata vardığını deyənlərlə razılaşardım. Ümumiyyətlə, romanda adı keçən əksər obrazların həyatda real prototipləri var. Hadisələrin cərəyan etdiyi məlum şəhərdə son on - on beş ildə baş verən dəyişikliklər, ictimai-siyasi proseslər obyektiv müşahidəçi - iştirakçı qələmiylə işıqlandırılıb. Rüfət adını hər cümləyə, hər abzasa səpələməklə bu obrazı daha da qabarıq göstərmək istəyindəndi, yoxsa bu bir üslub formatıdır?

Doğrusu, bir az yorucu görünsə də, bu təkrarı (sonradan təkrir olduğu sezilir) da Əyyubun uğuru saymaq olar. Bu da müəllifin oxucunun fikrlərini bütün vasitələr və imkanlarıyla göstərilən obrazın üzərində cəmləmək cəhdidir. Eləcə də hər dəfə "Rüfət" yazmaqla sanki əsərindəki adama "sən başqalarının hesabına böyüdükdən sonra hamını, hər şeyi unudan, bircə köhnə peşə sahibi Səadətdən başqa gözünə kimsə görünməyən, kimsəni sevməyən Rüfətsən" deyir (Səadət isə qarşısına çıxanları müəyyən zaman kəsiyində xoşbəxt eləyib). Eyni zamanda, oxucusuna bir daha xatırladır ki, bu "Qara işıqdan" düşən kölgə Rüfətdi - həyatının bütün çalarları, bütün rənglərilə. (Qara işıqdan düşən kölgənin rəngli ola biləcəyini də Əyyubun ayağına yazaq). O Rüfət ki, başqalarının günahı kimi gülə-gülə doğulub. Günahlar bağışlanmır. Günahların bağışlanmasıyla bağlı mifi insanlar təsəlli üçün uydurub. Sonda kimsə cavab verir. Nəticə kimi insanların yolu yaddaş pozuntusu, depressiya, dəlixana, ya da bir ucu ölümün əlində, digər ucu boğaza keçirilən ipdən keçir.

Əyyub oxucuya əvvəlcədən informasiya sızdırmadan "Sonuncu büt"ün başlanğıcında belə onların faciəvi sonluğunu hazırlayır. Və çox vaxt oxucu üçün gözlənilməz, öncə xatırlatdığım kimi həm də inandırıcı olmaya bilir (bir gündə azacıq vaxt fərqilə - sürüşmüş zamanla bir neçə telekanalla verilən eyni film və s.).

"Sonuncu büt" real hadisələrin, yaşanmış anların təsvirilə başlasa da, getdikcə mistika, nağıl-əsatir elementlərinə yer verilir və simvolik bir sonucla tamamlanır. O biri dünyadan ev telefonuna vurulan naməlum zənglər, köhnə qəbiristanlıqda bir-birindən ancaq əllərinin açıq və bağlı olmasıyla fərqlənən iki bütün qalıqları haqqında göndərilən məlumat... Və bütlərin qarışıq salınacağı halda "başınız çox bəlalar çəkəcək" xəbərdarlığı. Bütlərin hansına toxunmaq olmaz? O biri dünyayla telefon əlaqəsi kəsilir... Yerdəkilər səhvlərinə görə faciələrlə üzləşir. Məmmədağa isə Şuşa dağlarında öldürülüb bütə çevrilir. Başı bədənindən ayrı - yarımçıq bütə...

Kitabda gedən hekayələr (novellalar) də maraqlı və düşündürücüdür. Günümüzə güzgü tuta biləcək "Zırrama" hekayəsi isə laqeydliyin və biganəliyin zirvəsi, yaxud ən alçaq nöqtəsidir... Adam özünü asmaqçün parkda adınalayiq ağac axtarır. Ağacın sanballı budağını sezir. İp (hekayədə bel kəməri) axtarır. Yaxındakı oğlanın kəmərini zorla belindən açır və son arzusunu həyata keçirir. Kəmər yiyəsi sui-qəsd planının uğurla başa çatdığına əmin olduqdan sonra, heç nə olmayıbmış kimi, kəmərini budaqdan açıb belinə taxır...

Mən tənqidçi deyiləm. Sadəcə, yaxşı mənada mənə rahatlıq verməyən kitab barədə bir oxucu kimi fikrimi demək şansımdan, hüququmdan yararlandım. Və bu baxımdan əlimə keçən bir-iki daşı Əyyubun "büt"ünə tərəf atmağı da lazım bildim: Ayrı-ayrı obrazlar fərqli məqamlarda eyni maneralarla təqdim olunur, yaxud eyni situasiyaya düşürlər. Olduqca təbii, səmimi "Şəkilli kitab"dakı məsum uşaq və elə adının artıq nəsə demək istədiyi "Nə satırlar"dakı qəhramanlar kimi: "...bədənində bərk ağrı hiss etdi... Gözlərini açanda xəstəxanada idi... başının üstündə həkim (tibb bacısı) durmuşdu". Təqribən belə... Eyni ifadə forması və eyni mənzərə. Paralel xətlərin kəsişdiyi nöqtələr. Bu iki hekayənin digər özəllikləri də var. Romandakı obrazların "Az qalırdı başı çatlasın...", "Az qalırdı başına hava gəlsin...", "Az qalırdı dəli olsun"... Bəlkə də bu, personajların sonrakı tragediyasına hazırlıqdı. Məncə, burada müəllif müdaxiləsi artıqdı... Telefon son dövrlər həyatımızın az qala ayrılmaz hissəsinə, mühüm atributuna çevrilib. Ancaq "Sonuncu bütdə" telefonu bir predmet kimi bu qədər istismar eləmək də yaxşı örnək deyil...

Əyyub Qiyasın "Sonuncu büt"ü nə qədər davam gətirəcək, səhnədən nə vaxt gedəcək? Bunu zamanın öhdəsinə buraxaq. Amma uzunömürlü olacağına şübhəm yoxdur.

 

 

Sabir YUSİFOĞLU

 

525-ci qəzet.- 2009.- 3 iyul.- S.7.