Niyazinin ev-muzeyində Firəngiz Əlizadə ilə görüş olub

 

Maestro Niyazinin ev-muzeyində Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə ilə görüş keçirilib. Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevərlər Klubunun təşkilatçılığı ilə baş tutan görüşdə klubun direktoru Alla Bayramova F.Əlizadənin həyat yoluna nəzər salıb: "Firəngiz Əlizadə 1947-ci ildə Bakıda dünyaya gəlib. İlk musiqi təhsilini Bülbül adına orta-ixtisas musiqi məktəbinin fortepiano sinfində alan Firəngiz xanım sonra Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasında təhsilini davam etdirib. O, 1970-ci ildə fortepiano sinfini bitirib, bəstəkarlıq üzrə Qara Qarayevdən dərs alıb". Görüşdə çıxış edənlər F.Əlizadənin musiqi yaradıcılığından danışaraq gördüyü işləri önə çəkiblər: " Firəngiz Əlizadə "Qarabağnamə", " atlı haqqında əfsanə" operalarının, "Miraj", "Üç akvarel" vokal silsiləsi başqa irihəcmli əsərlərin, o cümlədən "Qara Qarayev" "Azərbaycan simfonik musiqisi" kitablarının, 150-dən çox məqalənin müəllifidir. O, 2007-ci ildə YUNESKO tərəfindən "Sülh naminə incəsənət xadimi" fəxri tituluna layiq görülüb".

Görüşdə bəstəkar öz yaradıcılığı ilə bağlı ona ünvanlanan suallara cavab verib. Tədbir F. Əlizadə haqqında Almaniyada istehsal olunmuş sənədli filmin nümayişi ilə yekunlaşıb.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 3 iyul.- S.7.