Astarada qədim kərpic kürəsi aşkar olunub

 

Astara rayonunun Pensər kəndində qədim kərpic kürəsi aşkarlanıb. Mədəniyyət Turizm Nazirliyindən verilən məlumata görə, kürə İntizar Mürsəlovaya məxsus həyətyanı sahədə ağac əkmək üçün çala qazılarkən aşkar olunub. Bu barədə İ.Mürsəlova Astara rayon mədəniyyət turizm şöbəsinə məlumat verib. Aparılan tədqiqatlar nəticəsində qədim tikilinin qalıqlarının 19-cu əsrin əvvəllərində inşa edilmiş kərpic kürəsinə aid olduğu müəyyənləşdirilib. Kürənin İ.Mürsəlovanın ulu babası, Astarada xeyriyyəçi kimi tanınmış Hacı Teymur tərəfindən inşa edildiyi bəlli olub. 19-cu əsrdə kənddə tikilmiş məscid binası bu kürədə bişirilmiş kərpiclərdən inşa edilib. Həmçinin Hacı Teymurun oğlu Hacı Osmanın da 1912-ci ildə kənddə ilk rus-tatar məktəbinin binasını məhz bu kürənin kərpicləri ilə tikdirdiyi bəllidir. Hazırda Hacı Teymur məscidi rus-tatar məktəbinin binası yerli əhəmiyyətli abidə kimi dövlət tərəfindən mühafizə olunan abidələr siyahısındadır.

 

 

525-ci qəzet.- 2009.- 3 iyul.- S.7.