Tanrı öz
yaxşı bəndələrinə
də qıyarmış!
Yarım əsrdən
çox tanıdığım, 30 ildən artıq dostluq elədiyim
gözəl insan Rəşid İsmayıl oğlu Mahmudovun
ölüm xəbərini Sadıq Murtuzayev dedi.
Bu kədərli xəbəri
eşitmək ağır olduğu qədər, onu dosta
çatdırmaq da bir o qədər çətin idi. Ona
görə də telefon danışığımız uzun
çəkmədi. Sadıq Murtuzayevi qəhər boğdu və
telefon danışığımız sona çatdı.
Sarsıdıcı xəbərdən
xeyli sonra elə bil ki, bir an özümə gəldim. Rəşid
müəllimlə çox yaxından ünsiyyətdə
olduğum gözəl xatirələrlə dolu illər şəffaf
bulaq suyu kimi yaddaşımdan süzülüb keçdi. Yaxşı
dost, mehriban insan, gözəl ziyalı və böyük
şəxsiyyət gözlərini əbədi yumub və həyatla
vidalaşıb. Sən demə tanrı öz yaxşı bəndələrinə
də qıyarmış!
Rəşid Mahmudovu mən
hələ 1960-cı illərin ortalarından qiyabi
tanıyırdım. O vaxt Rəşid müəllim MK-da
bölmə müdiri, mən isə Bərdə və Tərtər
rayonlarında partiya və dövlət işlərində
işləyirdim. Tanıyanların hamısı Rəşid
müəllimi sadə və çevik işçi, mehriban,
xeyirxah və səmimi bir insan kimi səciyyələndirirdilər.
Onun da Azərbaycan Dövlət Universitetini bitirdiyini bilir,
özümü də həmin ağacın meyvələrindən
biri hesab edir və Rəşid müəllim haqqında
eşitdiyim xoş sözlərdən qürur hissi
keçirirdim.
Taleyin qisməti ilə
1974-cü ilin yanvar ayında Balakən rayon partiya komitəsinin
birinci katibi seçildim. Rəşid müəllim isə
artıq bir neçə ay idi ki, Balakənin ən yaxın
qonşusu olan Zaqatala rayonunun birinici katibi işləyirdi. Deməliyəm
ki, mən birinci katib seçiləndən dərhal sonra əvvəl
telefonla, səhəri gün isə iş otağımda şəxsən,
ilk dəfə məni Rəşid İsmayıl oğlu təbrik
etdi.
Bundan sonra mən həmişə
və axıra kimi Rəşid müəllimin yaxın dostluq
qayğısının, mənəvi yoldaşlıq
yardımının və yüksək insani keyfiyyətlərinin
yaxından şahidi oldum.
Balakəndə olarkən
Raşid müəllimlə daha tez-tez görüşərdik.
Zəng edirdi: "Əmi oğlu neynəyirsən?! Vaxtın
varmı görüşək?!" (Rəşid müəllim
familiyalarımız eyni olduğu üçün mənə
"Əmi oğlu" deyə müraciət edərdi. Deyirdi
ki, sən mənim əmi oğlumsan).
Görüşərdik.
Sadə süfrə ətrafında oturardıq. Şirin
söhbət, səmimi münasibət və ağıllı
məsləhətlər vaxtın necə keçdiyini bizə
unutdurardı. Axırda Rəşid müəllim deyərdi:
"Deyəsən vaxtını çox aldım?!" Mən
isə cavab verərdim: Yox, Rəşid müəllim! Bundan sonrakı
səmərəli işlərimiz üçün belə
görüşlərimizin əhəmiyyəti
böyükdür.
Hər ikimiz də məmnun
olardıq. Deyərdim ki, Rəşid müəllim mən
universiteti bitirəndən sonra həmişə kənd
rayonlarında yaşayıb işləmişəm. Sizin
dünyagörüşünüz genişdir, mən Sizdən
çox öyrənməliyəm. O isə yüksək təvazökarlıqla
cavab verərdi: "Bilal, mənim də əmək fəaliyyətim
həmişə şəhərlə bağlı olub, mən
də kənd təsərrüfatı sahəsində səndən
bəhrələnirəm".
Rəşid müəllimlə
hər bir görüşümüz ən əziz xatirələr
kimi həmişə qəlbimdə yaşayır. Rəşid
müəllim olan yerdə həmişə ürəkaçan
zarafatlar, səmimiyyət, qayğı, müdrik məsləhətlər,
vətənə və xalqa ləyaqətlə xidmət
tövsiyələri, ədalət və mənəvi
saflıq söhbətləri mövzunun əsas məğzini
təşkil edərdi. Mən onun şirin söhbətlərinə
həmişə həsəd aparmış və qibtə
etmişəm...
Rəşid Mahmudov o
dövrün əsl partiya işçisi və əsl raykom
katibi idi. Bu sahədə də Rəşid müəllim
müasirlərinin çoxlarından fərqlənirdi.
Yüksək təşkilatçılıq qabiliyyəti,
inandırıcı, məntiqli və səfərbəredici
gözəl çıxışları, yüksək
etikalı davranışı, ədalətli və mənəvi
saflıq keyfiyyətləri ilə o hətta ən çətin
məsələlərin həllinə nail ola bilirdi.
Elə buna görə də
Rəşid Mahmudovun rəhbərlik etdiyi dövrlərdə
Zaqatala rayonu nəinki respublikamızda, həm də
Böyük Sovetlər ölkəsində tanınmış
və fərqlənən rayonlarından oldu. Təsərrüfat
və iqtisadiyyat sahəsində rayon böyük uğurlar
qazandı, əhalinin iqtisadi və sosial vəziyyəti əsaslı
olaraq yaxşılaşdı, tikinti - abadlıq sahəsində
Zaqatala respublikamızın digər bölgələrinə
nümunə kimi göstərildi.
Rəşid Mahmudov hələ
sağlığında ikən özünü əbədiləşdirmişdi.
İndi Rəşid müəllimin xeyirxah işləri
Zaqatala rayonunun bütün adamlarının qəlbində ən
əziz xatirə kimi yaşayır.
Təəssüf ki, Rəşid
müəllimin kədərli vaxtlarının həmdəmi də
oldum. 1977-ci ilin müdhiş dekabr günlərindən biri
idi. Yaxın dostumun kədərli əhvalı barədə
ağır xəbəri səhər tezdən eşitdim. Hətta
yuxarılardan icazə almadan İsmayıllıya gəldim. Həzin
qar yağırdı. Sanki bu məsum gəncin nakam həyatına
səma də göz yaşı tökürdü. Həyat
yoldaşı Məhbubə xanımın dili ilə desək
Rəşid müəllim 18 yaşında olan Dilbər
balasını sanki uzaq bir elə gəlin
köçürürdü. Özümdən çox
razıyam ki, həmin çox ağır və kədərli
anlarında Rəşid müəllimin qoluna girib təskinlik
verən yaxınlarından biri də mən olmuşam. Sonrakı
görüşlərimizdə Rəşid müəllimə
bu ağır dərdi unutdurmağa və söhbətlərimizin
nikbin keçməsinə çalışırdım. Belə
görüşlərimizi yekunlaşdırarkən yenə Rəşid
müəllim deyirdi: "Bilal çox sağ ol, dərdimi
heç olmasa bir müddət unutdurdun". Hiss olunurdu ki, Rəşid
müəllim həmişə bala dərdi ilə şam kimi
yanıb əriyir.
Rəşid müəllim
Bakıya - "Kommunist" qəzetinə baş redaktor vəzifəsinə,
mən isə Kürdəmir rayonuna birinci katib gələndən
sonra da sıx münasibətlərimiz əvvəl olduğu
kimi davam edirdi. Zona müxbiri mərhum Valeh Musayev Kürdəmirə
daha çox gəlir və "Kommunist" qəzetində
Kürdəmir barədə daha tez-tez yazılar dərc
edilirdi. Bunun səbəbini soruşarkən Musayev mənə
bildirdi ki, bu Rəşid müəllimin şəxsi
tapşırığıdır.
Ömrünün son illərində
gözlərində problem yarandıqdan sonra Rəşid
müəllimlə daha tez-tez əlaqə saxlayırdım. Vaxtaşırı
onu götürüb "Vahid poeziya evi"nə aparır və
istirahət edirdik. Burada onun ətrafına çox adamlar
yığışırdı. Rəşid müəllim isə
öz duzlu-şirin söhbətləri ilə yenə də
hamının rəğbətini qazanırdı. Yadımdadır,
2002-ci ildə nəşr olunan "Ömür
karvanımın ləpirləri" kitabımı elə həmin
"Vahid poeziya evində" Rəşid müəllimə hədiyyə
verdim. Onda gözləri az da olsa görürdü. Lakin mənim
bu kitabımı oxuya bilmədi. Sonralar telefonla mənə
dedi ki, Bilal nəvəmin vasitəsi ilə kitabını
xeyli oxumuşam. Həmin kitabda Rəşid müəllimin
gözəl bir yazısı da dərc edilmişdi.
Axır vaxtlar Rəşid
müəllim artıq evdən çıxa bilmirdi. Arabir zəng
edib etibarlı həyat yoldaşı Məhbubə xanımdan
əhvalını soruşur və telefona
çağırıb narahat etməməsini xahiş edirdim. Bir
qədər keçəndən sonra Rəşid müəllim
özü zəng edirdi: "Bilal! Necəsən qardaş!? -
Mən yaxşıyam Rəşid müəllim, Siz necəsiniz!
- Mən də belə də ay Bilal, Allah verən qismət
payı ilə razılaşmaq lazımdır!.." Nə qədər
ağır olsa da bu sözləri axıradək dinləyir və
təskinlik verirdim.
Rəşid Mahmudov
ötən ilin noyabr ayında dünyasını dəyişdi.
Lakin, Rəşid İsmayıl oğlu həmişə
yaşayan şəxsiyyətlərdəndir. Onu öz nəcib
əməlləri yaşadacaq, minlərlə adamlara etdiyi
xeyirxahlıqlar yaşadacaq, millətimizə və tariximizə
göstərdiyi misilsiz xidmətləri yaşadacaq. Onu layiqli
övladı Bəhruz, gözəl nəvələri Rəşid
və Rüstəm, etibarlı qohumları və dostları
yaşadacaq.
Rəşid Mahmudov
Sovetlər dövründə doğulub təhsil
aldığı və ateizm məfkurəsini təbliğ edən
sahələrdə işlədiyi halda onun qəlbində
Allaha möhkəm inam və dərin məhəbbət hissi
var idi. O, həmişə qeyri-rəsmi söhbətlərində
yaradıcı bir qüvvənin varlığına möhkəm
inamını nümayiş etdirirdi.
Yadımdadır, Balakən
rayonunun Katex kəndindəki kolxozun adlı-sanlı sədri Nəcməddin
Bayramovun dəfn mərasimi idi. Geniş mitinq təşkil
etmişdik. Qonşu rayonun katibi, dostum Rəşid Mahmudov də
iştirak edirdi. Sonda çıxış edib, rayonun rəhbəri
kimi mitinqi yekunlaşdırdım. Yola salarkən Rəşid
müəllim mənə dedi: "Bilal, bilirsən mən səni
çox istəyirəm, amma bugünkü
çıxışın sənə məhəbbətimi
daha da artırdı. Çıxışının sonunda sənin
"Bayramov Allah sənə rəhmət eləsin" deməyin
məni çox razı saldı". Axı o vaxtlar rəsmi
mərasimlərdə, xüsusi ilə partiya işçiləri
tərəfindən belə ifadələrin işlədilməsi
yolverilməz idi! Həmin söhbətimizdə Rəşid
müəllimin əqidəsi və Allaha
bağlılığı mənə daha da xoş təsir
bağışladı.
Rəşid Mahmudov
şərəfli həyat yolu keçərək 79
yaşının tamamında Allahın dərgahına
qovuşdu.
Rahat yat, əziz dostum! Allah sənə rəhmət eləsin! Qəbrin nurla dolsun!
Bilal MAHMUDOV
525-ci qəzet.- 2009.- 3 iyul.- S.6.