"Azərbaycan beynəlxalq
təşkilatlarla əməkdaşlıq
və tərəfdaşlıq
münasibətindədir"
AZƏRBAYCANIN AŞ PA-DAKI
NÜMAYƏNDƏ HEYƏTİNİN ÜZVÜ AYDIN ABBASOV:
"BU GÜN AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTLƏRİNİ
BÜTÜN BEYNƏLXALQ QURUMLARDA YÜKSƏK SƏVİYYƏDƏ
QƏBUL EDİRLƏR"
"Ali Baş Komandan
döyüş əmri versə, vətənini,
torpağını sevən bir azərbaycanlı, hərbi xidmət
keçmiş bir əsgər kimi ön cəbhəyə getməyə
hazıram. Ümumiyyətlə, hesab edirəm ki,
generalından zabitinə, zabitindən çavuşuna, ən
sıravi əsgərinədək hamı vətənin
müdafiəsinə hazır olmalı və bundan qürur
duymalıdır". Bu fikirləri "525"in
suallarını cavablandırarkən bitərəf millət vəkili,
Azərbaycanın Avropa Şurası Parlament
Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin
və sözügedən qurumun Monitorinq Komitəsinin
üzvü Aydın Abbasov dilə gətirib. Millət vəkilinin
sözlərinə görə, mərhum dövlət
başçısı Heydər Əliyevin daxili-xarici siyasət
kursunu uğurla davam etdirən indiki ölkə
başçısı İlham Əliyevin rəhbərliyi ilə
son illər Azərbaycanda tam peşəkar, döyüş
qabiliyyətli ordu formalaşdırılıb və bu ordu istənilən
an Ali Baş Komandanın əmri ilə Azərbaycan
torpaqlarının müdafiəsinə qalxmağa,
işğal altında olan torpaqları erməni təcavüzkarlarından
azad etməyə qadirdir. Bununla belə, millət vəkili
Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəvidə
deyil, daha çox siyasi-diplomatik müstəvidə
çözülməsinin tərəfdarıdır. A.Abbasov
indiki reallıqlar şəraitində hərb variantını
bir qədər real görmür: "İnanıram ki, tezliklə
bu münaqişə torpaqlarımızın işğaldan
azad olunması, bir milyondan artıq insanımızın öz
doğma yurd-yuvalarına qayıtması ilə sonuclanacaq. Buna
heç kimin şübhəsi olmasın".
- Bu gün Azərbaycan
hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu
yolunda inamla addımlayır. Artıq bu günün Azərbaycanı
ötən əsrin 90-cı illərinin Azərbaycanı
deyil. Bu gün Azərbaycan dünyanın ən nüfuzlu
dövlətləri, dövlət başçıları tərəfindən
tanınır, qəbul edilir. Elə son bir həftə ərzində
iki super dövlətin - Rusiya və İsrailin dövlət
başçılarının Azərbaycana səfəri, bu səfər
çərçivəsində imzalanan sazişlər Azərbaycanın
dünyada necə böyük nüfuza malik olmasını bir
daha sübut edir.
Əgər bir dövləti
inkişaf etdirmək istəyirsənsə, ilk növbədə
onun milli ideologiyasını formalaşdırmalısan. Çox
sevindirici haldır ki, artıq Azərbaycanda da belə bir
ideologiyanın formalaşdırılmasına
başlanılıb. Bu ideologiyanın da əsasını mərhum
dövlət başçımız Heydər Əliyevin
yaratdığı, ortaya qoyduğu azərbaycançılıq,
dövlətçilik ideologiyası təşkil edir. Ulu
öndərin belə bir kəlamı var, harada
yaşayırsınızsa yaşayın, oranın dilini, mədəniyyətini,
qanunlarını öyrənin, o dövlətin, o ölkənin
həyatında yaxından iştirak edin. Bu, bir ağsaqqal, bir
öndər nəsihətidir. Bu baxımdan, hesab edirəm ki,
biz növbəti gələcək uğurlarımıza ancaq
bu yolla - milli ideologiyanın formalaşdırılması və
davamlı həyata keçirilməsi yolu ilə nail ola bilərik.
- Aydın müəllim,
Azərbaycanın beynəlxalq təşkilatlarla, o cümlədən
təmsilçisi olduğunuz AŞPA ilə münasibətlərini
necə qiymətləndirirsiniz?
- Düzdür,
zaman-zaman istər AŞPA, istərsə də bəzi beynəlxalq
qurumlarla müəyyən səbəblərdən problemlər
yaşanıb və yaxud bu yöndə bəzi qüvvələr
tərəfindən problemlərin yaşadılmasına cəhd
göstərilib, ancaq hesab edirəm ki, bu problemlər artıq
arxada qalıb. Bəzi qüvvələrin ciddi cəhdlərinə
baxmayaraq, Azərbaycan bu gün istər AŞPA, istərsə
də digər beynəlxalq təşkilatlarla yüksək əməkdaşlıq
və tərəfdaşlıq münasibətlərindədir.
Bu gün artıq Azərbaycan nümayəndə heyətlərini
bütün beynəlxalq qurumlarda yüksək səviyyədə
qəbul edir, onunla hesablaşırlar. Bunlar isə heç
şübhəsiz ki, istər Azərbaycanın beynəlxalq
qurumlardakı nümayəndə heyətlərinin, istərsə
də bütövlükdə ölkə
başçısının apardığı işin nəticəsində
mümkün olub. İnanıram ki, bundan sonra da həm
AŞPA, həm digər beynəlxalq təşkilatlarla
münasibətlərimiz daha yüksələn xətt üzrə
inkişaf edəcək.
- Bəs, millət vəkili
kimi Milli Məclisin (MM) fəaliyyətini necə qiymətləndirirsiniz?
Konkret olaraq sonuncu sessiyanı məhsuldar hesab edirsinizmi?
- Qeyd edim ki, indiki Milli Məclisi
zahiri görünüşündən tutmuş, daxili
görünüşünə qədər keçmiş
parlamentlə müqayisə etmək olmaz. Biz
üçüncü çağırış millət vəkilləri
ilk dövrlərdə oturmağa belə yer tapmırdıq. Ancaq
indi sizə də məlumdur ki, parlamentin ikinci korpusu inşa
olunur və inanıram ki, bu korpus istifadəyə verildikdən
sonra deputatların fəaliyyəti daha da
yaxşılaşacaq. Ümumiyyətlə, bugünkü
Milli Məclis keçmiş MDB və postsosialist məkanında
analoqu olmayan bir parlamentdir. Buraya gələn xarici qonaqlar,
parlamentarilər Milli Məclisin binasının gözəlliyinə
heyran olurlar. Təbii ki, bunlar Milli Məclisin fəaliyyətinə,
qanunyaradıcılığı prosesinə də müsbət
təsir göstərir. Əgər əvvəlki
çağırış deputatlar arasında tez-tez
qarşılıqlı ittihamların, qalmaqalların, hətta,
təhqirlərin şahidi olurduqsa, indi buna rast gəlmək
mümkün deyil. İqtidarda, müxalifətdə və
yaxud bitərəf mövqeyində dayanmasından asılı
olmayaraq, indiki deputatlar arasında qarşılıqlı
hörmət mövcuddur. Məsələn, sonuncu sessiya
zamanı qəbul olunan istər "Təhsil haqqında",
istər "Bədən tərbiyəsi və idman
haqqında" qanun layihələri nəinki
iqtidaryönlülər, nəinki bitərəflər, həm
də müxalifyönlü millət vəkilləri tərəfindən
çox yüksək qarşılandı, müsbət qiymətləndirildi.
Bəlkə də parlament tarixində ilk dəfə idi ki, belə
bir həmrəylik nümayiş olunurdu. Bütün
bunları deməkdə məqsədim odur ki, Azərbaycanda
yaşanan inkişaf, irəliləyiş parlamentdə də
özünü göstərməkdədir.
- Yeri gəlmişkən,
təxminən bir ildən sonra dördüncü
çağırış parlamentə seçkilər
keçiriləcək. Növbəti seçkilərə də
qatılmaq fikriniz varmı?
- Bu suala indidən dəqiq
cavab vermək bir qədər tezdir. Hələ seçkilərə
il yarım vaxt qalır. Yəni, düşünmək, qərar
vermək üçün xeyli vaxt var. Eyni zamanda, bu məsələ
seçicilərdən asılıdır. Bildiyiniz kimi,
üçüncü çağırış parlamentə
seçkilərdə mənim namizədliyim seçicilərin
təşəbbüs qrupu tərəfindən irəli
sürülmüşdü. İndi əgər yenidən belə
bir təşəbbüs qrupu yaranarsa, eyni zamanda, ötən
dövr ərzindəki fəaliyyətim seçicilərim tərəfindən
məqbul sayılarsa, o zaman bu məsələyə baxmaq
olar. Yenə də qeyd edirəm, qərar vermək
üçün hələ vaxt var.
- Aydın müəllim,
siz həm də kifayət qədər tanınmış bir
şəxsin - sabiq birinci vitse-premyer Abbas Abbasovun oğlusunuz. İstər
vəzifədə olduğu dövr ərzində, istərsə
də vəzifədən uzaqlaşdığı müddətdən
bu yana atanızla bağlı bəzi mətbuat orqanlarında
bir sıra ittiham xarakterli məlumatlar özünə yer
almaqdadır.
- Bildiyiniz kimi, Abbas
Abbasov uzun illər dövlət, təsərrüfat işində
yüksək rəhbər vəzifələrdə
çalışıb. O, bir müddət Azərbaycandan kənarda
- Özbəkistanda işləyib, fəaliyyət göstərib,
quşçuluq təsərrüfatına rəhbərlik
edib, keçmiş SSRİ-nin bu sahə ilə bağlı ən
tanınmış mütəxəssislərindən biri olub. Sonra
yenidən Azərbaycana qayıdıb, bir müddət yenə
də əvvəlki işi - quşçuluq təsərrüfatı
ilə məşğul olub. Ötən əsrin 80-ci illərinin
sonlarında Abşeron Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində
çalışıb. 1992-ci ildən 2006-ci ilə kimi
baş nazirin birinci müavini vəzifəsində işləyib.
Bununla yanaşı, Rusiya ilə, o cümlədən bir
çox dövlətlərlə hökumətlərarası
komissiyaya həmsədrlik edib, mərhum dövlət
başçımız Heydər Əliyevin
tapşırığı ilə bir sıra mühüm məsələlərin
həlli ilə məşğul olub, Azərbaycanı MDB
İqtisadi Şurasında təmsil edib. Bütün bunlardan
sonra görəsən bu ittihamları səsləndirmək,
bu böhtanları yağdırmaq nə dərəcədə
ədalətlidir? Özünüz də yaxşı bilirsiniz
ki, 2007-ci ildə atam istefaya gedərkən dövlət
başçısı tərəfindən qəbul olundu, onun
dövlət və xalq qarşısında xidmətləri
yüksək qiymətləndirilərək Azərbaycanın ən
yüksək ordeni "İstiqlal ordeni" ilə təltif
edildi. Bir daha qeyd edirəm, bütün bunlardan sonra Abbas
Abbasov haqqında bu cür ədalətsiz fikirlər səsləndirmək
nə dərəcədə düzgündür? Hər halda,
bunu həmin insanların öz vicdanlarına buraxıram.
- Sizcə, bunlar
sifarişdirmi?
- Bəli, bunlar atama
qarşı olan müəyyən qüvvələrin
sifarişidir. Çox təəssüf edirəm ki, bəzi mətbuat
orqanları da bilərəkdən və ya bilməyərəkdən
bu sifarişin icraçısına çevriliblər.
- Bəs, nəyə
görə istər atanız, yaxud istərsə də siz
bununla bağlı məhkəməyə müraciət
etmirsiniz?
- Axı, biz nəyə
görə məhkəməyə müraciət etməliyik?
Sadəcə, mən belə hesab edirəm ki, burada bir balaca məsuliyyət
olmalıdır. Bir insan haqqında yazı yazanda, fikir söyləyəndə
ilk öncə fikirləşməlisən ki, onun ailəsi,
uşağı, dostu-tanışı, yaxın ətrafı,
keçdiyi həyat yolu, karyerası var. Eyni zamanda, jurnalist
araşdırmaları olmalıdır. Jurnalist bir şəxs
haqqında yazmazdan öncə onun haqqında ətraflı
araşdırma aparmalıdır. Bunun üçün hətta
qanunvericilik səviyyəsində imkan, şərait
yaradılıb. Get, araşdır gör, bu insan necə
insandır, kriminaldır, ya yox, yalnız bundan sonra həmin
fikirləri mətbuata ver. Bu gün ümumiyyətlə,
dünyada baş nazirlər, prezidentlər, spikerlər,
dövlət adamları, siyasətçilər, parlamentarlar
haqqında çeşidli məlumatlar, ittihamlar səslənməkdədir.
Məsələn, bir vaxtlar Klitonla bağlı ən müxtəlif
fikirlər mətbuatda yer alırdı. Özünüz də
gördünüz ki, o vaxt onun başına nə oyun
açdılar. Son zamanlar isə özünüz
şahidsiniz ki, İtaliyanın baş naziri Berluskoni,
Fransanın prezidenti Sarkozi və digərləri haqqında nələr
yazılmır. Bunlar heç də təsadüfən ortaya
çıxmayıb, müəyyən araşdırmalar
aparılıb və sonda həmin şəxslərlə
bağlı müəyyən faktlar ortalığa qoyulub. Ancaq
bir daha qeyd edirəm ki, bir şəxs barəsində fikir
söyləyəndə mütləq onu araşdırmalısan,
dəqiq götür-qoy etməlisən, daha sonra onun
haqqında fikir söyləməlisən. Yoxsa, sənin
söylədiyin böhtandan başqa heç nə olmayacaq.
- Ümumiyyətlə,
Abbas müəllim yenidən siyasətə qayıtmaq fikrindədirmi?
- Birincisi, Abbas müəllim
siyasətçidən, siyasət adamından daha çox
peşəkar iqtisadçı, təsərrüfatçı
olub. O, daha çox kənd təsərrüfatı ilə,
aqrar sektorla bağlı adam olub. Baş nazirin birinci müavini
vəzifəsində işləyərkən də daha
çox bu sahəni kurasiya edib. Bu baxımdan, Abbas müəllimi
peşəkar siyasətçidən daha çox peşəkar
təsərrüfatçı, dövlət adamı hesab etmək
olar. Eyni zamanda, şəxsən mən onun siyasətə
qayıtmasını istəmirəm. Onun 60 yaşı var,
getsin övladlarını, nəvələrini başına
yığıb onlarla məşğul olsun. Ancaq bu heç də
o demək deyil ki, atam qocalıb. Maşallah, heç cavanlardan
geri qalmır.
- Bildiyimizə görə,
atanız hazırda əslən Azərbaycandan olan rusiyalı
iş adamı Telman İsmayılovun AST Şirkətlər
Qrupunda çalışır. Eyni zamanda, o da məlumdur ki,
son günlər həmin şirkətin ətrafında müəyyən
qalmaqal yaşanmaqdadır. Daha doğrusu, Telman
İsmayılovun Türkiyədə məşhur otel inşa
etdirməsindən və onun təntənəli
açılışından sonra onunla bağlı
Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən
araşdırmalara başlanılıb. Bu baxımdan bilmək
istərdik, siz özünüz "AST Telman" ətrafında
yaranmış ajiotajla bağlı nə fikirdəsiniz?
- Əslində mən
bu işin dərinliyinə bir o qədər də
varmamışam. Belə olan halda mən nə deyə bilərəm?
Eyni zamanda, siz doğru qeyd etdiniz, bu, sadəcə bir
ajiotajdır, hay-küydür. Bununla yanaşı, baş verənlərə
bir azərbaycanlı kimi kənardan baxanda, seyr edəndə
görürsən ki, buna ancaq bizim düşmənlərimiz
olan ermənilər sevinə bilər. Eyni zamanda, axı
görəsən, bir azərbaycanlının, iş
adamının Türkiyədə, onun ən məşhur
istirahət şəhərlərindən biri olan Antalyada bu
cür dəbdəbəli, Avropada analoqu belə olmayan otel
inşa etdirməsinin nəyi pisdir ki? Yenə də qeyd edirəm,
bundan ancaq və ancaq ermənilər narahat ola bilərlər.
- Deyirsiniz ki, burada da bir
erməni barmağı
ola bilər?
- Hər halda, mən bir vətəndaş
kimi öz fikrimi söyləyirəm.
Məsələn, bugünlərdə
Tiqran Tevosyan adlı bir erməninin
internet saytlarından birində
məqaləsini oxudum.
O, həmin yazısında
Moskva meri Yuri Lujkovdan başlayır, gəlib qurtarır Çerkizov bazarında. Qeyd edir ki,
axı bu məsələ nə tez başa çatdı,
nə tez qurtardı və sair və ilaxır.
Açıq-aşkar görünür
ki, bunlar erməniləri sevindirir.
Eyni zamanda, mən bu məsələni
Rusiya dövləti səviyyəsində azərbaycanlı
iş adamına və yaxud iş adamlarına qarşı
aparılan kampaniya kimi qiymətləndirməyi də
düzgün hesab etmirəm. Çox güman ki, müəyyən
araşdırma aparılandan sonra hər şey yoluna
düşəcək, məlum ajiotaj aradan qalxacaq. Hər halda
mən belə başa düşürəm.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2009.- 3 iyul.- S.3.