"Adəm və
Həvva" - əfsanə
ilə reallıq arasında
YAXUD ƏNƏNƏVİ MÖVZUYA FƏRQLİ BAXIŞ
Teatrların tamaşa
salonlarına sakitlik çökdüyü bir zamanda İrəvan
Dövlət Azərbaycan Dram Teatrı Mahnı
Teatrının səhnəsində Elçin Hüseynbəylinin
ikihissəli "Adəm və Həvva" dramının
premyerasını təqdim etdi. Ədəbi mühitdə
çoxcəhətli yaradıcılığı ilə
maraq doğuran, dramaturgiyada özünəməxsus imzası
olan müəllifin bu günə qədər
"Axırı sakitlikdir", "İlğım",
"Labirint", " İki nəfər üçün
oyun", "Fanatlar" pyesləri Dövlət Gənclər
Teatrında, "Xərçəng" pyesi Uşaq
Teatrında, "Hamının günahı" pyesi isə
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan
Dram Teatrında tamaşaya qoyulub. İrəvan Teatrının
E.Hüseynbəyli dramaturgiyasına ikinci müraciəti
baş rejissor Nazir Rüstəmovun quruluşunda "Adəm və
Həvva" pyesi əsasında hazırlanmış
eyniadlı tamaşa oldu.
İlk öncə
tamaşanın adı diqqət çəkir. Tamaşaçıya
tanış təsəvvürü dağıdan, ona
yaxşı məlum olan əhvalata etiraz kimi yazılan bu pyes
ilk öncə müəllifinin mövqeyilə maraq
doğurur.
Elə bu maraq da
yazımın mayasında dayanır. A.P.Çexov deyirdi ki,
dramaturgiya mənim üçün dar ağacına gedən
yoldur. Ötən əsrdə dünya miqyasında belə
filosofların dramaturgiyaya meyl etməsi fəlsəfi fikrin real
həyatın dərkinə tətbiqinin tələbatından
irəli gəlirdi. Sözümün canı odur ki, görkəmli
yazıçıların ehtiyatla yanaşdığı bu
sahədə son illərdə E. Hüseynbəyli imzası ilə
təqdim olunan mövzular kütləvi şəkildə
anlaşılan "oyun-əyləncə" deyil, müasir
düşüncələr sisteminin təzahürüdür.
Onun təsvir etdiyi hadisələrin daxili mahiyyətində, həm
də yaratdığı obrazların təfəkküründə,
tərzi-hərəkətində, anlayışında
müasirlik bütün genişliyi və zənginliyi ilə
görünür.
E.Hüseynbəyli
müasirliyə formal yanaşmır. O, müasir
düşüncəyə, dövrün estetik tələblərinə
uyğun dünyagörüşünə malik olduğu
üçün dramaturji yaradıcılığı da
güclü müasirlik təbiətinə malikdir, mahiyyət
etibarilə qüvvətli yenilik və gözəllik
duyğusu kəsb edir. Odur ki, bu dramaturgiya
günümüzün sosial-məişət
qayğıları deyil, qlobal fəlsəfi ziddiyyətlərin
araşdırılması baxımından olduqca
maraqlıdır. Bu mənada təqdim olunan tamaşa ilk
yaranışın təsdiqindən bəhs etsə də,
müasir səslənir. Çünki bu əsərdə və
tamaşada irəli sürülən ümumbəşəri
məsələlər -insan ləyaqətini, onun azad
düşüncəsini hər cür maneələrdən
qorumaq fikri daha təsirli səslənir və onu cəsarətlə
milli dramaturgiyamızın və teatrımızın ən
yaxşı ənənələrini davam etdirən
tamaşalar sırasına çəkmək olar.
Həyati problemlər
qoyulmuş bu əsərin ideya məzmunu diqqətlə
açıqlanır. Əbədi bir mövzu olan məhəbbət
mövzusu axarında insan və cəmiyyət, insan və ətraf
mühit, insan və mənaviyyat problemləri
çarpazlaşır. Gərgin mübarizə meydanında
çarpışan ehtirasların, fikir və
düşüncələrin şahidi oluruq.
Əslində əsərin
daxili məzmunu xeyirlə şərin mübarizəsi üzrə
inkişaf edir. Müəllif göstərir ki, pyesin
yazılmasına təkan verən adını unutduğu bir
filmdəki epizod olub. Bernard Şou "O drame i teatre" əsərində
bu cür faktları peşəkarlıq vərdişləri
kimi qiymətləndirərək yazırdı: "Mən
orijinal yazıçı deyil, peşəkar dramaturq
olduğumdan əsərlərim üçün materialı,
mövzunu birbaşa həyatın özündən və
yaxud, gerçəkliyə əsaslanan sənədlərdən
götürürəm. Daha asan yol materialı başqa pyesdən
götürməkdir ki, bu halda diqqətlə izlədikcə
mövzunun pyesdən pyesə köç etdiyi məlum olur və
son həddə ilkin ədəbi mənbənin
tapılması ilə əsərin yaratdığı təxəyyülün
bədii kəşf olduğu təsdiqlənir. Onu da demək
gərəkdir ki, dramaturqun uydurduğu fakt mövcud olan və
gerçək həyatda baş verən faktdan kəskin şəkildə
fərqlənir".
Əsərdəki
bütün hadisələr "əfsanə ilə
reallığın arasında baş verir". Bu sətirlər
"Adəm və Həvva" pyesinın girişindəki
remarkadan götürülüb. Pyeslərdə remarka vacib əhəmiyyət
kəsb edir və E.Hüseynbəyli də bir dramaturq kimi pyeslərində
janrın bu vacib tələbini yazdığı əsərlər
qədər professionallıqla həll edir. Müəllifi
pyesin yazılmasına təhrik edən də məhz "əfsanə
ilə reallığın arasında"kı bu məsafədir.
Onu qət etmək isə bu məsafədə GÜNAH və
SEVGİnin yerini müəyyənləşdirməkdən
asılıdır. Müəllifin bu fikrinə söykənən
səhnədə hər şey adi və sadədir. Yeganə
məkan məhkəmədir. Bəşəri əhəmiyyətli
bu məhkəmə ilk yaranışın sevgi yaxud
günahdan əmələ gəlməsini
aydınlaşdırmalıdır. İddiaçılar: Adəmlə
Həvva ulu əcdadlarının günahkar
olmadıqlarını sübut etmək üçün məhkəməyə
müraciət ediblər. Əsərin və tamaşanın
müasir ruhu elə bu məhkəmədir. Hadisələrin cərəyan
etdiyi məhkəmə məkanı tamaşaçı
fikrinin cəmlənməsinə və bir istiqamətə
yönəlməsinə şərait yaradır. Nə
yazıqlar ki, bu məhkəməni diqqətlə izlədikcə
cəmiyyətin bütün eybəcərlikləri durulur və
həqiqətin nə qədər dərin qatlarda dəfn
olunması aydın görünür. Bu məhkəmənin
qanun adından danışan hakimi və vəkili qətiyyətsiz,
prokuroru feminist, katibi içki düşkünü... yeganə
şahidi isə İblisdir.
İnsan və iblis
dünya və Azərbaycan ədəbiyyatında qədim
zamanlardan söz sənətinin bədii təhlil obyektinə
çevrilmiş mövzulardandır. İblis insanın
daxilindədir, həyatın eybəcərləşməsinin,
çirkaba, rəzalətə batmasının, xəyanətin,
qəddarlığın amansızlığın baş
alıb getməsinin əsas səbəbkarı daxilində
iblislik xislətini gəzdirən və yaşadan insanların
varlığıdır, əməlidir.
Dramaturq daha bir cəsarət
nümayiş etdirərək əsərdə insan nəfsini
bəşəriyyətin faciəsi kimi İblisdən daha təhlükəli
bir xarakterdə ümumiləşdirir. Tamaşadakı hadisələrin
içərisində, aktyorların hərəkətlərində,
mimika və jestlərində öz yerini müəyyənləşdirən
rejissor fikri, rejissor düşüncəsi tamaşanın ilk
epizodundan başlamış, son gəlişinə qədər
aktyorların hərəkət və jestlərində, ideya
silqətində, məzmun strukturunda, eləcə də bədii
tərtibatda diktə olunurdu.
Həssaslıq və tələbkarlıqla
seçdiyi aktyorların səy və
axtarışlarını rejissor bir məqsədə-həqiqətin
qələbə çalacağına inam ideyasına yönəltmişdi.
Bu dramın incə yumoru da, kəskin satirası da, zərif
lirizmi də rejissor işində və aktyorların
ifasında dolğun əksini tapmışdı.
Həvva pisliklərə,
eybəcərliklərə, şər qüvvələrə
qarşı inamla mübarizə aparır. Elnarə Heydərova
obrazın psixoloji aləmini, sevinc və iztirablarını mənalı,
ehtiraslı jestlərlə, hərəkətlərlə və
hisslərlə açır. Onun ifasındakı səmimilik,
coşğunluq və inandırıcılıq
tamaşaçıda ulularımıza rəğbət
qazandırır. Tamaşanın sonunda söylədiyi:
"Biz ona görə kəbin kəsdirmək istəyirdik ki,
sizin, ey insan əhli, günahdan yox, əsil sevgidən əmələ
gəldiyinizi sübut edək və sizi günahlardan qoruyaq. Sizsə
bunu istəmədiniz. Sizə daim günahlar içində
yaşamaq xoşdur. Qoy, belə olsun! Biz gedirik! Sizsə
günahlarla yaşayın! Belə məhkəmədənsə,
daim şaiyələr və günahlar içində
yaşamaq yaxşıdır!" sözləri ilə
mövcud cəmiyyətə ittiham oxuyur. Paklıq rəmzi
olaraq geydiyi ağ mələk donu isə aktrisanın hərəkətlərinə
məhdudluq gətirir və tamaşa boyu diskomfort yaradaraq bəzən
lüzumsuz olaraq tamaşaçı diqqətini cəlb edir. Aktyorun
plastikasının zəifliyi diqqətdən yayınmır.
Adəm-Həvva
münasibətinin rejissor tərəfindən etik-estetik
mövqedən düzgün aydınlaşdırılması
tamaşanın təsirini qüvvətləndirir. Adəm
obrazı Pərviz Gülməmmədovun təqdimatında
uğurlu səhnə həllini tapıb. Adəmi də, Həvvanı
da "günaha" vadar edən İblisdən daha çox
onların bir-birinə olan məhəbbətidir. Aktyor
obrazın psixoloji məqamların qarşıdurması
yaşantılarını təbii çalarlarla
çatdırır. Adəm məhəbbəti qorumaq
üçün İblisə uyur. Həvvaya xoş olsun deyə
yalan danışır - yenə də İblisin təhriki ilə
edelveys gülünü guya qarlı zirvələrdən dərdiyini
söyləyir. Bu səhnələrdə P.Gülməmmədov
İblisə uymuş mələk obrazını
tamaşaçı təxəyyülündə ustalıqla
canlandırır.
Hər bir obrazın
ayrı-ayrı aktyorlar tərəfindən fərdi
yaradıcılıq bacarığı ilə ifası mürəkkəb
xarakterlərin düzgün səhnə şərhinə
imkan yaradıb. Hadisələrin məntiqi axarında dil təmizliyi,
dialoqların yığcamlığı, mükalimələrin
səlistliyi müəllifin yüksək zövqünü təsdiq
edir. Lakin təəssüflə qeyd etmək istərdim ki,
ifalarda bu zövqə xələl gətirilir, qüsurlu nitq
nümayiş etdirilir. Əsərdə və tamaşada
qulaqlara xoş gəlməyən, ürəyə yatmayan ədəbsiz
ifadələrin qəti əleyhinə olaraq
düşünürəm ki, zövqün dinamik təbiəti
ilə uyuşmaq, yəni estetikanın dəyişən yeni,
gərəkli keyfiyyətlərinə müvafiq şəkildə
tamaşaçıya təsir etmək vacibdi. Əsər
zövqlə yazılmış olmasından savayı, həm
də zövq üçün yazılmalıdı.
Tamaşada əsas
dramaturji hadisədə iştirak edən personajların
mühiti əslində ictimai fikri formalaşdırmalı
olan, lakin mövcud vəziyyətdə dəlixanadan
seçilməyən məhkəmədir. Xalq artisti
Süleyman Nəcəfov təcəssüm etdirdiyi Hakim
obrazını maraq və diqqət obyektinə çevirir. Aktyorun
təbii emosional oyunu sayəsində obrazın qətiyyətsiz
mövqeyi əsəbləri coşdurur. Aktyor
özünüdəyişmədə-obrazagirmədə son
pilləyə çatır. Hətta "Ya gərək
haqlı olasan, ya da o qədər pulun olsun ki, haqqını
pulla alasan!" mühakiməsi ilə obraza rəgbət
qazandırır.
Katib obrazı əməkdar
artist Vaqif Kərimovun ifasında xüsusilə təbii
çalarla seçilən bir tərzdə təcəssüm
etdirilir. Məhkəmənin gedişinə ara-sıra onun
müdaxiləsinə tamaşaçı xüsusi önəm
verir. Ekspertiza rəyini əlinə alarkən onun
üzünün ifadəsi dəyişir, gözləri hədəqəsindən
çıxır, ağzını marçıldadır, Həvvaya
tərəf qaçır, büdrəyir, yıxılır,
sürünə-sürünə ona çatır və
qarşısında diz çökür. Tamaşaçı
bədii yalanı gerçək həqiqət kimi qəbul
edir, hadisələrin kulminasiya həddinə
çatdığı daha da qabarır. Tez-tez təəssüflə:
" İlahi, mən onun qədrini bilmədim. O necə də
gözəl və məsum idi..." söyləməsi
obrazın uğursuz keçmişindən xəbər verir
ki, bu da tamaşaçı diqqətindən yayınmır. V.Kərimovun
ifasında tipik qulluqçu- katib obrazı quru və
cansıxıcı deyil, hadisələrin mərkəzində
dayanan, hətta onlara təkanverici bir qüvvədir.
Prokurorun rəhmsizliyi,
saxtakarlığı, riyakarlığı Nurbəniz Niftəliyevanın
oyununda çox təbii və inandırıcı təsir
bağışlayır. O, düzlüyün, həqiqətin,
təmizliyin üstünə gülür, ona yuxarıdan
aşağı baxır. Onun gülüşləri bir məqsəd
deyil, güclü bir vasitə kimi nəzərə
çarpırdı. Lakin aktrisanın ifasında əyləncədən,
məna xarici təmtəraqdan çox-çox üstün
olan ciddiyyət duyulmur.
Quruluş və bədii
tərtibat bu tamaşada bir-birini tamamlayır. Tamaşanın
musiqi tərtibatçısı Sevda Ələkbərzadənin
lirik-psixoloji ovqat anlamı verən həzin, qəlblərə
işləyən musiqisi fonunda tamaşanın
başlanması tamaşaçını bir azdan baş verəcək
hadisəyə hazırlayır. Hissələrin arasında
emosional həssaslıqla səslənən sevgi, həsrət,
vida pıçıltıları finalda şirin və kədərli
notlarla tamaşaçını yenidən real dünyaya
qaytarır: "Yağış yağdı, gün
qurutdu..."
Zəminə AXUNDOVA,
sənətşünaslıq namizədi
525-ci qəzet.- 2009.- 4 iyul.- S.28.