İki daşın arasında

 

  "Xəzər" dərgisi və bədii tərcümə sahəsindəki problemlərə dair qeydlər

 

    Dar boğazla yol gedirik, ürəyimiz səksəkəli,

   Ssilla bir yanımızda, Xaribda bir yanımızda.

 

   Homer. "Odisseya". XII nəğmə, 234/35

 

   Bu yazını, olsun ki, tərcümə mütəxəssisləri yazsa, daha önəmli olardı. Nədən ki, tərcümə sənəti hazırda bəsdi deyincə inkişaf edib. O dərəcədə ki, bu konuda danışmaq uzunmüddətli nəzəri və praktik hazırlıqla ilgili mütəxəssis rəyi tələb edir. Bunun doğrudan belə olduğunu ən səthi şəkildə başa düşmək üçün Rusiyanın "Voprosı literaturı" jurnalının son saylarından birini (mart-aprel 2009) eləcə vərəqləmək kafidir. Təsəvvür edin ki, beş yüz səhifəlik dərginin az qala bütöv bir sayı bədii tərcümə məsələlərinə həsr olunub, həm nəzəri-fəlsəfi, həm də praktik yöndən.

   Amma neyləməli ki, mütəxəssislər susur və elə bir toplumda yaşayırıq ki, göydən yerə mələk də ensə, ona reaksiyanın bircə forması var - sükut! Əlbəttə, özəl olaraq təşkil olunan və bir qayda olaraq təsadüfi adamlarla bağlı bayağı reklam kompaniyalarının bura dəxli yoxdur.

   Biganəlik məsələsiylə ilgili ən qabarıq bir olay! Neçə vaxtdır ki, "Zəkioğlu" nəşriyyatı Qardaşxan Əzizxanlının baş redaktorluğuyla 100 cildlik "Fikir antologiyası" seriyasından dünya fəlsəfəsi korifeylərinin ondan çox kitabını Azərbaycan dilində nəşr edib. Bu kitablar arasında M.A.Engelqardtdan (tərcüməçi Ə.Nicat), U.Dürantdan (tərcüməçi A.Əsədov) uğurlu çevirmələrlə yanaşı, K.Yaspers (tərcüməçi Y.Rəhimoğlu) və F.Nitsşedən (tərcüməçilər Y.Rəhimoğlu və Ş.Qurbanov) o qədər də müvəffəqiyyətlə nəticələnməyən çevirmələr də var. A.Əsədovun Dürantdan çevirmələrini çıxmaq şərtilə bunlar orijinal yox, ruscadan edilib. Buna baxmayaraq, dünya fəlsəfəsi korifeylərini 100 cilddə Azərbaycan oxucusuna təqdim etməyə başlamağın özü artıq təqdirəlayiq addımdır. Amma neçə onillərdən bəri çözümünü gözləyən bu qədər önəmli və aktual layihə toplumun müzakirəsinə çevrildimi? Kimlərsə uğurlu əməyinə görə təqdir olunub, kimlərsə uğursuzluğuna görə iradlarla üzləşdimi? Tərcüməçilər, tənqidçilər bir yana, hətta fəlsəfə institutu əməkdaşlarının belə birbaşa öz ixtisaslarıyla ilgili layihəyə biganəliyi, ən yümşaq desək, təəccüb doğurur.

   Özgürlük dönəmində diletant bədii çevirmələrlə yanaşı T.Vəliyevin C.Selincerdən ("Seçilmiş əsərləri"), Ç.Qurbanlının F.Kafkadan ("Qəsr"), A.Məsudun Q.Markesdən ("Patriarxın payızı"), H.Qocayevin Kamyüdən ("Taun"), C.Əlioğlunun M.Svetayevadan ("Yuxusuzluq"), M.Orucun S.Ağayev ("Yeddinci yetkin") və G.Lətifxandan ("Azər və Aida adası"), V.Quliyevin C.Orueldən ("Heyvanıstan"), N.Əbdülrəhmanlının Q.Çoxelidən ("Küknarlara məktub" kitabında toplanmış əsərlər), N.Qocabəylinin K.Hamsundan (ikicildlik əsərləri) bu və ya digər dərəcədə uğurlu çevirmələri də var. Amma bədii tərcümə sahəsində əldə olunan bu az-çox uğurlara da yanaşma bir qayda olaraq ədəbiyyat dəhlizlərindəki dedi-qodular, kafe-çayxanalardakı tostlardan uzağa getmir.

  Diqqəti çəkən çevirmələr sırasında M.Qocayevin M.Baxtindən ("Dostoyevski poetikasının problemləri". Bakı, "Kitab aləmi", 2005) və A.Talıbzadənin Y.Qolosevkerdən ("Mifin məntiqi". Bakı, "Kitab aləmi" nəşriyyatı, 2006) filoloji tərcümələrini yada salmağa özəl ehtiyac var. Xalq yazıçısı Elçinin öz müsahibələrindən birində dediyi kimi, məhz filoloji çevirmələr bizdə həmişə boşluq duyulan, axsayan sahələrdən olub. Amma birinci tərcümədə ciddi dil problemlərinə (rus dilinin sintaktik qəlibləri və leksik kalkalarından çıxa bilməmək, sinonim sözlərin bəzən düzgün seçilməməsi, söz sırasının pozulması, məntiqi vurğunun qeyri-dəqiqliyi, üslubi nahamarlıq, lüzumsuz söz israfı və s.), ikincidə isə bəzən qabarıq görünən sərbəstliyə rəğmən hər ikisi önəmli olan bu çevirmələr də, məncə, layiq və lazım olduğu qədər dartışma konusuna çevrilmədi. Ən uzağı təqdimat mərasimləri və bir-iki ənənəvi xoş söz. Vəssalam, bununla da hər şey bitdi! Bizə nə Baxtin lazımmış, nə də Dostoyevski, nə Qolosevker önəmliymiş, nə də Homer.

   Xalq yazıçısı Elçin ildə, iki ildə bir verdiyi müsahibə, yaxud yazdığı məqalələrdə tərcümə məsələlərinə də yer ayırır, diqqəti R.Tağının Tolstoydan elədiyi və heç kəsin eyninə gəlməyən çevirmələrə yönəldir, yaxud "Xəzər" dərgisinə məsləhətlərini verir. Amma, məncə, normal ziyalı mühiti və yaradıcılıq atmosferi olan toplumda az-çox önəmli hər hansı çevirmə ciddi dartışma konusuna çevrilməlidir. Çünki getdikcə kürəsəlləşən elə bir dönəmə gəlib çatmışıq ki, S.Əzim demiş, "bilməsək dil, əlacımız yoxdur". Və təbii ki, bu barədə təkcə Elçin müəllim yox, həm də və daha çox bu sahəyə birbaşa məsul şəxslər də düşünməlidir.

   Belə biganəliyin sonucudur ki, bəzən başqasının bütöv bir kitabı, yaxud məqalələrini çevirib öz adlarına çıxır, orijinal "yaradıcılıq nümunəsi" kimi təqdim etməkdən çəkinmirlər. Müəlliflik məsələsinə münasibətdə təkcə hüquqi deyil, ictimai nəzarət də olmayanda elə belə də olmalıdır. Məsələn, Nərgiz Cabbarlının "Vektor" Beynəlxalq Elm Mərkəzi tərəfindən dərc olunmuş "Ədəbiyyatdan intihara" kitabı ən azı təəccüb hissi doğurdu. Axı kitabda toplanmış yazıların "Xalq cəbhəsi" qəzetində internet materialları adı ilə dərcindən vur-tut bir neçə il keçmişdi. Hər şey bir yana, doğrudanmı, N.Cabbarlı oxucuları skleroz sayır? Əgər belədirsə, mən onun "həkimliyini" qəbul eləmədim. Halbuki tərcümə kimi ciddi problemləri olmasına rəğmən mövzuca kifayət qədər maraqlı kitab öz adı ilə təqdim olunsa, oxucuları bəlkə də razı sala bilərdi. Yeri gəlmişkən, N.Cabbarlının tərcümə mətnindəki az qala başdan-başa sintaktik nahamarlıq və bunun sonucunda meydana çıxan məntiqi anlaşılmazlıqlar da, məncə, orijinal mətni nəyin bahasına olursa olsun "özününküləşdirmək" cəhdlərindən irəli gəlir.

  Mən sözün əks anlamında eyni biganəliyi Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Xəzər" dərgisinə münasibətdə də görürəm və sentimental etiraf kimi çıxmasa, deyərdim ki, bundan məyusam. Bütün işlərimi bir kənara qoyub iki daşın arasında "Xəzər" haqqında yazmaq istəyim də burdan qaynaqlanır. "Xəzər"dən danışmaq isə çağdaş Azərbaycan və ümumən bədii tərcümə sənətindən söz açmaq deməkdir. Bu üzdən vaxtaşırı çıxacağım nəzəri remarkalarda genəlliklə tərcümə sənəti haqda fikirlərimi də sizinlə bölüşmək fikrindəyəm. Beləliklə, bir müəllif kimi altbaşlıqdakı işarələrimi ciddiyə almanızı arzu edirəm - "Xəzər" dərgisi və bədii tərcümə sahəsindəki problemlərə dair qeydlər.

  1989-cu ildən nəşrə başlayan "Xəzər" oxucular arasındakı reytinqi baxımından bir neçə dönəm yaşayıb. Sovet ideoloji basqısından yenicə çıxmış topluma təzə nəfəs gətirən dərgi 90-ci illərin birinci yarısında oxucular arasında çox populyar olduğu kimi, orda dərc olunmaq da müəlliflər üçün nüfuz işi sayılırdı. Az-çox sayılıb-seçilən söz adamları "Xəzər"in çevrəsində toplaşmış, dərgi yeni ədəbi-bədii düşüncənin mərkəzinə çevrilmişdi.

  Amma illər keçdikcə fərqli amillərin təsiriylə dərginin reytinqi tədricən enməyə başladı. Metaforik desək, o sanki adaşı Xəzərin əksinə gedir, dənizin qabarıb sahillərini basdığı illərdə özünün çəkilmə dönəmini yaşayırdı.

  Nəhayət, son illər "Xəzər"in yeni qabarması duyulur. Bu gün o, qəzet-jurnal köşklərindən bir nüsxəsi də geri qayıtmayan, yəqin ki, yeganə ədəbi-bədii nəşrdir və bunu fərdi görüntülərimə əsasən deyirəm. Dərginin son sayını əldə etmək üçün ən müxtəlif köşklərə üz tutsam da, axırda redaksiyanın özündən götürməli olmuşam.

   "Xəzər"in spesifik tərcümə dərgiləri arasındakı reytinqi də yüksəkdir. Bədii tərcümə problemləriylə ilgili "Azərbaycan" jurnalında keçirilməsi planlaşdırılan dəyirmi masa üçün keçirdiyimiz rəy sorğusunda "Ən çox bəyəndiyiniz tərcümə dərgisi hansıdır?" sualına resipiyentlərin cavabı yekdil oldu - "Xəzər".

   Adətən sona saxlanılan bir məsələni bəri başdan vurğulamaqla əsas mətləbə keçmək istəyirəm. "Xəzər" özünün sadə, amma cəlbedici, zərif bədii dizaynı ilə də digər dərgilərdən yaxşı anlamda seçilir.

  Vaxtaşırı dərc olunan hər hansı dərgini dəyərləndirməyin ən optimal yolu onun son durumunu göstərən axırıncı sayına əsaslanmaqdır. Bu üzdən orijinallıqdan vaz keçib dərgi barədə fikirlərimizi onun son sayının (2008/4) materialları əsasında deməyə cəhd edəcəm.
     Bizcə, dərgi son sayı ilə, sadəcə, digər tərcümə dərgiləri yox, özü-özünü də ötüb keçir. Bu sayda diqqəti, hər şeydən öncə, müəllif-tərcüməçilər cəlb edir - Ramiz Rövşən, Vaqif Bayatlı Odər, Vaqif İbrahimoğlu. Bununla yanaşı dərginin demək olar ki, hər sayında öz çevirmələri ilə ardıcıl görünən Yaşar, Ülkər Nəsibbəyli, Rövşən Ramizoğlu... Eləcə də, Kamran Nəzirli, İlqar Əlifoğlu

  Doğrudur, bu imzalardan bəzilərinin təqdim etdiyi çevirmələrin bədii keyfiyyəti özlərindən də, sözlərindən də aşağıdır. Amma, məncə, bu imzaları bir yerə toplamağın özü artıq dərginin baş redaktoru kimi Afaq Məsud və baş redaktorun müavini Zakir Fəxrinin uğurudur.

  Puşkin tərcüməçiləri "maarifçiliyin poçt atları" adlandırırdı. R.Rövşənin XIX əsr fransız şairi Şarl Bodlerin vaxtilə öz vətənində yasaqlanmış "Şər çiçəkləri" (1857) kitabından çevirmələri də, hər şeydən öncə, maarifçilik funksiyası ilə önəmlidir. Dünyanın ən talesiz şairlərindən biri olan Bodlerin Azərbaycan oxucusu ilə tanışlıqda da bəxti gətirməyib. Biz onun poeziyasıyla ana dilimizdə, demək olar ki, tanış deyilik. Şübhəsiz ki, bu, fransız simvolistinin kommunist simvolizmi çərçivələrini aşmasıyla ilgiliydi. Kommunist rejimi artıq iyirmi ilə yaxındır ki, tarixə qovuşub, Bodler isə hələ də Azərbaycana gəlməyib.

  Amma maarifçilik R.Rövşənin fransız şairindən çevirmələrinə önəm verən amillər sırasında sadəcə ən üzdə olanıdır. Növbəti amilə keçməzdən öncə, ilk nəzəri remarka ilə tanış olaq. Bu, son illər bədii tərcümə materiallarının seçilməsi məsələsində özünü qabarıq göstərən mərkəzdənqaçma hadisəsi, yəni bədii tərcümələrin vahid mərkəzdən idarə olunmaması və bundan irəli gələn təsadüfilik məsələsi ilə bağlıdır. Nə qədər istəsən, özəl nəşriyyatlar var, tərcüməçi heasbını ödəyir və buyurun, daha bir "tərcümə" kitabı! Nəticə isə, necə deyərlər, göz qabağındadır. Hər hansı təzahür kimi azadlıq və plüralizmin də təkcə müsbət yox, mənfi tərəfləri də varmış. Bunu başa düşmək üçün bizə cəmi on il kifayət etdi.

  Bəzi tərcüməçilər, xüsusən də, gənclər tərcümə materiallarını seçəndə daha çox ən son dövrə üz tutur və bir vacib məsələni unudurlar. Bədii tərcümə sadəcə fərdi zövq və münasibət məsələsi olmayıb, həm də və daha çox millətlərarası kulturoloji fakt, komparativistika hadisəsidir. Uşaq ayrı-ayrılıqda nə ata, nə də anaya məxsus olmayıb, eyni zamanda onların hər ikisinə aid olduğu kimi, bədii tərcümə də ayrı-ayrılıqda bu xalqlardan hər hansı birinə aid olmayıb onların ortaq mədəniyyət hadisəsi kimi doğulur. Amma calağın tutması üçün tərcümə olunan dil tərcümə edilən dili qəbul etməyə hazır olmalıdır. Bunun əsas şərtlərindən biri də bu mədəniyyətlərin qarşılıqlı əlaqəsinin tarixi kəsilməzliyidir.

  Konkret desək, Bodlerin yaradıcılığı sadəcə bir nəfər fransız yox, bir xalqın, hətta dünya ədəbiyyatının faktıdır. R.Rövşənin fransız şairinə həsr etdiyi giriş sözündə xatırlatdığı kimi, Akutaqavaya görə, "heç bir insan ömrü Bodlerin bir misrasına dəyməz". Bu, şübhəsiz ki, bəsdi deyincə subyektiv və maksimalist dəyərləndirmədir. Amma danılmazdır ki, dünya Bodleri oxuyur və o, özündən əvvəlki ədəbiyyatdan təsirləndiyi kimi, özündən sonrakına da ciddi təsir göstərə bilib. Bu üzdən onu başa düşmək fransız şairinin təsirləndiyi və təsir etdiyi ən vacib faktları bütün tarixi diapazonu ilə görməyi tələb edir.

  Bu sələf-xələf münasibətləri antik Roma şairi Vergilidən tutmuş XX əsr fransız şairi Lui Araqona qədər ən azı iki min illik dövrü çevrələyir. Təkcə bunu deyək ki, Bodler "Şər çiçəkləri"ni Dantenin "İlahi komediya"sına özünəməxsus bir nəzirə kimi yazıb. Təsadüfi deyil ki, o, "Çiçəklər"ə "Giriş"ində Dantenin məşhur poemasının birinci hissəsinin - "Cəhənnəm"in girişində olduğu kimi vəhşiləri (şir, canavar, vaşaq) xatırladır. Bodlerin kitabının ilk adının "Cəhənnəmin astanası" adlanması da İntibah dahisinin fransız simvolistinə məlum təsiriylə bağlıydı. Bundan başqa Bodlerin yaradıcılığına Vaqner, Delakrua, xüsusən də E.A.Ponun, nəhayət, özünə ustad saydığı, "Şər çiçəkləri" kitabını ithaf etdiyi Teofil Qotyenin güclü təsiri olub. Onun özü isə fransızların "lənətlənmiş şairlər" adı verdiyi A.Rembo, J.Laforq, T.Korbyer, Lotreaman və müəyyən qədər də S.Mallarmeyə təsir göstərib.

 Mövzumuzla birbaşa ilgisi olmadığından Bodlerin təsirləndiyi və təsir etdiyi faktlara münasibətdə yalnız ən ümdə işarələrlə kifayətlənmək zorundayıq. Amma bu işarələr də mədəniyyətlər arasındakı dialoqun istənilən səviyyədə baş tutması üçün tarixi ardıcıllıq prinsipinə əməl etməyin nə qədər zəruri olduğunu başa düşməyə yetərlidir. Əks halda arada "qısa qapanma"ya səbəb boşluqlar yaranacaq. R.Rövşənin fransız şairindən çevirməsinə önəm verən amillərdən ikincisi belə boşluqlardan ən azı birini doldurmaq cəhdidir.

  Üçüncü və qənaətimizcə, ən ciddi amil isə çağdaş dünyada bədii tərcüməylə bağlı ciddi fikir dartışmalarına gətirib çıxaran bir məsələdir. Bodlerin həmyerlisi Volter tərcüməni fransız qadınlarıyla müqayisə edir və deyirdi: o gözəl olanda sədaqətli, sədaqətli olanda isə gözəl olmur. Bu volterian aforizmdə tərcümə işinə məxsus çoxəsrlik bir dilemma əks olunub: orijinala sadiq qalmaq naminə tərcümənin bədii gözəlliyinimi, yoxsa bədii gözəllik naminə orijinala sədaqətimi qurban verməli?

  Ötən əsrin təxminən otuzuncu illərinə qədər bədii tərcümə sənətinə bu prizmadan yanaşılıb. Məlum dilemma önündə qalan tərcüməçi öz gəmilərini Ssilla və Xaribda qayaları arasından keçirən Odissey və yoldaşlarının durumuna düşür. Qayalar qısa zaman kəsiyində gah bir-birinə yaxınlaşaraq birləşir, gah da aralanır və azacıq ləngimək onların arasında qalıb xıncım-xıncım olmaqla sonuclana bilər. Antik yunanların ən çoxbilmişi Odissey neçə-neçə yoldaşını qurban verəndən sonra gəmisini ölüm-zülüm də olsa, qayaların arasından keçirir. Bəs tərcüməçilər? Məncə, hələ indiyə qədər dünyanın heç bir tərcüməçisinin odisseyası birmənalı olaraq uğurla sonuclanmayıb. Onlar bəri başdan bu qayalardan ən azı birinə toxunmağa məhkumdur. Və dünyada birmənalı uğurla sonuclanan tərcümə yoxdur desəm, yəqin ki, Amerika açmış olmaram. Elə isə bircə yol qalır - iki daşın arasından keçmək yox, onları aradan qaldırmaq.

 Dünya tərcümə nəzəriyyəsi sahəsində bu ideya ilk dəfə Valter Benyaminin ağlına gəldi. O, 1923-cü ildə Bodlerin "Paris lövhələri" kitabının alman dilinə tərcüməsinə yazdığı "Tərcüməçinin zonası" adlı ön sözdə sədaqət/gözəllik dilemmasına yanaşmanı kökündən dəyişdi və bu, ümumən tərcümə işinə münasibətin təzələnməsinə son verdi. Talesiz adamların bəxti ölümündən sonra gətirir və beləcə, tərcümə sənətiylə ilgili inqilabi ideya Bodlerin şeirlərinin çevirməsiylə bağlı yazıda aşkarlandı.

  V.Benyaminin fikrincə, bədii tərcümənin dəyəri nə onun orijinala sədaqəti, nə də bədii gözəllyi yox, yeni bədii dil faktına nə dərəcədə çevrilməsiylə ilgilidir. Yəni burda dəyərləndirmənin köklü ölçüsü mətnin orijinalı yox, çevrildiyi dildir. Bu əsas müddəadan çıxış edən V.Benyamin yazırdı ki, tərcüməçinin əsas vəzifəsi orijinala yox, öz doğma dilinə münasibətdə üzə çıxır.

  Azərbaycan bədii tərcümə sənətinə bu yanaşma xeyli gec - ən yaxşı halda 60-cı illərdən sonra gəlməyə başlayıb və R.Rövşən təkcə Bodler yox, bir çox başqa şairlərdən də (məsələn, fransız şairi A.Rembodan) çevirmələri ilə sözügedən meylin ilk təmsilçilərindən biri sayıla bilər. R.Rövşənin Bodlerdən çevirmələri bir neçə həqiqəti diktə edir:

   - poetik tərcüməçi olmamaışdan öncə, şair olmalısan;

   - uğurlu tərcümə çevrilən mətnin hərfi, cismi yox, ruhuna sədaqət tələb edir:

   - tərcümə sadəcə bir dildən başqa dilə çevirmə yox, yaradıcı ilham tələb edən mürəkkəb psixoloji, hətta mistik aktdır.

  Sərt dil, bəzən heyrət doğuracaq qədər sarsıdıcı, qarşısıalınmaz etiraflarla şərtlənən açıqlıq, həyatın xoşagəlməz tərəflərinin əksi, daşlaşmış sosial, etik, dini doqmalara qarşı üsyan, bir sözlə, tənha romantik qəhrəmanın cəmiyyətə (və hətta Allaha!) qarşı əlcək atması "Şər çiçəkləri"nin ən qabarıq nəzərə çarpan cəhətidir. R.Rövşən fransız şairinin şər çəmənliyindən cəmi dörd çiçək dərib - "İblis duası", "Saat", "Gecə tövbəsi", "Ey sevinc mələyi dərd çəkmisənmi...". Şeirlərdən birincisi və dördüncüsü sərbəst çevrilib. Amma, məncə, tərcüməçi özünün qeyri-sərbəst çevirmələrində də, əslində, öz sərbəstliyini müəyyən qədər saxlayır. Yəni yaradıcı sərbəstlik R.Rövşənin bir tərçüməçi kimi əsas yanaşma üsuludur. Fikirlərimi bu şeirlərdən biri - "Saat" üzərindəki konkret müşahidələrlə davam etdirmək istəyirəm.

  R.Rövşən yerdə qalan şeirlər kimi, "Saat"ı da fransızca yox, ruscadan çevirib. Amma, necə deyərlər varını verən utanmaz və son illər bu sahədə xeyli irəliləyişlər olmasına rəğmən, orijinaldan çevirmə bütövlükdə tərcümə sənətimizin problemidir.

   Bununla bağlı daha bir remarka çıxacağıq. Bizim dünya dilləri və mədəniyyətləri ilə təmasımız bir neçə mərhələdən keçib:

   - monqol, Çin dilləri və mədəniyyətləri ilə bağlı qədim dövr;

   - ərəb və fars dilləri, islam mədəniyyəti ilə bağlı orta dövr;

   - rus dili və mədəniyyəti ilə bağlı yeni dövr;

   - nəhayət, Avropa dilləri (əslində, həm də bütün dünya dilləri) və mədəniyyəti ilə bağlı ən yeni dövr.

  Müstəqillik dönəminə keçəndən sonra məlum olur ki, kommunistlərin əbədi elan etdikləri ("Soöz neruşimıy...") rus dili dövrü əslində Avropa və dünya dönəminə, Şərq mədəniyyəti müstəvisindən Qərb kültürü kontekstinə bir keçid mərhələsiymiş. Amma bir məsələ, məncə, qüvvədə qalmaqdadır - sözügedən keçid hələ başa çatmayıb. Ona görə bəzən hər hansı Avropa dilindən edilən çevirmənin uğursuzluğu məsələyə ən ümumi şəkildə yanaşanda məntiqi və qanunauyğundur. Buna konkret misallar da var, məsələn, C.Yusiflinin P.Züskinddən ("Parfümer"), yaxud A.Sabitovanın P.Koelyodan ("Kimyagər") çevirmələri. Bu çevirmələrin uğursuzluğu sadəcə tərcüməçilərin fərdiyyəti ilə bağlı olmayıb, həm də Qərb dilləri kontekstinə sözügedən keçidin başlanğıc səviyyəsindən irəli gəlir. Və rus dili vasitəsilə yaxşı, yoxsa orijinaldan zəif tərcümə dilemmasını, təəssüf ki, hələlik birinci tərəfin xeyrinə çözmək zorundayıq. Amma ikinci tərəfin də öz üstünlüyü var - o artmaqda, güclənməkdə olan bir meyli təmsil edir. Yəqin ki, orijinaldan sözün ciddi mənasında çevirmələri yaxın 10-15 ildə oxuya biləcəyik. Və bunu indi hardasa məktəbli skamyası arxasında əyləşən gələcəyin tərcüməçiləri edəcəklər. Bizə isə bu tarixi-nəzəri remarkaya xitam verib, gələcəyin işini gələcəyə buraxıb öz saatımıza qayıtmaq qalır.

  "Saat" şeiri rus dilinə müxtəlif vaxtlarda A.Alvinq, P.Antokolski, A.Panov, Ellis, P.Yakuboviç tərəfindən çevrilsə də, E.Linetskayanın tərcüməsi daha uğurlu sayıldığından və Bodlerin 1966, 1970-ci illərdə rusca dərc olunan kitablarına (məncə, R.Rövşənin Bodler poeziyası ilə tanışlığı bu nəşrlərlə bağlıdır) bir qayda olaraq onun tərcüməsi daxil edildiyindən bu tərcümənin üzərində duraq.

  Şeirin ruscaya çevirməsində ilk bənddə yer alan bir sıra bədii ifadə və təsvir vasitələri (saata xitab, Allaha məxsus "besstrastnıy, bespohadnıy" kimi epitetrlər, zəli ilə bağlı təşbeh) Azərbaycancaya tərcümədə ixtisara salınıb, son misra ümumən sərbəst çevrilib.

 

   Çası! Jivet v vas Boq, besstrastnıy,

   bespohadnıy,

   On palğüem nam qrozit, bormoçet,

   - Ne zabudğ!

   Koqda pridet k konüu tvoy nedalekiy putğ,

   V tebə tupaə bolğ vopğetsə pğəvkoy jajdoy.

   Bu saatın içində Allah yaşayır, Allah,

   O səni barmağıyla hədələyir, qorxudur.

   Deyir, unutma, ömrün gec-tez sona çatacaq,

   Gördüyün hər nə varsa, ötəri bir yuxudur.

 

  İkinci bənddə yenə orijinala eyni yanaşma müşahidə olunur: insana xitab ixtisara salınır; həm pəri, həm də həşərat anlamı verən "silfid" sözü milli poetik leksikon üçün tərcüməçiyə yəqin ki, həddən artıq yabançı görünür və onu quş obrazı ilə əvəzləyir, ikinci misraya ümumən sərbəst yanaşır və s.

 

   İ radostğ bıtiə - zapomni, çelovek!-

   Silğfidoö vsporxnet i v tenğ

   kulis umçitsə,

   Pojrut mqnoveniə, krupiüu za krupiüey,

   Oqrızok sçastiə, çto dan na vesğ tvoy vek.   

   Sevinc, kədər, - hamısı quş kimi uçub gedər,

   Qanadları bir azca yelpikləyər üzünü.

   Qarışqa tək ömrünə daraşar dəqiqələr,

   Didər, çeynəyər, udar gecəni, gündüzünü.

  

Biz bu qayda ilə şeirin bütün bəndlərini nəzərdən keçirməyin uzunçuluğa səbəb olacağından ehtiyatlanıb müqayisələrimizə burda son qoyur və yerdə qalan bəndləri tutuşdurmağı oxucunun öhdəsinə buraxırıq:

 

   Za kratkiy ças şepnutğ Sekunda uspevaet

   Tri tısəçi şestğsot dolbləhix:

   ne zabudğ!

   Ə qnusnım xobotkom tvoö sosalo qrudğ,

   Ə bılo, ə - Vçera, Seqodnə povtorəet.

   Bircə saat ötüncə, bu saniyə əqrəbi

   Üç min altı yüz dəfə "unutma!" deyər sənə.

   Gündən-günə sökülür dünyanın sən tərəfi,

   Sən göz açıb yumunca sabah dönür dünənə.

   Remember! Ne zabudğ! Na əzıkax löbıx

   Ə qlotkoö stalğnoy vsem narodam.

   Minutı, jalkiy moq, podobnı tem porodam,

   Qde skrıto zoloto. Vozmi eqo iz nix!

   Ötən günlər, saatlar, dəqiqələr içində

   Gör nə təhər gizlənib vaxtın qızıl damarı.

   O qızılı tap, çıxart, günləri boş keçirmə,

   Ömür də bir qumardı, uduzma bu qumarı.

   Qlupeü! Lişğ potomu iqraet vremə smelo,

  Çto proiqratğ ono ne mojet: Ne zabudğ!

   Denğ vspıxnul i uqas, kruqom noçnaə mutğ,

   İ bezdna alçno jdet: klepsidra opustela.

   Vaxtdan güclü qumarbaz tapılmaz ki,

   tapılmaz,

   Neyləsən, əvvəl-axır vaxt udacaq səni də.

   Neçə il yaşasan da, deyəcəksən, azdı, az,

   Yaşamağa bir azca möhlət verin yenə də.

   İ kriknut vse toqda: i Sluçay, önıy boq,

   İ oskorblennaə nevesta - Dobrodetelğ,

   İ Uqrızenie - posledniy tvoy svidetelğ:

   - Tı opozdal, o trus! Umri.

   Prişel tvoy srok.  

   Gözlərini örtəcək buz kimi bir soyuq əl,

   Hər şeirinlə xətrinə dəydiyin incik Allah

   Göydən tərs-tərs boylanıb çağıracaq, durma, gəl,

   Ötdü ömür, bitdi vaxt, ta bəsdi, öl, ay axmaq!..

  

R.Rövşənin tərcüməsiylə bağlı fikrimizi ümumiləşdirməzdən öncə, növbəti nəzəri remarkaya ehtiyac duyuruq. "Ədəbiyyatların müqayisəli öyrənilməsi nədir?" məqaləsinin müəllifi, komparativist Con Stayner ədəbiyyatşünaslğa "konsept" terminini gətirib. Bu termin altında o, hər hansı xalis anlamı yox, hər hansı bir anlamın bu və ya digər dilin rənginə bürünməsini nəzərdə tutur. C.Staynerin konsept termini, eləcə də, V.Benyaminin yeni tərcümə nəzəriyyəsinə əsaslanıb tərcümənin hətta metafizik kökünə gedib çıxmaq olar. Bizcə, lap dərinə gedəndə orijinal mətnin özü belə əslində qeyri-orijinaldır. Çünki hər bir mətn, Y.Kristevanın yazdığı kimi, özündən əvvəlki mətnlərlə açıq və gizli, implisit və eksplisit intertekstual əlaqə şəbəkəsi içindədir. Bundan başqa bütün mətnlər, hətta dünyanın heç kimə məlum olmayan ilk bədii mətninin özü belə ilahi metamətnin insan dilinə tərcüməsidir. Bizim şairlərin və şairkimilərin çox sevdiyi, Platondan gələn təbirlə desək, yəni şair sözü ilahi sözün kölgəsidir və deməli, bütün şairlər tərcüməçidir. Dünyanın ilk şairindən tutmuş son şairinə qədər hamısı birlikdə ilkin metamətnin bu və ya digər hissələrini tərcümə-bərpa etməklə məşğuldur. Onların hamısı "orijinal" və ya "tərcüməçi" olmalarından asılı olmayaraq, ilkin ilahi mətnə doğru can atır.

  Heç bir insan ağlı və ilhamı ilahi metamətni axıracan tərcümə etməyə qadir deyil. Ona görə nəinki hansısa "orijinal" mətndə, hətta onun çoxsaylı tərcümələrində belə metamətn özünün maksimum ifadəsini tapmır - həmişə nəsə qalır. Şairin istedadının dərəcəsi bu "nəsə" ilə tərs mütənasibdir, yəni ən istedadlı şair Allahın ən yaxşı tərcüməçisidir. Məntiqi olaraq belə çıxır ki, bir şairin digərini çevirməsi, mətni sadəcə bir dildən başqa dilə çevirmək yox, həm də onu tamamlamaq, bu və ya digər boşluqları doldurmaq deməkdır. Tərcüməçiyə sərbəstlik verən də məhz orijinal mətndə bilavasitə ifadəsini tapmayan, amma potensial şəkildə mövcud olan bu "nəsə"lərdir.

  Beləliklə, metafizik rakursdan yanaşsaq, R.Rövşən, sadəcə, tərcümə etmir, Bodlerin yazdığını Azərbaycan dilində yenidən yazır. Və bu zaman müəyyən ixtisarlara yol verdiyi kimi, əlavələr də edir. Amma hər iki halda o, "bukvayedlik" etmir, staynersayağı desək, orijinala konseptual yanaşır, fransız şairinin bu və digər şeirinin məğzini - konseptini tutur və bunu öz doğma dilində canlandırmağı əsas məqsədə çevirir. Vaxtın amansızlığı, ömrün faniliyi, ölümün qaçılmazlığı - "Saat" şeirinin ən ümumi konsepti budur. Tərcüməçi əsas diqqətini ayrı-ayrı detallar və elementlərdən daha çox şeirin əsas ruhuna verir, necə deyərlər onun nəbzini tutur, əsas məsələnin həlli naminə xırda qurbanlar verir.

  R.Rövşənin Bodlerə elədiyi əlavələr də şeirin özünün daxili potensiyasından doğur. Məsələn, ikinci bəndin rusca tərcüməsində "qarışqa" obrazı açıq-aşkar görünür: Zamanın anları xoşbəxtliyi zərrə-zərrə didir. Amma bu metaforada dayanmadan dən daşıyan və qış uzunu onu zərrə-zərrə yeyən qarışqanın əlaməti var. Tərcüməçi poetexnoloji yöndən metaforanı təşbehlə əvəz edir, nəticədə mətnin özünün daxilində gizli qalan bənzətməni işığa çıxarır, onu əyaniləşdirir, görümlü edir. Eyni metafora-təşbeh əvəzlənməsi və əyaniləşdirmə ilə beşinci bənddə də üzləşirik: rusca mətndə qumarbaz obrazı yoxdur, amma onun əlaməti (oynamaq) var - Zaman ona görə cəsarətlə oynayır ki, o uduza bilməz. Amma "subyektiv" tərcüməçi bu əlaməti subyektləşdirir, oynamağın ardında duran oynayanı - qumarbazı mətnə əlavə edir və bu zaman yenə də mətnin özünün potensial imkanlarından çıxış edir. Bodlerin mətninə yaradıcı yanaşma nəticəsində isə R.Rövşən nəticəyə nail olur - mətn "zapçast" edilmək təhlükəsindən xilas edilir, bütövlükdə alınır. Yəni misralar misralarla, bəndlər bəndlərlə təkcə məntiqi yox, ruhi yöndən də bağlanıb canlı bədii orqanizm əmələ gətirir, oxucunun nəfəs ala biləcəyi poetik atmosfer yaranır.

 

 

(ardı gələn şənbə sayımızda)

 

Əsəd CAHANGİR

 

525-ci qəzet.- 2009.- 4 iyul.- S.26-27.