"...Anladım ki, bir SÖZük..."

 

ŞAİR ƏLİ KƏRİMİN VƏFATINDAN 40 İL ÖTDÜ

 

Əli Kərim Azərbaycan şeirində qəribə və izahı hələ də sürən hadisələr yaratdı. Və zahirən nə Səməd Vurğuna, nə də digər şairlərə bənzəməyən bu poetik sistemdə ənənə özünü tapdı, özünü tam potensiyası ilə ifadə etdi - Azərbaycan poeziyasında yeni mərhələ başladı: söz təkcə deyilmək, insanları həyəcanlandırmaq, onu başqa aləmlərə aparmaq... üçün yox, həm də dərinliyi göstərmək, zahirən nə qədər gözəl, göz oxşayan, mütəəssir edən olsa da, daxildə dünyanı, necə deyərlər, "vurub-çıxmaq", təhlil etmək, onunla oppozisiya yaratmaq üçün idi. Yəni, üfüqi xətt - üfüq nə qədər gözəl və cazibəli olsa da, onu kəsən çarpaz"çağdaş Azərbaycan poeziyası" deyilən mətnin tam təsəvvürə gətirilməsi üçün zəruri idi. Əli Kərim böyük bir nəhrin, mürəkkəb bir vəziyyətin içində aydınlıq yaratmaq, bu vəziyyəti yerbəyer etmək üçün idi, yəni nəhrin içinə süzülən bir damla bəzən hər şeyi yerli-dibli dəyişdirir, onun taleyində müəyyənləşdirici rol oynayır.

Ənənə və ənənəni çarpaz kəsən işarələr Əli Kərim yaradıcılığında xüsusi tənasübdədir, onların bir-birinə nisbəti sözü deməyin, sözün içindəki təlatüm və sükutu göstərməyin əlahiddə mövcudluq formasıdır, yəni, Əli Kərim şeirində obraz, metafora ənənəvi libasını dəyişir, həyatdan, gerçəklikdən, gerçəklik haqqında sözdən yüksək mövqeyə yüksəlir, məhz bu poeziyada, poetik sistemdə "Azərbaycan ədəbiyyatı" adlanan mətn öz-özü ilə mübahisə etməyə başlayır, poetik mətləbi göstərməyin, ifadə etməyin mürəkkəb, eyni zamanda indiyə kimi işlənməmiş üsulları sınanır - yeni ifadələr və obrazlar, sadəcə görüntü, göy qurşağı deyil, bunlar böyük və mürəkkəb bir metaforanın komponentləridir. Bu komponentlərin gücünə bütün ənənə - indiyə kimi deyilən mətləblər bir nöqtəyə, bir iynənin ucuna cəm olur - hər şey bu nöqtənin içində yenidən mənalanır. Dünya poeziyasında bu tipli hadisə adətən istənilən milli ədəbiyyatda poetik ənənənin yüz illər boyu bir arealda konsentrasiyası zamanı baş verir, yığılma, toplanma, poetik informasiyanın iç-içə, lay-lay toplanması bədii mətni mahiyyəti etibarı ilə gerçəklikdən ayırır, onların - bu iki səviyyənin arasında qəribə bir nüfuzetmə hadisəsi yaranır. Məhz bu zaman adıçəkilən sıx konsentrasiyanı "səpələmək", hər şeyi qaydaya salmaq baxımından indiyə kimi olub-keçmiş bütün təcrübə bir daha yeni obraz və metafora bazasında təbəddülatdan keçir - bir şairin, bir yazıçının poetik sistemi daxilində. Diqqət edilərsə, Əli Kərimdə, onun ortaya qoyduğu obrazlarda sanki başqa bir dinamika var, bu hərəkət tərzi həm keçmişdən, həm də gələcəkdən qəti şəkildə fərqlənir və məncə, bu fərq hələ uzun müddət toxunulmaz qalacaq. Hansı mənada? Ona görə ki, bu poetik sistem milli ədəbiyyatda suqovuşandır, bütün meyl və tendensiyaların baş-başa gəldiyi, öz-özünü təhlil və təhdid etdiyi bir yerdir. Əli Kərimin əksər şeirlərində Azərbaycan poeziyasının müxtəlif mətnləri arasında həm açıq-aşkar, həm də virtual-daxili səsləşmələr, bir-birini tamamlama, çağırma və bir-birini dəf etmə nüansları eşidilir. Həm ən yaxın müasirləri, həm də uzaq sələfləri, ənənədaşları arasında. Bu mənada onun Füzuli və Nəsimi haqqında şeirləri sadəcə ithaf yazıları, onların obrazlarını şeirə gətirməkdən ibarət deyil. Diqqət edilərsə, bu şeirlərdə hər iki məqam - milli ənənənin mətnləri arasında qovuşma və dəfetmə məqamları daha qabarıqdır. "...Dünya səni qocaltdı, yaşıdın olsun deyə", - bir az müasir formada üslub, deyiliş tərzi, elə bil ki, Füzuliyə aiddir, ancaq diqqətlə baxıldığında məhz bu məqamda Füzuli qəlibinin dağıldığını görərik, yəni, bu artıq "...fələklər yandı ahimdən" deyimi deyil - Füzuli bütün divanın məğzini bir deyimin içinə cəmləyir və praktiki olaraq bütün qəzəllərində məhz buna cəhd edir, bu işi reallaşdırmaq istəyir, kapsam, əhatə dairəsi geniş, sonsuz götürüldüyündən hər bir qəzəlin hər bir beyti müstəqil şeir kimi yazılır. Hər bir bəndə böyük bir tikili kimi yanaşma, onu bir neçə sözlə inşa etmə və həm də kənardan baxış bucağı saxlama - bütün bu niyyətlər və perspektivlər qəzəlin özü-özünə keçidini, mətnə başqa sözlüyün və münasibətin daxil olmasının qarşısını alır. Burada başlanğıcla son arasında məsafə o qədər kiçilir ki, onları bir-birindən fərqləndirməyə lüzum qalmır, - nəticədə bütün qəzəlin mətni hər bir beytdə həm başlayır, həm də qurtarır, bu mənada "fələklər yandı ahimdən" deyimi bütün bu hərəkətlərin cəmidir, onlardan hasil olan nəticədir - qəzəli bütövlükdə əvəz edən ifadədir. Hər bir qəzəlin içində onu əvəz edə bilən bir deyim-poetik struktur var və bunsuz qəzəl tam, bütöv mətn sayıla bilməz. Əli Kərim adıçəkilən şeirində həm bu mənzərəni verir (...Dərdə şərik dərd özü, Sükut suala cavab. Qranit dağlar belə Gətirməzdi buna tab, Füzuli o, nə dövran! Görsələr yanır insan, Yanana od verdilər. Füzuli, o, nə kədər!- Görsələr donur insan, Donana buz verdilər), həm də bu "mətnin" bətninə yad münasibəti yeridir, onun daxilində müxtəlif münasibətlərin baş-başa gəlməsini təşkil edir.

 

   Füzuli, o nə qədər! –

   Görsələr batır insan,

   Batana dəryaları

   Birdən bəxş elədilər.

   Dünya səni qocaltdı,

   Qocaldın dünya kimi,

   Könlün kədərlə dolu, -

   Çalxanan dərya kimi.

 

Burada bir məqama toxunmaq istərdik. Şeir mətnində bütün mümkün, potensial... dillərin qovuşması hadisəsi ümumi planda doğru nəzəri səciyyə daşısa da, bizim orta əsr müasir şeirimizdə tam fərqli anlayışları ortaya qoyur. Klassik çağdaş şeirdə bu effekti almaq üçün vasitələr üsullar bir-birindən kəskin şəkildə fərqlənir. Klassik şeir mətninin hörüldüyü işarələr mətn boyunca, demək olar ki, eyni qəlib içinə düzülürlər, hər dəfə bu vahid, dəyişməyən düzümə baxa bilmək üçün bir fərqli perspektiv seçilir. Klassik şeirdə bu baxış perspektivinin sonsuz ziddiyyətli axtarışları mövcud janr kanonunu diaxron sinxron planda "daraldır", çəmbər sıxıldıqca "işıq" görünməz olur, onun görünməsi ümumən istənilən görüntü ifrat dərəcədə şərtləşir müəyyən həddə görüntü fantaziyaya, xəyala, sonsuz sayda kontekstlərin bir-birinə qarışmasına mətnin ilk baxışdan anlaşılmamasına şərait yaradır. Şeirin dili - adi anlamda qavranılan dil anlayışının sərhədlərini dağıdır. Yəni burada sən onu dərk edincə şeir mətni səni "yüz dəfələrlə oxuyub başa çıxır", sənə əşya kimi yaxınlaşır, səni öz predmetinə çevirir.

Heç də təsadüfi deyil ki, Əli Kərimin şeirlərinin əksəriyyəti SÖZ haqqındadır. Bununla o, SÖZün yuxarıda göstərilən funksiyasının konsepsiya halında ifadəsinə çalışırdı. "Azərbaycan poeziyası" adlı MƏTN öz təkamülündə elə bir həddə gəlib çatdı ki, Əli Kərim qaçılmaz şəkildə sözdən, onun dünyaya və müəllifə münasibətindən, insan ömrünün içində kəsb etdiyi mənalardan və daha çox mənalar arasında gedən ölüm-dirim savaşından bəhs etməli oldu. MƏTN daxilində mənalararası savaş gerçəkliyə yeni?münasibət tipinin formalaşmasını bəlirliyir. Diqqət yetirin: Füzuli "Söz" qəzəlində milli ədəbiyyat kontekstində bu şəkildə və qaydada YENİLƏŞMƏNİN əsasını qoydu... İstənilən ədəbiyyatda yeni tendensiyalar yarandıqda bu, qaçılmaz şəkildə onun əsas istiqamətlərini bəlirləyən mənalar arasında savaşla müşayiət edilir. Əli Kərimdə SÖZ həm də dünyaya tən tutulur, dünya ilə bərabərləşir, burada SÖZün yamacına baş qoyub uzanmaq, göylə yeri bir nöqtədə - söz paralelində birləşdirmək çox asandır.

 

   Günəş batırdı Kürdə,

   Durmuşdum sahildə mən.

   Sularda körpü vardı,

   Elə bil ki, qızarmış

   Kür, Günəşdən axırdı.

   ...Al-qırmızı bir yağış,

   Al-qırmızı bir xəyal.

   Samux meşələrinin kölgələrində

   - qara,

   Qara yağış,

   Boz yağış -Yağır aramsız yağış...

   Samux meşələrinin qara kölgəliyində

   Yağış görünmür gözə.

 

Verilən sual və alınan cavab ayrı-ayrı şeylərdir, cavablar suallara, suallar da cavablara aid deyil, onların tən ortasından keçən, bu sual-cavabları yarı bölən MƏTLƏB var. Böyük bir NƏFƏS var. Nəfəsin böyüklüyü əslində estrada meydanında uca səslə hayqırmaq deyil. Nəfəsin böyüklüyü, bir sözlə onun varlığı mistik bir şeydi - milli ədəbiyyatda əsas ideyaların gömüldüyü mətnlər arasında virtual əlaqələrin varlığının görünməsidir - hansı dərəcədə, bax, bunu şairin əhatə etdiyi nəfəs genişliyi həll edir. Geniş nəfəs özü ilə sel gətirir, bir çox şeyləri vurub-yıxır, yeni sərhədlər diktə edir, fatehlik duyğusunu oyadır, düşüncənin koordinatları dəyişir - hiss edilmədən, rənglərdən başqa onların işlənmə tezliyi, üslub, düşünmə tərzi dəyişir.

Səməd Vurğun şeirinin intonasiyasını tanımaq üçün onun "Düşüncələr" şeirinə nəzər salmaq kifayətdir. Bu poetika, üslub sisteminin bütün ahəngi bu şeirdə qənirsiz ifadə olunub. Şeirdə vüsət, genişlik, hər şeyin yerdən göyə kimi şahə qalxması, sonra son nöqtəyə qədər aramla, yenə də həmin intonasiya qəlibi içində enməsi var. Rəsul Rzada daxili güc, qüdrət, sözün poetik enerjisi başqa bir formada ifadə olunub: "Ərk qalası" şeirində olduğu kimi. Burada bir-birinə çatmayan səslərin, hecaların, az qala fonemlərin parlaq görüntüsünü almaq əsasdır, ən incə detallar, "su altında qalan" hissələr belə görünür və belə görüntüyə nail olunması əsas poetik qayədir. Bu iki sistem nə qədər fərqlənsə də, onlar daxilən birdir, birləşmənin perspektivi görünməsə belə, ən azı bu iki sistemin ədəbi prosesə göstərdiyi təsirlərin vahid ideya kimi qovuşması halında. Onların hər ikisindən fərqli olaraq, Əli Kərim ədəbi prosesə kənardan təsir göstərdi, ədəbi prosesin içində çoxdilliliyə, polifoniyaya geniş meydan açdı. Əli Kərim Azərbaycan şeirinə çoxdan həsrətində olduğu bir sakitlik, sakit axar gətirdi, kənardan təsir göstərməsinə baxmayaraq, ədəbi gedişatı milli parametrlərə tam uyğunlaşmağa məcbur etdi, poetik mətnin içindəki bədii təfəkkürün diferensiasiyasına meydan açdı, ənənəvi anlayışların mündəricəsi elə bil ki, dəyişdi, şeir təzədən doğuldu, insanlara başqa cür çatdı, tam fərqli şeyləri izah etdi. Məncə 70, 80, 90 və xüsusən də 2000-ci illərdə Azərbaycan şeirində Əli Kərimin reformator təsiri tam gücü ilə işlədi, yalançı estrada effektləri arxa plana keçdi.

Əli Kərim üslubunun ən mühüm xüsusiyyəti POLİFONİYAdır, çoxsəslilikdir, insanın tanıdığı dünyanın sınırlarını onun gözündə böyütmək, genişləndirməkdir. Adətən hər bir istedadlı şair obrazıyla tanınır, intonasiyası ilə seçilir - bax, bu ifadəni bu biçimdə məhz o işlədə bilərdi və sair və ilaxır. Seçilmədən, tanınmadan sonra qəlibləşmə gəlir, - bu, o deməkdir ki, məhz bu obrazı, bu intonasiya modelləri ilə tanınan şair gec-tez bu obrazlara uyğun dairənin içinə düşür. O anlamda ki, başqalarından seçilsin, başqalarının yaratdığı dairəni "kəssin", dünya ilə münasibətlərin bu şəkildə qurulması dairəni alınmaz qalaya çevirir, qələm anidən hərəkət nöqtəsinə qayıdır, illər keçəndən sonra məlum olur ki, o, əslində yüz illərdir bir əşyanın konturlarını cızırmış. Ən istedadlı qələm sahibləri də bu dairənin içinə düşən kimi primitivləşir, yazan adamın özünün özündən fərqi qalmır. Bunun, bu vəziyyətin özü üslubi keyfiyyətdir, insan xarakterinin yazını, yazı tərzini idarə etməsidir.

Əli Kərim yaradıcılığında yazı tərzini diqtə edən xarakter yoxdur, ÇOXSƏSLİLİK var, bu üslub məkanı təkcə dairələrdən yox, düz, əyri və bir-birini kəsən xətlərdən ibarətdir, həm də bu formada: üfüqi xətt varsa, onu şaquli istiqamətdə kəsən mətləblər, nüanslar, adi gözlə sezilməyən cizgilər var, həm də: heç bir manifest, poetik qayə açıqlamadan yeni poetik sistemi açıqlayan komponentlər sırası var və bütün bunlar zaman keçdikcə açılır, şaxələnir, yeni mənalar qazanır.   

 

 

Cavanşir YUSİFLİ

 

525-ci qəzet.- 2009.- 4 iyul.- S.25.