Tanrı sevgisi, peyğəmbər işığı

 

 (Z.Yaqubun "Peyğəmbər" əsəri haqqında bir neçə söz)

 

Klassik ədəbiyyatımızın (H.Cavidə qədər) vəsf etdiyi bir müqəddəs obraz var - Peyğəmbər obrazı. Peyğəmbər mövzusu şairlər üçün ağlın yox, könüllərin sifarişi, tale ismarıcı olub.

Peyğəmbər" 60 yaşlı xalq şairinin dərin etiqadının simvoludur, inandığı və güvəndiyi dəyərlərin bədii ifadəsidir. "Dildə zikrim, başda fikrim, ruhda şükrüm qanadlanır".

Əslində Z.Yaqubun "Peyğəmbər" yazması ürəyində çoxdan tutduğu niyyətlə bağlıdır, əvvəlki dastanların ("Saz", "Yunus Əmrə") məntiqi yekunudur.

 

   Şəkər şeirim şana-şana süzüldü,

   Mərcan kimi dənələndi, düzüldü,

   "Saz"dan sonra "Yunus İmrə"

    yazıldı,

   Söz mülkünə ləl-gövhərlə

    gəlmişəm.

Türk insanına (və türk şairinə) müqəddəslik duyğusu heç vaxt yad olmayıb. Tək Tanrı sevdası, Tanrıya qovuşma duyğusu türk insanının həyatının bəzəyi olub.

Müqəddəslik ali məqsəddir. Müqəddəslik Tanrıyla ünsiyyətdən doğan bir məqsəddir. Hz. Məhəmməd (ə.s.) müqəddəsliyi Uca Yaradanla - əbədi Nurla ünsiyyət məqamına çatmasıdır. Z.Yaqub üçün harda işıq varsa, ora müqəddəsdir.

 Dəyərli oxucu yaxşı bilir ki, Z.Yaqub yaradıcılığının əsas qayəsi işıq-nur axtarışıdır. Təbiət şeirlərinin də, mübarək ziyarət şeirlərinin içi - mayası məhz işıqdan yoğrulur. Hətta Peyğəmbərimizin ölümünə həsr etdiyi hissə işıqla, nurla tamamlanır.

 

   Bəxt günəşi, Tanrı nuru, Allah işığı

   Peyğəmbərin uyduğu

    məzardan doğur.

   Z.Yaqub Peyğəmbər camalını dərk etməyə çalışır ("Bax Peyğəmbər camalına bütün cahanı dərk elə") və belə təqdim edir.

   Peyğəmbərlik möhürü

    kürəyinin bəni də,

   Geniş alnı, ağ üzü, şirmayı

    bədəni də,

   Yeriyəndə qabağa əyilən

    qaməti də,

   Baxışında oxunan böyük

    məhəbbəti də,

   Çiçək kimi, gül kimi

   yanağının alı da,

   Geniş köksü, ağ əli,

    gur qara saqqalı da,

   Qara göz bəbəkləri,

    uzun kirpikləri də,

   Kirpiklərdən süzülən göz yaşı da,

   təri də...

Bildiyimiz kimi, Cavid əfəndi "Peyğəmbər dramının remarkasında Hz. Məhəmmədin portretini verib:

"O, qırx yaşında gözəl, vüqarlı bir sima... Alnı, köksü, omuzlarının arası geniş, rəngi gül rənginə mail əsmərimsi və nurani... saçları nə pək qıvırcıq, nə də pək düz, saqqalı bir tutam, sıx və tam... Biləklər, qollar qalın və qüvvətli... Böyük başlı, hilal qaşlı, çəkmə burunlu, dəyirmi çöhrəli, orta boylu, iri gəmikli, kirpikləri uzun, iki qaşının arası açıq, fəqət bir-birinə yaxın. Gözləri qara və böyücək..."

Şair ilk səhifədən son səhifəyəcən İslamın müqəddəs adlarını vəsf edir. Müqəddəs adların vəsfi ilə dəyərləri və mənaları dünyamıza daxil edir.

Gözəl adların vəsfi Mütləqin, Mahiyyətin və Gözəlliyin vəsfidir, öyülməsidir. İslam mədəniyyəti (ədəbiyyatı) Adın vəsfi mədəniyyətidir və ənənəsidir. Z.Yaqub bu mədəniyyətin və ənənənin daşıyıcısıdır.

Adın vəsfi İslam yoludur: "De ki, istər Allah, istər Rəhman deyin O-na, hansını deyirsiz deyin. Təkcə O-na aiddir ən gözəl adlar (17: 110).

Z.Yaqub gözəl adların, eləcə də Peyğəmbər adının enerjisini sazında-sözündə yaşadan, Tanrı sevdalı bir şairdir. Həmişə inanıb ki:

 

   Dünyanın qəm yükünü üstümdən

    atar mənim

   Ana laylası kimi ruhuma

    yatar mənim

   Hayanda dara düşsəm,

    dadıma çatar mənim

   La ilahə illəllah,

    Mühəmməd Rəsulullah!

 Əsərin hər bölməsi, hər fəsli Allahın və Peyğəmbərimizin mübarək adı ilə möhürlənir.

Z.Yaqub üçün türk insanının varlıq dünyasında bir həqiqət də var: "Məkkə, Mədinədə Mühəmməd, Türküstanda Xoca Əhməd" deyib hər ikisini türk insanının, mənəvi-ruhani dünyasının qutsal adları kimi sevməyi və vəsf etməyi unutmur:

 

   Tanrı səni Peyğəmbərçün

    bəxş elədi Türküstana

   Mən də sevdim Rəsulumu

    sənintək sevə bilmədim

 

Z.Yaqubun "Peyğəmbər"i ovsun - dua xarakterli salamlamalar, müraciətlər ilə zəngindir. Salamlama aktı lirik subyektin mətndə mövcudluğunu gücləndirməyə, varlığın xüsusi modusunu yaratmağa qadirdir.

 

   Öpdüyüm Kəbəyə, getdiyim haca

   Bizdən salam olsun,

    ya Rəsulallah!

 

Peyğəmbəri salamlama aktında bədii təyinlər, metaforalar bütövlükdə intonasiya və obraz sırasının "sıxlığını", ümumi gərginliyini artırır.

 

   Məkkə möcüzəsi, Kəbə memarı,

   Sehrdən yoğrulan, sirr alan insan.

   Miskinlər həmdəmi, yetimlər yarı,

   İşığı dünyayla bir olan insan.

 

Z.Yaqubun düşüncə tərzində təzadlar bir-birini izləyir və çarpazlaşır və bu hal onun sənətində özünəməxsus bədii üslub kimi yadda qalır. Məsələn:

   Günahla gedənlər məşəqqət çəkir,

   Savabla gedənlər şərafətdədir.

 

Z.Yaqubun bədii düşüncəsinin strategiyası elədir ki, folklor sözü ilə Quran sözü arasında yeni sintaktik münasibətlər qurur ənənəvi söyləmə - intonasiya tərzi ilə inanc - dəyər dünyası şəkildə qaynayıb qovuşur. Bir ovsun - dua effekti yaradır.

 

   İslamın naxışı, hənası Məkkə,

   Tanrı inancının binası Məkkə,

   Məhəmməd ömrünün

    mənası Məkkə...  

 

Z.Yaqubun iman dünyası Quran işığı ilə aydınlanır, ("İman ilə işıqlan, Allahla yaraşıqlan...") qəlbinin nuru ilə işıqlanır. Qutsal islam hadisələri, Peyğəmbər ömrü folklor yaddaşından "şana-şana süzülüb" havacata çevrilir və yenidən yaddaşa qayıdır:

 

   Məkkə ona dar gəlib,

   Mədinəyə yar gəlib,

   Yorğundu, yollar gəlib,

   Dayan , ay dəvə, dayan!

 

Bu, türk irfan poeziyasının stixiyasıdır, ozan təsəvvür ruhudur.

Z.Yaqub Qurandan, hədislərdən sitatlar verib epiqraflarla hər fəslə naxış vurur. Xüsusi zövq və həssaslıqla seçilmiş bu epiqraflar əsərin qutsal məna məkanını genişləndirir. Poetik detallar (Peyğəmbər ürəyi, mağarada işıq, Məkkə qapısı və s.) Peyğəmbər həyatını simvolikləşdirir.

Z.Yaquba xas olan axıcı, rəvan təhkiyə, ehtiraslı intonasiya hər beytdə, hər misrada hiss olunur. Kim nə deyir desin, Z.Yaqub üçün səs, tembr, jest, intonasiya, pauza, nəhayət, sözün tələffüzü çox vacibdir. Onun improvizə ruhu, "səslənən", deyilən sözün təsir effekti "Peyğəmbər" özünəməxsus magik bütövlük yaradır.

Bu əsərin özəlliyi nədədir? Birincisi, əvvəldən axıracan ümumi səs - intonasiya tonallığı gözlənilir, ikincisi, Z.Yaqubun bayatı - qoşma, gəraylı stixiyası, xalq təfəkkürü ilahi, sirli-sehrli gerçəkliyi "şumlaya" bilir; üçüncüsü, Borçalı ozan - irfan dünyası əsərin ümumi havasını saxlayır;

Dördüncüsü və ən önəmlisi - millətsevərlik və peyğəmbərsevərlik bir-birini tamamlayır:

 

  Qiyamətin gününədək

    pas tutmasın yarağı,

  Türk islamın dayağıdır,

    islam türkün bayrağı!

 

Z.Yaqubun "Peyğəmbər"i həqiqət və əbədiyyət, mərifət və kamal haqqındadır. Ən başlıcası sevgi haqqında dastandır. Şair özü söyləmiş: "Allaha sevgi durur hər sevginin başında". Tanrı sevgisi Əhməd Yəsəvi, Seyid Nəsimi, Dərviş Yunus, Cavid əfəndi kimi şairlərin ömrünün fəlsəfi ifadəsi olduğu kimi, Z.Yaqub dilinin də əzbəridir. Şükürlər olsun ki, Z.Yaqub ömrünün 60 yaşında niyyət elədiyi bu ağır və şərəfli işin öhdəsindən gəldi. Tanrı bütün Peyğəmbər sevdalılarına yar olsun!

 

 

Rüstəm KAMAL

 

525-ci qəzet.- 2009.- 4 iyul.- S.24.