İncəsənət Muzeyində heykəltəraş Münəvvər Rzayeva yad edilib

 

Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyində Şərqdə ilk monumentalist, əməkdar rəssam, tanınmış heykəltəraş Münəvvər Rzayevanın 80 illik yubileyi münasibətilə anım mərasimi keçirilib. Muzeyin direktoru İsrafil İsrafilov çıxışında M.Rzayevanın şərəfli ömür yolundan söz açıb: "Münəvvər Rzayeva 1929-cu ildə anadan olub. 1950-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini, 1956- ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasını heykəltəraşlıq fakültəsini bitirib. Məşhur heykəltəraş Nikolay Tomskinin tələbəsi olub. 1953-cü ildən Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib həmin vaxtlardan müxtəlif respublika, ümumittifaq beynəlxalq miqyaslı sərgilərə qatılıb. Əsərləri ona böyük uğurlar qazandırıb. AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyində bərpaçı rəssam kimi səmərəli fəaliyyət göstərib".

Rəssamlar İttifaqının heykəltəraşlıq bölməsinin katibi Xanlar Əhmədov M.Rzayevanın heykəltəraşlıq sahəsindəki xidmətlərini vurğulayıb: "İncəsənət tariximizə nəzər salsaq, orada qadın heykəltəraşların barmaqla sayılacaq qədər azlığının şahidi olarıq. Heykəltəraşlıq həm fiziki, həm də mənəvi cəhətdən çox ağır sənətdir. Münəvvər Rzayeva bu çətin sahədə öz silinməz izini qoyub. Elə bir iz ki, illər keçsə də, silinməyəcək və gələcək nəsillər bundan bəhrələnəcəklər".

"Yaratdığı obrazların daxili aləmini, psixoloji dünyasını əks etdirmək üçün obrazın gözlərinə böyük önəm verən M.Rzayeva istedadı, zəngin təxəyyülü, yüksək professionallığı ilə digər rəssam və heykəltəraşlardan fərqlənirdi". Bu fikirləri tədbirdə yazıçı Aqşin Babayev səsləndirib.

Tədbirdə alim və şair Gülhüseyn Hüseynoğlu, şair Ədalət Əsgəroğlu, M.Rzayevanın davamçısı Fəxrəddin Əliyev, eləcə də digər sənət xadimləri görkəmli heykəltəraş haqqında xatirələrini bölüşüblər.

Sonda Zemfira Mirqədirova çıxış edərək, anasının xatirəsinə ehtiram göstərdiklərinə görə tədbir təşkilatçılarına və mərasimə qatılanlara minnətdarlığını bildirib.

Tədbir çərçivəsində muzeyin zalında sənətkarın əsərləri ilə yanaşı onun həyat və yaradıcılığını əks etdirən fotolar, məktublar, məqalələr də nümayiş etdirilib.

 

 

Hüsniyyə İSMƏTQIZI

 

5245-ci qəzet.- 2009.- 4 iyul.- S.24.