Sara Aşurbəylinin kitabları təqdim edilib

 

Rusiya Mədəniyyət və İnformasiya Mərkəzində (RMİM) Azərbaycanın tanınmış tarixçi alimi, professor Sara Aşurbəylinin "Bakı şəhərinin tarixi" və "Şirvanşahlar dövləti" adlı kitablarının təqdimat mərasimi keçirilib. Azərbaycan, rus və ingilis dillərində olan kitablar "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyətinin təşəbbüsü və rəhbərliyi, Moskvada fəaliyyət göstərən "Almaz" elmi-istehsalat birliyinin baş direktoru İ.Aşurbəyovun dəstəyilə nəşr edilib.

Tədbirdə iştirak edənlərə Sara Aşurbəylinin həyat və yaradıcılıq yolu barədə ətraflı bilgi verilib. Qeyd edilib ki, o, 1906-cı ildə Bakıda doğulub. 1925-ci ildə İstanbulda Müqəddəs Janna d-Ark adına kolleci, 1930-cu ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq, 1941-ci ildə isə Azərbaycan Pedaqoji İnstitutunun xarici dillər fakültələrini bitirib: "O, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. Ağır təqib illərində yaşamaq üçün bu bilik və bacarıqlarından istifadə edib. Sara xanım dram teatrında rəssam və dekorator işləyib, müəllimi Uzeyir Hacıbəyovun dəvətilə 15 il Konservatoriyada xarici dildən dərs deyib, eləcə də öz çəkdiyi rəsm əsərlərini sataraq dolanıb. Sərgilərdən birində onun "Göygöl" əsərini Meksika nümayəndələri alıb aparıblar. Həmin əsər hazırda Meksika muzeyində saxlanılır. 1946-cı ildə Sara xanım Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilib". S.Aşurbəyli sonralar Azərbaycan Tarixi Muzeyində elmi işçi kimi fəaliyyət göstərib, 1993-cü ildən ömrünün sonuna qədər Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi olub.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 4 iyul.- S.22.