Günel Nəcəfzadənin
filmi "Amirani" Festivalında bəyənilib
GƏNC REJİSSORUN ƏN
MÜHÜM ARZULARINDAN BİRİ QARABAĞ PROBLEMİLƏ
BAĞLI YÜKSƏK SƏVİYYƏLİ FİLM ÇƏKİLMƏSİDİR
Günel Nəcəfzadə 1983-cü ildə
anadan olub. 2001-ci ildə Bakı
Xoreoqrafiya Məktəbini,
2006-cı ildə Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin televiziya rejissorluğu fakültəsini
fərqlənmə diplomu
ilə bitirib. Hazırda Rüstəm İbrahimbəyovun
Bakı Beynəlxalq
Kino Məktəbinin ikinci
kurs tələbəsidir.
G.Nəcəfzadə
indiyədək "Kinoşok", "Pak xəyallar",
"Sebsuechte", "Sesily" kinofestivallarında, eləcə
də "Qafqaz bizim evimizdir" Art Festivalda
iştirakçı kimi fərqlənib. Gənc kinorejissor
Beynəlxalq Audiovizual Festivalın "Uğurlu debütə
görə" və "Start" II Tələbə Filmləri
Festivalının "Ən yaxşı sənədli
film" diplomu ilə təltif edilib. Uğurlarının
siyahısına alman kinorejissoru Vayt Helmerin Kinorejissorlar
Gildiyası ilə birgə həyata keçirdiyi simpoziumda və
"Xəzər gəlini" qısametrajlı bədii
filmin istehsalında iştirakına görə Azərbaycan
Kinorejissorlar Gildiyasının "Şəhadətnamə"si,
Azərbaycan Gənc Film İstehsalçılar
Assosasiyasının "Eden 2006"- Azərbaycan, İran,
Gürcüstan və Qırğızıstandan gənc film
istehsalçıları üçün keçirdiyi beynəlxalq
yaradıcılıq seminarında iştirakına görə
aldığı "Nailiyyət sertifikatı" da daxildir. Bunlardan
əlavə, Gənclər və İdman Nazirliyinin təsis
etdiyi "2005-ci ildə kino sənəti sahəsində
qazandığı uğurlara görə" "İlin ən
yaxşı rejissoru" nominasiyasında "Gənclər
mükafatı" və Təhsil Nazirliyi ilə Mədəniyyət
və İncəsənət Universitetinin təşkil etdiyi
"V Beynəlxalq Audiovizual Festival"da fərqləndiyi
üçün fəxri fərman da G.Nəcəfzadəyə
məxsusdur. Bugünlərdə gənc kinorejissorun
yazıçı Afaq Məsudun "Dovşanın
ölümü" hekayəsi əsasında
ekranlaşdırdığı qısametrajlı bədii film
Gürcüstanda keçirilən "Amirani"
Kinofestivalında "Jürinin xüsusi diplomu" ilə təltif
edilib.
Sözügedən
filmin yaranması barəsində məlumat verən G.Nəcəfzadə
bildirdi ki, Afaq Məsudun yaradıcılığı həmişə
xoşuna gəlib. Festival üçün əvvəl bir
neçə ssenariylə tanış olsa da, bəyənməyib:
"Dovşanın ölümü"nü oxuyanda
anladım ki, axtardığımı tapmışam. 5 dəqiqəlik
bu film "Bakı, mən səni sevirəm" layihəsi"
çərçivəsində çəkilib. Bugünlərdə
həmin filmi Gürcüstanda keçirilən və
Bolqarıstan, Almaniya, Boliviya, İspaniya, Şri-Lanka, Slovakiya,
Ukrayna, İtaliyanın təmsil olunduğu "Amirani"
Kinofestivalına göndərdim. Müəyyən müddətdən
sonra cavab gəldi ki, film "Jürinin xüsusi diplomu"na
layiq görülüb".
G.Nəcəfzadə
kinoya olan marağını incəsənətə sevgi və
marağın hakim olduğu bir ailədə dünyaya gəlməsi
ilə əlaqələndirdi: "Ailəmizdə həm
tanınmış rəssam, həm musiqiçi, həm də
rejissor var. Kinoya uşaqlıqdan həvəsim vardı, amma
müəyyən şübhələr də yox deyildi. Əvvəlcə
televiziya rejissoru fakültəsini bitirsəm də, kinoya olan marağım
azalmadı. İlk işim 2003-cü ildə BMT-nin UNİFEM
fondu və Təhsil Nazirliyinin birgə keçirdiyi "Gənclik
və sülh" müsabiqəsinə təqdim etdiyim
"Müharibəyə yox!" adlı 1 dəqiqəlik,
sosial məzmunlu çarx olub. 2004-cü ildə Mixail
Zoşenkonun "Südsatan qadının hərisliyi"
hekayəsi əsasında ekranlaşdırdığım 15 dəqiqəlik
film-tamaşası ərsəyə gəldi. Sonralar
"Mozalan" studiyasında "Rəqiblər"
qısametrajlı bədii, "Simurq" studiyasında 21 dəqiqəlik
"Pillələr" sənədli filmimi çəkdim".
G.Nəcəfzadə
kinoda mövcud olan müəyyən problemlərin həlli
istiqamətində əsas işlərdən biri kimi kino təhsilinin
səviyyəsinin yüksəldilməsini vacib hesab edir. Kinonun
böyük maliyyə tələb etdiyini deyən gənc
rejissor səviyyəli ekran əsərlərinin meydana
çıxması, gənclərin öz fantaziyalarını
reallaşdırması üçün ciddi məbləğdə
pula ehtiyac olduğunu vurğuladı: "Gənc
kinematoqrafçılar öz ideyalarını həyata
keçirmək üçün çox vaxt maliyyə
sarıdan korluq çəkirlər. Fikrimcə, özəl
sektorun kinematoqrafiyaya marağını artırmaq
lazımdır. Ümumən, Azərbaycan kinosunda
kinoprokatın hədsiz zəifliyi həm gənclərin, həm
də yaşlı nəslin filmlərinin ictimaiyyətə
çatdırılmasına mane olur. Tutalım, gənc
rejissor vəsait azlığı ucbatından ssenaridə
düzəlişlər edir və istənilən səviyyəli
film alınmır. Beləliklə, o, öz ideyasını istədiyi
səviyyədə reallaşdıra bilmir. Bu gün Azərbaycan
kinosunda olan problemlər əsasən maliyyə vəsaitinin
azlığından yaranır. Hansısa bir filmin büdcəsi
üçün ayrılan pul az olduğundan ekran işi də
bəsit alınır. Amma fikir versək, görərik ki,
dünya kinosunda filmlərin milyonlarla dollarlıq büdcəsi
olur, bu da səviyyəli bir filmin ərsəyə gəlməsi
üçün şərait yaradır. Bütün çətinliklərə
baxmayaraq, həm təcrübəli, həm də gənc
rejissorlarımız filmlər çəkir, kinofestivallara
göndərirlər. Belə düşünürəm ki,
kino sahəsindəki gənclərin problemlərini çox da
şişirtmək lazım deyil. Çünki mövcud
problemlər tədricən öz həllini tapır. Bir
neçə il əvvəl təhsil aldığım Mədəniyyət
və İncəsənət Universitetində texniki
avadanlıq yox dərəcəsində idi, bu gün isə orada
müasir tələblərə uyğun montaj stolu və digər
avadanlıqlar var. Tələbələr çəkdikləri
materialları orada montaj edə bilirlər. Bütün bunlar gələcəkdə
kinomuzun problemlərinin öz həllini tapacağını
göstərir".
Dünya kinosundan əsasən
Federiko Fellininin filmlərini sevə-sevə seyr etdiyini
vurğulayan gənc rejissor milli filmoqrafiya fondumuzdan da bəyəndiyi
əsərlərin adını çəkdi: "Gün
keçdi" filmi klassikadır, Azərbaycan kinosunda ən
yaxşı filmlərdən biridir. "Bir cənub şəhərində"
də çox sevdiyim filmlərdən biridir".
G.Nəcəfzadə gələcəklə
bağlı danışarkən bir arzusunu önə çəkdi:
"Millətimizin əsas dərdi olan Qarabağ mövzusunda
yüksək səviyyəli bir film çəkilməsini
çox istərdim. Mənim gələcəkdə belə
bir filmi çəkib-çəkməyəcəyimi zaman
göstərər. Amma mən çəkməsəm də,
ümumiyyətlə, bu problemlə bağlı layiqli ekran
işinin yaradılmasını istərdim".
Sevinc MÜRVƏTQIZI