"Qiymətləndirmədə elə bir meyar yoxdur ki,
gizli qalsın"
MƏLEYKƏ ABBASZADƏ: "İMTAHAN MATERİALLARINA
AİD TƏHLÜKƏSİZLİKLƏ BAĞLI İŞLƏRİ
YENİDƏN QURUR, YENİ ÜSULLAR TƏTBİQ
EDİRİK"
UNESCO və Dünya
Bankının ekspertləri tərəfindən çoxillik təcrübə
və elmi təhlillər əsasında müəyyənləşdirilən
"Yaxşı imtahan sisteminin xarakteristikası"na aid
standartlar əsasında Azərbaycanda qəbul imtahanları,
eləcə də biliyin qiymətləndirilməsi sisteminin
müqayisəli təhlilinə həsr olunmuş növbəti
müsahibəni təqdim edirik. Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə
xanım Abbaszadə ilə budəfəki söhbətimiz
"Yaxşı imtahan sisteminin xarakteristikası"na daxil
olan dördüncü bölmə haqqındadır. Bu
bölmə "Şəffaflıq" adlanır və təhsildə
qiymətləndirmə üzrə beynəlxalq ekspertlər həmin
bölmə üzrə qəbul olunmuş standartların təsvirini
bu cür ümumiləşdiriblər: "İmtahan prosesi
ictimaiyyətin nəzarəti üçün mümkün qədər
açıq olmalıdır. İmtahanlar sirr pərdəsinə
bürünməməlidir". Bu zaman nəzərə
alınan göstəricilər isə bunlardır: Məxfi
olmayan materiallar, o cümlədən, qaydalar, fənn
proqramları və nümunə xarakterli və keçmiş
imtahan kitabçaları hamı üçün əlçatandır;
İmtahan orqanı müəllimləri imtahan prosesinə, məsələn,
proqramın hazırlanmasına və qiymətləndirməyə
cəlb edir; İmtahan nəticələrinə dair statistik
göstəriciləri və hesabatları əldə etmək
mümkündür; Qiymətləndirmə sistemi və dərəcələrin
verilməsi üçün meyarlar mövcuddur və əlçatandır;
Tam və yarım ştata işçilərin
götürülməsi üçün meyarlar çap
edilir; İmtahan heyəti inzibati işlərin, nəticələrin
və qiymətləndirmə sxemlərinin yazılı
qeydiyyatını aparır.
- Məleykə
xanım, beynəlxalq standartlardan da göründüyü
kimi, imtahan sistemində şəffaflığın təmin
olunması üçün bu proses ictimaiyyətin nəzarəti
üçün mümkün qədər açıq
olmalı, sirr pərdəsinə bürünməməlidir. Bununla
bağlı hansı işləri həyata keçirirsiniz?
- İmtahan sisteminin
şəffaflığı olduqca əhəmiyyətli məsələdir
və biz bu sahədə ictimai inamı təmin etmək
üçün uzun illər sistemli işlər
aparmışıq. Müəyyən hallarda biz hətta şəffaflığın
qurbanı oluruq, elmi cəhətdən tələb olunan
prinsipləri də şəffaflığa qurban veririk. Məsələn,
qəbul imtahanlarından sonra sual kitabçaları abituriyentlərə
verilir və beləliklə, bu suallar açıq suallara
çevrilir. Nəticədə növbəti imtahanlarda həmin
suallardan istifadə edə bilmirik. Halbuki, dünyanın əksər
ölkələrində imtahandan sonra kitabçalar abituriyentlərə
verilmir. Növbəti imtahanlarda suallardan təkrar istifadə
edilir. Nəzərə alınır ki, bu sualları yaratmaq
üçün kifayət qədər vaxt, əmək, maliyyə
vəsaiti sərf olunub. Bizdə isə tamamilə fərqlidir.
Həm sınaq, həm də qəbul imtahanlarından sonra
sual kitabçalarını abituriyentlərə paylamaqla
faktiki olaraq öz bankımızdan kifayət qədər test
sualları itirmiş oluruq. Bu addımı atmaqda əsas məqsədimiz
şəffaflığın təmin olunmasıdır. Eyni
zamanda ayrı-ayrı bölgələrimizdə, şəhər
və rayonlarımızda dərs deyən müəllimlər,
peşəkar muəllim köməyindən istifadə etməyən
abituriyentlər bu materiallardan istifadə edə bilirlər.
- Məxfi olmayan materialların,
o cümlədən, qəbul qaydalarının, fənn
proqramları və nümunə xarakterli kitabçaların
hamı üçün əlçatan olması nə dərəcədə
təmin edilir?
- Biz hər ilin əvvəlində
- yanvar ayından başlayaraq qəbul qaydalarını,
proqramları, nümunə xarakterli model testləri çap
edirik. Həmin materialların ictimaiyyətə
çatdırılması üçün də kifayət qədər
iş aparırıq. Qeyd edim ki, TQDK-nın yeni yaranan regional
bölmələrində də qaydalar, qəbul
imtahanlarının proqramları, nümunə xarakterli model
testlər əsasında seminarlar, müzakirələr təşkil
etməyi nəzərdə tutmuşuq. Əsas məsələ
bütün bu materialları çap etmək yox, bu
materiallardan düzgün istifadə olunmasına nail olmaq, əzbərçiliyə
yol verilməsinin qarşısını almaqdır. Biz bu
istiqamətdə kifayət qədər iş aparırıq.
İmtahan bitəndən sonra bu materiallar həmişə
açıq olur.
- İmtahan keçirən
orqan müəllimləri imtahan prosesinə, məsələn,
proqramın hazırlanmasına və qiymətləndirməyə
cəlb etməlidir. TQDK tərəfindən bu tələblər
hansı şəkildə nəzərə alınır?
- 1994-cü ildən etibarən
TQDK-nın nəzdində fənlər üzrə elmi-metodiki
seminarlar fəaliyyət göstərir. Seminarların cədvəlini
biz hər il əvvəlcədən rayon təhsil şöbələrinə,
ali məktəblərin rektorlarına göndəririk ki,
mütəxəssislər sözügedən seminarların
keçirilmə tarixləri barədə məlumatlı
olsunlar. Ayrı-ayrı orta və ali tədris müəssisələrinin
müəllimləri, Milli Elmlər Akademiyasının alimləri,
müstəqil ekspertlər 15 ildir ki, açıq şəkildə
aparılan bu müzakirələrdə iştirak edirlər və
mütəxəssislərin seminarlarda iştirakına
heç bir məhdudiyyət qoyulmur. Həmin seminraların
üzvü olan ekspertlər tərəfindən Komissiyanın
test sualları bankında olan hər bir sualı xarakterizə
edən parametrlər, onun çətinlik dərəcəsi,
relevantlığı müəyyənləşdirilir. Bunların
əsasında sualların pasportu hazırlanır. Ekspertlər
tərəfindən suallar üzrə yazılmış həmin
xüsusiyyətlər imtahanlar başa çatdıqdan sonra
statistik rəqəmlərlə yoxlanılır, bununla əlaqədar
statistik araşdırmalar aparılır. Məsələn,
araşdırırıq ki, 2000 nəfər abituriyentə təqdim
olunan suala onlardan neçə faiz düzgün, neçə
faiz isə səhv cavab verib. Hansı səhv cavab daha çox
istifadə olunub. Bu qaydada bütün imtahan sualları
müzakirə olunur. Təbii ki, bu zaman riyaziyyatçılar
riyaziyyatçılarla, tarixçilər tarixçilərlə,
ədəbiyyatçılar ədəbiyyatçılarla və
yalnız elmi əsaslarla müzakirələr aparırlar. Bu
ildən etibarən elmi-metodiki seminarları biz
Naxçıvanda və TQDK-nın bütün regional bölmələrində
keçirmək fikrindəyik. Onu da bildirim ki, seminarlarda
müzakirlə olnunan məsələlər, əldə
olunan nəticələr barədə biz TQDK-nın internet
saytında müntəzəm olaraq məlumatlar yerləşdiririk.
Seminarların nəticəsində imtahanda istifadə edilən
testlərlə əlaqədar metodik rəyləri
"Abituriyent" jurnalının 12-ci sayında çap
edirik.
- İmtahan nəticələrinə
dair statistik göstəriciləri və hesabatları əldə
etmək mümkündürmü?
- TQDK tərəfindən
keçirilən imtahanlarla bağlı
apardığımız elmi-statistik araşdırmaların nəticələri
hər zaman çap edilir, bununla bağlı ictimaiyyətə
ətraflı məlumatlar verilir. Biz bu cür araşdırmaları
təkcə qəbul imtahanlarından sonra yox, sınaq
imtahanlarından sonra da aparaq. Bu araşdırmaların nəticələri
barədə ictimaiyyətə geniş məlumat verildi. Bundan
başqa, orta məktəblərin buraxılış siniflərində
pretest imtahanları da keçirdik. Bu imtahanlar zamanı biz
yalnız yeni növ testləri yoxlayırdıq.
Sözügedən imtahanların nə buraxılış
imtahanlarının, nə də qəbul imtahanlarının nəticələrinə
aidiyyatı yox idi. Nəzərdə tutmuşuq ki, sentyabr
ayından sonra müvafiq orqanlarla birgə pretest imtahanlarının
nəticələrini müzakirə edək. Bu cür
araşdırmalar təhsildə olan vəziyyətin qiymətləndirilməsinə
geniş imkan yaradır. İmtahanda minlərlə insan
iştirak edəndə onların nəticələrini,
regionlardan olan abituriyentlərin bilik səviyyəsini, 16-17
yaşlı azərbaycanlının doğma ana dilini, xarici
dili nə səviyyədə bildiyini müəyyən etmək
mümkün olur. Bunlar elmi-nöqteyi nəzərdən əsaslanmış
nəticələrdir və real vəziyyəti əks etdirir. Hər
il orta məktəblərdən məzun olan abituriyentlərdən
cəmi 65 faizi qəbul imtahanlarında iştirak edir, 35 faizi
isə heç ali və orta ixtisas məktəblərinə sənəd
də vermir. Ən acınacaqlı vəziyyət odur ki,
imtahanda iştirak edən 65 faizdən 40 faizi 0-100 bal
arasında nəticə göstərir. Elə il olur 36
faiz belə olur, elə olur ki, 41 faiz. Mən ölkə
üzrə ümumi rəqəmi deyirəm. Artıq 15 ildir
ki, biz bunu müşahidə edirik. Bu da onu göstərir ki, təxminən
40 faiz orta məktəbi bitirən çox aşağı nəticə
göstərir. Mən çox istərdim ki, ölkədə
məktəblilər üçün keçirilən
bütün imtahanların nəticələrinə dair statistik
araşdırmalar aparılısın və onun nəticələri
barədə ictimaiyyətə məlumatlar verilsin. Başa
düşürəm ki, bunu etmək o qədər də asan
deyil. Proqram təminatı, xüsusi riyazi biliklərə malik
ekspertlər lazımdır. Bizdə bütün bu imkanlar
mövcuddur və müxtəlif təşkilatlar tərəfindən
keçirilən imtahan nəticələrinin bazası əsasında
müzakirələr aparmağa hazırıq. Mətbuatdan
bildiyimə görə, orta məktəblərin
buraxılış imtahanlarında 18 variantda test
kitabçalarından istifadə edilib. O variantlar bir-biri ilə
nə dərəcədə kollerasiyadadır, onların
çətinlik səviyyəsi nə dərəcədə
eynidir, biz bu barədə heç nə bilmirik. Həmin
variantlar üzrə hər bir suala necə cavab verilib?
Bütün bunlar elmi müzakirələrin mövzusudur. Orta
məktəblərin buraxılış imtahanlarının
gedişini TQDK sadəcə kənardan izləyir. Bu
imtahanlardakı şəffaflığı hələlik
görmürük. Fikrimcə, buraxılış
imtahanları ilə əlaqədar gedən proseslər
düzgün olsa da, mərkəzləşdirilmiş
imtahanları 11-ci sinifdə yox, 5-ci sinifdən aparmaq
lazımdır. Mütəmadi olaraq ilbəil bu imtahanları əsas
fənlər üzrə keçirmək daha məqsədəmüvafiqdir.
11-ci sinifdə bu imtahanı keçirəndən sonra biz
deyirik ki, 11 il bu uşaqlar məktəbə gəlib-gediblər,
sonda isə nəticə yoxdur. Amma 5-ci sinifdən bu imtahanlar
keçirilsə və nəticələr istənilən kimi
olmasa, onda onun səbəblərini müəyyən etmək
və müvafiq tədbirlər həyata keçirmək asan
olar. Axı imtahan kiminsə ümidlərini qırmaq məqsədilə
keçirilmir.
- Qiymətləndirmə
sistemi və dərəcələrin verilməsi
üçün meyarlar mövcuddur və əlçatandır?
- Meyarlar hər
zaman mövcuddur. Onlar qəbul qaydalarında göstərilir və
hamı üçün eynidir. Elə bir meyar yoxdur ki, gizli
qalsın və onu heç kəs bilməsin. Qəbul
zamanı hansısa sosial qrupa güzəşt edilmir və
biz, prinsipcə, bunun tərəfdarıyıq. Ancaq elə
sosial qruplar var ki, onlara kömək üçün müəyyən
tədbirlər edilə bilər. Məsələn, bu ildən,
çalışacağıq ki, gözdən əlil
abituriyentlər üçün brayl əlifbası ilə
onlara sual kitabçaları çap edək. Biz əlverişsiz
vəziyyətdə olan (əlil) abituriyentlərın imtahana
gəlməsi və imtahan zalında yerləşdirilməsinə
lazımi köməklik göstəririk. Hər il həmin
abituriyentlər üçün, şəxsən onlara xidmət
edən xüsusi nəzarətçilər ayrılır.
Gözdən əlil abituriyentlərə də xüsusi nəzarətçi
ayrılır ki, onlar üçün sualları oxusun.
Abituriyentlərə güzəşt bu formada ola bilər. Əlavə
yerləşdirmə zamanı hansı yerlər boş
qalıbsa, bu yerlər barədə hamıya açıq
şəkildə məlumat verilir. Belə bir prinsip var ki, məlumat
müəyyən vaxta qədər qapalı ola bilər.
Müvafiq qərar qəbul olunduqdan sonra isə bu məlumat hər
kəs üçün açıq olmalıdır. İlk
illərdə mən eşidirdim ki, kimsə əvvəlcədən
jurnal alıb, metronun qarşısında dayanaraq, imtahan nəticələrini
valideynlərə pulla deyir. Biz yalnız yeni texnologiyalardan
istifadə etməklə belə "biznesin"
qarşısını aldıq. Hər il qəbul
imtahanları başlamazdan bir ay öncə biz mətbuat vasitəsilə
ictimaiyyətə bu barədə ətraflı məlumatlar
veririk. İnternet saytımızda da məlumatlar yerləşdiririk.
Biz çalışırıq ki, imtahanlarla əlaqədar
bütün məlumatlar açıq olsun.
- Tam və yarımştat
işçilərin götürülməsi
üçün meyarlar çap edilirmi?
- TQDK-ya işə qəbul
dövlət qulluqçularının işə qəbul
qaydaları əsasında aparılır. İşə
götürülmək üçün bütün meyarlar
öncədən çap edilir. Mən fürsətdən
istifadə edərək bir daha qeyd etmək istəyirəm ki,
TQDK-nın yeni yaradılan regional bölmələri
üçün bizə ştat cədvəli bu ilin aprelində
verildiyi üçün onlar hələ tam komplektləşdirilməyib.
Yalnız TQDK-nın Naxçıvandakı regional bölməsi
istisnadır. Ancaq digər bölmələrdə vakant yerlər
var. Mən gələcək fəaliyyətlərini biliyin
qiymətləndirilməsi işinə həsr etmək istəyən
gənclərə müraciət edirəm. Əgər onlar
bizimlə çalışmaq istəyirlərsə, növbəti
dövlət qulluğuna işə qəbul imtahanlarında
iştirak edə bilərlər. Regional bölmələrdəki
vakant yerlərlə bağlı məlumat həm TQDK-nın,
həm də Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət Qulluğu Məsələləri
üzrə Komissiyanın internet saytında yerləşdiriləcək.
Maraqlananlar qeyd etdiyim saytlara daxil olub məlumatla tanış
ola bilərlər.
- İmtahan heyəti
inzibati işlərin, nəticələrin və qiymətləndirmə
sxemlərinin yazılı qeydiyyatını aparmalıdır.
TQDK tərəfindən bu sahədə hansı addımlar
atılır?
- Qeyd edim ki, bu çox ciddi bir məsələdir. Hər bir imtahana hazırlıq zamanı ilk növbədə onun layihəsi tərtib olunur və texniki tapşırıqlar hazırlanır. Komissiyanın ayrı-ayrı şöbələrində texniki tapşırıq əsasında imtahan binalarında yoxlama-buraxılış rejimini keçirən şəxslər, imtahan rəhbəri, imtahan nəzarətçisi, abituriyentlər, eləcə də bunker şəraitində işləyən ekspertlər üçün ayrıca təlimatlar hazırlanır. Eyni zamanda imtahanların keçirilməsinə dair xüsusi plan qrafiklər tərtib olunur. Həmin sənəddə hər bir şöbənin görəcəyi işlərin ardıcıllığı günbəgün qeyd edilir. Bir şöbə işi başa çatdırdıqdan sonra sənədləşdirilir, imzalanır və digər şöbəyə təqdim olunur. Digər şöbədə bu iş təkrarən görülür və yalnız nəticələr üst-üstə düşəndən sonra təsdiqlənir, hüquqi cəhətdən qüvvəyə minir. Bu cür layihələndirmə texnoloji cəhətdən yoxlama aparmaq üçün nəzərdə tutulub və bu zaman heç bir səhv baş vermir. Bu mexanizm qiymətləndirmə işlərində də tətbiq edilir. Bilirsiniz ki, magistratura pilləsinə qəbul zamanı bəzi proqramlar üzrə ixtisas imtahanında bakalavrların biliyi yazılı imtahanla yoxlanır. Bu zaman imtahan vərəqi kodlaşdırılır və sənədin kimə aid olduğu bilinmir. Qiymətləndirmə aparan ekspert işi oxuyur və sonra ora öz şifrini yazır. Daha sonra həmin yazı işini digər ekspert yoxlayıb öz şifrini qeyd edir. Ekspertlər verdikləri qiyməti ayrıca protokolda qeyd edirlər. Ona görə də digər ekspert işi yoxlayanda bilmir ki ondan əvvəlki ekspert tərəfindən işə neçə qiymət verilib. İki ekspertin qiyməti üst-üstə düşməyəndə və çox paradoksal qiymətlər olanda biz üçüncü ekspert dəvət edirik. Mən belə işlərin yoxlamalarını hərdən özüm də aparıram. Üçüncü ekspert nəticələri yoxladıqdan sonra mən özüm təzədən müəyyən yoxlamalar aparıram. Sənədlər tam alqoritmə uyğun olaraq doldurulmalıdır. Hər hansı bir səhv aşkar edilən zaman bu işdə iştirak edən işçilər, ekspertlər cəzalandırılır. Ölkəmiz kiçikdir, müəllimlər və tələbələr bəzən bir-birlərini tanıyırlar. Buna görə biz imkan vermirik ki, hər hansı bir yanlışlığa görə, qiymətləndirmədə subyektivliyə yol verilsin. Qəbul qaydalarına görə, heç kimin ixtiyarı yoxdur ki, yazı işinə özü haqqında məlumat yazsın. Amma biz belə fakt aşkarlamışıq və həmin nəticə dərhal ləğv olunub. Biz dövlət qulluğundayıq və dövlət idarəçilik orqanıyıq. Sistem elə qurulub ki, biz eyni zamanda, elmi dillə desək, açıq sotl texniki sistem kimi işləyirik. Burada aparılan bütün işlər təkcə kargüzarlıq qanunlarına görə yox, sistemin öz informasiya mübadiləsi ilə əlaqədar mövcud olan qanunlara tabe olmalıdır. Bütün məlumatlar ən azı 2-3 dəfə avtomatik olaraq yoxlanılır. Yoxlama zamanı rəqəmlər üst-üstə düşməyəndə yenidən araşdırmalara başlanılır. Səhvləri və onun kökünü tapırıq. Buna görə də hər bir şəxs öz işinə çox ciddi yanaşır. İmtahanla əlaqədar biz müəllimləri nəzarətçi kimi dəvət edirik, onlara dəvətnamələr veririk. Elə müəllimlər var ki, onlar vaxtında gəlib dəvətnamələrini götürmürlər, bu dəvətnamələr bizə qayıdır. Biz o dəqiqə bilirik ki, dəvətnaməni götürməyən müəllim imtahana gəlməyəcək. Bu halda biz əlavə nəzarətçi müəllimləri dəvət etməli oluruq. İmtahana gəlməyən müəllimlər həmin il TQDK-nın "qara" bazasına daxil edilir. Bununla bərabər müəllimlərin gəlməməyinin səbəbləri də araşdırılır. Çünki üzrlü səbəbdən gəlməyənlər də ola bilər. Bir sözlə, günahı olmayan müəllimlərin cəzalandırılmasına da yol vermirik. İmtahan zamanı mən TQDK-nın əsas binasında oluram. Ancaq hər dəqiqə biz bilirik ki, hansı imtahan binasında nə baş verir. Artıq imtahan başa çatandan və nəticələrin yoxlanılması prosesinə başlanılandan sonra videoprotokollar əsasında araşdırmalara başlanılır. Yazılı qeydiyyatlar, video qeydiyyatlar hər zaman aparılır. Biz təbii ki, hər il çox ciddi şəkildə imtahanın təhlükəsizlik sistemlərini yoxlayırıq. İmtahan materiallarına aid olan, təhlükəsizliklə bağlı işləri yenidən qururuq, yeni üsullar tətbiq edirik. Hər il müdafiə sistemi mürəkkəbləşməlidir ki, sistemə kənardan müdaxilə olmasın.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2009.- 4 iyul.- S.8-9.