Toğrul Nərimanbəyov:
"Şuşaya qonaq
kimi yox, oranın sahibi kimi gedəcəyəm"
"İNDİ DÜNYA İNCƏSƏNƏTİNDƏ,
XÜSUSƏN DƏ RƏNGKARLIQDA KƏSKİN ENMƏ
HİSS OLUNUR"
Xalq rəssamı, Fransada yaşayan dünya
şöhrətli azərbaycanlı təsviri sənət
ustası Toğrul Nərimanbəyovun APA-ya müsahibəsi
- Toğrul müəllim,
vaxtınızın çoxunu xaricdə keçirirsiniz. Azərbaycan
üçün darıxmırsınız?
- Bəli,
vaxtımın çoxunu xaricdə oluram. Azərbaycan
üçün darıxmamaq qeyri-mümkündür. Əlbəttə
ki, darıxıram. Bilirsiniz, Azərbaycan güclü auraya
malik olan ölkədir. Bura neft ölkəsidir və
buranın təbiəti rəssamı ilhamlandırır. Əsasən
də Bakını qeyd etmək istəyirəm, çünki
bu şəhər həm rəngləri, həm də ritmi
hiss etməyə kömək edir. Bu bizim əksər rəssamlarımıza
xas olan bir xüsusiyyətdir. Mən xaricdə yaşayıram
və çox zaman yollarda oluram. Ona görə də bu fərqi
daha tez görürəm. Bakıya gələndə
özümdə çox böyük ruh yüksəkliyi,
yaradıcılıq qüvvəsi hiss edirəm. Bir sözlə,
Vətənim məni ilhamlandırır.
- Yəqin ki, Azərbaycan
rəssamlıq məktəbinin bugünkü durumundan xəbərdarsınız...
- Hazırda ümumiyyətlə
dünya incəsənətində, xüsusən də rəngkarlıqda
kəskin enmə hiss olunur. Bu da onunla bağlıdır ki,
xalqların çoxu öz milli adət-ənənələrini
itiriblər. Keçmişi danmaq olmaz. Keçmişi
danmayıb, onun üzərində inkişaf qurmaq
lazımdır.
- Bəs gənc rəssamların
yaradıcılığı necə, Sizi qane edirmi?
- Gənc rəssamın
öz xüsusi yaradıcılıq xəttini hiss etməsi
çox vacibdir. Bizim gənclik üçün, məsələn
caz janrında işləyən musiqiçilərə hər
şeydə Qərbdəkini təkrarlamaq xasdır. İndividuallığı,
milli koloriti saxlamaq çox vacibdir. Miniatür sənətinin
öz ruhu var, bu, böyük bir fəlsəfədir. Nizaminin,
Füzulinin poeziyasına oxşar bir fəlsəfə. Bu
hissiyyat xüsusən Şərq xalqlarına məxsusdur. Milliliyi
bu nöqteyi-nəzərdən anlamaq lazımdır. Çox
təəssüflənirəm ki, gənclik moda arxasınca
gedir. Gənc rəssamların çox yüksək rəng
hissiyyatı var, amma onlar abstraktsionizmi təkrarlayırlar.
Abstraktsionizm çox
yüksək səviyyəli incəsənətdir. Bu yolu ancaq layiq olan rəssam
getməlidir. İstənilən fiqurativ rəngkarlıqda da abstraksiya var. Hər şey təkrarlananda dəyərini
itirir.
- Gənc rəssamlar
arasında davamçılarınız varmı?
- Mənim stilimi təkrarlamaq
istəyənlər var, ancaq bu yolda çox
çalışmırlar. Mənim üslubum çox mürəkkəbdir,
çünki o həyatı, təkamülü, təbiəti
qavramağa əsaslanır və onu həmin an qavramaq
çox çətindir. Çünki bütün dünya
incəsənətinin nailiyyətlərini özündə
birləşdirir. Mən rəsmi elə çəkirəm
ki, Qərbdə öz rəsm əsərimi abstraktsionistlərin
sırasında təqdim edəndə onlar mənim yanımda
solğun görünürlər. Məndə abstraktı
görmək bacarığı var. Bu da rəngkarlar
üçün ən vacib xüsusiyyətdir. Avropa
akademiyalarında olarkən müşahidə etmişəm
ki, təhsilin əsasında ənənələrin öyrənilməsi
dayanmır. Bu da rəssama müstəqillik verir. Hesab edirəm
ki, bu, müstəqillik yox, əksinə boşluqdur. Rəngkarlıqda
çox böyük qanunlar var, bu qanunların üzərindən
saymazyana keçmək olmaz. Sadəcə onları daha da
inkişaf etdirmək lazımdır. Rəssam getdiyi yolda
özü nələrisə kəşf etməlidir, bu kəşfi
başqalarından gözləməməlidir.
- Haradasa dərs
deyirsinizmi?
- İndi yox,
çünki hazırda mənim çoxlu ideyalarım var. Bu
gün əsas istəyim həmin ideyaları həyata
keçirməkdir. Amma müəllim işləmək
çox maraqlıdır. Rəssamlıq insanın qanında,
canında olmalıdır. Bu sənət məcburi və ya
digər amillərlə heç zaman başa gələ bilməz.
- Sirr deyilsə, həyata
keçirmək istədiyiniz ideyaları, planları
açıqlayardınız...
- Mən bir müddət
Səmərqənddə yaşamışam. Orada Teymurləng
haqqında çox materiallar toplamışam və onunla
bağlı bir layihə həyata keçirməliyəm. Biz
vaxtilə Səttar Bəhlulzadə və Rasim Babayevlə birgə
Abşeronu gəzmişik. Həm bununla, həm də Teymurlənglə
bağlı məndə bir çox eskizlər var, onları rəsmə
çevirməliyəm. Hazırda əsas istəyim budur və
bunu yaxın vaxtlarda həyata keçirmək niyyətindəyəm.
Teymurləngin dövrü ilə bağlı tarixi əsər
yaratmaq istəyirəm.
- Bakıda yaxın
zamanlarda sərginiz təşkil olunacaqmı?
- Yeni əsərlərim
var, onları hələ göstərməmişəm Daha
sakit və rahat bir vaxtda onların sərgisini təşkil edəcəyəm.
Parisdə Azərbaycana və Abşerona həsr olunmuş
silsilə əsərlərim var. Bu əsərlərim 30
kvadratmetr sahəni əhatə edir. Nə vaxtsa mən bu əsərləri
Bakıda sərgiləyəcəyəm. Bu istəyimi bir il
içində həyata keçirməyi çox istəyirəm.
- Parisdə və ya
Bakıda öz qalereyanızı açmağı
düşünürsünüzmü?
- Bəlkə də...
Niyə də olmasın?! Ola bilsin, Parisdə qalereya açdım.
Bakıda şəxsi qalereyamı
açsam, bunu İçərişəhərdə edəcəyəm. Mən 15 yaşımdan
İçərişəhəri çəkməyə başlamışam.
Yadımdadır ki, evlərin
damına çıxıb,
İçərişəhərin görüntülərini kağız
üzərinə köçürürdüm.
Hər zaman öz şəkillərimdə
İçərişəhərin bütün gözəlliyini
göstərirəm, bu,
hələ də davam edir. Azərbaycandan, İçərişəhərdən
uzaqda yaşamağım
bütün bunları
yaddan çıxartmaq
demək deyil. Bütün yaradıcılığım boyu
Azərbaycanla, İçərişəhərlə
bağlı çoxsaylı
əsərlər yaratmışam
və bu, davam edəcək.
-
Şuşalısınız... Ürəyinizdən
Şuşaya getmək keçirmi?
- Əlbəttə.
- Azərbaycanın bir
qrup ziyalısı Dağlıq Qarabağa səfər etdi. Sizə
də Dağlıq Qarabağa, Şuşaya getmək təklif
olsaydı, qəbul edərsinizmi?
- Yox, Şuşaya qonaq
kimi getmərəm, oranın sahibi kimi gedəcəyəm. Bu
cür səfərlərdə belə çıxır ki,
onlar Şuşanın sahibidirlər, biz isə qonağıq.
Axı ora bizim torpağımızdır, Şuşa bizimdir,
bax bunu dünyaya çatdırmalıyıq. Ancaq mənə
hələlik Şuşaya getmək təklif olunmayıb. Bəlkə
də daha çox xaricdə olduğum üçün məni
dəvət etmirlər. Şuşa bizimkidir və torpaq
sahibinin olmalıdır. Şuşa qaytarılsa, gedib orada
yaşayacağam. Şuşadan gözəl şəhər tanımıram...