Azərbaycan-Kırımtatar qardaşlığına
Bəkir Çobanzadə
töhfəsi
BU TÖHFƏ İNDİ
BÖYÜK ALİMİN ADINI DAŞIYAN XEYRİYYƏ FONDU VƏ
MÜKAFAT KİMİ TƏZAHÜR EDİR
Sovetlər dönəmində
böyük ağrılar, faciələr yaşayan
kırımtatarlar bu gün elmin, mədəniyyətin
inkişafı naminə dəyərli işlər görməkdədir.
Ana dilində kitabların, qəzet və məcmuələrin
çapı, dərsliklərin yazılması, məktəblərdə
bu istiqamətli işlər aparılması, müstəqil
televiziya kanallarının yaradılması xalqın
oyanışından, tarixi yaddaşın bərpasından xəbər
verir. Böyük şair, dilçi və ədəbiyyatşünas
alim Bəkir Çobanzadənin adına təsis edilən
xeyriyyə fondu da məhz bu oyanışın, milli
özünəqayıdışın faktıdır.
Məlum olduğu kimi,
kırımtatarlar bir gecənin içində öz dədə-baba
torpaqlarını tərk etməyə vadar edilən xalqlardandır.
Bunun isə ağrıları sonsuzdu. Ancaq xalq öz
mövcudluğunu, tarixi varlığını, çətin
də olsa, qoruyub saxlaya bildi. Bütün əzablara sinə gərdi.
İndi həmin tarixi torpaqlara qayıdış
başlayıb. Dünyanın müxtəlif yerlərinə səpələnmiş
kırımtatarların düşüncəsində olan
başlıca fikir həmin yerlərə qayıtmaqdı. Çox
xoşdur ki, bu proses, bütün çətinliklərə
baxmayaraq, gedir.
Kırımtatarlar təkcə
bir xalq kimi köçkünlük yaşamayıb. Onların
əsrlər boyu yaratdığı mədəniyyət,
şifahi və yazılı abidələr, məişət,
dastan, əsatir, əfsanə, nağıl, bayatı örnəkləri
bu taleyi yaşamaq məcburiyyətində qalıb. Eyni zamanda,
bu hadisələrə qədər də böyük itkilərlə
üzləşib. Keçən əsrin 37-ci il hadisələri
də onların taleyindən keçib. Neçə-neçə
ziyalıları düşünən beyinləri məhv edilib.
Təkrar qeyd edək ki, indi kırımtatarlar elmin, mədəniyyətin,
mənəvi dəyərlərin, tarixinin sözün həqiqi
mənasında yeni dövrünü yaşayırlar. Bu tarixi
yaddaşın bərpa mərhələsi kimi də xoş təsir
bağışlayır.
Bəkir Çobanzadə
adına xeyriyyə fondunun sədri vətənpərvər
insan, gözəl ziyalı, xeyriyyəçi Resul Velilyayevdir.
O, təqdimat mərasimində fondun məqsəd və vəzifələrindən
danışdı. Kırımtatarların ictimai, siyasi, mədəni
həyatı ilə bağlı görülən ən
yaxşı işlərin bu mükafata layiq bilinəcəyini
qeyd etdi. Demək olar ki, bütün kırımtatar ədəbi-mədəni
mühiti burada təmsil olunurdu. Fond elmin, ədəbiyyatın,
mədəniyyətin inkişafı sahəsində ən
uğurlu iş görənlərə Bəkir Çobanzadənin
adına təsis edilmiş medalı, fəxri diplomu və
mükafatı təqdim edir. Uğurlu cəhətlərdən
biri həmin mükafatlandırmanın son ilin nailiyyətləri
üzrə aparılmasıdır. Bu günlərdə
B.Çobanzadə adına xeyriyyə fondu 2009-cu il
üçün qalibləri elan edib. Ədəbiyyatşünaslıq
sahəsi üzrə azərbaycanlı folklorşünas alim,
filologiya elmləri doktoru Mahmud Allahmanlı qalib olub. Mükafatı
həmyerlimizə Ali Radanın vitse-spikeri Rifat Çubarov təqdim
edib. Onu da qeyd edək ki, həmyerlimiz belə bir mükafata
layiq görülən ilk xarici ölkə vətəndaşıdır.
O, bu mükafatı "Aşıq Ömərin həyat və
yaradıcılığı" (Bakı, ADPU, 2008) adlı
monoqrafiyasına görə alıb. Onu da qeyd edək ki,
Aşıq Ömər (1621-1707) kırımtatarların son dərəcədə
qüdrətli şair-ozanıdır. Xeyli müddət
Qafqazda, Kiçik Asiyada yaşayıb və fəaliyyət
göstərib. Bir ustad kimi bu ərazilərdə məşhur
olub. M.Allahmanlı da bu ustadın
yaradıcılığını türk şeir ənənəsi
kontekstində araşdırıb, türk və Şərq ədəbiyyatının
özünəqədərki və özündənsonrakı
görkəmli nümayəndələri ilə müqayisəli
şəkildə təhlil edib.
Tədbir Bəkir
Çobanzadənin anadan olduğu Qarasubazarda keçirildi. Kırımtatar
Muxtar Respublikasının Ali Məclisinin, Nazirlər Sovetinin,
Yazıçılar Birliyinin, Mədəniyyət Nazirliyinin,
İ.Qasprinski adına kitabxananın nümayəndələri,
Azərbaycanın muxtar respublikadakı diasporunun üzvləri
mərasimdə iştirak edirdilər. B.Çobanzadənin
abidəsi önündə açılış mərasimi
oldu. Giriş sözü ilə Kırımtatar
Yazıçılar Birliyinin sədri Rza Fazil
çıxış etdi. Bəkir Çobanzadənin fəaliyyəti,
yaradıcılığı haqqında danışdı.
Onun adına təsis edilən mükafatın məqsəd və
istiqamətlərindən söhbət açdı. Daha sonra
söz Rifat Çubarova verildi. O da öz növbəsində
bu işlərin gərəkliliyini vurğuladı, təşəbbüsü
alqışladı, Çobanzadə şəxsiyyətinə
özünün ehtiramını ifadə etdi. Daha sonra
B.Çobanzadənin heykəli önünə əklillər
qoyuldu, şeirlərindən nümunələr oxundu.
Qarasubazar mədəniyyət
evində təntənəli mərasim davam etdirildi. Tədbiri
yazıçı Ablaziz Veliyev açdı. Baris Leven və
Elmaz Veliyeva isə aparıcı kimi tədbiri davam etdirdilər.
İlk öncə əvvəlki ilin laureatları
anıldı. Daha sonra azərbaycanlı laureat səhnəyə
dəvət edildi. Onun şərəfinə Azərbaycan xalq
mahnıları oxundu. Söz laureata - folklorşünas alim
M.Allahmanlıya verildi. O, çıxışında ilk
öncə Aşıq Ömərin, İ.Qasprinskinin,
B.Çobanzadənin vətənində olmağından
böyük sevinc hissi keçirdiyini söylədi. Xüsusi
olaraq vurğuladı ki, kırımtatarlar bir xalq kimi bəşər
sivilizasiyasına əvəzsiz töhfələr veriblər. Belə
xalqların əzabları da çox olur. Kırımtatarlar
bu çətinliklərə mərdliklə sinə gəriblər.
Çıxışda
o da vurğulandı ki, kırımtatarlarla azərbaycanlılar
qardaş xalqlardır. Eyni ağrıları yaşayıblar.
Bu gün həmin yaxınlıq, qardaşlıq müxtəlif
istiqamətlərdə davam edir. Mühüm bir hissəni isə
Azərbaycanda kırımtatar ədəbiyyatının, mədəniyyətinin
öyrənilməsi sahəsində görülən işlər
tutur. Adil Babayevin, Rəşad Məcidin, Əlirza Xələflinin,
İlqar Qasımovun, Elçin İsgəndərzadənin və
başqalarının gördüyü önəmli işlər
buna nümunədir.
M.Allahmanlı
çıxışında B.Çobanzadənin adına
mükafat təsis edilməsinə də münasibət
bildirdi. Bunu böyük əhəmiyyətə malik, savab
iş kimi dəyərləndirdi. Xüsusi olaraq
vurğuladı ki, B.Çobanzadə Azərbaycanda, türk
xalqlarının həyatında elmin, mədəniyyətin
inkişafına əvəzsiz xidmət göstərən
nadir şəxsiyyətlərdəndir, o,
kırımtatarların olduğu qədər də azərbaycanlılarındır.
Onun Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilindəki
xidmətləri, Azərbaycan və digər türk dillərinə
aid əsərləri, ədəbiyyatın müxtəlif
problemləri ilə bağlı yazdığı monoqrafiyalar
sonrakı dövrlər üçün bir örnəkdir. Azərbaycanlı
laureat görkəmli alim B.Çobanzadənin yaradıcılığı,
ədəbiyyatşünas kimi apardığı
araşdırmalar və şeirləri ilə bağlı mətbuat
səhifələrində məqalələrlə
çıxış etdiyini söylədi və həmin
araşdırmanın yaxın vaxtlarda monoqrafiya şəklində
çap olunacağını vurğuladı.
Daha sonra tədqiqatçı
mükafata layiq görülən "Aşıq Ömərin
yaradıcılığı" adlı monoqrafiyası
haqqında söhbət açdı. Aşıq Ömərin
bir sənətkar kimi keçdiyi ömür yolundan, onun əsərlərinin
toplanma, nəşr və tədqiq məsələlərindən
danışdı. Xüsusi olaraq vurğuladı ki, bu
ustadın şeirləri uzun müddət xalq arasında,
yaddaşlarda, sənətkarların repertuarında
yaşayıb. Zaman-zaman azərbaycanlı sənətkar kimi təqdim
olunub. Lakin son dövrlərdə aydınlaşıb ki, bu
ustad kırımtatarların böyük ozanı, dəyərli
şairidir. Natiq onu da qeyd etdi ki, bu hal xalqlarımızın
yaxınlığının, sənətkara olan sevgisinin ifadəsidir.
Sonda alim bir daha hər kəsə öz minnətdarlığını
bildirdi və ədəbi-mədəni əlaqələrin
öyrənilməsi istiqamətində daha gərəkli
araşdırmalara ehtiyac olduğunu söylədi.
Tədbirdə azərbaycanlı
laureatın şərəfinə əməkdar artist
Gülizar Bəkirova Azərbaycan xalq mahnılarını
oxudu, Elzara Batalova isə "Ey gözəl Kırım"
mahnısının ifa etdi. VQTRK, ATR televiziya kanalları,
"Meydan" radiosu, "Qolos Kırıma",
"Poluostrov", "Yanı dünya" qəzetləri tədbiri
geniş işıqlandırdı. Qalibdən müsahibələr
götürüldü. Növbəti günlərdə
universitetdə və İ.Qasprinski adına kitabxanada
görüşlər keçirildi.
Qeyd edək ki,
M.Allahmanlının elmi fəaliyyətinə,
kırımtatar ədəbiyyatının tədqiqatçısı
kimi, böyük maraq göstərilir. Onun kırımtatar
maniləri, dastanları haqqında apardığı
araşdırmalar, Sofi Mehmed, Gəray xan Kamil, B.Çobanzadə,
İdris Asanin, Şakir Səlim və başqaları
haqqında fikirləri mühüm dəyər kəsb edir. Bu
da kırımtatar elmi-ədəbi mühitində
M.Allahmanlı yaradıcılığına dərin rəğbət,
sonsuz sevgi oyadır. İnanırıq ki, bu rəğbət
və sevgi durmadan artacaq, iki qardaş xalqın daha da
yaxınlaşmasına yeni töhfələr verilməsinə
yol açacaq.
İlqar QASIMOV