Nasir-dramaturq Şirməmməd Nəzərlinin fotosərgisi açılıb

 

Ötən gün Yazıçılar Birliyində yazıçı-publisist Şirməmməd Nəzərlinin işlərindən ibarət fotosərginin açılışı olub. Sərgidə müəllifin "Bir qış günü", "Donmuş pəncərəm", "Sfinks adası", "Qar yastıq", "Laqeyd xala", "Uşaq marağı, böyük qayğısı", "Forma məzmun", "Günümüz, güzəranımız", "Yağış yağmayanda", "Allah evində", "Şad xəbər" başqa maraqlı fotoları nümayiş etdirilib.

Ş.Nəzərli jurnalistika fakültəsini bitirdikdən sonra "Azteleradio" şirkətində, Jurnalistlər Birliyində, müxtəlif mətbu orqanlarda çalışıb, "İrs" jurnalının təsisçisi və baş redaktoru olub. İndiyədək bədii tərcümə işlərindən, publisistika materiallarından, hekayə, povest, pyes, kinossenarilərdən ibarət yeddi kitabı işıq üzü görüb. Sonuncu əsəri - "Yusifin qəmi" Moskvada rus və Azərbaycan dilində nəşr olunub. Hazırda "Azəri prodakşn"da baş redaktor kimi fəaliyyət göstərən Ş.Nəzərli qəzetimizin əməkdaşı ilə söhbətində fotosərgisi haqqında ətraflı danışıb: "Artıq on ilə yaxındır ki, Yazıçılar Birliyinin üzvüyəm. Sərgini açmaq üçün Birliyin rəhbərliyinə etdiyim müraciət müsbət qarşılandı. Yazıçılar Birliyinin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm ki, sərgimin açılmasına lazımi şərait yaratdılar. Hələ tələbəlik illərindən foto işinə maraq göstərirəm. Moskvada yaşadığım son illərdə bu arzumu gerçəkləşdirdim. Çəkdiyim fotolar sayca çoxdur. Amma yer imkanı baxımından Yazıçılar Birliyində onların az bir qismi sərgilənir". Müəllif fotonun onun həyatının ayrılmaz bir hissəsinə çevrildiyini deyib: "Fotoaparatım həmişə yanımdadır. Amma elə vaxtlar olub ki, istəmədən fotoaparat yanımda olmayıb mən çox qiymətli hesab etdiyim anları əbədiləşdirə bilməmişəm. Keçən il cənub rayonlarından birinə gedərkən yolda qapqara zəmidə ağappaq paltar geymiş bir kişinin qədimi qaydada - xış qoşulmuş ağappaq atla yer şumladığının şahidi oldum. İndi çox təəssüflənirəm ki, o unudulmaz anı çəkə bilmədim". Ş.Nəzərli sözlə deyə bilmədiklərini, fikirlərini, düşüncələrini, hisslərini, onu narahat edən problemləri foto dili ilə əks etdirdiyini söyləyib. Azərbaycanda fotoqrafiya sahəsinin zəif inkişaf etməsi onu dərindən təssüfləndirir: "Bizdə fotoqrafiya sənəti çox zəif irəliləyir, bu sahədə biz hətta Özbəkistandan da geri qalırıq". Bu fotosərgisinin birinci olduğunu vurğulayan Ş.Nəzərli gələcəkdə belə layihələrini davam etdirmək niyyətindədir: "İmkan olsa, bədii yaradıcılıqla yanaşı foto işini davam etdirməyi, Moskvada başqa şəhərlərdə sərgilərimin açılmasını nəzərdə tutmuşam".

Sərgiyə tamaşa edən şair Oqtay Rza bu fotolara baxarkən ilk növbədə uşaqlığını xatırladığını deyib. Fotolarda aktual mövzuların əks olunduğunu, ciddi problemlərin qabardıldığını önə çəkən O.Rza xüsusilə "Zəriflik" adlı fotonu bəyəndiyini dilə gətirib.

Bakı Slavyan Universitetinin dosenti Mübariz Məmmədli Ş.Nəzərlinin fotolarının onda böyük maraq oyatdığını qeyd edib: "Bu vaxta qədər Şirməmməd müəllimi bir nasir, publisist, dramaturq kimi tanıyırdım, indi isə onun bir fotoqraf kimi də istedadının şahidi oldum. Əminliklə qeyd edirəm ki, bunlar sadə bir insanın fotoaparatı əlinə alıb çəkdiyi adi fotolar deyil. Bu əsərlərdə düşüncə, süjet xətti, dinamika öz əksini tapıb. Göydələnlərlə, tənhalıqla bağlı fotolar xüsusən ürəyimcə oldu".

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 7 iyul.- S.7.