Gəncədə müasir Azərbaycan
diplomatiyasının 90-cı
ildönümü qeyd
edilib
ELMAR MƏMMƏDYAROV: "AZƏRBAYCAN
XALQ CÜMHURİYYƏTİNİN DİPLOMATLARI
TARİXİMİZİN ƏN PARLAQ SƏHİFƏLƏRİNİ
YAZIB"
Gəncədə Azərbaycan
diplomatiyasının 90-cı ildönümünə həsr
edilən konfrans keçirilib.
Bu münasibətlə
Bakıdan Gəncəyə gələn 77 nəfərlik
nümayəndə heyəti gedib. Nazir Elmar Məmmədyarov
başçılıq etdiyi nümayəndə heyətində
Azərbaycanın xarici ölkələrdəki əksər səfirləri
də təmsil olunur. Tədbirdən öncə
iştirakçılar Heydər Əliyevin abidəsini, Xan
bağını, Şah İsmayıl Məscidini, Cavad
Xanın məqbərəsini, Mir Cəlal Paşayev muzeyini,
Nizami Gəncəvinin məqbərəsini, Gəncə
darvazalarını ziyarət ediblər.
Nümayəndə heyəti
Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti Milli
Şurası və ilk hökumətinin yerləşdiyi Aqrar
Universitetinin binasında da olublar.
Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən verilən məlumata
görə, konfransda çıxış edən nazir Elmar Məmmədyarov
deyib ki, diplomatiya tarixinə nəzər salıb. Deyib ki, bu
tarix 9 iyul 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin
Xarici İşlər Nazirliyinin Katibliyinə dair qərarın
qəbul edilməsi ilə bağlıdır. Prezident İlham
Əliyevin 24 avqust 2007-ci il tarixli fərmanı ilə 9 iyul Azərbaycan
diplomatlarının peşə bayramı elan edilib.
E.Məmmədyarov milli
lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti
tarixinə xüsusi diqqətlə
yanaşdığını, onun fərmanı əsasında
Azərbaycan xarici siyasət sənədləri toplusunun
hazırlandığını xatırladıb. Əlavə
edib ki, Azərbaycan Xalq Cümhuriyyətinə aid bütün
sənədlər nəşr edilib. " Nazir deyib ki, 1918-ci
ilin 28 mayında Tiflisdə Milli Şura tərəfindən
İstiqlal Bəyannaməsinin qəbul edilməsindən iki
gün sonra AXC-nin yaranması barədə məlumat Nazirlər
Şurasının sədri Fətəli Xan Xoyskinin
imzaladığı radioteleqrafla bütün ölkələrin
xarici işlər nazirliklərinə yayılıb. Bu məlumatda
Gəncə şəhəri yeni yaranmış dövlətin
müvəqqəti paytaxtı kimi göstərilib.
Nazir bildirib ki, o zaman Azərbaycan
dövlətçiliyini tamamilə rədd edən bolşevik
Şaumyanın rəhbərliyi altında olan qüvvələr
Bakı və onun ətraf rayonlarında azərbaycanlılara
qarşı soyqırım siyasətini yürüdərək,
bütün Azərbaycanda öz hakimiyyətini bərqərar
etməyə çalışırdı. Bu planların
qarşısını almaq və Bakını Azərbaycan
xalqına və dövlətinə qaytarmaq məqsədi ilə
Milli Şura Osmanlı hökumətindən hərbi yardım
istəmişdi. 4 iyun 1918 il tarixində Tiflisdə Osmanlı
hökuməti ilə dostluq müqaviləsi
imzalamışdı. Bu Azərbaycan dövlətinin xarici
dövlətlə imzaladığı ilk müqavilə idi.
E.Məmmədyarov
bildirib ki, bu müqavilə əsasında artıq Gəncəyə
gəlmiş türk ordusunun hissələri və general Ə.Şıxlinskinin
komandanlığı altında olan əsasən
könüllülərdən ibarət Azərbaycanın
silahlı qüvvələri birləşərək Bakı
istiqamətində tarixi yürüşə başlayıb,
Milli Şura və Baş nazir Xan Xoyskinin hökuməti hərbi
və diplomatik meydanda yüksək bacarıq göstərək,
dövlətin paytaxtı Bakıda milli hakimiyyətin
qurulmasına müvəffəq olublar.
"Xan Xoyski və onun
hökuməti Bakıda ali hakimiyyət hesab olunan Britaniya hərbi
nümayəndəliyi ilə qarşılıqlı
konstruktiv münasibətlər qurmağa nail oldu. Bunun nəticəsi
olaraq, Britaniya nümayəndəliyi Azərbaycan hökümətinin
bütün Azərbaycan ərazisində, o cümlədən
Qarabağda, milli hakimiyyət qurmaq haqqını
tanıdı. Hətta, Azərbaycan hökumətinin nümayəndələrinə
Birinci Dünya müharibəsinin nəticələri üzrə
keçiriləcək Paris sülh konfransına dəvət
almağa yardım göstərməyi də vəd etdi". Nazir
deyib ki, milli hakimiyyətin möhkəmlənməsi, dövlət
strukturları və nizami ordunun yaradılması ilə
yanaşı, gənc Azərbaycan hökumətinin
qarşısında duran ən vacib diplomatik vəzifə -
Birinci Dünya müharibəsində qalib gəlmiş
müttəfiq dövlətlər tərəfindən təşkil
olunan Paris sülh konfransında iştirak etmək və Azərbaycan
dövlətinin dünya birliyi tərəfindən
tanınması idi.
1920-ci ilin 11
yanvarında Paris sülh konfransında Azərbaycan
diplomatiyası özünün ən vacib uğurunu əldə
etdi. Versal Ali Şurasını təşkil edən müttəfiq
ölkələr yekdilliklə Azərbaycan dövlətini
tanıdılar. Dövlətin tanınması Azərbaycanın
nümayəndə heyətinə Versal Ali Şurasının
müxtəlif, o cümlədən hökumət
başçıları səviyyəsində keçirilən
iclaslarında rəsmən iştirak etmək, öz hüquq
və ehtiyacları haqqında danışıqlar aparmaq
imkanını verdi. E.Məmmədyarov deyib ki, AXC-nin siyasi
xadimləri və məharətli diplomatları öz fəaliyyətləri
ilə Azərbaycan tarixinin ən parlaq və şərəfli
səhifələrini yazıblar.
"Bu il 28 May -
Respublika gününə həsr olunan rəsmi qəbuldakı
nitqində prezident İlham Əliyev 91 il əvvəl müsəlman
aləmində ilk dəfə demokratik respublika olaraq Azərbaycan
Xalq Cümhuriyyətinin qurulmasını tarixi hadisə kimi
qiymətləndirdi. İlk respublikanın ömrünün
uzun olmadığı və iki ildən sonra müəyyən
səbəblər üzündən süqut etdiyini təəssüflə
vurğuladı. Azərbaycan xalqı və dövləti
AXC-nin, onun qurucularının fəaliyyətinə həmişə
böyük hörmətlə yanaşıb, bu tarixin bizə
məxsusluğunu və ondan həmişə ibrət dərsi
götürməli olduğumuzu bildirib".
Nazir onu da deyib ki, AXC
yalnız 23 ay yaşamasına baxmayaraq, yeni Sovet Azərbaycanının
paytaxtı Bakı və suveren ərazisi ilə Sovet
İttifaqı tərkibində, formal da olsa, bərabərhüquqlu
respublika kimi saxlanılmasını bu dövrün əsas nəticəsi
kimi qiymətləndirmək olar. "Bakıda Sovet hakimiyyəti
bərqərar olandan sonra da, Azərbaycanın bir sıra
siyasi xadimləri diplomatik meydanda öz fəaliyyətini və
Azərbaycanın mənafeyinin müdafiəsini davam etdirməyə
müvəffəq olublar. XX əsrin sonunda Azərbaycan öz
müstəqilliyini bərpa etmək üçün tarixi
fürsət əldə etdi. Həmin vaxt isə qonşu Ermənistanın
hərbi təcavüzünə məruz qaldı. Ağır
iqtisadi böhran və daxili qeyri-sabitliyin hökm
sürdüyü Azərbaycan öz tarixinin ən mürəkkəb
dövrlərindən birini yaşayırdı. Belə bir
mürəkkəb şəraitdə Heydər Əliyevin
müstəqil Azərbaycanın rəhbərliyinə gəlməsini
tarixi əhəmiyyətli hadisə kimi qiymətləndirmək
lazımdır". Nazir vurğulayıb ki, milli liderin nəhəng
fəaliyyətinin nəticələrinə arxalanaraq, bu
gün prezident İlham Əliyevin rəhbərliyi altında
bütün sahələrdə nəzərə çarpan tərəqqi
əldə olunub. Azərbaycan geniş Xəzər və Qara
dənizləri bölgəsində baş verən strateji
siyasi və iqtisadi proseslərin gedişinə təsir
göstərməyə qadir regional liderə çevrilib. Ölkə
xarici əlaqələrinin coğrafiyasını əhəmiyyətli
dərəcədə genişləndirib, beynəlxalq aləmdə
daha çox nəzərə çarpan və hörmət
edilən dövlətə çevrilib və xarici siyasət
məqsədlərini daha da təkmilləşdirib. "Ermənistan
təcavüzünün nəticələrini aradan
qaldırmaq istiqamətində BMT, ATƏT, Avropa Şurası,
NATO və İslam Konfransı Təşkilatı çərçivəsində
ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən
və Ermənistanın təcavüzkar siyasətini pisləyən
bir çox qətnamələr və qərarlar qəbul
edilib.
Diplomatik xidmət
orqanlarımızın rəhbərlərinin son
müşavirəsində xarici siyasətimizin uğurlu
olduğunu qeyd edən prezident daha fəal xarici siyasət fəaliyyəti
həyata keçirilməsinin vacibliyini vurğulayıb,
müvafiq göstərişlər verib. Hazırda Azərbaycan
diplomatik xidmət orqanları bu göstərişlərin həyata
keçirilməsi istiqamətində fəaliyyətini davam
etdirir",-deyə nazir vurğulayıb.
P.SULTANOVA