"Azərbaycan diasporu
dünyanın ən güclü diasporları sırasına daxil olub"
NAZİM İBRAHİMOV:
"İSRAİL PREZİDENTİNİN SƏFƏRİ BU
ÖLKƏDƏKİ DİASPORUMUZU DAHA DA RUHLANDIRACAQ"
Dünən Diasporla
iş üzrə Dövlət Komitəsinin
yaradılmasının 7-ci ildönümü münasibətilə
qurumun rəhbərliyi və kollektivi Fəxri Xiyabanda ulu
öndər Heydər Əliyevin və onun həyat
yoldaşı, görkəmli oftolmoloq, alim Zərifə Əliyevanın
məzarını ziyarət edib. Diasporla İş üzrə
Dövlət Komitəsinin sədri Nazim İbarhimov jurnalistlərlə
söhbətində bildirib ki, ümummilli lider Heydər Əliyevin
atdığı dahi, müdrik çoxsaylı addımlardan
biri də Diasporla İş üzrə Dövlət Komitəsinin
yaranması idi. "Tarixin yazısı ilə xalqımız
müxtəlif dünya ölkələrinə səpələnib.
Öz doğma diyarlarından uzaq düşən milyonlarla azərbaycanlı
var. Bu azərbaycanlıların dövlətimiz ətrafında
birləşməsi üçün çox böyük
işlər görülür. Ulu öndərin Azərbaycanda
hakimiyyətə qayıdışının ilk illərində
diaspor sahəsində mühüm işlər
görüldü. Bu istiqamətdə görülən
işlər ölkə başçısı İlham Əliyev
tərəfindən davam etdirilir. Onun yüksək diqqəti,
nəzarəti sayəsində diaspor işi Azərbaycanda,
ümumiyyətlə bütün dünyada çox irəli
gedib". N.İbrahimov deyib ki, dünya azərbaycanlıları
Azərbaycan ətrafında sıx birləşiblər. "Azərbaycan
son zamanlar iqtisadi inkişafına görə, dünyada ilk
yeri tutur. Azərbaycanın bu geosiyasi məkanda öz
xüsusi yeri,önəmi var. Ölkəmiz lider dövlət
olub, mühüm, beynəlxalq, qlobal siyasətdə
iştirakçıya, həlledici səsə malik bir dövlətə
çevrilib. Bütün bu həqiqətlərin,
reallıqların dünyaya çatdırılmasında
diasporumuzun xüsusi rolu var. Onların səsinə çox
ehtiyacımız olduğu üçün Diasporla İş
üzrə Dövlət Komitəsi ölkə
başçısının siyasətini həyata keçirmək
sahəsində müəyyən qədər işlər
görə bilib." N.İbrahimov deyib ki, Komitənin
gördüyü işlər, onun əldə etdiyi müvəffəqiyyət,
yaxud nöqsanları hər zaman mətbuatda
işıqlandırılır. Diasporla İş üzrə
Dövlət Komitəsi dünyada az sayda olan təşkilatlardan
biridir. Komitə sədrinin sözlərinə görə, son
zamanlar dünyanın bir çox ölkələri Azərbaycanın
praktikasını götürərək özlərində
diasporla iş üzrə müxtəlif səviyyədə
dövlət təşkilatları yaradırlar və Azərbaycanın
bu sahədə təcrübəsini öyrənirlər. "Əgər
diasporla işi müxtəlif fazalara ayırsaq, hazırda
yüksək bir fazaya çatmış olar. Hesab edirəm ki,
son zamanlar özünü tanıtmaqdan daha çox diasporumuz
çox düzgün olaraq yaşadıqları ölkələrdə
Azərbaycanın haqq səsini ucaltmaqla məşğuldurlar.
Yaşadıqları ölkələrin ictimai-siyasi həyatının
bütün sahələrində daha fəal iştirak etməyə
başlayıblar". N.İbrahimov əlavə edib ki, bu fəallıq
artdıqca həqiqətən də Azərbaycanda baş verən
proseslərin reallıqları daha çox üzə
çıxır, ölkədə gedən yüksək
inkişaf daha çox dünya ictimaiyyətinə
çatdırılır və nəticə də göz
qabağındadır. "Son dövrlər dünyada gedən
proseslər, ümumiyyətlə, Azərbaycanın
tanıtımı sahəsində gördüklərimiz və
eşitdiklərimiz bizə deməyə əsas verir ki,
diasporumuz doğru yoldadır və ölkə
başçısının onların qarşısında
qoyduğu siyasəti çox düzgün həyata
keçirirlər. Verilən tapşırıqları Dövlət
Komitəsi də bacardıqca, bütün səylərini
qoymaqla həyata keçirir.
Əvvəllər
hansısa diaspor təşkilatının hansısa tədbir
keçirməsi buradan məsləhət görülür,
istiqamət verilirdisə, indi diaspor təşkilatları
artıq tam formalaşıblar. Əlbəttə, onların fəaliyyətində
Dağlıq Qarabağ məsələsi,
torpaqlarımızın işğalı, Xocalı faciəsi
prioritet məsələlərdən biridir". Komitə sədri
deyib ki, bu haqda heç bir diaspor təşkilatına nə
göstəriş verməyə, nə də hansısa istiqamət
verməyə ehtiyac var. Onlar hər zaman ən yüksək səviyyələrdə
bu hadisələrin başvermə mexanizmini, Azərbaycanın
haqq səsini dünya ictimaiyyətinə
çatdırırlar. O ki qaldı erməni diasporuna,
N.İbrahimov bildirib ki, onlar fəaldırlar. "Amma bu o demək
deyil ki, biz onların bu fəallığını
özümüzə dərd etməliyik. Biz düşmənin
fəallığını görərək
özümüz daha da fəallaşmalıyıq. Son zamanlar
da bizim diaspor təşkilatlarının fəallığı
hiss olunur və heç də dünyanın başqa ölkələrində
diasporumuz erməni diasporundan passiv deyil. İndi erməni
diasporunun ətrafında dünyanın müxtəlif ölkələrində
güclər var və onlara xüsusi dayaq durulur və bu
işin başqa tərəfidir. Ancaq Azərbaycan diasporu
artıq demək olar ki, dünyanın ən güclü
diasporları sırasına daxil olub".
N.İbrahimov
vurğulayıb ki, hər bir dövlət təşkilatının
fəaliyyətində yenilik, irəlləyiş olduğu kimi
görülən işlər, inkişaf səviyyəsi
göstərir ki, Diaspor Komitəsi verilən
tapşırıqları yerinə yetirir və
çalışır ki, ölkə
başçısının ümidlərini doğrultsun.
İsrail dövlət
başçısının Azərbaycana səfərinə
də münasibət bildirən komitə sədri deyib ki,
adıçəkilən ölkədə Azərbaycanın
çox böyük diasporu var və 60 mindən artıq insan
isə buradan köçüb gedənlərdir. Ümumiyyətlə,
İsraildə 100 minə qədər özünü azərbaycanlı
hesab edən diaspor mövcuddur. Orada artıq bir müddətdir
ki, "Aziz"adlı təşkilat fəaliyyət göstərir
və Azərbaycandan köçüb gedən yəhudi, eləcə
də azərbaycanlıları birləşdirən, İsrail
hökuməti tərəfindən dəstəklənən
bir təşkilatdır. N.İbrahimov həmin təşkilatın
çox böyük işlər gördüyünü də
vurğulayıb. "Bəzən İsrail parlamentində
"erməni soyqırımı" ilə əlaqədar,
bu kimi məsələlər gündəmə gəldikdə
"Aziz" təşkilatı sözünü deyir və
müvəffəqiyyətə də nail olub. Son zamanlar
İsrail prezidentinin Azərbaycana səfəri, ölkə
başçısının Azərbaycan-İsrail münasibətlərinə
verdiyi yüksək önəm oradakı diasporumuzu bir daha
ruhlandıracaq. Onlar gələcəkdə də dövlətimiz
ətrafında sıx birləşərək dünyada olan yəhudi
diasporunun Azərbaycan diasporuna olan yardımını daha da
artıracaqlar. Bu işdə həqiqətən də bizim bəzən
onların yardımına ehtiyacımız olur".
Xaricdə yaşayan
soydaşlarımızın sayına gəldikdə isə
komitə sədrinin sözlərinə görə, əsas vəzifə
say yox, keyfiyyətə nail olmaqdır. "Yəni, hər
hansı bir azərbaycanlı dövlətimiz ətrafında
sıx birləşirsə, onun işinə dəstək
verirsə, o təşkilatın işini gücləndirək
və belə davam edərsə dünyada yaşayan azərbaycanlıların
hər biri o təşkilatlara gəlib sıx birləşməyi
özünə borc hesab edəcəklər".
Gürcüstanda
yaşayan azərbaycanlılarla bağlı məsələyə
münasibət bildirən komitə sədri deyib ki, Komitə
yarandığı gündən Gürcüstanda yaşayan azərbaycanlıların
problemi ən prioritet məsələlərindən, gündəlik
məşğul olduğu sahələrdən biri hesab edib. "Gürcüstan
azərbaycanlılarının problemlərinin həlli, daha
rahat yaşayışı və həmin ölkənin cəmiyyətinə
inteqrasiyası üçün biz çox işlər
görürük, bu işlərin nəticələri də
mövcuddur. Gürcüstan iqtisadi baxımdan geri
qalmış bir dövlətdir və bu sahədə problemlər
var. Bu baxımdan oradakı azərbaycanlıların da həyatına
sirayət edir. Biz çalışırıq ki, orda
yaşayan azərbaycanlılar Azərbaycanın iqtisadi
gücündən bəhrələnərək sosial problemlərinin
kəskinliyinin daha da azalmasına nail olsunlar və orada olan təhsil,
torpaq və digər problemlərin həlli üçün Azərbaycan
dövləti əlindən gələni edir".
P.SULTANOVA