Şair Əli Kərim Yazıçılar Birliyində yad edilib

 

Dünən Yazıçılar Birliyində (AYB) şair Əli Kərimin vəfatının 40 illiyi münasibətilə anım mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca Əli Kərim poeziyasının bənzərsizliyindən söz açıb, onunla bağlı xatirələrini mərasim iştirakçıları ilə bölüşüb. F.Qoca Ə.Kərimin yalnız cismən dünyasını dəyişdiyini, şeirləri, övladlarının fəaliyyətilə hər zaman onu sevənlərin xatirində yaşadığını dilə gətirib.

Tədbirin aparıcısı Qəşəm Nəcəfzadə Ə.Kərim haqqında Rəsul Rzanın dediyi "Mən Əli Kərimi çoxdan tanıyıram" ifadəsinin mahiyyətinin dərinliyindən danışıb, onun ədəbiyyatda heç kəsi, hətta özünü də təkrar etmədiyini önə çəkib və tədbir boyu şairin şeirlərini oxuyub.

"Əli Kərim novator şair idi. O, 60-cı illərdə Azərbaycan sözü üçün xüsusi poetik mühit yaratdı, sözlərin çoxunu çeynənməkdən, sürtülməkdən xilas etdi, bədii təfəkkürü yeniləşdirdi". Bu fikirləri tədbirdə tənqidçi Vaqif Yusifli səsləndirib.

AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu Ə.Kərim vəfatından ötən 40 ildə həmişə xatırlandığını, şeirlərinin dillər əzbəri olduğunu bildirib.

"Müstəsna haldır ki, bir şairin vəfat etməsindən 40 il ötməsinə baxmayaraq, bu qədər insan bir araya toplaşaraq, onu böyük sevgi ilə yad edir. Əli Kərim misilsiz poeziyası ilə oxucuları heyrətləndirməyi bacaran şairdir. Buna görə də onun yaradıcılığı həmişə müasir olaraq qalacaq. O, Rəsul Rza məktəbindən bəhrələnərək yeni bir ədəbi məktəbin yaranmasına rəvac verən bir söz sənətkarıdır". Bu fikirlərlə tədbirdə AYB-nin katibi Rəşad Məcid çıxış edib.

Şair Əjdər Ol "ədəbiyyata gözünü açandan Əli Kərimin geniş təbliğ olunduğunu" deyib, onun ölümündən sonra poeziyasının daha da diqqət mərkəzinə keçdiyini vurğulayıb.

Tədbirin iştirakçısı olan ziyalılar, Əli Kərim poeziyasının vurğunları, şairin ailə üzvləri onun xatirəsinin əziz tutulmasından məmnunluqlarını dilə gətiriblər.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 8 iyul.- S.7.