"Varlı qadın"
Qırğızıstan səhnəsini
də fəth edib
ƏLİ ƏMİRLİNİN BU MƏŞHUR ƏSƏRİNİN
NÖVBƏTİ TAMAŞASI QUSAR TEATRINDA - LƏZGİ
DİLİNDƏ OYNANILACAQ
Görkəmli
yazıçı-dramaturq Əli Əmirlinin "Varlı
qadın" komediyası Qırğızıstanın
A.Umuraliyev adına Bişkek Şəhər Dram Teatrında səhnələşdirilib.
İyunun 15-də tamaşanın ilk premyerası baş tutub. Əsəri
rus dilinə həmyerlimiz Amalya Hacıyeva, qırğız
dilinə isə Alımkan Deqenbayeva çevirib. Səhnə tərtibatının
müəllifi Zöhrə
Mukambetova, rəqslərə
quruluş verən Sergey Strelsovdur. Tamaşada əsas rolları Altınbek Maksutov, Talaykan Abazova, Arnis Kıdırmışev və
Əziz Muradillayev ifa ediblər.
Qeyd edək ki, əsər bundan əvvəl Tacikistanın iki teatrında rus və tacik dillərində
tamaşaya qoyulandan, Yaxın Şərq ölkələrinin Alma-Atada
keçirilən II beynəlxalq
festivalında iki nominasiya üzrə qızıl medala layiq görüləndən
sonra digər ölkələrin də teatrlarının diqqətini
cəlb edib.
Qırğızıstanın
eksperimentlərə meylli olan bu teatrının kollektivi tacik həmkarlarının
təcrübəsindən istifadə edərək, əsəri
rus və qırğız dilində, iki heyətdə səhnələşdirmək
üçün Tacikistandan xalq artisti, tanınmış
rejissor Sulton Usmonovu Bişkekə dəvət edib. "Varlı
qadın"a üçüncü dəfə səhnə həyatı
verən quruluşçu rejissor S.Usmonov bu dəfə absurd
komediya janrında hazırladığı səhnə əsərini
qırğız tamaşaçısına
"Navajdeniye" ("Qarabasma") adıyla təqdim edib.
Tamaşanın rəğbətlə
qarşılandığını məmnunluqla qeyd edən
teatrın direktoru və bədii rəhbəri,
Qırğızıstanın əməkdar incəsənət
xadimi Ayqul Umuraliyeva mətbuat nümayəndələrinə
açıqlamasında bunun gözlənilməz
olmadığını deyib: "Biz Alma-Ata festivalında
"Varlı qadın"a tacik sənətçilərin
ifasında baxanda dərhal onu səhnələşdirməyə
qərar verdik. Bu, əslində komediya deyil, insan faciəsidir,
tragikomediyadır, əbədi mövzuya çox maraqlı,
gözlənilməz yanaşmadır, sırf teatral bir əsərdir.
Aktual mövzunun dramaturji həlli o qədər
maraqlıdır ki, biz əsəri təkcə rus dilində
deyil, həm də qırğız dilində
hazırlamağı qərara aldıq".
"Varlı
qadın"ın Qırğızıstan premyerası ilə
bağlı əsərin müəllifinin də fikirlərini
öyrəndik. Ə.Əmirli bildirdi ki, əsərin
adının və ya janrının dəyişdirilməsi
rejissorun yozumundan, düşüncəsindən
asılıdır: "Düzdür, müəllif
yaxındadırsa, adətən onun rəyini soruşur,
razılığını alırlar, amma uzaqda olanda,
xüsusilə də müəlliflə tanışlıq
olmayanda bütün ixtiyar rejissorun əlinə keçir. Əslində,
bu belə də olmalıdır".
"Varlı
qadın" xarici ölkə səhnələrini bəzən
Sizdən xəbərsiz fəth etdikcə müəllif kimi
hansı hissləri yaşayırsınız?"
sualımızı Ə.Əmirli belə cavablandırdı:
"Doğrusunu deyim ki, "Varlı qadın"
çoxdandır, mənə tabe olmur, öz müstəqil həyatını
yaşayır. 10 yaşını bu il tamam eləmiş bu
pyes artıq 12 teatrın səhnəsində öz yerini tutub,
təbiidir ki, o tamaşaların hamısına baxmaq mənə
nəsib olmayıb. Elə haqqında
danışdığımız qırğız
variantının premyerasında da ola bilməmişəm.
Yaxşı ki, internet var, tamaşa haqqında yazılan
materialların əksəriyyətilə tanışam, hətta
Bişkek teatrının internetə yerləşdirdiyi
görüntülərə də baxmışam". Müəllif
bildirdi ki, bu əsər ləzgi dilində də səhnələşdiriləcək:
İndiyədək Azərbaycan,
rus, tacik, qırğız dillərində
danışmağı bacaran "Varlı qadın"
yaxın zamanlarda Qusar Dövlət Dram Teatrında ləzgi
dilində də səslənəcək".
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 8 iyul.- S.7.